14 Mart 2025

Cümə, 11:07

ARXİPELAQ EHTİRASI

Şərqi Çin dənizindəki mübahisəli adalar Sakit okean regionundakı qarşıdurma aysberqinin yalnız görünən hissəsidir

Müəllif:

10.12.2013

Asiya-Sakit okean regionunda gərginliyin növbəti dalğası müşahidə olunmaqdadır.  Pekinin Şərqi Çin dənizində yeni fərqləndirici HHM zonasını yaratması regionun aparıcı dövlətləri arasında ziddiyyəti yenidən üzə çıxarıb. Söhbət bir tərəfdən Çin, digər tərəfdən isə ABŞ və onun müttəfiqləri olan Yaponiya və Cənubi  Koreyadan gedir.

Pekinin yaratdığı yeni HHM zonasına mübahisəli Dyaoyuydao (Senkaku) adası da daxildir. Hazırda bu ada Yaponiyanın nəzarətindədir. Yaponiya (600 mil) ilə müqayisədə Çinin materik hissəsinə daha yaxın olan (250 mil) ada insanların yaşamadığı bir ərazidir. Amma onu əhatə edən dənizlər balıqçılıq baxımından son dərəcə zəngindir. Dənizin dibində isə nəhəng həcmdə neft və qaz ehtiyatları var. Çin yaponların Senkaku adlandırdıqları Dyaoyuydao adasının yüzilliklər ərzində ona məxsus olduğunu bildirir. Pekinin iddiasına görə, Yaponiya 1895-ci ilin imperialist ekspanisyası zamanı adanı işğal edib. Tokio isə öz növbəsində arxipelağın tarixən ona məxsus olduğunu bildirir. Bu səbəbdən, Çinin son qərarının Yaponiyanın kəskin etirazı ilə qarşılanması heç də təəccüblü deyil.

Çinin Müdafiə Nazirliyi bu əraziyə daxil olan sorğulara cavab verməyəcək, əmrlərə tabe olmayacaq istənilən təyyarəyə qarşı müdafiə xarakterli addımların atılacağını bəyan edib. Zonaya xarici ölkələrə məxsus təyyarələrin daxil olması üçün Çin XİN-nə vaxtında uçuş planı göndərilməli, eyniləşdirmə suallarına cavab verilməli, təyyarələrin göyərtəsində aydın görünən tanıtma işarələri olmalıdır. Əks təqdirdə, Pekin hərbi xarakterli tədbirlərə əl atma hüququnu özündə saxlayır.

Çinin bu qərarı yalnız Yaponiya tərəfindən yox, həm də ABŞ, Cənubi Koreya və Avstraliya tərəfindən də mənfi qarşılanıb. Vaşinqton Çinin bu cür zona yaratmasını regionda status-kvonun pozulmasına yönəlmiş qanunsuz addım adlandırıb. Amerikalılar hesab edirlər ki, həmin ərazi beynəlxalq hava məkanı olduğundan, orada bu cür HHM zonasının yaradılması yolverilməzdir. Bununla yanaşı, Vaşinqton bu məsələdə regiondakı əsas müttəfiqi olan Yaponiyanı dəstəklədiyini də nümayiş etdirib. Hər halda, Amerikaya məxsus V-52 bombardmançıları sözügedən zonada nümayişkaranə uçuş keçirib və bunun üçün əvvəlcədən Pekinə heç bir xəbərdarlıq etməyib. Analoji addımları Yaponiya və Cənubi Koreya da atıb. Tokio, hətta Çinin iddia etdiyi hava məkanına 10 ədəd Amerika istehsalı olan F-15 qırıcısı göndərib. Pekin isə bu demarşları qəti şəkildə pisləyib, cavab olaraq Su-30 və J-10 hərbi təyyarələrini havaya qaldırıb.

Beləliklə, regiondan əməlli-başlı barıt qoxusu gəlir. Vəziyyətin daha da gərginləşməsini önləmək üçün geriyə ilk addımı Amerika atıb. Vaşinqton ölkəsinin mülki aviadaşıyıcılarını Çinin yaratdığı HHM zonasına etinasız yanaşmamağa, regionun hava məkanına daxil olacaq sərnişin təyyarələri haqda Pekini əvvəlcədən məlumatlandırmağa çağırıb. "The New York Times" qəzetinin yazdığına görə, Ağ Evin qərarı Amerika vətəndaşlarının "gözlənilməz insidentlər" üzündən təhlükə ilə üzləşmələrini önləmək məqsədi güdür. ABŞ Dövlət Departamentinin açıqlamasında isə deyilir: "Mülki aviaşirkətlərə müraciət Amerika hökumətinin Çinin HHM zonasını tanıması anlamına gəlmir".

ABŞ-ın qərarı Yaponiya hökuməti üçün tam gözlənilməz olub. Tokio bu qərarı faktiki olaraq Birləşmiş Ştatların Çinin HHM zonasını tanıması kimi qəbul edib. Yaponiya, öz növbəsində, bu zonanı tanımaqdan qəti şəkildə imtina edib və öz aviaşirkətlərini Çin tərəfinin tələblərinə məhəl qoymamağa çağırıb.

Çinlə ABŞ, Yaponiya və Cənubi Koreyadan ibarət "üçbucaq" arasında gərginliyin artması həm də sonuncunun özünün HHM tanınma zonasını genişləndirmək istəyilə bağlıdır. Sualtı İodo qayası da daxil olmaqla, böyük bir məkanın bu zonaya əlavə edilməsi nəzərdə tutulur. Bu qaya Koreyanın ən cənub adası olan Maradonun 150 kilometr cənub-qərbində yerləşir. İodo həm Yaponiyanın, həm də Çinin yeni elan etdiyi HHM zonasına daxil olduğu üçün bütünlükdə regionun ciddi başağrısına  çevrilə  bilər.

Öz növbəsində rəsmi Seul da qonşu ölkələrin Koreya Respublikasının "ərazisinə" əl uzatmasına imkan verməyəcəyini  bəyan edib.

Bütün bu çətinliklərə rəğmən, regionda münaqişənin nə qədər dərinləşə biləcəyi sualına daha çox nikbin cavab vermək mümkündür. Asiya-Sakit okeanı regionunun aparıcı oyunçuları arasında geniş hərbi qarşıdurmanın yaşanması ehtimalı yoxdur. Bunun bir neçə səbəbi var.

Əvvəla, nəzərə almaq lazımdır ki, bu regiondakı münaqişələrin kökü heç də tərəflərin bu və ya digər ərazi iddialarında deyil. Üstəlik, ziddiyyətlərin əsasını sadəcə Çinin mübahisəli ərazidə yeni HHM zonası yaratmaq istəyi təşkil etmir. Pekinin yeni HHM zonasını elan etməsi sadəcə ada uğrunda mübarizə deyil. Bu, strateji miqyaslı iddianın ortaya qoyulmasıdır. Məqsəd isə Çinin regionun bir nömrəli fövqəldövləti statusuna daha bir addım yaxınlaşmasıdır. Odur ki, Pekinin yeni zonadan imtina edəcəyini gözləmək olmaz.

Digər tərəfdən Amerika-Yaponiya müttəfiqliyi münaqişənin səbəbləri sırasındadır. Qeyd edək ki, bu əməkdaşlıq nəticəsində təhlükəsizlik də daxil olmaqla, bütün məsələlərdə, o cümlədən Yaponiyanın bütünlükdə xarici siyasətində Vaşinqtonun maraqları üstünlük təşkil edir (Cənubi Koreyada olduğu kimi). Məhz bu amil Çinin regiondakı hegemonluğunun qarşısını kəsir. ABŞ-la Çinin nüvə silahına malik olmaları da Sakit okean regionunda tərəflərin ciddi silahlı qarşıdurmaya getməyəcəyini göstərən daha bir amildir. Odur ki, tərəflər, güman ki, danışıqlar masasına əyləşəcəklər. Bu danışıqların kompleks problemləri çözüb-çözməyəcəyisə başqa məsələdir.

Sırf iqtisadi məqamlar da nəzərə alınmalıdır. Çünki bütün bu yaşananlarda, məhz, iqtisadi məqamlar ilk baxışda göründüyündən daha vacib rola malikdir. Çin-Yaponiya qarşıdurmasında bu iki ölkə arasında sıx iqtisadi əlaqələrin olduğunu da nəzərə almaq vacibdir. Yaponiya Çinin ticarət tərəfdaşları arasında Aİ, ABŞ və CŞADA-dan sonra dördüncü yerdədir. Çin isə Yaponiyanın ən nəhəng ticarət tərəfdaşıdır. Odur ki, Pekinlə Tokio arasında münasibətlərin  gərginləşməsi onların hər ikisi üçün iqtisadi itkilərə səbəb ola bilər. Yaponiyanın gəlirli Çin bazarını itirmək riski varsa, Çin də Yaponiya investisiyaları və texnologiyalarından məhrum ola bilər.

ABŞ-la Çin arasında dünyanın biznes məkanındakı münasibətləri nəzərə aldıqda ortaya daha maraqlı iqtisadi konfiqurasiya çıxır. Amerikanın “İnformation Clearing House” nəşri bu haqda yazır: "Vaşinqtonla Pekin arasında Şərqi Çin dənizində hərbi gərginliyin artması ilk baxışdan Çinin təkbaşına hava hücumundan müdafiə zonası yaratması ilə bağlıdır. Amma Vaşinqtonu qıcıqlandıran Çinin bu yaxınlarda Amerika dolları ilə olan ehtiyatının həcmini azaldacağına dair bəyanatıdır".

Söhbət Pekinin, təxminən, 3,5 trilyon dollarlıq ehtiyatdan imtinaya hazırlaşmasından gedir. Bu, Çinin artan qlobal neft ticarətini milli valyuta ilə həyata keçirməsilə birlikdə Amerika dollarına və bütünlükdə iqtisadiyyatına məhvedici təhlükə yaradır. "Vaşinqtonun Çinin öz sahilindən Şərqi-Çin dənizinə qədər 400 mil ərazini əhatə edən yeni fərqləndirici HHM-ə bu qədər sərt reaksiya verməsi, rekord həddə borcu yığılmış, sosial pozğunluğun hökm sürdüyü, müflisliyin astanasında olan ABŞ-ın iqtisadi rəqabət  qabiliyyətinə yaranan təhlükədən xəbər verir", - deyə yazıda bildirilir.

Amma iqtisadi səbəblər də Uzaq Şərqdə HHM zonası və zəngin təbii resurslara malik adalar ətrafındakı hazırkı qarşıdurmanın hərbi yolla həll olunacağını göstərmir. ABŞ-la Çin yalnız rəqib deyillər. Onlar iqtisadi sahədə yaxın tərəfdaşdırlar. 

Demək, tərəflər razılığa gəlməli olacaqlar.



MƏSLƏHƏT GÖR:

682