
AZƏRBAYCAN KİNOSUNUN OCAĞI
Yaşasaydı, noyabrın 22-də qeyri-adi rejissorun 80 yaşı tamam olacaqdı
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
"Bir gün Rasimə "Sizin üçün kino nədir?" sualını verdim. O, bir qədər düşündü və dedi: "Taxikardiya, işemiya, infarkt"". Rasim Ocaqovun xatirə gecəsi onun filmlərində çəkilmiş aktyorlardan biri olan Fəxrəddin Manafovun bu sözləri ilə başladı: "Siz çəkiliş meydanında sərt, çox sərt, çox tələbkar, hətta deyərdim ki, qəddar olurdunuz və ilk növbədə, özünüzə qarşı belə olurdunuz. Bu gün mən çəkiliş meydançasına çıxdıqda dözülməz, çətin olur, hər kəsə yersiz irad tuturam. Ən azından, ətrafdakılara bu cür təsir bağışlayıram. Amma bunun səbəbini bilirəm. Səbəb sizin ölçülərinizlə işləyə bilməməyimdir".
Fəxrəddin Manafov Rasim Ocaqovun həyatdan həddindən artıq tez köçməsindən həyəcan və təəsüflə danışdı. Amma onun hər sözündə hədsiz, əbədi minnətdarlıq sezilirdi - Manafov Ocaqovdan çox şey öyrənib. Amma ondan çox şey öyrənən heç də yalnız Fəxrəddin Manafov deyildi. Bu bizə - onun filmlərini izləmiş, o dövrdə böyümüş, bu gün də onların heyranı olan şəxslərə də aiddir.
Ocaqovla söhbət: "Pul?"
Noyabrın 22-də faktiki olaraq müasir Azərbaycan kinosunun banisi olan Rasim Ocaqovun 80 yaşı tamam olacaqdı. Quruluşçu operatoru Ocaqov olan və milli kino üçün sıçrayış sayılan "Bir Cənub şəhərində" filmi tamaşaçılara yaxşı tanışdı. Onun korrupsiyadan bəhs edən "İstintaq" filmi İttifaq miqyasında qalmaqal yaratmışdı. Amma digər bənzər filmlər kimi, o gözdən uzaq yerə qoyulmadı. "Ad günü", sözün əsl mənasında, xalqın filminə çevrildi. Amma eyni zamanda o, həm də ağıllı filmdir. "Təhminə" hər kəsin sevdiyi sevgi, amma eyni zamanda ciddi bir film sayılır. "Həm ziyarət, həm ticarət" isə 90-cı illərin reallıqlarını ən açıq şəkildə ortaya qoyan kinodur.
Həqiqətən, dahi rejissor olan Ocaqovun yubileyi günündə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Üns" teatrında xatirə gecəsi təşkil olunmuşdu. Gecədə Ocaqovun filmlərindən musiqilər səsləndirilib, onun ünvanına çoxlu sayda xoş sözlər deyilib, mərhum rejissorun yaradıcılığına həsr olunmuş sənədli film göstərilib və onun bir neçə müsahibəsi nümayiş etdirilib.
"Bu gün ətrafdakı bozluq və kompromislərin təsiri altında qorxuram... Qorxuram ki, peşəkarlığı, məsuliyyəti unudam. Xahiş edirəm, Rasim müəllif, mənə kömək edin, xahiş edirəm., məni yada salın... həm də yalnız məni yox", - Manafov çıxışını belə davam etdirib: "Təəssüf ki, yaxın bir insanın dünyasını dəyişdiyi zaman ona verməyə macal tapmadığın çox sualın qaldığını anlayırsan".
Fəxrəddin Manafovun gecəyə verdiyi bu tondan sonra tədbir elə Ocaqovla dialoq formasında davam edib. Görkəmli incəsənət xadimləri onun haqqında danışıblar, söhbəti Ocaqov davam etdirib:
"Ötən illər ərzində səninlə müzakirə etmək istədiyimiz o qədər məsələ yığılıb ki... Amma sənə vermək istədiyim iki sual var. Ra-sim, kinematoqrafçılarımızın qonorarı haqda nə düşünürsən?" - deyə aktrisa Şəfiqə Məmmədova səhnədə çıxışı zamanı sual edib. "Pul?" - Ocaqov soruşdu. - "Bir dəfə biz həmkarım, operator Nərimanbəyovla birlikdə şəhərdə kinostudiyanın baş mühasibi ilə rastlaşdıq və ondan bir filmə görə qonorarın nə zaman ödəniləcəyini soruşduq. Axı film artıq ayyarım idi ki, təhvil verilmişdi. Ondan cavabında "Nə vaxt verəcəyiksə, onda" cavabını aldıq. İnanın ki, mən bu cavabdan qətiyyən incimədim. Düşündüm ki, xoşbəxt adamam - sevimli işimlə məşğulam, üstəlik, buna görə mənə pul da ödəyirlər".
Daha sonra Ocaqov 90-cı illərin ortalarında Türkiyədə çəkdiyi bir filmi haqda danışıb: "Türklərdən biri nə qədər qazandığımı soruşdu. Sualı cavablandırmaqdan yayınmağa çalışsam da, əl çəkmədi. Ayda cəmi 40 dollar qazandığımı demək istəmirdim. Ciddi görkəm alaraq, ayda 200 dollar qazandığımı söylədim. Həmsöhbətim son dərəcə təəccüblənərək onlarda taksi sürücüsünün 300 dollar qazandığını dedi. Ona məni - sovet rejissorunu pulun o qədər də maraqlandırmadığını izah edə bilmədim".
Ocaqovla söhbət: Senzura
"İkinci sualım senzura haqdadır. Rasim, o cür işləmək çətin idimi?" - deyə Şəfiqə Məmmədova ikinci sualını səsləndirdi. Cavab: "Bu və ya digər formada senzura istənilən ölkədə var. Sadəcə bizdə o, həddindən artıq sərt idi. Bütün xırdalıqlara da ilişirdilər. Məsələn, "Qəhrəmanınız niyə az gülümsə- yir?". Amma əslində, bu gün senzuranın rolunu həddindən artıq şişirdirlər. İndi nə istəsən çəkə bilərsən, senzura yoxdur, amma yaxşı yeni kinoya da rast gəlmək çətindir. Keçmişin tanınmış rejissorları senzuranın olmadığı indiki dövrdə daha zəif filmlər çəkirlər".
"Böyük ustad Rasim Ocaqov yaradıcılığına İtaliya neorealizminin böyük təsir göstərdiyini söyləməyi sevirdi. Bununla razılaşmamaq mümkün də deyil. Mən sadəcə demək istəyirəm ki, Fransa kinoavanqardının təsirini də unutmaq olmaz", - deyə kinotənqidçi, Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev bildirib: "Rasim Ocaqovun filmləri həm sadə, həm də qəliz idi. Onlar çoxtərəfli idilər. Məşhur avanqardçı Epşteyn deyirdi: "Bir baxın, yağışda nə qədər qüssə var". Rasim Ocaqov yağışı, dənizin qoxusunu, şəhəri çəkməyi bacarırdı - o, hər şeyi bacarırdı".
Kinotənqidçinin sözlərinə görə, Ocaqovun yaradıcılığına fotoqrafik dəqiqlik xas idi. "Bunun səbəbi onun fotonu dəlicəsinə seçməsi idi. Onu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna məhz fotoqrafiya gətirmişdi. O, fotoqrafiyaya bu sevgisini ömrünün sonunadək qoruyub-saxladı", - deyə Quliyev bildirib: "Ustadın yaradıcılığında qəribə atmosfer var idi - onda səs də, musiqi də, görüntü də bir-birini tamamlayırdı və böyük hormoniya yaranırdı".
C. Quliyevin sözlərinə görə, Ocaqovun yaradıcılığı üçün iki mövzu xarakterik idi - zaman və əbədiyyət: "Dahi ispan bəstəkarı Xoakin Rodriqo deyirdi: mənim əsərlərim zamandan kənarda yaşayır". Mən deyərdim ki, Ocaqovun əsərləri də zamandan kənarda yaşayır. Onlar yaşayacaq... Əbədi yaşayacaq. Bu gün dahi ustadın yaradıcılığı haqda düşünərkən ona sual vermək istəyirəm: "Hörmətli Rasim müəllim, filmlərinizdə nə-yisə dəyişmək istərdinizmi?".
Ocaqovun cavabı: "Mən heç bir işimə görə utanmıram. Nəyisə dəyişmək istəməzdim. Məsələ ondadır ki, mənim filmlərimdə yaltaqlıq yoxdur. Onlar senzuranın kəsin vaxtlarında belə, aktual idi".
Ocaqovla söhbət: "Normal"
"O, iş zamanı bizi heç zaman tərifləməzdi. Rasim sadəcə, "Stop, çəkildi!" dedikdə anlayırdıq ki, dubl yaxşı alınıb", - deyə onun sevimli aktyorlarından olmuş Hacı İsmayılov çıxışında bildirib: "Biz "Necədir?" sualını verdikdə o, laqeydcəsinə bir cavabı verirdi: "Normal". Onun tərifi bundan ibarət idi. Ocaqov film ekranlara çıxdıqdan sonra işdən kənarda kimi isə tərifləyə bilərdi". Aktyor çıxışını bu sözlərlə bitirib: "Biz onun peşəkarlığını, işə ciddi yanaşmasını hər zaman hiss etmişik, başa düşmüşük. Bu gün artıq Rasim aramızda yoxkən anlayıram ki, o bizim kinomuzun əsl ocağı olub".
"Görün, buraya nə qədər insan toplaşıb. Bunlar Rasimlə bu və ya digər formada tanış olmuş incəsənət xadimləridir. Onların buraya toplaşmalarının səbəbi Rasimin yalnız istedadlı insan yox, həm də inanılmaz dərəcədə mehriban, qonaqpərvər şəxs olmasıdır", - deyə tanınmış yazıçı və ictimai xadim, baş nazirinin müavini Elçin Əfəndiyev "R+" jurnalına açıqlamasında bildirib: "Məhz bu üzdən onu xatırlayan, sevən hər bir kəs bu gün burada olmağa çalışıb". Əfəndiyev bir qədər düşündükdən sonra əlavə edib: "Bu gün "Ad günü"nün müəllifinin ad günüdür. Təəssüf ki, səbəbkarın özü ad günündə yoxdur".
MƏSLƏHƏT GÖR: