
"BU, ASAN DEYİL"
Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanın "R+"a müsahibəsi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Beynəlxalq Ağır Atletika Federasiyası bu idman növünün ilk Avropa Oyunlarının proqramına daxil edilməsi ücün çalışır. Federasiyanın prezidenti Tomaş Ayanın Bakıya səfəri bununla bağlı idi. Gənclər və idman naziri Azad Rəhimov, eləcə də yerli federasiyanın rəhbər şəxsləri ilə görüşən qonaq bir sıra maraqlı açıqlama verdi. Tomaş Ayanın sözlərinə görə, hazırda Azərbaycanda ağır atletika inkişaf dövrünü yaşayır. Məhz buna görə də beynəlxalq federasiya ölkəmizdə görülən işləri yüksək qiymətləndirir.
Bakını tərk etməzdən əvvəl Tomaş AYAN "R+"un suallarına cavab verib.
- Üçgünlüksəfərinizbaşa çatdı. Bakıdakeçiriləngörüşlərdənrazı qaldınızmı?
- Mənimlə birlikdə Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Urso da Bakıda oldu. Səfər zamanı ənənəvi Qran-pri turnirində iştirak etdik. Bakıda IWF Qran-prisini təşkil etdiyi üçün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərova, gənclər və idman naziri Azad Rəhimova, Milli Olimpiya Komitəsinə minnətdarlıq edirəm. Bu, son 10 il ərzində ən yaxşı təşkil olunmuş ağırlıqqaldırma yarışıdır. Turnirin keçirildiyi gözəl kompleks sırf ağır atletika qurğusudur. Mən bir müddət öncə AAAF-la anlaşma memorandumu imzalamışam ki, burada ağır atletika kompleksi tikilsin. Bu, təkcə yunan amfiteatrına bənzəyən yer yox, yarışlar üçün də əlverişlidir. Burada idmançılar üçün hər cür şərait olacaq.
- Gələcəkdə ağır atletika üzrə hər hansı yarışı Bakıya həvalə etmək fikriniz varmı?
- Azərbaycan idman yarışları mərkəzini xatırladır. Böyük yarışları keçirmək üzrə zəngin təcrübəniz var. Ağır atletika üzrə istənilən yarışı yüksək səviyyədə təşkil edə bilərsiniz. 2017-ci ildə Avropa Çempionatının Bakıda keçiriləcəyi gözlənilir. Hazırda müzakirələr aparılır. Son qərar gələn il veriləcək.
- Ağır atletika Avropa Oyunlarının proqramına daxil ediləcək, yoxsa yox?
- Hazırda bu məsələ ilə bağlı Avropa Olimpiya Komitəsi (AOK) ilə danışıqlar gedir. Səfərimdə əsas məqsəd bu məsələni Azərbaycan tərəfi ilə müzakirə etmək idi. Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmək imkanına malikdir. AOK-un prezidenti Patrik Hikki ilə, o cümlədən təşkilatın di-gər rəsmiləri ilə olduqca ciddi danışıqlar aparmışam. Yarışların proqramına 16 olimpiya, 3 qeyri-olimpiya növü salınıb. Bu, AOK-la Təşkilat Komitəsi arasında əldə olunmuş razılıqdır və maksimum proqramdır. Lakin sirr deyil ki, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi ilə danışıqlar aparırıq. Şanslar az deyil. Düşünürəm ki, dekabrın sonlarınadək yekun qərar veriləcək.
- Sizcə, ağır atletika Avropa Oyunlarına nə verəcək?
- Ağır atletika həm maraqlı, həm də cəlbedici idman növüdür. Bu idman növü dünyada böyük auditori- yaya malikdir. Üstəlik, Azərbaycan atletlərinin güclü olduğunu unutmamalıyıq. Bakıda Avropa Oyunlarında ağır atletikanın olması turnirə marağı artıracaq.
- Bildiyiniz kimi, ölkəmiz nə vaxtsa Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. Sizcə, bu realdır?
- İndiki halda Azərbaycan güclü idman ölkəsinə çevrilib. Müəyyən zamandan sonra hər şey mümkün olacaq. Səbir etmək lazımdır. Axı, siz birdən-birə bu yarışların təşkilatçılığını qazanmadınız. Səfərim zamanı beynəlxalq Qran-pri turnirini izlədim və çox razı qaldım. Ölkədə zal və komplekslərlə bağlı demək olar ki, problem yoxdur. Bizim federasiya gələcəkdə sizə Dünya Kuboku və ya digər yarışı həvalə etmək barədə düşünür. Bir müddət sonra Dünya Çempionatı barədə də danışmaq olar. Fikrimcə, Azərbaycan Dünya Çempionatını problemsiz təşkil edə bilər. Avropa Oyunlarına gəlincə, bu yarış sizə böyük nüfuz, təcrübə qazandıracaq. Demək istəyirəm ki, istəyiniz uğrunda mübarizəni davam etdirmək lazımdır. Elə ölkə var ki, 20-30 il Olimpiada uğrunda yarışır və hələ istəyinə çatmayıb. İdmanda həvəsdən düşmək olmaz.
- Yarışın başlanmasına çox az vaxt qalır. Ağır atletikanın proqrama daxil olunması rəsmiləşsə, turnir harda olacaq?
- Avropa Oyunları ilə bağlı təşkilati işlərlə qismən tanışam. Ağır atletika üzrə gözəl kompleks var. Daha bir mərkəzin inşası gözlənilir. Bakıda zal və kompleks tapmaq çətin deyil. Bu mənada, Avropa Oyunlarını sizdən sonra keçirəcək ölkə üçün çətin olacaq. Azərbaycanın təşkilatçılığından sonra növbəti ölkə, ən azı, işləri bu səviyyədə təkrarlamalı olacaq. Bu isə asan deyil.
- Ağır atletikada olan idmançılar tez-tez dopinq qalmaqalına düşür. Bunu nə ilə izah edərdiniz?..
- Dopinq testlərin sayını artırmışıq. İdmançıları diqqətli olmağa çağırırıq. Testlərin sayını çoxaltmaqla nəzarət güclənib. Biz tərəfdən idmançıları qadağan olunan preparatdan uzaq tutmağa çalışırıq. Lakin istəyimizlə heç nə həll olunmur. Bəzən idmançı və ya məşqçisi səhlənkarlığa yol verir. İstənilən halda bu məsələ bizi də narahat edir.
- Müsahibəyə görə təşəkkür. Ümid edirik ki, ağır atletika Avropa Oyunlarının proqramına daxil ediləcək.
- Siz də çox sağ olun. Bu işdə mətbuat böyük gücə malikdir. Sizin dəstəyinizə hər zaman ehtiyacımız var.
MƏSLƏHƏT GÖR: