İRƏVANDA "FLEŞ KART İNQİLABI"
İT sahəsində çalışanların etirazı Ermənistandakı sistem böhranının daha bir göstəricisidir
Müəllif: NURANİ Bakı
İrəvan sakinlərini etiraz aksiyası ilə təəccübləndirmək olmaz. Ermənistanın Gömrük İttifaqına üzvlüyünə qarşı Şant Arutyunyanın rəhbərlik etdiyi yerli "Anonimuslar" etiraz etdikdə jurnalistlər Ermənistan paytaxtında müxalifətin nümayişlərinin küçə döyüşlərinə keçdiyini xəbər verirdilər.
Bu yaxınlarda isə İrəvanda İT sahəsində çalışanlar etiraza başlayıb. Onlar aksiyalarına "fleş kart inqilabı" adını veriblər. Etiraz kifayət qədər dinc şəkildə keçirilib: nə "Molotov kokteyli"ndən istifadə olunub, nə səs qumbaralarından, nə də əldəqayırma "cəhənnəm maşınları"ndan. Amma bir neçə hava şarı nümayişkaranə şəkildə "partlayıb". Bununla yanaşı, aksiya zamanı radikal şüarlar da eşidilməyib: insanlar icbari pensiya yığım sisteminə etiraz edirlər. Gözlənildiyi kimi, Ermənistanında onların etirazı da nəticəsiz bitib. Nazirlər Kabinetinin binası önündə təşkil olunmuş aksiya iştirakçılarının qarşısına heç kəs çıxmayıb. Onlar yazdıqları məktubu hökumətə təqdim edə biliblər. Lakin irəvanlı jurnalistlərin "tuta bildikləri" dövlət məmurlarının davranışları açıq şəkildə göstərib ki, bu məktubu kiminsə oxuyacağını da gözləməyə dəyməz.
Ermənistanda hökm sürən inzibati özbaşınalıq fonunda "fleş kart inqilabı"nın bu cür nəticələnməsi tamamilə qanunauyğundur. Bir məqam olmasaydı, baş verənlər diqqəti o qədər də cəlb etməzdi. Bir daha təkrar edirik ki, İrəvan küçələrinə İT sahəsində çalışanlar çıxmışdılar.
Halbuki Ermənistan hökuməti bu yaxınlarda İT sahəsini prioritet inkişaf istiqaməti elan etmiş, bu sahəni ölkə iqtisadiyyatının "lokomotiv"i adlandırmışdı. Sözdə hər şey cəlbedici görünürdü. "Blokada"da olan Ermənistan öz uğurlu inkişafını təmin etmək üçün yollar aramalıdır (İrəvanda bu "blokada"nın Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olması haqda açıq danışmaq istəmirlər). Bu halda İT sahəsi məhz hökumətin axtardığı sahə idi. Birincisi, o, perspektivli, ikincisi, intellektual sahədir. Üçüncüsü isə cihazqayırma hələ sovet illərində Ermənistanda yaxşı inkişaf etmişdi.
Amma tezliklə məlum olub ki, Ermənistan dünyanın İT bazarına çıxmaq iqtidarında deyil. Kompyuter çiplərini artıq çoxdan Kaliforniyanın Silikon vadisində buraxırlar. Proqramların hazırlanması, kompyuterlərin yığımı da orada baş verir və oradan Cənub-Şərqi Asiyaya gəlir...
Yeri gəlmişkən, dünyanın İT sahəsində Ermənistan üçün bazar tapılmayıb. 2011-ci ildə beynəlxalq ekspertlər Azərbaycanda İT sahəsinin uğurla inkişaf etdiyini açıqladıqda Ermənistan, ümumiyyətlə, onların hazırladıqları reytinqdə yer almamış və bu, təbii ki, heç kimi təəccübləndirməmişdi də.
Əlbəttə ki, Ermənistanın, guya, bu sahəni inkişaf etdirməyə yeni başladığını düşünmək olar. Amma İrəvanda az qala "lokomotiv" adlandırılan İT sahəsində çalışanlar küçələrə "sosial" şüarlarla çıxırlarsa, bu, hətta prioritet sahə üçün də pulun olmadığını təsdiqləyir.
Sanki taleyin acı ironiyasıdır ki, İrəvanda "fleş kart inqilabı" KİV-də Ermənistan iqtisadiyyatının az qala əsas ümidi olan zərgərlik sahəsinin iflasa uğradığına dair xəbərlər yayıldıqdan dərhal sonraya təsadüf edib. Ermənistanda İT-nin inkişafı ilə yanaşı, ölkənin "ikinci Sinqapur" olacağı, onun regional mərkəzə çevriləcyi də bildirilirdi... Ölkədə almaz cilalanmasına da böyük ümidlər bəslənilirdi. Bu sahədən gözləntilər xeyli böyük idi. Çünki erməni diasporunun zərgərlik məmulatları biznesində kifayət qədər güclü mövqeləri var. Almazlar ölkəyə sözün birbaşa və dolayı mənasında çamadanlarla gətirilməli, nəqliyyat xərcləri minimuma endirilməli idi. Ermənistanda yeni "almaz müəssisələri" açılmış, İsveçrənin Bazel şəhərində isə "Erməni zərgərlər ittifaqı" toplanmışdı.
Bundan başqa, İrəvanda "İrəvan-şou" adlı zərgərlik sərgisi də təşkil olunmuşu. Bu, Ermənistan hökumətinin "zərgərlik strategiyası"nın bir hissəsi idi. Tədbir son dərəcə təntənəli şəkildə başlamışdı. KİV orada dünyanın 20 ölkəsindən yüzlərlə şirkətin iştirakı haqda yazırdı. Sərgiyə Ermənistan prezidenti Serj Sarqsyan öz xanımı ilə qatılmışdı.
Lakin "şou" başa çatdıqdan sonra İrəvan KİV-nin onun nəticələri haqda yazdıqları isə heç də sevindirici olmadı: gözlənilən "qızıl yağışı" müşahidə olunmur, dünyanın zərgərlik brendləri və potensial investorlar Ermənistan bazarına can atmır. Artıq Ermənistanın geniş şəkildə reklam etdiyi "almaz sahəsi"nin də digər sahələrin aqibətini yaşadığı heç kimə sirr deyil. Ekspertlər bu vəziyyətin yaranmasında bir önəmli məqamın nəzərə alınmamasının səbəb olduğunu düşünürlər. Doğrudur, xaricdə yaşayan etnik ermənilər arasında, həqiqətən də, tanınmış almaz cilalayan ustaları var. Amma leqal almaz biznesi daha güclü və inkişaf etmiş qeyri-leqal biznesin kölgəsində qalır. Bu, qızıl və qiymətli daşların, ilk növbədə, brilyant qaçaqmalçılığıdır. Bu qaçaqmalçılığın isə ən gözlənilməz ünvanları üzə çıxır. "Almaz biznesi" Ermənistan şəraitində inkişaf etməyə başladıqda, bunun kriminal tərəfi daha qabarıq şəkildə görünməyə başladı. Birincisi, beş terrorçunun birbaşa parlamentin iclas zalında qətliam törətdiyi yoxsul və qeyri-sabit ölkədə "böyük almaz biznesi" qurmaq elə də asan deyildi. İkincisi, Ermənistan hakimiyyəti "Qarabağ klanı"nın əlindədir. O isə ilkin kapitalı heç kəs tərəfindən tanınmayan, ən yaxşı halda separatçı, ən pis halda isə işğalçı adlanan rejim şəraitində toplayıb. Leqal yolları və əlaqələri olmayan "Qarabağ klanı" "qeyri-leqallar"la əlaqələri kifayət qədər uğurlu şəkildə inkişaf etdirib. İndi erməni mənbələrinin özləri də etiraf edirlər ki, ermənilərin almaz cilalayan müəssisələrinin əksəriyyəti sadəcə kağız üzərində mövcud olub. Yəni orada, əslində, almazların təraşlanması yox, mənbəyi şübhəli olan daşların "yuyulması" həyata keçirilib. Nəhayət, bu məsələdə Ermənistanın beynəlxalq terrorla əlaqələri də öz rolunu oynayıb. Xatırladaq ki, 2011-ci ilin 11 sentyabrından sonra maliyyə dünyasında qaydalar son dərəcə sərtləşdirilib. Məqsəd terrorçu təşkilatların maliyyə axınlarına daha ciddi nəzarət olunmasıdır. Nəticədə, bu təşkilatlar öz maliyyə aktivlərini daha az yer tutan, "cingildəməyən" və metal detektorları tərəfindən tutulmayan brilyanta çevirməyə başlayıblar. Bəzi ekspertlərin dediyinə görə, Ermənistanı əksər perspektivli investorların tərk etməsi, məhz, bu ölkədəki zərgərlik biznesi rəhbərlərinin "qara daşların" yuyulması, yəni almaz qaçaqmalçılığı ilə məşğul olmaları ilə bağlıdır. Bundan sonra, ölkədə almaz biznesi artıq birdəfəlik "köl- gəyə" çəkildi.
Ermənistanın zərgərlik sahəsinin ən parlaq "nailiyyəti" isə yəqin ki, "offşor qalmaqalı" olacaq. İrəvan KİV-də artıq bir neçə həftədir ki, bu məsələ müzakirə olunur. Hələ yayda yayılan xəbərlərdə bildirilirdi ki, irəvanlı biznesmen Aşot Sukiasyan "Ayastan" univermağının sahibi Paylak Ayrapetyan vasitəsilə Kiprdəki offşor şirkətlərdən birini ələ keçirib. Şirkətin həmtəsisçiləri arasında... Ermənistanın baş naziri Tiqran Sarqsyanın və Erməni Apostol Kilsəsinin Ararat yeparxiyasının başçısı Navasard Kçoyan da var. Paylak Ayrapetyanın iddiasına görə, 2009-cu ildə o, Ermənistanda almaz və zərgərlik sahəsinin inkişafına dair proqramın iştirakçısı kimi, baş nazirin yanında keçirilmiş iclasda iştirak edib. Toplantıda Navasard Kçoyan, biznesmen Aşot Sukiasyan və 20-dək "almaz sahibkarı" da olub. Tiqran Sarqsyan əvvəlcə Rusiyadan "kredit vasitəsilə" almaz xammalının gətirilməsindən danışıb və gözlənilmədən sözü Aşot Sukiasyana verib. O, "Afrikanın Syerra-Leone ölkəsində qızıl və almaz mədənlərinə malik olduğunu, Ermənistana yüksək keyfiyyətə malik xammal tədarük edə biləcə-yini, bu xammalın qiymətinin Rusiyanın təklif etdiyi qiymətdən 15% ucuz olacağını" bildirib. Perspektiv çox cəlbedici idi. Amma onu gerçəkləşdirmək üçün yalnız lazımi texnikanın alınmasına 12 milyon dollar tələb olunurdu. Paylak Ayrapetyan bu investisiya üçün öz mülkiyyətini kredit götürülməsi məqsədilə girov qoyub. Bundan bir qədər sonra isə hiyləgər gediş edilib və Ayrapetyanın mülkiyyəti VIP təsisçiləri olan Kipr şirkətinə keçib. İndi Tiqran Sarqsyan onun heç bir offşor şirkətinin olmadığını, Aşot Sukiasyan isə Tiqran Sarqsyan və Navasard Kçoyanın imzalarının ekspertiziya göndərildiyini iddia edir. Amma VIP-korrupsionerlərin real məsuliyyətə cəlb edilmələrinin mümkün olub-olmayacağı, təəssüf ki, ritorik sualdır. Kriminal biznesə çevrilmiş Ermənistan "zərgərliyi"nin böyük perspektivləri haqda danışmağa isə dəyməz. Bu gün Ermənistanda ağlamalı durumda olan yalnız iqtisadiyyatın SSRİ-dən qalmış və "blokada"dan əziyyət çəkən sahələri deyil. İndi Ermənistanda "prioritet" elan edilmiş və böyük ümidlərin bağlandığı sahələri də böhran bürüyüb. Bu isə yerli iqtisadiyyatda müsbət dəyişikliklərə ümidlərin, demək olar ki, qalmadığı anlamına gəlir. Odur ki, bugünkü Ermənistanda aparılan "çamadan islahatları"na təəccüblənməyə dəyməz: yerli mütəxəssislərin hesablamalarına görə, indi Ermənistanı hər iyirmi dəqiqədə bir vətəndaş tərk edir.
MƏSLƏHƏT GÖR:




732

