
SAKİTLİK BİLMƏYƏN MAYDAN
Ukraynada vəziyyətin sabitləşəcəyini göstərən əlamətlər yoxdur
Müəllif: İrina XALTURİNA Bakı
Düz 10 il əvvəl bütün dünyanın diqqəti siyasi ehtirasların coşduğu, "narıncı inqilab"ın yaşandığı Ukraynaya dikilmişdi. O zaman Viktor Yanukoviç ilə Viktor Yuşşenko arasında gedən hakimiyyət savaşı ikincinin qələbəsilə bitmişdi.
Və son həftədə Ukraynada yenidən inqilab haqqında danışmağa başlayıblar. İndi insanlar ölkənin gələcəyindən yenidən narahatlıq keçirməkdədirlər. Ukrayna yenidən, sanki, elə həmin seçim qarşısında qalıb. Yenə də həmin sakitlik bilməyən Müstəqillik maydanı, nümayişçilərin çadır şəhərciyi, qızınmaq üçün yanacaqla dolu çəlləklər, gitarada mahnı ifası, bayraqlar, tələblər, "Berkut" döyüşçüləri, milis, müxalifət mövqeli estrada ulduzları və ictimai xadimlərin çıxışları, Ukraynanın seçimindən narahatlıq keçirən avropalı məmurlar və bu dəfə Polşanın artıq sabiq prezidenti Aleksandr Kvasnevski. Bütün bunlara qarşı isə yenə də həmin Viktor Yanukoviç dayanır.
Fərq yalnız narıncı Maydanın bu dəfə avromaydana çevrilməsindədir. Keçmiş qəhrəmanlar da nadir halda yada düşür - Yuşşenkonu, ümumiyyətlə, xatırlayan yoxdur. Onun silahdaş-rəqibi Yuliya Timoşenkonun xəbərlərdə gündəmə gəlməsinin səbəbi isə yalnız onun hazırda həbsdə olmasıdır. İndi "sadə kənd qadını" Paraska nənə də görünmür. Yeganə ümid, qəfildən meydana "sadə avropalı qadın"ın çıxacağınadır... Ciddi danışsaq, indiki maydanın və etirazın 10 il əvvəlkindən fərqli cəhəti həm də ölkədəki iqtisadi vəziyyətdir. O, 10 il əvvəl olduğundan dəfələrlə ağırdır. Bu dövrdə cəmiyyətdə ciddi məyusluq və etinasızlıq meydana gəlib. Vaxtilə "narıncı" hadisələrin fəal iştirakçısı olmuş çox sayda kiyevli bu gün meydana çıxmaq niyyətində olmadıqlarını, başlarını aşağı salaraq gündəlik işlərilə məşğul olduqlarını bildirirlər.
Əslində, bu sakitlik, bir növ, məcburidir, bəlkə də, çarəsizlikdən doğur. "R+" jurnalının rəyini soruşduğu ukraynalılar içlərini çəkərək bildirirlər ki, onları tamamilə gözlənilən seçim qarşısında qoyublar - ya Avropa, ya da Rusiya. Halbuki bir çox hallarda bu seçimi eləmək, demək olar ki, mümkünsüzdür. Məhz, bu səbəbdən, rəsmi Kiyev nəhəng rus ayısı ilə kənardan hər zaman mehriban görünən Avropa quzusu arasında var-gəl edir. Zaman göstərir ki, daim böyük ərazilərə nəzarət etmiş və sərt iqlimə öyrəncəli olan rus ayısı, çox vaxt, geosiyasi mənada dostla düşmən arasında heç bir fərq görmür. Avropa quzusu isə əsl mahiyyəti başqasının arxasında gizlətməkdə pərgardır. Əslində, onda quzudan olan yeganə cəhət, elə quzu dərisi geyməsidir...
Ukraynanın baş naziri Azarov 2009-cu ildə Rusiyanın Yuliya Timoşenko hökumətilə imzaladığı qaz müqaviləsini "məşəqqətli" adlandırıb və müqavilənin şərtlərinə əməl edilməsində ölkəsinin "gücünün tükəndiyini" bildirib. İndi baş verənlərin günahkarı - Aİ ilə Assosiativ Sazişə gəlincə, o, əlbəttə ki, "ikinci planda" olan personajdır. Lakin o, bu rolun öhdəsindən "əla" gəlib. Razılaşma yüzlərlə səhifədən ibarətdir və avromaydana toplaşmış insanların hər biri sənədin bütün səhifələrini diqqətlə oxuduğunu düşünmək də mümkün deyil. Bəzi ekspertlər isə Assosiativ Sazişin iqtisadi baxımdan Kiyevdən çox Brüsselə sərf etdiyini düşünürlər. "Biz Ukraynaya sərf edən şərtlərlə Avropaya inteqrasiya razılaşmasının imzalanması istiqamətində danışıqları davam etdirəcəyik", - deyə baş nazir Nikolay Azarov bildirib. Bəs, Avropa bu şərtlərə hazırdırmı?
Nəhayət, ən vacibi - Aİ ilə Assosiativ Sazişin imzalanması heç də Ukraynanın Aİ-yə üzvlüyü anlamına gəlmir, heç onu üzvlüyə yaxınlaşdırmır da (hətta orada viza rejiminin ləğvi belə, nəzərdə tutulmur). Buna, ilk növbədə, Avropanın özü hazır deyil. Onun liderləri artıq aylardır ki, Yunanıstanda, Kiprdə, İspaniyada və digər ölkələrdə batmaqda olan iqtisadiyyatın xilası yollarını arayır, "birləşmiş Avropa ailəsinin" zəngin üzvlərinə əmək miqrantları axınının qarşısını almaq üçün "baş sındırır". Hazırkı şəraitdə ağır durumda olan Ukrayna iqtisadiyyatı və təxminən, 45 milyonluq potensial əmək miqrantı kimi bir yük, çətin ki, Brüsselə lazım olsun. İnvestorlar Ukraynada defolt riskinin 53,3% təşkil etdiyini düşünür. Defoltdan sığortalanma məsələsində isə ölkə Kipri geridə qo- yub. "Fitch Ratings" agentliyinin məlumatına görə, gələn il Ukrayna xarici borclara 8,2 milyard dollar ödəməli olacaq. Ölkənin valyuta ehtiyatı isə, təxminən, 20 milyard dollardır.
ATƏT XİN başçılarının Ukraynada keçirilən sammitində çıxış edən baş nazir Azarov Kiyevin Aİ ilə Assosiativ Sazişi imzalamaqdan nə üçün imtina etdiyini açıq şəkildə dilə gətirib: "Biz müəyyən pauza götürmüşük və bu, yalnız iqtisadi çətinliklərlə bağlıdır". Azarov xarici tərəfdaşlar və həmkarları "Ukraynaya dostcasına yardım etməyə" də çağırıb.
Bəs, Ukraynaya kim kömək edəcək? Kiyevin dərhal həm Aİ-yə, həm də Rusiyaya nümayəndə heyəti göndərmək qərarı Ukrayna rəhbərli-yinin nə dərəcədə narahat olduğunu göstərir. Bununla yanaşı, prezident Yanukoviç ölkədə baş verənlərə baxmayaraq, soyuqqanlılıqla əvvəlcədən planlaşdırılmış Çin səfərinə yollanıb. Avropa İttifaqının mövqeyi kifayət qədər qarışıqdır. Əvvəlcə o, Assosiativ Sazişlə bağlı yeni danışıqlara başlamaqdan imtina edib. Daha doğrusu, Brüssel müqavilənin Ukraynaya xeyri haqda danışmağa, onun icrası ilə bağlı detalları müzakirə etməyə hazır olsa da, sənədə yenidən baxmağı arzulamır. Bir müddət sonra isə ortaya assosiasiya haqqında hansısa "yol xəritəsi" haqda fikir atılıb. Daha sonra Avropa Şurasının baş katibi Torbon Yaqland Ukrayna hökumətilə müxalifəti dialoqa çağırıb. Aİ diplomatiyasının rəhbəri Ketrin Eştonun nümayəndəsi Mayya Kosyançiç isə tərəflər arasında görüş olacaqsa, onun "nümayəndələr səviyyəsində deyil, avrokomissarlar səviyyəsində olacağını" bildirib. "Strateji tərəfdaşlığın möhkəmləndirilməsi və iqtisadi-ticari əlaqələrin bərpası üçün" Kiyevdən Moskvaya yollanmış nümayəndə heyətinin hansı uğurlar əldə etdiyi jurnalımızın çapa hazırlandığı anadək bəlli deyildi. Bəzi Ukrayna KİV-də Yanukoviçin Vladimir Putinlə böyük həcmli kreditlər və qazın qiymətində endirimlə bağlı razılığa gəlməyin bir addımlığında olduğunu yazırdı. Yanukoviç isə dekabrın 2-də TV-yə müsahibəsində Ukraynanın Rusiyadan əvvəlki həcmdə qaz alışını bərpa etməyə hazır olduğunu, amma bunun üçün Rusiyanın qiymətdə endirim etməsinin vacibliyini bildirib. Dövlət başçısı hesab edir ki, hazırkı mərhələdə Ukrayna üçün qazın maksimal qiyməti hər min kubmetrə görə 300 dolları keçməməlidir (hazırda qiymət 510 dollardır). Yanukoviç komandasının qarşısında qəti tələb də qoyub - 2014-cü ilin dövlət büdcəsi dekabrın 17-dək hazır olmalıdır.
Ukrayna müxalifətisə təslim olmaq, güzəştə getmək niyyətində de-yil. Avropaya inteqrasiya tərəfdarlarının Kiyevdə və ölkənin digər regionlarında keçirdikləri kütləvi etiraz aksiyaları noyabrın 21-də hökumətin Aİ ilə Assosiativ Sazişin imzalanmasına hazırlığın dayandırıldığını elan etməsindən dərhal sonra başlayıb. 9 gün davam edən aksiyalardan sonra tərəflər arasında toqquşma baş verib - DİN-in "Berkut" xüsusi təyinatlıları avromaydana toplaşmış kütləni dağıdıb. Amma bir gün sonra Kiyevdə növbəti mitinq keçirilib və aksiya Kiyev meriyasının binasının ələ keçirilməsi, nümayişçilərlə polis arasında kütləvi toqquşma ilə nəticələnib. Buldozerlə bağlı məşhur insident də həmin gün baş verib: kimsə buldozeri Prezident Administrasiyasının yerləşdiyi Bankovo küçəsindəki milis kordonunun üzərinə sürüb. Toqquşmalar zamanı Kiyevin tibb ocaqlarına, ümumilikdə, 412 nəfər müraciət edib. Onlardan 220-si hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.
Bundan cəmi bir gün sonra - dekabrın 3-də Ali Radada Ukrayna hökumətinə etimad məsələsinin gündəmə gətirilməsi heç də təəccüblü de-yil. Bu təşəbbüslə çıxış edənlər hesab edir ki, hökumət "Ukrayna xalqının milli maraqlarını satıb" və "dinc etirazçılara qeyri-adekvat güc tətbiq olunub". Lakin etimadsızlıq qətnaməsini parlamentdən keçirmək mümkün olmayıb. Ona cəmi 186 deputat səs verib (minimum 226 səs tələb olunur). Demək, Azarov və Yanukoviçə qarşı kommunistlər və müstəqil deputatlar səs verməyiblər. "Regionçular" arasında da satqın çıxmayıb. İndi ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabinetinə yeni etimadsızlıq qərarı müzakirəyə yalnız bir ildən sonra çıxarıla bilər.
Beləliklə, Ukraynada hökumətin qanuni demokratik yolla istefaya göndərilməsi cəhdi baş tutmayıb. İndi etiraz aksiyalarının iştirakçıları Yanukoviçdən hökumətin istefaya göndərilməsini tələb edir. "Azadlıq" Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok müxalifətin Kiyevdə yerli özünüidarəetmə qurumu formalaşdırmaq niyyətində olduğunu bildirib. Digər müxalifət lideri - "Batkivşşina" fraksiyasının rəhbəri Arseni Yasenyuk isə Yanukoviç əleyhdarlarının 5 əsas tələbinin olduğunu açıqlayıb: siyasi məhbusların azad edilməsi, dinc mitinqin güc yolu ilə dağıdılmasına görə məsuliyyət daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları, hökumətin istefaya göndərilməsi, növbədənkənar parlament və prezident seçkisi, Aİ ilə Assosiativ Sazişin imzalanması. "Azadlıq" ÜB-nin lideri Ukrayna müxalifətinin "beynəlxalq tərəfdaşları ilə" fəal məsləhətləşmələr apardığını, beynəlxalq birlikdən dəstək gözlədiyini, qan tökülməsinin pislənilməsini, Ukrayna xalqının hüquqlarını, o cümlədən insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyaların tətbiqini tələb etdiyini bildirib. Daha radikal çağırışlara da rast gəlinir. Məsələn, avromaydanda iştirak etmiş müğənni Ruslana dəyişikliklərin baş verməyəcəyi təqdirdə, özünü yandıracağını bəyan edib. Bundan əvvəl isə siyasətçi müğənni səhnəyə çimərlik paltarında çıxacağını, "nüma-yişçiləri qızışdırmaq üçün" bədəninə buz sürtəcəyini də bəyan etmişdi. Bu bəyanat da kifayət qədər radikal səslənsə də, hər halda "Eurovision" iştirakçısının sağlamlığı üçün daha zərərsiz olardı.
Bu arada vesti.ua saytı Avropaya inteqrasiya tərəfdarlarının peşəkarlardan ibarət özünümüdafiə dəstələri yaratdığını, artıq 600-dək keçmiş hərbçinin onlara qoşulduğunu, bu işlərə keçmiş milis generallarının rəhbərlik etdiyini xəbər verir. Söhbət müxalifətin tərəfinə keçmiş generallar Gennadi Moskval və Vitali Yaremadan gedir.
Azarov isə öz növbəsində, Kiyevdə inzibati binaların ekstremist qüvvələr tərəfindən ələ keçirildiyini bəyan edib. "Ukrayna milisi noyabrın 30-da Kiyevin Müstəqillik maydanından tələbələri deyil, yaxşı hazırlaşmış təxribatçıları qovub", - deyə baş nazir Avropa Şurasının baş katibi Turbern Yaqland ilə görüşündə bildirib. İğtişaşların təşkilatçısı kimi Ali Radanın "Azadlıq" partiyasından olan deputatı İqor Miroşniçenko və "Qardaşlıq" radikal təşkilatının nümayəndəsi Andrey Feşşukun adları çəkilir. Təşkilatın lideri Dmitri Korçinski haqqında isə axtarış elan olunub.
Beləliklə, Müstəqillik maydanında mitinqlər artıq, sanki, Kiyevin görməli yerinə çevrilib. Turistlər və jurnalistlər nümayişçilərin fonunda həvəslə şəkil çəkdirir, əllərində Ukrayna bayraqları tutaraq, gülümsəyərək poz verirlər. Əslində isə vəziyyət heç də gülümsəyəcək halda deyil. "Ukrayna məsuliyyətli dönəmdən keçir. Bu, ölkənin gələcək taleyinə ciddi təsir göstərəcək", - deyə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ATƏT-in Kiyevdə keçirilən toplantısındakı çıxışında bildirib. Onunla razılaşmamaq çətindir. Nuland "indi ortaya ATƏT-in əsaslandığı prinsiplər və dəyərlərin qoyulduğunu" da bildirib. Ukrayna hökuməti qarşısında isə seçim var: ya "xalqın gözləntisini doğrultmaq", ya da "onları məyus etmək, xaos və zorakılıq riskinə atmaq".
Bəs, Ukrayna xalqının gözləntisi nədən ibarətdir? Ukraynanın əsl demokratik dövlətə çevrilməsinə nə mane olur və bu, nəyə görə mütləq ya Brüsselin, ya da Moskvanın dəstəyilə edilməlidir? Məgər, Ukraynada dövlətçilik Avropada olduğundan az tarixə malikdir? Məgər, Ukraynanın özünün müstəqillik uğrunda çoxəsrlik mübarizə təcrübəsi yoxdur? Necə oldu ki, ölkənin demokratiya və bəşəri dəyərlər çərçivəsində inkişafı Avropadan, iqtisadi sabitlik və siyasi tarazlıq isə Rusiya-Ukrayna münasibətlərindən və qazın qiymətindən asılı vəziyyətə salınıb?
Hazırkı şəraitdə hansısa proqnozlar vermək son dərəcə çətindir. Ən təhlükəli ehtimal ölkənin iki hissəyə - Avropapərəst Ukraynaya və Rusiyapərəst Şərqi Ukraynaya bölünməsidir. Digər və daha çox ehtimal olunan versiyalardan biri də Avromaydanla Yanukoviç-Azarov komandası arasındakı müharibənin mövqe toqquşmalarına keçəcəyidir. Bunun üçün tam şərait yaranıb - alternativ hakimiyyət orqanlarının yaradılması, "özünümüdafiə dəstələri"nin formalaşdırılması, bəzi Qərb dövlətləri tərəfindən Ukrayna hökumətinə sanksiyaların tətbiqi və s. Bu halda ən vacibi Kiyevin məşhur, hələ ki, nisbətən sakit Maydanının daha məşhur, lakin Misirin Təhrir meydanı kimi qeyri-sabit məkana çevrilməməsidir...
Başqa bir proqnoz da var - avromaydan əsl qışın gəlişilə, yəni, güman ki, Yeni ilədək fəaliyyətini "donduracaq". Amma bu, problemi həll etməyəcək. Nə qədər ki, Ukrayna geosiyasi savaşın iki qütbü arasında əziləcək, maydanda sakitlik olmayacaq.
MƏSLƏHƏT GÖR: