GENİŞ İMKANLAR
Nazir Əli Abbasov yaxın illər üçün İKT sektorunun inkişaf perspektivləri barədə "R+"a danışıb
Müəllif: Hüseyn VƏLİYEV Bakı
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) ili elan edilmiş 2013-cü ili ümumilikdə bu sektorun inkişafı baxımından uğurlu saymaq olar. Əldə edilmiş nəticələr 2003-cü ildə qəbul edilmiş İKT-nin inkişafı üzrə Milli İnkişaf Strategiyası və müvafiq dövlət proqramlarındakı prioritetlərə nail olunması ilə bağlıdır. Qarşıya qo-yulmuş hədəflərə çatılması üçün yerli və regional əhəmiyyətli layihələr həyata keçirilir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov görülmüş işlərin nəticələri və sektorun inkişaf perspektivləri haqda fikirlərini “R+” jurnalına müsahibəsində açıqlayıb.
- Azərbaycanda İKT sektorunun inkişafı tempini necə qiymətləndirirsiniz? Son ildə bu istiqamətdə hansı nəticələr əldə olunub?
- Azərbaycanın İKT sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait və geniş imkanlar var. Bu ilin ilk üç rübünün yekunlarına əsasən, İKT sektorunda gəlirlər 1196,8 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur. Yaxın 7 ildə Azərbaycanda İKT sektorunun həcmində, təxminən, dördqart artım gözlənilir. Qarşıya qoyulan hədəflərə nail olunması üçün görülməli olan işlər müəyyənləşdirilib və İKT sektorunda gözlənilən inkişaf templəri kifayət qədər ümidvericidir.
Bu il üçün təsdiq olunan, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri tərəfindən reallaşdırılan tədbirlər planına əsasən bir sıra işlər görülüb. Onların arasında ilk telekommunikasiya peykimiz olan “Azerspace-1” peykinin orbitə buraxılması istiqamətində işlər, İKT-yə Dəstək Dövlət Fondunun, "Yüksək texnologiyalar parkı"nın, İnformasiya Təhlükəsizliyi Mərkəzinin, İnformasiya Texnologiyaları Universitetin fəaliyyətinin təşkili, elektron xidmətlərin sayının artırılması, rəqəmsal televiziyanın əhatə dairəsinin genişləndirilməsi və s. var.
Bu layihələrin reallaşdırılması, eyni zamanda dövlət proqramı çərçivəsində görülən işlər nəticəsində yaxın perspektivdə İKT-nin ictimaiyyət arasında, dövlət idarəçiliyində və iqtisadiyyatın bütün sahələrində tətbiqi təmin olunacaq, İKT infrastrukturu və yerli İT istehsalı inkişaf etdiriləcək, sektorun ixrac potensialı artırılacaq.
- 2013-cü ilin əvvəli Azərbaycanın ilk telekommunikasiya peyki - “Azerspace-1”in orbitə buraxılması ilə yadda qaldı. Azərbaycan üçün yeni gəlir mənbələrinin əldə olunması neft kapitalının iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi baxımından çox vacibdir. Bu baxımdan, sözügedən nəhəng layihə özünü nə dərəcədə doğruldur?
- “Azerspace”//“Africasat-1” peykinin orbitə buraxılması Azərbaycanın uğurlu iqtisadi və siyasi inkişafının nəticəsidir və ölkəmiz üçün tarixi hadisədir. "Azərkosmos" ASC-nin mütəxəssisləri tərəfindən qurumun əsas və ehtiyat mərkəzləri vasitəsilə idarə olunan peyk rəqəmsal teleradioyayım xidmətlərinin, internetə çıxışın, informasiya ötürülməsinin, VSAT multiservis şəbəkələrinin yaradılmasının, həmçinin hökumət rabitəsinin təmin olunması üçün nəzərdə tutulub.
Kosmik kluba daxil olan Azərbaycan bununla regiondakı liderlik mövqeyini daha da gücləndirib. Peykin orbitə buraxılması vətəndaşların gündəlik həyatına da öz təsirini göstərir. İlk növbədə, bu, vətəndaşlara daha keyfiyyətli elektron xidmətlərin, sürətli internetin və keyfiyyətli tele-radioxidmətlərin göstərilməsinə imkan yaradır. “Azerspace”//“Africasat-1” peykinin resursları təhlükəsiz informasiya mübadiləsinə, Bakı-Tiflis-Ceyhan və enerji resurslarının Avropaya nəqli üçün nəzərdə tutulmuş digər boru kəmərlərinin idarə olunmasında da istifadə ediləcək.
Layihənin kommersiya tərəfinə gəlincə, o, artıq gəlir gətirməyə başlayıb və proqnozlara görə, bu il gəlirin həcmi, təxminən, 10 milyon dollar olmalıdır. Hazırda peykin resurslarının 50%-dən çoxu reallaşdırılıb. Onun köməyilə, 8-i yerli olmaqla, 60-dək televiziya kanalı yayımlanır. Peykin resurslarından Şimali Afrikanın telekommunikasiya operatorları da istifadə edir. Onlar VSAT xidmətlərinin göstərilməsinə, beynəlxalq qurumların coğrafi baxımdan ucqar nöqtələrdə olan ofislərində vahid təhlükəsiz rabitə infrastrukturunun (secure data network) yaradılmasına da cəlb edilib.
Perspektivdə ikinci telekommunikasiya peyki - “Azerspace-2”nin orbitə buraxılması da nəzərdə tutulub. Onun orbitə 2018-ci ildə çıxarılması planlaşdırılır. Bu proqram üzrə müqavilə imzalanma mərhələsindədir. Hazırda layihənin texniki iqtisadi əsaslandırılması, orbital mövqelərin koordinasiyası həyata keçirilir. Bütün bu işlər başa çatdıqdan sonra tədarük prosedurlarına başlanılacaq. Bundan başqa, yaxında aşağıorbitli peykin buraxılması planı da var. Onun hazırlanması üçün tender ilin sonunadək elan olunacaq. Azərbaycanın peyk operatoru olan "Azərkosmos" ASC tərəfindən həm Azərbaycanda, həm də region ölkələrinin bazarlarında kosmik radar və optik təsvirlərin tətbiqinə dair biznes-plan hazırlanır. Hazırda ASC universal yerüstü stansiyanın yaradılması üçün işlər görür. O, bu regionun üzərində uçan digər peyklərdən də çəkilmiş görüntüləri qəbul edəcək. Bu istiqamətdə işlərin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
- Dövlət qurumlarının informasiyalaşdırılması səviyyəsini necə qiymətləndirirsiniz? Bu gün Azərbaycanın bir sıra dövlət orqanlarında elektron xidmətlər göstərilir. Ölkədə "elektron hökumət"ə keçidi daha dinamik hala gətirmək üçün hansı addımlar atılmalıdır?
- Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üçün fəal iş aparılır. Bütün mərkəzi icra hakimiyyəti orqanları bu prosesə cəlb olunublar və artıq uğurla reallaşdırılmış layihələr var. "Elektron hökumət"in formalaşdırılmasında əsas məqsəd hökumət qurumlarının fəaliyyətində effektivlik və şəffaflığın artırılması, əhalinin, biznesin, ictimai strukturların dövlət qurumları ilə daha asan formada işləməsinin təmin edilməsi, onların dövlət idarəçiliyi proseslərinə fəal şəkildə cəlb olunmasıdır.
"Elektron hökumət"in formalaşdırılması, ilk növbədə, bütün dövlət sisteminin işində effektivliyin artırılması, lazımi məlumatların əldə olunması üçün zaman itkisinin minimuma endirilməsi, digər strukturlarla əməkdaşlığın asanlaşdırılması, bürokrati-yanın aradan qaldırılması, gündəlik işlərin həcminin azaldılması məqsədi daşıyır.
Azərbaycanın dövlət strukturlarının göstərdikləri elektron xidmətlərin hamısı "Elektron hökumət" (e-gov.az) portalında cəmləşdirilib. Məqsəd müxtəlif qurumların aralarında elektron əlaqə qurmaqla vətəndaşlardan tələb olunan sənədlərin sayını azaltmaqdır. Portala elektron-rəqəmsal imza, vətəndaşların və özəl sahibkarların identifikasiya məlumatları, qeydiyyat məlumatları (login və parol), həmçinin mobil autentifikasiya sistemi vasitəsilə qoşulmaq mümkündür. Onları portalda qeydiyyatdan keçməklə elektron formada əldə etmək olar. Azərbaycanda noyabrın 1-nə olan məlumata görə, verilmiş elektron-rəqəmsal imzaların sayı 16,4 mini ötüb. Bu, ilin əvvəlindəki göstəricidən 7 dəfə artıqdır.
Portala 40-dək mərkəzi icra hakimiyyəti orqanı qoşulub. Hazırda "Elektron hökumət"in inkişafı məqsədilə yeni dövlət proqramı hazırlanır. Proqram çərçivəsində portala yerli icra hakimiyyəti orqanlarının qoşulması, həmçinin onların elektron xidmətlər göstərməsi də nəzərdə tutulub. Bu gün ölkədə təsdiqlənmiş elektron xidmətlərin (426 ədəd) 272-si portalda var. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin sayı isə 407-dir.
- Respublikada internet şəbəkəsinin inkişafı istiqamətində hansı işlər görülür? İnternet tariflərində növbəti ucuzlaşma gözlənilirmi?
- Yaxın zamanlarda internet xidmətləri tariflərində növbəti ucuzlaşma dal-ğası gözlənilir. Bu haqda həm özəl, həm də dövlət internet xidməti provayderlərindən tövsiyələr almışıq. Hazırda yekun təkliflərin hazırlanması üzərində tamamlama işləri aparılır. Məsələn, internet xidmətləri göstərənlər və rabitə operatorları üçün kanalın icarə haqqının azaldılması təklif olunur. Bu, son istifadəçiyə göstərilən internet xidmətlərinin qiymətinin ucuzlaşmasına yol açmalıdır. Azərbaycanda internet bazarı kəmiyyət baryerini aşıb və indi o, keyfiyyətin yaxşılaşdırılmasının astanasındadır. Burada əsas maneə mis kabel infrastrukturunun üstünlük təşkil etməsidir. Bu üstünlük optik rabitə xətlərinə verilməlidir.
Azərbaycanın internet bazarında söhbət qlobal şəbəkənin daha iritutumlu resurslardan istifadə imkanlarının genişləndirilməsindən, yəni internetə qoşulmada minimum sürətin hazırkı qiymətlər müqabilində 2-3 Mbit/s deyil, 10 Mbit/s olmasından gedir.
Bu problemin həlli Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Hər evə optika") üzərinə qoyulub. Layihə Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyilə 2014-2016-cı illərdə həyata keçirilməlidir. Layihənin məqsədi ucqar kəndlər də daxil olmaqla, bütün ölkə ərazisinin sürətli internetlə təminatıdır. Burada söhbət sürəti 10-100 Mbit/s olan internetdən, genişzolaqlı internet istifadəçilərinin sayının 85%-ə çatdırılmasından gedir. Bu, 2017-ci ildə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrilə bir səviyyəyə yüksəlməsinə imkan verəcək.
- Son zamanlar mətbuatda və sosial şəbəkələrdə kommunal xidmətlərə görə tariflərin artırılacağına dair fikirlərə rast gəlinir. Nazirliyiniz stasionar telefon xidmətinə görə mövcud tariflərin səviyyəsindən razıdır, yoxsa bu qiymətlərdə də dəyişiklik gözlənilir?
- Dəyişiklik mümkündür. Amma siz dediyiniz rakursda yox. Biz Tarif Şurasına təkliflər hazırlamışıq. Orada bir sıra telekommunikasiya xidmətlərinə görə tariflərin aşağı salınması təklif olunur. Buraya telefon rabitəsi və digər xidmətlər daxildir. Bu işdə ən vacibi effektivliyin və təhlükəsizliyin artırılması, o cümlədən yeni xidmətlərin işə salınmasıdır.
Sirr deyil ki, operatorların şəbəkələrində telefon xətti ilə səsli trafikin həcmi getdikcə aşağı düşür. Səbəb istifadəçilərin mobil rabitəyə üstünlük verməsi, həmçinin genişzolaqlı internetin populyarlaşmasıdır. Bu səbəbdən, son zamanlar "Skype" istifadəçilərinin sayında ciddi artım var.
Bu tendensiya bir çox ölkələr üçün xarakterikdir. Bununla yanaşı, beynəlxalq və şəhərlərarası səs xidmətlərindən gələn gəlirlərin azalması internet istifadəçilərinin artımı ilə kompensasiya olunur. Bu sahədə insanlara müxtəlif multimedia xidmətləri göstərilir.
Texnologiya sahəsində baş verən təkamül operatorları vadar edir ki, rentabelliyi qoruyub saxlamaq üçün yeni yollar axtarsınlar. Ənənəvi telefon rabitəsi dövrü sona yaxınlaşmaqdadır. Onu IP protokolu əsaslı texnologiyalar əvəzləyir və bu, müxtəlif kontentin əldə olunması üçün geniş imkanlar açır.
- Rəhbərlik etdiyiniz qurum tərəfindən mobil nömrələrin daşınması xidmətinin (MNP) həyata keçirilməsi üçün hansı tədbirlər görülür?
- Bu xidmətin gerçəkləşdirilməsi rabitə operatorlarının texniki hazırlığından asılıdır. Xidmət Azərbaycanda fəaliyyət göstərən üç mobil operator tərəfindən eyni anda göstərilməyə başlamalıdır. Onların məsələni ən qısa zamanda çözəcəklərini gözləyirik.
MNP xidmətinin tətbiqi Azərbaycanın mobil rabitə bazarında yeni rəqabət dalğası yaradacaq.
Məlum olduğu kimi, nömrələrin daşınması xidməti fərqli operatora keçən zaman köhnə nömrəsini qoruyub saxlamaq istəyən abonentlərin axınının fəallaşmasına yol açır. Bu xidmət rəqabəti gücləndirir, operatorları abonentlərini əldə saxlamaq məqsədilə əlavə tədbirlər görməyə, yeni abonentlərin cəlbi üçün daha cəlbedici xidmətlər ortaya qoymağa məcbur edir.
Ümumilikdə mobil rabitənin Azərbaycanda yayılmasının yüksək səviyyəsinə rəğmən, bazar inkişafda, yeni məhsullar və xidmətlər təklif olunmaqdadır. Operatorlar üçün məlumatların ötürülməsi xidməti vacib və əhəmiyyətli gəlir mənbəyinə çevrilir. Qoşulmaların sayı böyük templərlə artır. HSPA+ və LTE standartları mobil internetə qoşulmada əsas texnologiyalar olacaq. Səbəb Wi-Fi kimi digər naqilsiz qoşulma texnologiyalarının əhatə dairəsinin məhdudluğudur.
Proqnozlara görə, 2017-ci ilin sonlarına Azərbaycanda mobil operatorların abonentlərinin sayı 17,3% artacaq. 2014-cü ildə bu sahədə 5,7%, 2015-ci ildə 4,8, 2016 və 2017-ci illərdə isə 2,9%-lik artım proqnozlaşdırılır. 2017-ci ilin sonlarına ölkədə mobil rabitə abonentlərinin sayı 12 milyon 153,8 min nəfərə çatacaq. Beləliklə, ölkədə mobil rabitənin yayılması səviyyəsi 110,1%-dən 129,2%-ə yüksələcək.
- Transavrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin reallaşdırılması prosesi hansı mərhələdədir?
- Azərbaycanın təşəbbüsü olan TASIM layihəsinin tikintisi bu il BMT Baş Assambleyası tərəfindən növbəti dəfə dəstək alıb. Avrasiya Rabitə Alyansının (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması və TASIM magistralının tikintisinə dair qətnamə BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edilib.
EuraCA-nın yaradılması təklifi layihənin region üçün əhəmiyyəti nəzərə alınaraq irəli sürülüb. Burada məqsəd həm də ona marağın çəkilməsi, region ölkələrinin onun reallaşdırılmasına siyasi dəstək verməsinə nail olmaqdır.
Bu təşəbbüs İKT sahəsində transregional əməkdaşlığın genişləndirilməsini, tələbatların ödənilməsini, bu sektordakı problemlərin həllində hökumətlərə yardım göstərilməsini, özəl sektorun buraya cəlbini, həmçinin bu sahədə təcrübə mübadiləsi üçün platformanın yaradılmasını nəzərdə tutur.
TASIM layihəsi Frankfurtdan Honkonqadək əsas tranzit rabitə xəttinin yaradılmasını nəzərdə tutur. O, ümumilikdə 20 ölkəni birləşdirəcək. Avropa və Asiyanın nəhəng informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək şəbəkə Azərbaycan, Türkiyə, Gürcüstan, Çin, Qazaxıstan ərazisindən keçərək, düz Almaniyaya qədər uzanacaq. O, Qərbi Avropa ölkələri ilə Sakit okean hövzəsi arasındakı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək. Alternativ şimal tranzit xətti isə Rusiya, Ukrayna və Polşa ərazisilə keçəcək.
Hazırda TASIM layihəsinə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və Çin kimi ölkələr cəlb olunub. Layihə, həmçinin yoxsulluq səviyyəsinin azaldılmasına, iqtisadi inkişafa dəstək olacaq. Eyni zamanda regionun inkişafında lokomotiv rolunu da oynaya bilər.
Fiber-optik kabel magistralının Xəzər seqmentinin çəkilişi TASIM layihəsinin əsas hissəsini təşkil edir. Məlum olduğu kimi, Qazaxıstanın operatoru TASIM layihəsinin konsorsiumunda təmsil olunur. Bu səbəbdən, sualtı kabelin çəkilməsilə bağlı danışıqlar bu ölkə ilə daha intensiv gedir.
- Rəqəmsal televiziyaya keçidlə bağlı işlər nə yerdədir? Ənənəvi siqnalının rəqəmsalla əvəzlənməsi nə vaxta gözlənilir?
- Azərbaycanda rəqəmsal televiziyanın inkişafı dövlətin qarşısında duran prioritet məsələlərdəndir. Səbəb bu perspektivli texnologiyanın texniki-iqtisadi üstünlükləridir. Bu, ilk növbədə, müasir televiziya üçün yeni keyfiyyət standartıdır. Onun adi analoq şəbəkəsində əsas fərqi görüntülərin yüksək keyfiyyəti, kanalların çoxluğu və əlavə xidmətlərdən yararlanmaq imkanlarıdır.
Rəqəmsal televiziyanın daha bir üstünlüyü tezlik resurslarına qənaətlə bağlıdır. Ölkədə tam rəqəmsal televiziya yayımına keçildikdən sonra hazırkı analoq yayımında istifadə olunan 790-862 MHz tezlik diapazonu LTE mobil rabitə standartının ehtiyacları üçün veriləcək. Qarşıdakı illərdə televiziya sahəsində inkişafın aktual məsələlərindən biri də televiziya şirkətlərinin HD (High Definition) keyfiyyətində proqramlar yayılması ilə bağlı olacaq. GSM operatorları arasında tezliklərin bölüşdürülməsindən sonra tezliyin yerdə qalan hissəsi (470-690 MHz) HDTV-nin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Rəqəmsal televiziyanın son istehlakçıya yönəlik xidmətlər baxımından üstünlüyünə gəlincə, burada, əlbəttə ki, söhbət imkanların genişləndirilməsindən gedir. Bu, efir yayımının yüksək keyfiyyətilə yanaşı, geniş kanal seçimi, istəyə uyğun kanallar paketinin formalaşdırılması, Video on Demand (sorğu ilə video) xidmətindən istifadə və sair deməkdir.
Ölkədə rəqəmsal televiziyaya keçidin 2014-cü ildə tam olaraq başa çatdırılacağı gözlənilir. Amma bu ilin sonunadək ölkə əhalisinin 100%-i rəqəmsal televiziya siqnalı ilə əhatə olunacaq. Hazırda bu göstərici 98%-dir. Analoq siqnalın kəsilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq, bu, iri şəhərlərdə - Bakı, Gəncə, Şirvan, Lənkəran və digərlərində baş verəcək.
Yeni yayım standartına keçilməsi zamanı əsas məsələ əhalinin buna hazırlığıdır. Hələlik əhalinin əksər hissəsi analoq yayımı dəstəkləyən televizorlardan istifadə edir. Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinə güzəştli şərtlərlə rəqəmsal televiziya dekorderlərinin verilməsi proqramı hazırlanıb.
- Yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılmasında vacib layihələrdən biri də "Yüksək Texnologiyalar Parkı"nın tikilməsidir. İqtisadiyyatın dayanıqlı inkişafı, rəqabət qabiliyyətinin artırılmasında onun rolu nədən ibarətdir?
- Lokal İT şirkətlərinin imkanlarının və ümumilikdə kadr potensialının gücləndirilməsi Azərbaycanda İKT sektorunun və ümumilikdə iqtisadi inkişafın vacib tərkib hissəsidir. "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyası 2020-ci ilədək ölkədə ÜDM-in həcminin iki dəfə artırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, iqtisadiyyatın hər bir sektorunun üzərinə müəyyən vəzifələr qoyulub.
Özəl şirkətlərin potensialının gücləndirilməsilə yanaşı, xarici şirkətlərlə birgə əməkdaşlıq da təşkil olunmalıdır. Bu, regional ekpansiya üçün vacib məqamdır. Onlardan biri də "Yüksək Texnologiyalar Parkı"nın (Texnopark) yaradılmasıdır.
Texnopark Pirallahı qəsəbəsində 50 hektarlıq ərazidə tikiləcək. Hazırda parkın formalaşdırılması, lazımi infrastrukturla təmini, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır.
Texnopark İKT, telekommunikasiya və kosmik rabitə sahəsində araşdırmaların aparılması, o cümlədən yeni yüksək texnologiyaların hazırlanması üçün lazım olan infrastruktur, maddi-texniki baza və idarəetmə strukturlarının yerləşəcəyi məkan olacaq.
Park iqtisadiyyatın davamlı inkişafında, rəqabət qabiliyyətinin artırılmasında da öz rolunu oynayacaq.
Yaxın zamanlarda Texnopark çərçivəsində biznes inkubasiya mərkəzinin yaradılması üzrə pilot layihənin icrasına başlanılacaq. Bu mərkəz startap-layihələrin hazırlanması prosesində ilkin addım olacaq. O, Bakının mərkəzində yerləşəcək. Əksər ali məktəblərin paytaxtda yerləşdiyini nəzərə alsaq, bu, çox vacibdir. Artıq inkubasiya mərkəzi üçün yer ayrılıb və onun yaradılması işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Orada seminarlar təşkil olunacaq. Məqsəd seminar iştirakçılarının bacarıqlarının artırılmasıdır. Startap-layihəsi lazımi inkişaf səviyyəsinə çatdıqda növbəti addım onun "Yüksək Texnologiyalar Parkı"na keçirilməsi olacaq.
- Startap-layihələrin maliyyələşdirilməsinə nə zaman başlanılacaq? Onların İKT-nin İnkişafı Fondu tərəfindən güzəştli maliyyələşdirilməsi üçün şərtlər müəyyənləşdirilibmi?
- Startaplar üzrə ilk müsabiqənin ilin sonunda keçiriləcəyi gözlənilir. Əsas məqsəd İKT sahəsində ən effektiv, ən perspektivli layihələrin seçilməsidir. Layihələrin maliyyələşdirilməsinə isə 2014-cü ildən başlanılması nəzərdə tutulub. Bunun üçün kiçik, orta və böyük həcmdə kreditlərin ayrılması, İKT-nin İnkişafı Fondunun xəttilə qrantların ayrılması (2014-cü ildə fondun xəttilə dövlət büdcəsindən 5 milyon manatın ayrılması nəzərdə tutulub) imkanları nəzərdən keçirilir. İKT layihələrinin maliyyələşdirilməsi işinə səlahiyyətli agentlər kimi banklar və qeyri-bank kredit təşkilatları da cəlb olunacaq.
Kiçik kreditlərin həcmi 10-50 min manat arasında (3 il müddətinə), orta kreditlərin həcmi 50-100 min (5 ilədək), böyük kreditlərinki isə 500 min - 5 milyon manat arasında (10 ilədək) dəyişə bilər. Kreditlərin faiz dərəcəsi illik 5%-dən çox olmayacaq.
Qrantın maksimal məbləğisə 300 min manat təşkil edə bilər (36 ay müddətinə). Kiçik həcmli qrantlar 10-100 min, orta həcmlilər 100-200 min, böyük həcmlilər isə 200-300 min manat ola bilər.
Dövlət Fondunun vəsaitinin bölüşdürülməsi sistemi kifayət qədər şəffaf qurulub. Təqdim olunacaq hər bir startap-layihə ciddi ekspertizadan keçiriləcək. Fondun təkbaşına qərar qəbul etmək səlahiyyəti yoxdur. Qərarlar Müşahidə Şurası səviyyəsində qəbul ediləcək. Bu, fondun fəaliyyətinin şəffaflığı baxımından çox vacibdir.
Eyni zamanda bu, ən yaxşı layihələrin seçilməsinə kömək edəcək. Fond sahibkarlığa dəstək verməklə yanaşı, həm də startap sahiblərinə lazımi konsaltinq xidmətləri də göstərəcək.
Fondun fəaliyyətinin vacib məqamlarından biri də həm respublika daxilində, həm də ölkədən kənarda innovasiya ideyalarının kommersiyalaşdırılmasıdır. Fond ölkəyə xarici kapitalın axınına stimul verəcək.
MƏSLƏHƏT GÖR:





787

