
HAMI ÜÇÜN BİR MÖVQE
"Avropa Parlamenti avropalıların hamısının ərazi bütövlüyünün qorunub-saxlanılması prinsipinə meylini təsdiqlədi"
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Avropa Parlamenti Avropa mehriban qonşuluq siyasəti haqqında qətnamə qəbul edib. Sənəddə bildirilir ki, qurumun "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan bir dövlətin proqramın digər iştirakçısının ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın fundamental prinsiplərinə və məqsədlərinə ziddir.
Sənəddə Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, qətnamələr və baza prinsipləri əsasında həllinin vacibliyi xüsusi vurğulanır. Qətnamələr isə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının bərpasını tələb edir.
Oksford Universitetinin Siyasət və beynəlxalq münasibətlər kafedrasının professoru Nil Makfarleynlə söhbətimizə sözügedən qətnaməni təhlil etməklə başladıq.
- Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri və vasitəçi ölkə liderlərinin Akvil bəyanatı əsasında həllinin vacibliyi haqda danışılan son qətnaməsini necə şərh edərdiniz?
- Bu sənəddə yeni heç nə yoxdur. Avropa strukturları - Avropa Parlamenti, Avropa Komissiyası və Şura bu mövqeni kifayət qədər ardıcıl şəkildə nümayiş etdirirlər. Bu, Avropanın ərazi bütövlüyünün qorunması prinsipinə ümumi meylini göstərir. Biz bu fikrimizi dəyişsək, Avropada öz müqəddəratını həll etmək iddiasına düşəcək çoxlu sayda region və qrup var. Bu qətnamə həm də Avropanın BMT TŞ-nin qətnamələrinə dəstək verdiyini göstərir.
Bununla yanaşı, sənəddə işğalçı ölkə konkret şəkildə göstərilmir. Bundan başqa, Akvil bəyanatına və əsas prinsiplərə istinad Avropa Parlamentinin əsasən, Qarabağa aralıq statusunun verilməsi təklifilə razı olduğunu göstərir. Burada söhbət region sakinlərinin və repatrianların iradəsi ilə hüquqi əsaslarla yekun statusun müəyyənləşdirilməsinədək bölgənin təhlükəsizliyinə zəmanətin verilməsindən və oraya sülhməramlı qüvvələrin yerləşdirilməsindən də gedir. Burada müsbət məqam Avropa Parlamentinin qərarının real nizamlama prosesinə zərər verməyəcəyilə bağlıdır. Pis olanı isə qətnamənin prosesi irəli aparmaq üçün real gücə malik olmamasıdır. Nəhayət, sənəddə Aİ-nin Qarabağ münaqişəsilə bağlı sülh prosesində üzərinə daha ciddi rol götürmək istəyi əks olunmur.
- Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə qətnamənin formulunun, guya, "Aİ-nin rəsmi mövqeyinə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yanaşmasına zidd olduğunu, danışıqlar prosesinə zərər vurduğunu" bildirib. Faktların adi etirafına bu əsəbi reaksiyanı nə ilə izah edərdiniz?
- Avropa Parlamentinin qətnaməsinin cənab Koçaryanın reaksiyasına haqq qazandırdığını düşünmürəm. Aİ-nin müdafiə etdiyi ərazi bütövlüyü və müqəddəratı təyinetmə prinsipləri ümumi prinsiplərdir və Qarabağ münaqişəsinin həlli prosesində də tətbiq olunur. Bu, nə Azərbaycanpərəst, nə də ermənipərəst mövqedir.
- Ermənistan Rusiyanın təşəbbüsü olan Gömrük İttifaqına qoşulmaq qərarına gəlib. İttifaqın heç bir üzvü ilə ümumi sərhədlərə malik olmayan Ermənistan bundan hansı dividendləri qazana bilər?
- Yaşayarıq, görərik. Cənab İvanişvilinin bir müddət əvvəl Gürcüstanın Gömrük İttifaqında iştirak perspektivlərini nəzərdən keçirəcəyinə dair bəyanatını yada salın. Şəxsən mən düşünürəm ki, burada sərhəd məsələsi ikinci dərəcəlidir. Rusiyanın Ermənistana təzyiq etmək üçün çoxlu rıçaqları var (iqtisadi və hərbi). Cənab Sarqsyan Rusiya ilə münasibətlərini təhlükə altında qoymaq istəmir (yaxud bunu edə bilmir). Ruslar onu konkret seçim qarşısında qoydular. Görünür, o da gözlənilən qərarı verməli oldu. Mən burada söhbətin hansısa ciddi iqtisadi üstünlüklərdən getdiyini düşünmürəm. Böyük ehtimalla hökumət bunu strateji zərurət kimi qəbul edir.
- İrəvanın Gömrük İttifaqına üzvlük qərarı Ermənistan əhalisinin böyük bir hissəsinin narazılığına səbəb olub. Onlar bunu hökumətin Avropaya inteqrasiyadan imtinası kimi qəbul edir. Əhalinin bu narahatlığı nə qədər əsaslıdır? Hər halda, hökumət bu düşüncənin yanlış olduğunu iddia edir.
- Bəli, bir qisim insan bu qərardan narazıdır. Amma Ermənistanda ictimai etirazların əhəmiyyəti nə zaman olub ki? Avropaya inteqrasiyaya gəlincə, hər şey bu haqda danışarkən nələrin nəzərdə tutulmasına bağlıdır. Ermənistanın heç bir halda Aİ-yə üzvlük perspektivi yox idi. Belə olan təqdirdə, İrəvan nə Aİ ilə Assosiativ Saziş imzalaya, nə də azad ticarət zonası haqda razılaşma əldə edəcək. Azad ticarət zonası haqda razılaşma onların iqtisadiyyatına cüzi təsir göstərə bilərdi. İndi Ermənistan Avropa İttifaqı ilə siyasi əməkdaşlığı davam etdirə, bəlkə də, viza rejiminin liberallaşdırılmasına nail ola bilər.
- BMT-də bu yaxınlarda keçirilmiş səsvermə nəticəsində Azərbaycanı qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki il müddətinə Litvanın əvəzlə-yəcəyi bəlli olub. Fikrinizcə, bu quruma üzvlük, həmçinin iki ay davam edən sədrlik Azərbaycana nə verdi?
- Üzvlük Azərbaycan üçün imic baxımından müsbət oldu. Amma o, Azərbaycanın qarşısında duran konkret məsələlərin (məsələn, Qarabağ problemi) həllinə ciddi təsir göstərmədi. Litvada da belə olacaq. Səbəb isə Təhlükəsizlik Şurasının iş qabiliyyətinin olmaması, qeyri-daimi üzvlərdən çox az məsələnin asılı olmasıdır.
MƏSLƏHƏT GÖR: