
MİLLİDƏ İLK DƏFƏ
"R+" futbol üzrə Azərbaycan milli yığmasının yeni oyunçusu Taşkın İLTƏRİ təqdim edir
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Hər zaman azarkeşləri yeni adlarla təəccübləndirən futbol üzrə millimizin baş məşqçisi Berti Foqts ənənəsinə sadiq qalır.Yığmanın cari il üçün son toplanışına 22 futbolçu dəvət olundu. Onların arasında bir yeni ad diqqətimizi çəkdi. Bu türk soyadlı Taşkın İltər idi. Azərbaycan məşqçiləri bu gənci Almaniyada bəyənib. Gənc futbolçu Almaniyanın aşağı dəstəsində çıxış edən "Ayntraxt Braunşveyq" klubunun şərəfini qoruyur. Bir neçə ay əvvəl gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Bernard Lippertin dəvətiylə ölkəmizə gəlib. Gənclər yığmasında oynadıqdan sonra ilk dəfə ölkəmizin əsas komandasına çağırılıb və Qırğızıstan millisinə qarşı yoldaşlıq oyununda meydana çıxıb.
"R+" yığmanın hazırlığı zamanı Berti Foqtsdan icazə alaraq (onun icazəsi olmadan hazırlıq zamanı heç kim müsahibə verə bilməz) Taşkın İltərdən suallarımıza cavab almağa nail oldu.
- Taşkın İltər - Azərbaycan azarkeşi və mediası sizi yaxşı tanımır. Buna baxmayaraq, siz ölkənin əsas komandasına dəvət aldınız...
- Bir müddətdir gənclər yığmasında oynayıram. Sizdə əsas diqqət milli komandaya yönəlir. Ona görə, bəlkə, məni çoxları tanımır. Gənclər yığması növbəti oyunu Makedoniyaya qarşı keçirdi. Həmin oyunda cəzalı olduğum üçün iştirak etmədim. Bunu nəzərə alan Berti Foqts əsas komandada məni sınamaq qərarına gəldi.
- Soyadınız türk olduğunuzu göstərir....
- Mən İğdır azərisiyəm. Doğmalarımla, yaxınlarımla evdə azəricə danışırıq.
- Gənclər yığmasında cəmi 3 oyunda iştirak etmisiniz. Belə tez Foqtsun diqqətini cəlb edəcəyinizə inanırdınız?
- Düzü yox. Çox sevinirəm ki, Azərbaycan millisinə dəvət almışam. İnanmazdım ki, belə tez əsas komandaya dəvət alacağam. Ümid edirəm ki, milliyə son dəvətim de-yil. Hərçənd başa düşürəm ki, hər şey özümdən asılıdır. Yaxşı oynasam, yəqin, Berti Foqts gələcəkdə də məni komandaya dəvət edər.
- 19 yaşında əsas komandada oynamaq çətin deyil ki?
- Futbol komanda oyunudur. Heç kim təkbaşına oyunda qalib ola bilməz. Çalışmalıyıq kollektiv oyun göstərək.
- Sizi milliyə Berti Foqts dəvət etdi. Amma ilin sonunda o Azərbaycanı tərk edə bilər....
- Bu barədə düşünməmişəm. Yığmaya dəvət etdiyi üçün ona təşəkkür etdim. Gələcəkdə nə olacağını indidən düşünmək düzgün deyil.
- Azərbaycan millisinin əksər futbolçuları alman məşqçinin işini davam etdirməsini istəyir. Siz bu barədə nə deyə bilərsiniz?
- Yığmada birinci dəfəyəm. Bu barədə nəsə desəm, düzgün qəbul edilməz. Amma uzun müddət yığmada oynayan futbolçular belə söyləyirsə, deməli, səbəbləri var. Hazırlıq dönəmində Foqtsla yaxından tanış oldum. Səmimi insan, peşəkar məşqçi kimi yadımda qaldı.
- Əsas yığmada debütü necə qiymətləndirirsiniz?
- Fikrimcə, bir oyunda oynamağım pis deyil. Əlbəttə, bir oyunda özünü göstərmək çətin olur. Lakin gələcəkdə yığmaya faydalı olacağıma ümid edirəm. Mənim cəmi 19 yaşım var. Bu yaşda əsas komandaya dəvət almaq hər futbolçuya nəsib olmur. Lazım olsa bir neçə il gənclər yığmasında oynaya bilərəm. 2015-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində gənclərdən ibarət komandaya kömək etməyə hazıram. Hazırda biz ilk dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazana bilərik.
- Azarkeşlər son oyunlarda qələbə gözləyirdi. Əvəzində, Estoniyaya uduzdunuz. Qırğızıstanla heç-heçə oynadınız...
- Oyunlar barədə danışmaq çətindir. Mən millidə təzəyəm, dedi-yim düzgün qəbul edilməz. Amma Estoniya ilə görüşdə bəxtimizin gətirmədiyini düşünürəm. Yaxşı oynadıq, alınmadı. Qırğızıstanla matçda isə ot örtüyü pis vəziyyətdə idi. Elə stadionda futbol oynamaq olmaz. Bu amil nəticəyə təsir etdi. Həm də yoldaşlıq görüşlərində əsas məqsəd heyətin yoxlanılmasıdır. Bu görüşlər futbolçuları yoxlamaq üçün keçirilir.
- Düşərgəyə gələnə qədər millimizin hansı oyununu izləmisiniz?
- Əlbəttə, məlumatım var. Son görüşlərdə Şimali İrlandiya üzərində 2-0 hesablı qələbə qazandılar. Ardınca Rusiya ilə 1-1 oynadılar. Bu, yaxşı nəticədir. Millidə irəliləyiş hiss olunur. Komanda yaxşılığa doğru inkişaf edir. Futbolçular sona qədər mübarizə aparır və qol vururlar. Cari seçmə mərhələni Azərbaycan millisi üçün uğurlu saymaq olar. FİFA reytinq cədvəlində irəliləməyiniz yaxşı oyunların nəticəsi oldu. Komandada böyük dəyişikliklər var. Sevinirəm ki, ilin son oyunlarında mən də bu komandanın bir hissəsi oldum.
- Azərbaycan millisinə dəvət almağını klubunda necə qarşıladılar?
- Onlar həm təəccübləndilər, həm də sevindilər. Yaxşı mənada təəccübləndilər. Hər bir klub üçün yetirməsinin milliyə dəvət alması önəmlidir. O mənada mənə heç bir problem yaratmadılar. Deyilən vaxtda Bakıya gəldim.
- Son aylar alman klubu o qədər də yaxşı oyun sərgiləmir. Bu, nə ilə əlaqədardır?
- Hər bir komandanın problemi olur. Bir qədər bəxt bizdən üz döndərdi. Bir qədər istədiklərimiz alınmadı. Əsas odur ki, qarşıdakı matçlara daha ciddi hazırlaşırıq. Bilirik ki, xal qazanmaq lazımdır.
MƏSLƏHƏT GÖR: