25 Noyabr 2024

Bazar ertəsi, 04:22

EYNİ ŞƏBƏKƏDƏ BİRLƏŞƏNLƏR

Azərbaycan İKT-nin regional mərkəzi statusunu qazanır

Müəllif:

10.12.2013

Azərbaycan postsənaye dövrünün astanasındadır, bu dövrə isə yüksək texnologiyalı, informasiyalı iqtisadiyyat xarakterikdir. Ölkədə İKT sektorunun dəstəklənməsi məqsədilə bir neçə dövlət proqramı qəbul edilib, İnformasiya Texnologi-yalarına Dövlət Dəstəyi Fondu yaradılıb, Yüksək Texnologiyalar Parkı qurulur, internet infrastrukturunun inkişafı istiqamətində beynəlxalq layihələr həyata keçirilir və s. Milli IT sahəsinin əsas istiqamətləri dekabrın 19-da açılmış "BakuTel-2013" telekommunikasiya sərgisində və bu sərgiyə həsr olunmuş beynəlxaq konfranslarda nümayiş olunub. 

 

Böyük sərgi 

İki onillikdir, Bakıda hər il "Iteca Caspian" şirkətinin dəstəyilə təşkil olunan beynəlxalq telekommunikasiya sərgiləri Azərbaycanın İKT sektorunda əldə olunan nailiyyətlərin nümayişi üçün vitrin rolunu oynayır. Eyni zamanda bu sərgidə dünyanın nəhəng IT şirkətləri öz yeni texnologiyalarını, qacetlər, proqram məhsullarını, həmçinin Azərbaycanla bağlı perspektiv planlarını da nümayiş etdirirlər.

"Baku Expo Centre" beynəlxalq sərgi kompleksində təşkil olunmuş "BakuTel-2013" sərgisi ekspozisiyaların genişliyi və müxtəlifliyilə, müvafiq beynəlxalq strukturların Azərbaycanda informasiya texnologiyalarının inkişafına diqqətilə yadda qalıb. Forumun ekspozisiya meydanı 35% genişlənib, iştirakçıların pavilyonları ilk dəfə üç zal və foyeni tutub. Ümumilikdə o, 12 min kvadratmetr ərazini əhatə edib. Bu dəfəki sərgidə dünyanın 28 ölkəsindən 300 şirkət təmsil olunub. Əfqanıstan, İtaliya və ABŞ-dan olan pavilyonlar bu sərgidə debüt ediblər.

Bu forumun fərqli cəhəti parlaq müsabiqələrin təşkili, priz uduşları, virtual yarışlar,  həmçinin möhtəşəm şou - İKT-nin artıq istifadədən çıxmış detallarından təşkil olunan moda nümayişi və orijinal şou-proqramla ilk dəfə MDB məkanında təqdim edilən  "Titan" robotunun nümayişi olub.

Sərginin təşkilatçıları ənənəvi olaraq, bir sıra beynəlxalq konfransı da forumla bir vaxta salıblar. Konfranslar təkamül, internetin Azərbaycandakı regional inkişafı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq mövzularına həsr olunub. Bununla yanaşı, forum çərçivəsində "Azərbaycan - İsrail", "Azərbaycan - ABŞ" İKT forumları, TASIM layihəsinin əsas telekommunikasiya operatorlarının illik forumu, "Biliklərə əsaslanan iqtisadiyyatın inkişafı" üzrə SPECA qrupunun iclası da keçirilib.

 

TASIM supermagistralı üzrə superplanlar 

Bu sırada ən əhəmiyyətli hadisə Transavrasiya informasiya supermagistralı - TASIM layihəsinin reallaşdırılması üzrə qarşılıqlı anlaşmaya dair Bakı memorandumunun imzalanması oldu. Maraqlıdır ki, Avropa və Asiyanın 20-dən artıq ölkəsini yüksək sürətli informasiya şəbəkəsilə birləşdirəcək bu layihə ilk dəfə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 5 il əvvəl, məhz, "BakuTel" sərgisinin gedişində təqdim edilmişdi. Ötən illər ərzində bu layihənin reallaşdırılmasına Rusiya ("Rostelekom" operatoru ilə), Qazaxıstan (KazTransKom), Türkiyə (TurkTelecom), Çin (ChinaTelecom), həmçinin Azərbaycan (AzTelekom) kimi ölkələr cəlb olunmuşdu. Aparıcı telekommunikasiya operatorları arasında koordinator rolunu bir neçə il əvvəl təsis edilmiş TASIM katibliyi həyata keçirir. İnformasiya supermagistralı layihəsi dəfələrlə beynəlxalq İKT sərgilərində nümayiş etdirilib. O, Çində, Türkiyədə, ABŞ-da və dünyanın bir sıra digər ölkələrində təşkil edilən konfranslarda da təqdim olunub. 2009-cu ilin noyabrında, 2012-ci ilin dekabrında və bu ilin sentyabrında isə TASIM layihəsi BMT Baş Assambleyası tərəfindən üç dəfə yekdilliklə dəstəklənib. Hər üç qətnamədə onun Eurasian Link Alliance çərçivəsində beynəlxalq əməkdaşlığın sadələşdirilməsi üçün ideal platforma olduğu vurğulanır, telekommunikasiya kanallarının müasirləşdirilməsinə, diversifikasiyasına töhfə verəcəyi, İKT sahəsinin dayanıqlı inkişafına, geniş Avrasiya məkanında "rəqəmsal bərabərsizliyin" aradan qaldırılmasına kömək edəcəyi qeyd olunur.  BMT-də qəbul edilmiş üç qətnamənin əsas məqsədi isə layihə iştirakçılarının əsas vəzifələrinin icrasının sürətləndirilməsidir. Söhbət bu transregional layihənin reallaşdırılması üçün beynəlxalq konsorsiumun formalaşdırılmasından gedir.

TASIM layihəsinin təşəbbüskarı olan 5 dövlətin operatorları arasında Bakı görüşünün və imzalanan qarşılıqlı Anlaşma Memorandumunun məqsədi də bu idi. "Bu layihənin reallaşdırılması həm Cənubi Qafqazda, həm də bütünlükdə geniş Avrasiya regionunda rəqəmsal uçurum probleminin həllinə imkan verəcək. Layihə iqtisadiyyatın yeni sahələrində  təzə iş yerlərinin açılmasına, yüksək sürətli internet vasiləsilə xidmətlərin genişləndirilməsinə kömək edəcək", - deyə imzalanma mərasiminin sonunda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Layihənin gələcəyilə bağlı eyni nikbin fikirləri Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov da səsləndirib. "Məlumat ötürülməsi həcminin, ilk növbədə, internet trafikinin gözlənilən artımını nəzərə alsaq, TASIM layihəsinin reallaşdırılması Rusiya üçün strateji xarakter daşıyır. Xüsusilə dövlətimizin Avrasiyada yerləşdiyi nəzərə alınarsa, Avropa ilə Asiya arasında tranzit trafik axını bizim üçün aktualdır. Operatorlar üçün bu, sərfəli biznes, ölkələrimiz üçün isə inkişaf etməkdə olan informasiya cəmiyyətində liderliyini təmin etmək imkanıdır. Şübhəsiz ki, bu layihənin reallaşdırılmasından sadə internet istifadəçiləri də qazanacaqlar. Onlar daha ucuz və sürətli internet əldə edəcəklər", - deyə rusiyalı nazir qeyd edib.

Bakı memorandumu Transavrasiya informasiya supermagistralı layihəsinin formalaşdırılması istiqamətində 5 ildir görülən işlərin yekunu olub. Əslində, bu sənəd konsorsiumun yaradılması üçün dönüş nöqtəsidir. Orada layihənin gələcək inkişafının konturları göstərilir, iştirakçıların səlahiyyətləri və rolu əks olunur, onların maliyyə xərcləri və hüquqi statusları konkretləşir. Yaxın zamanlarda operatorların TASIM-in tikintisi və istismarı ilə bağlı ayrıca razılaşma əldə edəcəklər. "Bakı memorandumunun imzalanmasından yarım il sonra TASIM konsorsiumunun yaradılmasına dair razılaşmanın imzalanması planlaşdırılır. Orada layihənin bütün texniki aspektləri göstəriləcək. Dövlətlər arasında trafikin nəql həcmləri bölüşdürülüb, magistralın konkret hissələri üçün məsuliyyət zonaları müəyyənləşdirilib, layihə iştirakçılarının payı müəyyən olunub. Servis və layihənin konkret biznes-modeli təklif edilib. Layihə çərçivəsində yüksək ötürücülük qabiliyyəti olan yeni fiber-optik infrastrukturun çəkilişi də planlaşdırılır", - deyə "R+" jurnalına açıqlamasında TASIM layihəsinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən olan koordinatoru Zaur Həsənov bildirib.

 

Kibercinayətkarların hücumları 

"Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda keçirilmiş konfrans da xüsusi diqqətəlayiqdir. Bu konfransda kibercinayətkarlığa və digər IT təhlükələrə qarşı birgə mübarizə məsələləri müzakirə olunub. Müasir rəqəmsal məkanın xüsusiyyətlərindən biri IT texnologiyaların ikili tətbiqidir: şirkətlər və adi vətəndaşlar üçün onlardan istifadə geniş imkanlarla yanaşı, yeni risklər də yaradır. Məsələn, saytlara və ya serverlərə yerləşdirilmiş informasiyanın məhvi, başqalarına məxsus bank hesablarından pul oğurluğu, kompyuterlərin zərərli viruslarla və casus proqramları ilə yoluxdurulması belə risklərdəndir. Bu cür qanunsuz əməllər üçün fiziki müdaxilə tələb olunmadığından, problem daha da dərinləşir. Bu əməllər cinayətin baş verdiyi məkandan minlərlə kilometr aralıda olan xakerlər tərəfindən törədilə bilir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) konfransda iştirak edən baş katibi Xamadun Turenin sözlərinə görə, kibertəhlükəsizliyin təmini məsələsi qlobal problemdir və bu səbəbdən, o, beynəlxalq birliyin birgə səylərilə aradan qaldırılmalıdır. "Kibertəhlükə mənbələri müxtəlif ola bilər. Bu, sonda əsl kibermüharibəyə aparıb çıxara bilər. Bunu önləyici tədbirlərlə aradan qaldırmaq olar. Əsas mübarizə vasitəsi kimi 5 istiqamət göstərmək mümkündür: lazımi hüquqi bazanın yaradılması, texniki hazırlıq, milli koordinasiya, mütəxəssislərin təlimi və hazırlanması, nəhayət, ən vacibi beynəlxalq əməkdaşlıq", - deyə baş katib qeyd edib.

Ötən illərdə Azərbaycan dəfələrlə xaker hücumlarına məruz qalıb və transsərhəd kibercinayətlərilə qarşılaşıb. "Azərbaycana qarşı kiberhücumların 90%-i xaricdən həyata keçirilir. Onların bəzilərinin arxasında bizə dost olmayan ölkələrin hökumətləri dayanır. Bu, sözügedən sahədə beynəlxalq əməkdaşlığın alternativinin olmadığını təsdiqləyir", - deyə nazir Əli Abbasov bildirib. O, Bakının Avropa İttifaqının Telekommunikasiya İttifaqı və digər müvafiq beynəlxalq qurumlarla əməkdaşlığı ildən ilə dərinləşdirdiyini söyləyib. Nazirin sözlərinə görə, kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi bu mübarizədə rolların savadlı şəkildə bölüşdürülməsinə, effektivliyin artırılmasına imkan verəcək. Bu baxımdan, Azərbaycanda yenilənmiş "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun üzərində işlər başa çatmaq üzrədir. Bundan əvvəlki qanun 1998-ci ildə qəbul olunub və müasir çağırışlar, tələblər onun yenilənməsi zərurətini ortaya çıxarıb.

Yeri gəlmişkən, dörd gün davam edən "BakuTel-2013" səgri-forumunun yekunları haqda danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın telekommunikasiya sektoru ölkənin ən güclü inkişaf etmiş qeyri-neft sektorudur. İndi Azərbaycan IT texnologiyalar kimi sürətlə dəyişən sahədə belə, regional mərkəz statusu qazanmaqdadır. 

 

İLKİN MƏNBƏLƏRDƏN 

«İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. İKT cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir.  Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır».

Azərbaycan Prezidenti İlham Əliyevin «BakuTel-2013» sərgisinin iştirakçılarına müraciətindən



MƏSLƏHƏT GÖR:

662