14 Mart 2025

Cümə, 21:39

NAĞIL GERÇƏYƏ ÇEVRİLDİ

Bütün dövrlərin və xalqların sevimli filmi olan "Arşın mal alan" rəngli formatda ekrana çıxdı

Müəllif:

10.12.2013

Möhtəşəm hadisə, əfsanəvi film, əfsanəvi əsər... Azərbaycan mədəniyyəti üçün bu həftə Heydər Əliyev Mərkəzində "Aşrın mal alan" filminin yenilənmiş versiyasının premyerası ilə yadda qaldı. 1945-ci ildə rejissor Rza Təhmasibin lentə aldığı bu sənət əsəri bərpa olunmaqla və rəngli şəklə salınmaqla, ona, sanki, yeni həyat verildi. Çünki Azərbaycan və biz hamımız onu itirə bilərdik. Tale elə gətirmişdi ki, qarışıqlıqla müşayiət olunan 1990-cı illərdə filmin SSRİ Dövlət Film Fondunda saxlanılmış lenti Rusiya ilə Azərbaycan arasında, sözün əsl mənasında, it-bat olmuşdu. O zaman Azərbaycanla Rusiyanın arasında mövcud olan çoxsaylı dövlətlərarası problemlər mədəni irsin qorunması məsələsində də maneələr yaratmışdı. Məsələni qaldıran Azərbaycanın Peachline Advertising agentliyində bildirirlər ki, həmin problemlərin fonunda böyük bir Azərbaycan filminin itməsi heç kimin diqqətini çəkməmişdi. "Arşın mal alan" filmi özünün yeni tarixini yaşamalı idi. 

Filmin bərpası və rənglənməsinə ötən ilin dekabrında start verilmişdi. Heydər Əliyev Fondunun rəhbərliyi və "Ata Holding" şirkətlər qrupu la-yihənin əhəmiyyətini nəzərə alaraq, orada iştiraka razılıq veriblər. SSRİ-nin əfsanəvi musiqili komediyasının bərpası və rəngli şəklə salınması ilə isə Hollivudun ən peşəkar mütəxəssisləri məşğul olublar. Layihə uğurla başa çatdırılıb və noyabrda onun qapalı nümayişi keçirilib. 

 

Rəngli həyata yol 

"İlk səbəb. 2013-cü ildə Üzeyir Hacıbəyovun sonuncu və yəqin ki, xalq tərəfindən ən çox sevilən opererettası olan "Arşın mal alan"ın yazılmasının düz 100 ili tamam olur. İkinci səbəb. Bir çoxları "Arşın mal alan"ın rənglənməsini uğursuz alınmış "Baharın on yeddi anı" və "Döyüşə qocalar gedir" filmi ilə müqayisə etdilər. Lakin onlar 1973-cü ildə daha real təsir bağışlaması üçün məqsədli şəkildə ağ-qara formatda çəkilib. 1945-ci ildə isə tapılması son dərəcə çətin olan, böyük pullar qarşılığında xaricdən alınan rəngli plyonkaya yalnız bir material çəkilmişdi: Qələbə paradı. O zaman Rejissor Rza Təhmasib öz musiqili hekayəsini rəngli formatda çəkməyi yalnız xəyal edə bilərdi. Halbuki, əslində, bu, elə belə də olmalı idi. Amma müharibədən sonra bu, mümkün deyildi. Ancaq heç nəyə baxmayaraq, film çox uğurlu alındı. Onun gətirdiyi qazancı nəzərə alsaq, güman etmək olar ki, onu yalnız SSRİ-də, təxminən, 250 milyon dəfə izləmişdilər. Təkcə filmin daxili prokatı ona çəkilən xərclərdən 1000 dəfə artıq gəlir gətirdi", - deyə agentlikdən bildirirlər: "Biz bərpa edilə biləcək lenti axtarmağa başladıqda məlum oldu ki, kimsə tozlu arxivlərdə filmin yalnız bir nüsxəsini qoruyub saxlayıb. O lent də Bakının kinoteatrlarından birində dəfələrlə nümayiş etdirilmişdi. Bərpa üzrə mütəxəssislər onun vəziyyəti ilə tanış olduqda görüləcək işin miqyasından dəhşətə gəliblər. Allaha şükürlər olsun ki, onlar köhnə filmlərin bərpası üzrə dünyanın ən yüksək səviyyəli mütəxəssisləri idilər - "Oskar" mükafatının sahibləri və Hollivudun digər ulduzları".

"Arşın mal alan"ın bərpası üzərində onun çəkilişi zamanı çalışan insanlardan daha çox sayda mütəxəssis zəhmət çəkib. İşlər dünyanın dörd ölkəsində aparılıb. "Az qala hər bir kadr üçün mütəxəssis cəlb etmişdik. Onlar hər ştrixdə tarixi həqiqətin qorunub saxlanması üçün arxivlərdən çıxmır, usanmadan material axtarışı ilə məşğul olurdular. Bəzi yerləri çürümüş material üzərindəki iş cərrahiyyə əməliyyatını xatırladırdı. İşinin peşəkarı olan bu insanlar bizim mədəni irs mülkiyyətimizlə, sanki, müqəddəs bir şey kimi davranırdılar. Əsas şərt onun zədələnməməsi idi. "Arşın mal alan" belə bərpa olundu. Rəşid Behbudovun sehrli səsinin və Üzeyir Hacıbəyovun mahnısının orijinalı da mümkün olduğu qədər bərpa edilib. Biz bütün bunları yenidən əldə etdik. Üstəlik, bu, "Arşın mal alan"ın yaradıcılarının 1945-ci ildə arzuladıqları, lakin nail ola bilmədikləri formada - rəngli şəkildə yaradıldı. Amma filmi hələ də ağ-qara formatda izləmək arzusunda olanlar üçün bu imkan da saxlanılıb - lent cızıqlardan və korroziyadan təmizlənib", - deyə Peachline Advertising agentliyindən bildiriblər.

 

Ekran həyatı 

"Arşın mal alan" dəfələrlə ekranlaşdırılıb. Bu musiqili komediyanın ilk ekranlaşdırılmasını rejissor B.Svetlov 1916-cı ildə həyata keçirib. Filmdə baş rolları A.Hüseynzadə (Sultan bəy), H.Sarabski (Əsgər), A.Ağdamski (Gülçöhrə), Y.Nərimanov (Cahan xala), M.Əliyev (Süleyman bəy) oynayıblar. Səssiz filmi görkəmli xanəndəmiz Cabbar Qaryağdıoğlunun triosu müşayiət edib. Onlar musiqili nömrələri "canlı səs"lə ifa ediblər.

Musiqili komediyanın ikinci dəfə ekranlaşdırılması qalmaqalla yadda qalıb. Peterburqlu rejissor Q. Belyakov 1917-ci ildə filmi onun müəllifi Üzeyir Hacıbəyovun icazəsi olmadan çəkib. Nəticədə, bəstəkarın kəskin etirazından sonra film prokata buraxılmayıb.

Nəhayət, İkinci dünya müharibəsi illərində "Arşın mal alan" tammetrajlı musiqili filminin çəkilişi haqda qərar qəbul olunub.1945-ci ildə keçmiş SSRİ-də, sonradan isə bütün dünyada yeni film ekrana çıxıb. Onun ssenarisi Sabit Rəhman tərəfindən yazılıb, quruluşçu rejissorlar isə Rza Təhmasiblə Nikolay Leşşenko olublar. Musiqi redaktorluğu Üzeyir bəyin qardaşı oğlu maestro Niyaziyə həvalə edilib. Filmin aktyor heyəti isə sözün əsl mənasında, ulduzlardan ibarət idi. Çəkilişə Rəşid Behbudov və Leyla Cavanşirova-Bədirbəyli, A.Hüseynzadə (Sultan bəy), L.Abdullayev (Vəli), F.Mehralıyeva (Telli), M.Kələntərli (Cahan xala) dəvət almışdılar. Asya rolu Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Rəhilə Məlikovaya həvalə olunmuşdu. Layihənin məsləhətçisi məşhur sovet kinorejissoru, aktyor və ssenarist Q.V.Aleksandrov idi. Əvvəlcə film sovet senzurasından keçməyib və onun prokatı qadağan olunub. Bədii Şuranın qərarı ilə razılaşmayan sovet teatr və kino rejissoru, nəzəriyyəçi Sergey Eyzenşteyn filmin "dünyanı fəth edəcəyini" düşündüyü üçün ona Stalinin baxmasına nail olub. Film Stalinin xoşuna gəlib. Məhz, generalissimusun bəyənməsindən sonra film SSRİ-də prokata buraxılıb və Stalin mükafatına layiq görülüb.

Film 136 ölkədə nümayiş olunub, 86 dildə dublyaj edilib. Ona yalnız SSRİ-də 16 milyon tamaşaçı baxıb. Bundan sonra filmin izlənilmə sayını itiriblər. 

"Arşın mal alan"ın büdcəsi 5 milyon 807 min rubl təşkil edib. Onun prokatından əldə edilmiş gəlir isə 5 milyard rublu aşıb. Buraya xaricdən gələn külli miqdarda prokat gəlirləri aid deyil. Həmin məbləğ SSRİ-də gizli saxlanılırdı.

20 il sonra - 1965-ci ildə SSRİ-nin "Soyuzeksportkino" dövlət qurumu Rəşid Behbudovun çəkildiyi 1945-ci ilin "Arşın mal alan"ının böyük maddi xeyir gətirdiyini nəzərə alaraq, Bakı kinostudiyasına onun yeni, rəngli versiyasının çəkilişini sifariş edib. Doğrudur, o, "Təhmasibin filmi"nin populyarlığını qazana bilməyib, lakin texniki baxımdan daha mükəmməl alınıb. Sonradan filmin Çin versiyası da çəkilib. Qeyd edək ki, bu versiya şəxsən Mao Tszedunun sifarişilə lentə alınıb və "Çadra altında məhəbbət" adlandırılıb. Sonradan Üzeyir Hacıbəyovun bu əsərində rol almış aktyorlar arasında məşhur muğam ifaçısı Alim Qasımov da var. O, bu muğam operasında bir neçə partiya ifa edib. 

1972-ci ildə "Melodiya" şirkəti "Arşın mal alan"ı rus, Azərbaycan və fars dillərində lentə yazıb. Bundan başqa, çoxlu sayda resenziya şəklində ədəbiyyat, dövri mətbuatda rəylər, jurnallarda dərc olunmuş elmi nəşrlər, kitablar, broşürlər də var. "Arşın mal alan"ın musiqi şöhrəti dünya incəsənətini bu gün də heyrətləndirir. Əsgərlə Gülçöhrənin ecazkar məhəbbət əfsanəsi isə bütün dünyadan olan dinləyiciləri həyəcanlandırmaqda davam edir.  

 

MARAQLI FAKTLAR 

Quliyev və Niyazi Bakı vağzalında yalandan dava salıblar. O zaman Rəşidin yaşadığı Tiflisə gedən qatar yola düşüb, Behbudov, Tofiq və gələcək maestro isə "məsələni aydınlaşdırmaq üçün" milis tərəfindən bölməyə aparılıblar. Bununla da, rejissor Rza Təhmasibin Behbudovu dilə tutmaq imkanı yaranıb. Tacir Əsgər obrazının prototipi Rəşid Behbudovun atası Məcid bəy Behbudalı olub - o, peşəkar müğənni olmazdan əvvəl atasına parça satmağa kömək edirmiş. Bu obraz gənc Üzeyirin yaddaşına elə həkk olunub ki, o, operetta yazmaq qərarına gəlib. 

 

Stalin "Arşın mal alan" filminə ard-arda 3 dəfə baxıb. Birinci gün o, filmi Jdanov, Sergey Eyzenşteyn və Qoskino rəhbəri Bolşakovla (o, həbsini gözləyərək artıq ailəsilə vidalaşmışdı) izləyib. İkinci gün Stalin filmi izləmək üçün Siyasi Büronun axşam toplantısını təxirə salıb (halbuki müharibə hələ bitməmişdi). Üçüncü gün isə o, Siyasi Büronun bütün üzvlərini öz bağ evinə toplayıb.

 

 Filmdə, demək olar ki, rekvizit yox idi. Çünki hər şey orijinal idi - əntiq mebel, geyim, zinət əşyaları və s. Film müharibə illərində çəkilsə də, aktyorların bahalı yun və ipək kostyumları ideal şəkildə tikilmişdi, qızıl popirov qabları və brilyant sırğaları var idi. Filmdə heç bir butaforiyadan istifadə edilməyib. 

 

Filmdə hadisələr Şuşada cərəyan etsə də, çəkilişlər Mərdəkan qəsəbəsi və Abşeron yarımadasında aparılıb. 

 

Dünya kinosunun 100 illiyi ilə əlaqədar olaraq, "Arşın mal alan" 1945-ci ildə Sovet İttifaqı kino tamaşaçılarının 10 sevimli filmi siyahısına düşüb. O, eyni zamanda bütün dövrlərin və xalqların ən sevimli 100 filmi sırasında da yer alır.



MƏSLƏHƏT GÖR:

870