
30 İL SONRA
Dinamik süjet, çoxsaylı təqiblər və döyüşlər "Qorxma, mən səninləyəm!" filminin əbəs yerə Qafqazın vesterni adlandırılmadığını bir daha təsdiqlədi
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Ötən əsrin 80-ci illərinin əvvəllərində "Qorxma, mən səninləyəm!" filmi Sovet İttifaqında ən populyar film idi. Oğlanlar "San Sanıç kimi" döyüşməyi, "Rüstəm kimi" at çapmağı arzulayır, qızlar isə "Teymurla Tellinin sevgisi"nə həsəd aparırdılar. O zaman "Qafqazın vesterni" adlandırılan bu film istisnasız olaraq, hər kəs tərəfindən bəyənilirdi. Hər dəfə xoşbəxt heppi-enddən sonra tamaşaçılar filmin əsas qəhrəmanlarının gələcək taleyinin necə olacağı haqda fikirlərini bölüşürdülər. "Qorxma, mən səninləyəm!"in rejissoru Yuli Qusman son dərəcə böyük uğurundan düz 30 il sonra filmin davamını çəkmək qərarına gəldi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Heydər Əliyev Fondu rejissorun ideyasını dəstəklədilər. Beləliklə, noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rusiyanın "Vayt Media" şirkəti ilə birgə çəkdiyi "Qorxma, mən səninləyəm! 1919" bədii filminin təqdimatı keçirildi. Təqdimetmə mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Təqdimat mərasimindən - filmin nümayişindən əvvəl çıxış edən Yuli Qusman "Qorxma, mən səninləyəm! 1919" filminin ekran taleyinin ilk filmdə olduğu qədər uğurlu alınacağına ümidini dilə gətirib. O, filmin Azərbaycanın 6 rayonunda - Xəzər sahilindən tutmuş, ölkənin ən qərb nöqtəsi olan Gürcüstanla sərhədədək - çəkildiyini söyləyib. "Çəkiliş qrupumuz hər yerdə səmimi qonaqpərvərliklə qarşılanıb, hər yerdə ona qucaq açılıb", - deyə rejissor qeyd edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözlərinə görə, bu ölkədə də filmin davamına böyük maraq var. "İnanıram ki, ikinci film birincidən heç də az populyar olmayacaq və tamaşaçılar tərəfindən seviləcək", - deyə o, qeyd edib.
Çəkilişlər Azərbaycanda gedirsə...
Yuli Qusman yeni film üzərində işləmək üçün 32 il əvvəl ilk "Qafqaz vesterni"nin çəkilişi zamanı çalışmış komandanı yenidən bir araya toplayıb. Filmdə hamıya yaxşı tanış olan aktyorlar - Lev Durov, müğənni və bəstəkar Polad Bülbüloğlu, məşhur kaskadyor və atlı teatrın yaradıcısı Muxtarbek Kantemirov çəkiliblər. Budəfəki filmin operatoru isə Rusiyanın Xalq artisti Vadim Alisov olub. O, indiyədək "Sərt roman", "İki nəfər üçün vağzal", "Əziz Yelena Sergeyevna" və digər kinoşedevrlər çəkib. Azərbaycan aktyorlarından filmdə Xalq artisti Hacı Murad Yegizarov (hərbi nazir), Ağaxan Salmanlı (balıqçı), Nuriyyə Əhmədova və Mabud Məhərrəmov (qoçu Mirzə), Əməkdar artist Nübar Novruzova, aktyorlar Sadiq Əhmədov, Salman Bayramov, məşhur "KVN"çi Bəhram Bağırzadə (Qafur bəy), Tahir və Cabir İmanov qardaşları (gömrükçülər), Murad Dadaşov (konferansye), aktyor İlqar Musayev (gəmi komandiri), idmançılar Füzuli Musayev, Rəfael Ağayev və digərləri yer alıblar.
Polad Bülbüloğlu bəstəkar, Azərbaycan Demokratik Respublikası Parlamentinin deputatı Teymur Məmmədbəyovun rolunu canlandırıb. Onun xanımı Telli rolunda Azərbaycanın Xalq artisti Həmidə Ömərova çəkilib. Teymurun dostları isə ilk filmdə olanlardır: SSRİ Xalq artisti Lev Durovun canlandırdığı San Sanıç və Rusiyanın Xalq artisti Muxtarbek Kantemirovun oynadığı Rüstəm. San Sanıçın şagirdi rolunda məşhur heyvanöyrədən Edqard Zapaşnı çəkilib. İkinci filmdə Teymurla Tellinin oğlu ("İbrus" teatrının aktyoru Zaur Şəfiyev) və qızı (moskvalı məktəbli, 16 yaşlı azərbaycanlı Kristina Güləliyeva) da var. Bütün hadisələr də məhz onların ətrafında baş verir. Filmdə yeni mənfi qəhrəman da peyda olub. Bu, quldur Qafur bəydir (rolu Bəhram Bağırzadə canlandırır). Onun oğlu rolunda isə "Eurovision" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov çəkilib. Teymur tanınmış bəstəkara çevrilir, deputat olur və mədəniyyət komissiyasına rəhbərlik edir. Daim ədalət axtaran Rüstəm bu dəfə bolşevik obrazındadır. San Sanıç isə arzusunu həyata keçirərək, Xəzər dənizinin sahilindəki sakit, rahat bir evdə məskunlaşır, azərbaycanlı uşaqlara karate dərsi keçir. Xoşagəlməz hadisələr yaşanan zaman dostlar şərlə mübarizə aparmaq üçün yenidən bir araya gəlirlər.
İlk filmdə olduğu kimi, Qusman doğma Bakısının aurasını sevgi ilə canlandırır, Azərbaycanın son dərəcə gözəl təbiətini tərənnüm edir. O, mentalitetimizin incəliklərini, əsas qəhrəmanların güclü, məğrur xarakterini, dostluq etmək bacarığını, azadlıq mübarizələrini üzə çıxarır. Rejissor bildirir ki, Azərbaycan xalqı filmdə məlahətli, şən, qəhrəman və xoşbəxt xalq kimi təqdim olunur. "Filmimiz iki xalqın dostluğunu tərənnüm edir və sevginin, əsl möhkəm dostluğun istənilən maneəni aşmağa, anlaşılmazlığı aradan qaldırmağa qadir olduğunu göstərir", - deyə o, qeyd edib: "Mən ömrümün 4 ilini yeni filmə verdim. Yalnız mən yox, böyük bir qrup. Biz cəsarətlə, dostcasına, həvəslə işlədik. 4 ay Azərbaycanda çəkilişlər apardıq, yüzdən artıq azərbaycanlı və əllidən artıq rusiyalı aktyorla, operatorla çiyin-çiyinə çalışdıq. Bütün bu işlərin böyük mənası var. Çünki biz daha da dostlaşdıq, qonaqlarımız Azərbaycanı daha yaxından tanıdılar, Azərbaycan adlı məmləkətin havası, dağları, təbəssümü, rənglərini hiss etdilər", - deyə Yuli Qusman “R+“ jurnalına açıqlamasında bildirib.
Filmdə bir təsirli məqam xüsusilə yadda qalıb. Filmin qəhrəmanı Polad Bülbüloğlu - Teymur Məmmədbəyov tribunaya qalxaraq Azərbaycanın himnini oxuyan zaman oraya toplanmış adi insanlar qəflətən göz yaşları axıtmağa və himni onunla birlikdə ifa etməyə başlayıblar. Bu gözlənilməzlik demək olar ki, bütün çəkiliş qrupunun "donub qalmasına" səbəb olub. Bu təsirli ekspromt filmdə də yer alır.
Maraqlı məqamlar
Yeri gəlmişkən, Rusiyanın əməkdar artisti Mixail Yefremov (polismeyster) çəkilişlərdə iştirak etmək üçün Bakıya gələ bilmədikdə hiyləgər Qafur bəy rolunu oynayan Bəhram Bağırzadə Moskvaya uçmalı olub. Azərbaycanda çəkilişlər yayda aparılırdı. Moskvada isə həmin vaxt qar yağırdı. Bu üzdən də Qafur bə-yin kabinetində polismeysterlə çəkilişin aparıldığı zaman otağın pəncərələrini pərdə ilə örtmək lazım gəlib. Kabinetin divarlarından isə Bəhramın ulu babasının real fotoları asılıb. Bağırzadə onları öz ev arxivində saxlayır.
Teymur Bədəlbəylinin qəhrəmanı olan Çoni ilə Qafur bəyin görüş səhnəsi Bakının "Fantaziya" hamamında çəkilib. Bəhram kadrda dəsmala bürünmüş şəkildə olduğundan, bir qədər utanırmış. Amma rejissorlar, idmançı kaskadyorlar onu elə ürəkləndiriblər ki, epizod kifayət qədər uğurlu alınıb.
Digər epizodun çəkilişi zamanı isə Muxtarbek Kantemirovun şagirdi Mairbəy əsl atoynatma bacarığı nümayiş etdirməli olub.. İpə-sapa yatmayan atın hər imkanda tərsliyini nümayiş etdirməsinə rəğmən, bu alınıb: Mairbəy bu höcət atı əhilləşdirməyi bacarıb.
Dinamik süjet, çoxsaylı təqiblər və davalar "Qorxma, mən səninlə- yəm!" filminin əbəs yerə "Qafqazın vesterni" adlandırılmadığını bir daha təsdiqləyib. Film kifayət qədər maraqlı, cəlbedici və təbii alınıb.
"Qorxma, mən səninləyəm! 1919" filminin təqdimat mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yuli Qusmana "Şöhrət" ordenini təqdim edib. Qusman bu mükafata prezident İlham Əliyevin sərəncamı ilə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.
MƏSLƏHƏT GÖR: