Müəllif: Məhərrəm ZEYNAL Bakı
"Onlar çox ağılsızlıq etdilər: itlər üçün kostyumlar, reklam meneceri vəzifəsi və ayfon kimi şeylər icad etdilər. Əvəzində isə turş daddan savayı, heç nə əldə etmədilər. Amma biz elmi inkişaf etdirsə idik, Ayı, Marsı, Veneranı mənimsəsəydik... Kim bilir, onda dünya necə olardı? Bəşəriyyətə kosmosu şumlamaq imkanı verilib, lakin o, istehlakla məşğuldur - pivə içir və seriallara baxır". "Kosmos şairi", dahi yazıçı Rey Bredberinin sonuncu ifadələrindən biri olan bu sözlər zərbi-məsələ çevrilib, onları bütün dünyada kosmonavtikanı sevənlər təkrar edirlər.
Hərçənd bu ifadə daha çox acı səslənir. Həqiqətən də, müasir uşaqlar, əfsus ki, artıq kosmonavt olmağı arzulamırlar. Ona görə də uşaqlara, bəzən, insanın bircə qacet və çörəklə yaşamadığını xatırlatmaq artıq olmaz. Bu günlərdə Heydər Əliyev Mərkəzində keçirilən "Kosmosa səyahət" beynəlxalq sərgi, məhz, belə bir xatırlatmadır.
"Bizim məqsədimiz - təkcə keçmişi nümayiş etdirmək deyil, həm də gələcəyə düzgün vektoru göstərməkdir. Ona görə də biz, ilk növbədə, gənclərin marağını cəlb etmək istəyirik", - deyə sərginin həmtəsisçisi, NASA-nın (ABŞ-ın Uçuş və kosmik məkanın tədqiq edilməsi üzrə milli idarəsi) aparıcı ekspertlərindən biri R.D. Lüis bildirib. Yeri gəlmişkən, sərgidə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri də iştirak edirdilər. R.D. Lüis onlara üzünü tutaraq bildirib ki, bir neçə ildən sonra onlardan hansınınsa astronavt olduğunu eşidəcəyinə ümid edir.
Kosmik muzey
Sərgidə, əsasən, bu sahədə ABŞ və SSRİ-nin nailiyyətləri təqdim edilib. Onlar kosmonavtikanın son dərəcə sürətli inkişaf etdiyi kosmik yarışlar dövrünü əks etdirir.
Ziyarətçilərə aralarında kosmik stansiyalar, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavtların geyimləri və aksessuarları, meteoritlər və bir sıra başqa yüzdən artıq eksponatları görmək maraqlı olar. ABŞ-ın Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debora Bornhardın mərasim iştirakçılarına dediyi kimi, eksponatların bir hissəsi - dəqiq surətlərdir. Məsələn, burada "Mir" stansiyasının hissələri real ölçüdə nümayiş olunurdu. Və istəniən hər kəs özünü orada kosmonavt hiss edə bilərdi. Stansiyanın içərisinə daxil olan bir çoxları kosmonavtların bu məkanda aylarla olduğunu biləndə dəhşətə gəlirdilər. Həmçinin sovet və amerikan peyklərinin ilk surətləri, müasir peyklərin nümunələri, skafandrların dəqiq surətləri, o cümlədən dünyada birinci kosmonavt Yuri Qaqarin, eləcə də Aya ayaq basan ilk insan - astronavt Nil Armstronqun skafandrlarının dəqiq surətləri nümayiş olunurdu.
"Nümayiş edilən eksponatların böyük əksəriyyəti - orijinaldır, həm də qiymətlidir. Bizim əsas fəxrimiz - "Apollon - 15" ekspedisiyasının gətirdiyi Ay süxurunun nümunəsidir",- deyə Debora Bornhard danışıb. Bundan başqa, Bornhard rusiyalı kosmonavt Yuri Usaçevin skafandrı, eləcə də ən iri dəmir asteroidlərdən biri kimi eksponatlara diqqəti çəkib. Arzu edənlər onlara hətta toxuna da bilərlər.
Dahi almaniyalı mühəndis, "Fau" və "Fau-2" raketlərinin ixtiraçısı kimi məşhur olan Verner fon Braunun unikal işləri və alətləri də az maraq kəsb etmir. O, həmçinin Amerika atom bombasının yaradılmasında da iştirak edib. Sərgiyə alimin XX əsrin 20-30-cu illərində yaratdığı ilk raketin dəqiq surətləri nümayiş etdirilib. Eksponatların yanında isə alimin işləri haqda ətraflı məlumat verən, video da görmək olar. O cümlədən fon Braunun Penemyunda hərbi raketlərinin sınağının unikal bərpa edilmiş rəngli videokadrları da nümayiş etdirilib.
Onun həmkarı, görkəmli raket ixtiraçısı S. P. Korolyova da böyük yer ayrılıb. Sərgidə onun ilk işləri, Yuri Qaqarinin kosmosa yollandığı "Vostok" raketinin surəti və bəşəriyyət tarixində ilk dəfə olaraq orbitə "Soyuz" orbital stansiyasını çıxaran "Vosxod" raketinin surəti nümayiş olunub. Sərginin təşkilatçılarının amerikalılar olmasına baxma-yaraq, onların "rəqiblərinin" rolu azalmır. Belə ki, məsələn, ən yaxşı amerikan şatlı "Atlantis" və sovet şatlı "Buran"ın ölçü və xüsusiyyətləri tamamilə dəqiq göstərilir. Sonuncu, məlum olduğu kimi, təkcə nəhəng deyil, amerikalı analoqundan fərqli olaraq, həm də yan ucları ilə sərbəst hərəkət etməyə qadirdir.
İnteraktiv və idraki
Ümumilikdə, sərginin böyük müsbət tərəfi interaktiv materialların görünməmiş sayı ilə bağlıdır. Bütün eksponatların qarşısında həmin konkret eksponat haqda məlumat verən, xüsusi hazırlanmış sənədli filmlər nümayiş etdirilir. Bundan savayı, sərgidə əyləncəli və idraki oyunlar nümayiş olunan möhtəşəm ekranlar qurulmuş xüsusi zal da var.
Sonuncu, ən iri zalda ən maraqlıları, daha doğrusu, ziyarətçiləri özlərini əsl kosmonavt kimi hiss etməyə vadar edəcək kompyuter və mexaniki simulyatorlar yerləşdirilib. Burada təyyarə və şatlı idarə edən simulyator, kosmonavtlara təlim keçilən gücləndirilmiş qravitasiya kamerası, o cümlədən çəkisizlik simulyatoru da quraşdırılıb. Bundan başqa, zalda bu ilin fevral ayında Fransanın Kuru kosmodromundan buraxılmış Azərbaycanın ilk peykinin maketi də təqdim olunub.
Sərginin iki xüsusiyyətini qeyd etmək çox vacibdir: birincisi, bir çox eksponatlar ilk dəfədir ki, sər- gidə nümayiş olunurlar. İkincisi, o, elə qurulub ki, ziyarətçi faktiki olaraq əsl informasiya axınına qərq olur. Ona görə də, hətta sərgi pavilyonları boyunca gəzişərkən, yeni nə isə öyrənməmək üçün çox çalışmaq lazımdır. Bundan savayı, "Kosmosa səyahət" ziyarətçilərə qeyri-adi emosiyalar bəxş edir. Böyüklük və əzəmətə cəlb edərək, astronavt olmaq arzusuna sövq edir.
Burada, həqiqətən, xoş heyranlıq yaradan məqam, bir çoxlarının sər-giyə uşaqlarla gəlməsidir. Onlar gördüklərinə böyüklərdən daha çox maraq göstərirlər. Demək, yayılmış qacetlər, kompyuter oyunları və istehlak cəmiyyətinin artımına baxmayaraq, uşaqlar hələ də kosmos haqda arzulamaq imkanına malikdirlər.
"Bizə, ilk növbədə, kosmosun öyrənilməsinin ardıcıl tarixini görə biləcək gənclərin iştirakı maraqlıdır. Çünki ancaq belə dahi xəyalpərəstlərin yeni nəslini yaratmaq olar", - deyə NASA-nin eksperti Lüis iddia edir.
Tədbiri açanlardan biri SSRİ-nin kosmonavtı Musa Manarov olub. "Nə vaxtsa həmvətənlərim Yerin təkini öyrənərək, faşizmlə mübarizəyə böyük töhfə veriblər. Bu gün Azərbaycanın ilk peyki buraxılanda, azərbaycanlılar ümid edirəm ki, yuxarı, kosmosa tez-tez baxacaqlar", - deyə o, qeyd edib.
Bakıda sərginin təşkilatçıları Amerikanın "United States Space and Rocket Center" şirkətidir. Bakıya qədər digər şəhərlərdə də nümayiş olunan bu maraqlı sərgi buradan bir baş Parisə yollanacaq. Sər-gini, təxminən, yarım milyondan artıq insan ziyarət edib. Azərbaycanda sərgi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 2014-cü ilin 23 fevral tarixinə qədər keçiriləcək.
MƏSLƏHƏT GÖR: