
"QIZIL OĞLANLAR"ın ZƏFƏRİ
Azərbaycanın şahmat üzrə millisi ikinci dəfə Avropa çempionu oldu
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan idmanında növbəti qələbə xəbəri şahmatçılardan gəldi. Kişi şahmatçılarımızdan ibarət millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa Çempionatında qızıl medal qazandı. Bu ardıcıl dörd qitə birinciliyində medal qazanan komandamızın layiqli qələbəsi oldu. Qeyd edək ki, Avropada ardıcıl 4 çempionatda medal qazanan ikinci komanda yoxdur. Yalnız Azərbaycan şahmatçıları bu uğura nail olub.
Cari çempionata komandamız yığmanın liderlərindən sayılan Vüqar Həşimovsuz yollandı. Səhhətində ciddi problem olan Həşimovsuz qələbə qazanmaq çox çətin görünürdü. Reytinqə görə altıncı komanda sayılan Azərbaycan millisinin mükafatçılar sırasına düşməsi belə sürpriz nəticə sayılacaqdı.
Hər şey son turda məlum oldu. 9-cu turda ən yaxşı göstəriciyə malik Azərbaycan prinsipial görüşdə Ermənistanla üz-üzə gəldi. Paralel keçən görüşdə isə Rusiya Fransayla mübarizə apardı. Şimal qonşularımızın fransızları məğlub edəcəyi halda, bizə ermənilərlə matçda bərabərlik də kifa-yət edirdi. Uduzacağımız təqdirdə isə hətta ilk üçlükdən kənarda qala bilərdik.
Lakin hadisələr bizim xeyrimizə cərəyan etdi: paralel görüşdə Rusiya şahmatçıları Fransa komandasına qalib gəldi, Ermənistan kollektivi ilə heç-heçə oynayaraq xalların sayını 14-ə yüksəldən Azərbaycan milli komandası isə digərləri üçün əlçatmaz olub və yenidən Avropa çempionu adını qazandı. Bu məqamda qeyd edək ki, Teymur Rəcəbovun lövhəsində kiçik də olsa üstünlüyü var idi. Yəni, Ermənistanla görüşdə qələbə lazım olacağı təqdirdə, millimiz prinsipial rəqibini məğlub etməyi bacaracaqdı.
Polşadakı uğur həm də şahmatçılarımızın vahid komanda olduğunu göstərdi. Qələbədən sonra Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov sosial şəbəkələrdə Həşimova dəstək olduqlarını yazdılar. Bu mənada Varşavada sevinc içində olan şahmatçılar 4 il əvvəlki qələbəni unutmayıb. 2009-cu il Serbiyanın Novi Sad şəhərində tarix yazan Azərbaycan millisinin şahmatçılarından biri Vüqar idi. O zaman son turda bizə qələbə lazım idi. Həmin qələbə xalını da 5 saatdan artıq mübarizə aparan Vüqar qazandı.
Heç kimə sirr deyil ki, kişi şahmatçılarımız, sözün əsl mənasında, böyük potensiala malikdir. Gənc komandamız hər bir yarışın favoriti sayılır. Şəhriyarla Teymur istənilən komandanın liderinə çevrilə bilər. Dünyanın güclü qrossmeysterləri sırasına aid bu duetdən daha böyük uğur gözləmək haqqımızdır. Qədir və Raufa son lövhələrdə hər zaman ümid etmək olar. Eltac artıq komandada yerini tutub və lazımi anda köməyə gəlməyə qadirdir. şahmatçılara debüt seçimində kömək edən yeni kapitanımız Aleksandr Xalifman ən vacibi birlik yaratmağa nail oldu. İkinci çempionluq artıq dünya çempionatlarında, Olimpiadada qızıl medal uğrunda yarışmağın vaxtı çatdığını göstərdi. Əsas hədəf isə, təbii ki, şahmat tacının Bakıya qaytarılmasıdır. "Qızıl oğlanlar"dan biri bunu mütləq bacarmalıdır.
Vətənə qayıdan Avropa çempionlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. İnamlı qələbə münasibətilə şahmatçıları təbrik edən Prezident İlham Əli-yev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb. Dövlət başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdi-yini bildirib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini deyib. Dövlət başçısı müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və ardıcıl iş apardığını bildirib.
Dövlət başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd edib.
Bu uğurdan sonra Azərbaycan Şahmat Federasiyası Şəhriyar Məmmədyarovla Teymur Rəcəbova istirahət verərək, bu həftə Türkiyənin Antalya şəhərində başlanan komandalararası IX Dünya Çempionatına gənclərdən ibarət heyəti göndərmək qərarına gəlib. Ölkəmiz mötəbər turnirə FIDE-nin dəvəti ilə wild-card əsasında qatılır.
Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov dekabrda Pekində Ümumdünya İntellektual Oyunlarında da mübarizə aparacaq. Üstəlik, Məmmədyarov artıq indidən martda keçirləcək dünya çempionluğuna iddiaçıların turnirinə hazırlaşması vacibdir. Şəhriyarın mötəbər yarışa hazırlıq proqramına müdaxilə edilməməsi üçün onun yarışa aparılmaması məqsədəuyğun sayılıb.
Təəssüf ki, xanım şahmatçılarımız bizi sevindirə bilmir. Dörd görüşdə qalib gəlib, beşində məğlub olan xanım şahmatçılardan ibarət Azərbaycan komandası 8 xalla 20-ci olub. Qitə çempionu adına isə 15 xal toplamış Ukrayna şahmatçıları sahib çıxıblar. Hərəyə 14 xal yığmış Rusiya və Polşa kollektivləri ilk üçlükdə qərarlaşıb.
MƏSLƏHƏT GÖR: