Müəllif: Rizvan HÜSEYNOV Bakı
Azərbaycan, Rusiya və Qazaxıstanın yüksək rütbəli məmurlar, deputatlar, hərbçilər və jurnalistlərdən ibarət sülhməramlı qrupunun erməni terrorunun qurbanı olmasından 22 il keçir.
20 noyabr 1991-ci ildə Xocavənd rayonunun (Martuni) Qarakənd kəndi yaxınlığında erməni terrorçuları raketlə "Mi-8" vertolyotunu vurdular. Nəticədə, vertolyotdakı 22 nəfər həlak oldu. Onların arasında heyət üzvləri ilə yanaşı, Azərbaycanın tanınmış dövlət və hökumət xadimləri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər də var idi. Qrup DQMV-yə qızışmaqda olan Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi niyyəti ilə Qarabağ separatçıları və onların Ermənistandan olan rəhbərləri ilə görüşə gedirdilər. Təəssüf ki, Azərbaycan xalqının layiqli nümayəndələrinin, rus və qazax sülhməramlılarının ölümü ilə nəticələnmiş bu qanlı terror aktını konkret hansı erməni cinayətkarının törətdiyi aydınlaşdırılmayıb.
Hökumət vertolyotunun partladılması yolu ilə törədilmiş bu insident vaxtaşırı indi də mətbuatın gündəminə gəlir. Biz isə bu məqalədə çoxlarının bilmədiyi bəzi faktlara, həmin hadisənin şahidlərinin sözlərinə yer ayıracağıq.
1990-cı illərdə özünümüdafiə dəstəsinin komandiri olmuş Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov hadisə haqda kifayət qədər maraqlı detallar açıqlayıb:
"1991-ci il oktyabrın 31-də ermənilər Xocavənd rayonunun Tuğ və Salakətin kəndlərini işğal etdilər. Daha sonra - noyabrın 19-da keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni cinayətkarları Martuni (indiki Xocavənd) rayon mərkəzinin yaxınlığında yerləşən kiçik Xocavənd kəndini də ələ keçirdilər. Bundan sonra Xankəndiyə aparan əsas yolun üzərində yerləşən Qaradağlı kəndi və Xocalı şəhərinin 4 aylıq mühasirəsi başladı. Bir gün sonra - noyabrın 20-si səhər Xocavənd və digər kəndlərimizin ermənilər tərəfindən qovulmuş əhalisi Azərbaycan rəhbərliyindən kömək istəmək üçün rəsmilərin yanına nümayəndə heyəti göndərdi. Biz Ağdama çatdıq və ölkə rəhbərliyindən kömək tələb etməyə başladıq. Bir müddət sonra Azərbaycanın mərhum dövlət katibi Tofiq İsmayılovun rəhbərlik etdiyi hökumət nümayəndələri Ağdama gəldilər. Biz onlardan ölkə rəhbərliyinin müdafiəmiz üçün tədbirlər görməsini tələb etdik. Tofiq İsmayılov vəziyyətin aydınlaşdırılması və erməni tərəfi ilə danışıqların aparılması üçün Xocavənd kəndinə uçmağa hazırlaşdıqlarını bildirdi. Ağsaqqallarımız onu bu fikirdən daşındırmağa çalışır, erməni muzdluları üçün kəndlilərin və ya Azərbaycan rəhbərliyində təmsil olunan şəxslərin öldürülməsinin fərq etmədiyini bildirirdilər. Lakin nümayəndə heyəti son anadək Qarabağda əsl müharibə getdiyini anlamadılar və Xocavəndə yola düşdülər. Nəticədə, 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd) rayonunun Qarakənd kəndi yaxınlığında erməni yaraqlıları Azərbaycan hökumətinə məxsus vertolyotu vurdular. Vertolyotda isə Azərbaycanın ən yaxşı oğulları, Rusiya və Qazaxıstandan olan sülhməramlılar var idi".
Qarabağ müharibəsində bir neçə ordu hissələrinə komandirlik etmiş polkovnik Məmməd Qədirov da baş verənlərlə bağlı xatirələrini "R+" jurnalı ilə bölüşüb. M. Qədirov Qarabağ münaqişəsinin ilk günlərindən Xocavənd istiqamətində Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsinin təşkilində iştirak edib. O, vertoylotun vurulduğu ərazilərdə çox olub. Peşəkar sovet zabiti olan Qədirov erməni muzdlularını müşahidə edib, onların hərəkətləri ilə bağlı informasiya toplayıb: "1991-ci il avqustun sonları, sentyabrın əvvəllərində mənə erməni sakinlərə istinadən regiona İrəvandan Avo adlı (beynəlxalq erməni terrorçu, ASALA-nın lideri Monte Melkonyan - red.) səhra komandirinin gəldiyi haqda informasiya verdilər. Sonradan bildik ki, xaricdən gələn Avo regionda silsilə terror aktları törədir və heç nə olmamış kimi yenidən İrəvana qayıdır. Avo Azərbaycan tərəfində baş verənlər haqda operativ məlumatlar alır, onun dəstəsi DQMV-yə hansı uçuşların və ya səfərlərin hazırlandığını əvvəlcədən bilirdi. Bu işdə ona DQMV-nin erməni məmurları kömək edirdilər. "Mi-8" hökumət vertolyotunun vurulduğu noyabr ayında da bizdə Avonun "saqqallılar"la regionda olduğuna dair məlumat var idi. Məqsəd yenə də konkret əməliyyatın həyata keçirilməsi idi. Hesab edirəm ki, 1991-ci il noyabrın 20-də Azərbaycan hökumətinə məxsus vertolyotun vurulması Avonun həyata keçirdiyi ilk miqyaslı terror aktıdır. Vertolyotun vurulması üçün ciddi taktiki hazırlaq aparılmış, indiyədək regionda olmayan raket növündən istifadə olunmuşdu".
Qeyd edək ki, 1991-ci ilin noyabrında hökumət vertolyotunun vurulması Azərbaycanda yüzlərlə terror aktı həyata keçirərək minlərlə insanın həyatına son qoymuş erməni muzdlularının terrorçuluq fəaliyyətinin, sadəcə, bir bəndi idi. Dünya birliyi terror, qadınların, uşaqların, qocaların məhvini təbliğ edən erməni millətçiliyinin əsl simasını tanımalıdır. Azərbaycan ərazilərində terror aktları təşkil etmiş, etnik təmizləmə aparmış insanlar hazırda Ermənistan rəhbərliyində təmsil olunurlar - Ermənistan prezidenti, müdafiə naziri və digər yüksək rütbəli məmurlar hakimiyyətə məhz günahsız insanların qanını axıdaraq yiyələniblər.
MƏSLƏHƏT GÖR: