24 Noyabr 2024

Bazar, 09:26

SAĞLAMLIQ PASPORTU

Azərbaycan uşaqları dövlət hesabına məcburi chesk-up olunacaqlar

Müəllif:

17.12.2013

Artıq Azərbaycanda hər uşaq doğulandan 18 yaşına qədər ildə bir dəfə icbari pulsuz dispanserləşdirilmədən, başqa sözlə desək, tibbi müayinədən keçməlidir. Müvafiq proqram ötən həftə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Proqram uşaqlarda xəstəliklərin və onların təhlükə faktorunun müəyyən edilməsi, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, profilaktik tədbirlərin təkmilləşdirilməsi, diaqnostika və müalicə, uşaq və valideynlərin xəstəliklər barədə məlumatlarının artırılması kimi məqsədlər üçün həyata keçiriləcək. Bu vacib və gərəkli proqram, BMT-nin Uşaq haqları barədə Konvensiyasının müddəalarının həyata keçirilməsi, "Minilliyin inkişaf məqsədləri" proqramı və "Azərbaycan 2020: gələcəyə baxış" milli konsepsiyası çərçivəsində qəbul olunub. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində ölkə parlamenti "İcbari dispanserləşdirilmə haqqında" qanun qəbul edib. Bu o deməkdir ki, uşaqların dispanserləşdirilməsi üzrə dövlət proqramının reallaşdırılması üçün qanuni baza artıq mövcuddur. 

Lakin indi icra strukturları ən mühüm məqamı etməlidirlər: bu proqramın həyata keçirilməsinin prinsip və mexanizmlərini hazırlamalıdırlar. Başqa sözlə, indi biz real addımların atılmasının gözləmə mövqeyindəyik və bu, Səhiyyə Nazirliyinin neçə uşağın bu prosedurdan keçdiyi və onun nəticələri haqda ictimaiyyətə məlumatların verilməsindən sonra  olacaq. 

 

Riskləri minimuma endirmək 

Dispanserləşdirilmə nədir və uşaqlar doğulandan sonra poliklinikada sahə pediatrından keçdikləri planlı tibbi müayinədən nə ilə fərqlənir? Məsələ ondadır ki, planlı müayinə özündə profilaktik məsləhətləşmə, risk ölçülməsi və anketləşməni birləşdirmir. Yəni tibbi müayinə zamanı uşağın artıq daşıdığı xəstəlik müəyyən edilir. Dispanserləşdirilmə zamanı isə həkimlər bu və ya digər xəstəliyin qarşısını almaq üçün onun səbəblərini müəyyən etməli və qiymətləndirməlidirlər. 

Dispanserləşdirilmə proseduruna yalnız tələb olunan üsullardan istifadə deyil, eyni zamanda müayinədən sonrakı yoxlanış, sağlamlıq vəziyyətinin qruplarının müəyyən edilməsi, profilaktik məsləhətləşmənin aparılması və lazım gələrsə, müalicə-sağlamlıq tədbirlərinin və müəyyən edilmiş xəstələrin sağlamlıq durumunun nəzarətdə saxlanılması da daxildir. 

Yeri gəlmişkən, "İcbari dispanserləşdirilmə haqqında" qanunun qəbul edilməsindən sonra ölkənin Səhiyyə Nazirliyi uşaqların, ilk növbədə, keçməli olduğu müayinə növlərini müəyyən etdi. Uşaqların çəkisi, arterial təzyiqi, görmə qabiliyyəti, qanın ümumi analizi, bağırsaqların qeyri-münasib faktorlarının mövcud olması ilə bağlı vəziyyəti yoxlanılacaq. Ehtiyac yaranarsa, uşağın flüoroqrafik müayinəsi də ediləcək. Bundan əlavə, uşaqların dayaq - hərəkət sistemindəki patologiyalar da müəyyən edilməlidir. Məsələn, pəncənin düzgün inkişafı dayaq - hərəkət sisteminin inkişaf etməsi üçün çox vacibdir. İlkin mərhələdə yastıayaqlılıq müəyyən edilərsə, onu düzəltmək və gələcək inkişafının qarşısını almaq mümkün olacaq. Böyüdükcə və sümüklərin formallaşması zamanı nəyisə düzəltmək artıq çox çətin olacaq. 

Dispanserləşdirilmədə hansı həkimlər iştirak edəcək? İlk növbədə, həkim-pediatr və ailə həkimləri. Prosesdə, həmçinin  nevropatoloq, oftalmoloq, cərrah və otolarinqoloqun iştirakı da vacibdir. Əgər profilaktik müayinələr zamanı hər hansı bir patologiyalar müəyyən edilərsə, tibbi arayışa əsasən, əlavə müayinələr və mütəxəssis həkimlər tərəfindən baxış keçirilir. Üstəlik, bu, uşağın icbari dispanserləşdirilmə zamanı sağlam, ya xəstə olub-olmadığından asılı olmayaraq, keçiriləcək - bütün uşaqlar ildə bir dəfə profilaktik müayinə keçməlidirlər. Kəskin xəstəliyin müəyyən edilməsi halında dispanseriya müddəti xəstə uşağın tam sağalmasına qədər müalicə edilməsini nəzərdə tutur. Patologiyaların xroniki formaları zamanı kəskinləşmələrin və balaca xəstənin sağalması üçün aktiv dinamik nəzarət həyata keçirilir.

 

Qanuna əsasən

"Uşaqların icbari dispanserləşdirilməsi haqqında"  Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanın üç milyona yaxın uşağını əhatə etməlidir. Təsdiq edilmiş proqram tibbi müəssisələrin texniki təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini, sağlamlığın profilaktikası üçün avtomatlaşdırılmış sistemlərin istifadəsi, ilkin mərhələlərdə xəstəliklərin müəyyən edilməsi, əhalinin dispanserləşdirilməsi barədə maarifləndirmə işlərinin təmin edilməsi kimi dövlətin icbari dispanserləşdirilmədə öhdəliklərini də müəyyən edir.

Dövlət uşaqların hər il tibbi müayinə keçməsini öz üzərinə götürür; müayinə keçməli olan uşaqların qeydlərinin aparılması və nəzarət edilməsi; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi; uşaqlar arasında xəstəliklərin yaranma səbəblərinin müəyyən olunması; xəstəliklərin müalicə edilməsi ilə bağlı sosial, sanitar-gigiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərinin görülməsi; müxtəlif xəstəliklərə yoluxması riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinədən keçməsi ilə bağlı öhdəliklərini götürür.

Valideyn himayəsindən məhrum olmuş, məhdud fiziki imkanları olan, islah-əmək müəssisələrindəki uşaqların dispanserləşdirilməsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş xüsusi qaydalarla həyata keçiriləcək. Müvafiq icra hakimiyyətləri individual olaraq hər uşağın dispanserləşdirilməsi üçün xərclərin normalarını müəyyən etməlidirlər. Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə olmalıdır. Məhdud fiziki imkanlara malik, valideynlərini itirmiş, ağır sosial vəziyyətdə olan və ya islah müəssisələrdəki uşaqların dispanserləşdirilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyətləri tərəfindən müəyyən olunacaq. 

İcbari dispanserləşdirilmə dövlət büdcəsi, eyni zamanda bələdiyyə və icbari tibbi sığorta, hüquqi və fiziki şəxslərin ianə verməsi, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər vasitələrlə maliyyələşdiriləcək. Gələcəkdə bu cür proqram ölkənin yaşlı sakinlərinə də tətbiq olunacaq. 

Qonşu Rusiyada ümumi icbari dispanserləşdirilmə 2013-cü ildən tətbiq olunub. Artıq bu ölkədə 21 yaşdan yuxarı olan şəxslər həkimə üç ildə bir dəfə gedəcəklər. Uşaqlar, tələbələr və veteranlar hər il müayinədən keçəcəklər. 

 



MƏSLƏHƏT GÖR:

672