15 Mart 2025

Şənbə, 04:13

ƏYİLMƏZ

Dünya XX əsrin əsas fiqurlarından olan Nelson Mandela ilə vidalaşdı

Müəllif:

17.12.2013

Sizə desələr ki, 95 il yaşa-yacaqsınız (zəngin ömür sürəcək, yaxın insanların əhatəsində sakit şəkildə dünyanızı dəyişəcəksiniz), prezident və dünyada tanınmış şəxs olacaqsınız, amma 27 il həbsdə yatacaq və dəfələrlə çətin, həyati əhəmiyyətli qərarlar verməli olacaqsınız, buna necə reaksiya verərdiniz?

"Həyatda vacib olanı heç zaman yıxılmamaq yox, hər dəfə yıxılanda ayağa qalxmağı bacarmaqdır". Nelson Mandela nəinki belə düşünürdü, bunu həyatında dəfələrlə sübut da etmişdi.

O, başa çatmaqda olan (bəli, hələ də başa çatmaqda olan) XX əsrin ikinci yarısının əsas fiqurlarından biri idi. Onun adı Mahamata Qandi, Martin Lüter Kinq, Çe Gevara, Tereza ana, Andrey Saxarov və digər siyasi və ictimai xadimlərlə bir sırada çəkilir. Uzun sürən həyatı boyunca o, kim olmadı ki? Ona nə adlar verilmədi ki?... Tayfa başçısının oğlu, cənab prezident, kommunist, insan haqları uğrunda mübarizə aparan şəxs, liberal, terrorçu, azadlıq və irqçiliklə mübarizə rəmzi, təkadamlıq kameranın məhbusu, Nobel mükafatı laureatı, 50-dən artıq beynəlxalq universitetin fəxri üzvü, dünyanın bir sıra ölkələrinin dövlət mükafatları kavaleri, gözəl qadınlara qiymət verə bilən şəxs, ehtiraslı idman həvəskarı, sadiq dost, ata və ulu baba ...

Mandela sağlığında ona həsr edilmiş kitabları, bədii filmləri, abidələri  görüb, çoxsaylı araşdırmalar və tarixlərin qəhrəmanına  da  çevrilib. Bu insanın fəaliyyəti əfsanələrlə o dərəcədə doludur ki, onların real olanı ilə uydurulanını bir-birindən ayırmaq çətindir. Yəqin ki, buna ən bariz nümunə kimi sosial şəbəkə istifadəçilərindən birinin qeydini göstərmək olar: amerikalıların "Twitter" mikrobloqunda CAR-ın sabiq prezidentinin ölümü ilə bağlı çoxsaylı şərhlər  arasında... akytor Morqan Frimanın fotosuna da rast gəlinir. Friman 2009-cu ildə "Əyilməz" (Invictus) bioqrafik dramında Nelson Mandelanı canlandırıb.

Mandelanın dəfni də uzun müddət xəbər buraxılışlarının ilk səhifəsində yer alan hadisəyə çevrilib. Leysana baxmayaraq, Yohannesburqdakı stadiona minlərlə insan toplaşmışdı. Mərasim bütün dünyaya canlı yayımlanırdı. Aparteidə qalib gəlmiş insanı son mənzilə yola salmağa Amerika prezidenti Barak Obama ilə yanaşı, Birləşmiş Ştatların üç sabiq rəhbəri – Corc Buş, Bill Klinton və Cimmi Karter, Britaniyanın baş naziri Devid Kemeron və Birləşmiş Krallığın sabiq baş nazirləri Toni Bleyerlə Con Meycor, Fransanın hazırkı və sabiq prezidentləri Fransua Olland və Nikola Sarkozi, o cümlədən bir sıra digər liderlər gəlmişdilər. Rəsmi dəfn mərasimində, ümumilikdə, 91 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər.

Müəyyən mənada Mandelanın tələbəsi və davamçısı sayılan ABŞ prezidenti Barak Obama xüsusi diqqət mərkəzində idi. Onların arasında, həqiqətən də, bənzərlik var - hər ikisi ölkələrinin ilk qaradərili prezidentidir, hər ikisi Nobel sülh mükafatına layiq görülüblər. "The Washington Post" yazır ki, "Mandelanın gördüyü işlər Obamanın siyasi oyanışına kömək edib". Mandela ilə vida mərasimində Obama hər kəsi yoxsulluq və irqçiliklə mübarizəni davam etdirməyə çağırıb, cənubi afrikalılara "XX əsrin dahi xilaskarı"nın irsini bütün planetlə "bölüşdüklərinə" görə minnətdarlıq edib.

Görünür, yaşananların təsirindəndir ki, Obama tribunada fəxri qonaqlar tribunasında dünyadan olan həmkarlarını salamlayan zaman Kuba lideri Raul Kastronun da əlini sıxıb və onunla qısa da olsa, söhbətləşib. ABŞ prezidentinin bu hərəkəti vətənində birmənalı qarşılanmayıb. Xüsusilə respublikaçılar dərhal Kubada insan haqlarının pozulması ilə bağlı faktları yada salıblar. Ağ Evin nümayəndələri isə Raul Kastronun əlinin sıxılmasının əvvəlcədən planlaşdırılmadığını və heç bir xüsusi əhəmiyyət daşımadığını bildirirlər.

Obama isə bu əl sıxma ilə yanaşı, həm də selfie – sosial şəbəkələr üçün öz şəklini (qadjetin kamerasına) çəkməsilə diqqət mərkəzinə düşüb. Düzü, son vaxtlar bu əyləncə nə ulduzlardan, nə də adi insanlardan yan keçib. Siyasətçilər də kənarda qalmayıb. Bu məsələdə yeganə "əmma" Obamanın  Yohannesburq stadionundakı matəm tədbiri zamanı gülə-gülə öz şəklini çəkməsi, üstəlik, bu "fotosessiya"ya Böyük Britaniyanın və Danimarkanın baş nazirləri Devid Kemeronla Helle Torninq-Şmidti də dəvət etməsi olub. Bu kompromat fotolar bütün dünya KİV-də yayılıb. Bəzi fotolarda ABŞ liderinin xanımının həyat yoldaşına necə hirslə baxdığı hiss olunur. "The Guardian" Obama, Kemeron və Torninq-Şmidtin fotosunu "bütün dövrlərin ən epik dəfn selfiesi" adlandırıb.

Yeri gəlmişkən, Nelson Mandelanın uzun illər ABŞ-la münasibətləri yaxşı olmayıb. Onun həbsində MKİ-nin fəal iştirak etdiyi də heç kəsə sirr deyil. Bundan başqa, 2008-ci ilədək Vaşinqton Mandelanın AMK-dəki (Afrika Milli Konqresi) qruplaşmasını terrorçu qruplaşma sayıb. Mandela və AMK üzvlərinin dövlət katibinin xüsusi icazəsi olmadan ABŞ-a səfər etmələri qadağan idi (BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfərlər istisna olmaqla).

"Dünən məni terrorçu adlandırırdılar. Mən həbsxanadan çıxdıqda isə düşmənlərim də daxil olmaqla, bir çox insanlar məni qəbul etdilər. Mən, adətən, ölkələrində müstəqillik uğrunda mübarizə aparan insanları terrorçu adlandıranlara bunu deyirəm: kimin kimi terrorçuluqda ittiham etməsi tərəflərdən hansının qələbə qazanmasından asılıdır", – deyə Mandela bu haqda danışarkən bildirirdi.

Mandela üçün hər şey 1960-cı ildə Şappevildə baş vermiş məlum güllələnmədən sonra dəyişdi. AMK üzvlərinin nümunə götürdükləri  Mahmata Qandinin fəlsəfəsinə yenidən baxılmağa başladı və artıq bir il sonra Konqresin himayəsilə "Xalq nizəsi" qruplaşması yaradıldı. Qruplaşmanın üzvləri əvvəlcə hökumətə qarşı sabotaj aktına, daha sonra isə əməlli-başlı partizan müharibəsinə başladılar. Hər yerdə deyilir ki, Mandela bunun əleyhinə idi və baş verənlərdən ciddi narahatlıq keçirirdi. Amma o, məhkəmədə əməllərindən imtina etmədi. Sonradan da o, nə həbsxanada, nə də azadlığa çıx-dıqdan sonra hər hansı sövdələşməyə getdi. Hər halda, bunu təsdiq edəcək heç bir rəsmi dəlil yoxdur.

Tamamilə "azadlıq mübarizləri"nin tərəfinə keçən Mandela artıq haqqın dərgahındadır, Mhatma Qandi və onun qeyri-zorakı fəlsəfəsi də artıq çoxdan yoxdur, Nazaretdən olan İsanın  moizələrindən isə artıq 2 min il keçir. Amma insanların ürəyində və beynində hələ də bir sual var: azadlıq və ləyaqət uğrunda mübarizədə yumruqlar da işə salınmalıdırmı və belə olarsa, onda "zülmkar"la "məzlum" arasında bütün fərq aradan götürülmürmü?

Nelson Mandelanın prezidentlik dövrü ilə bağlı da fikirlər birmənalı deyil. Əksər tarixçilər onun 1994-cü il mayın 10-dan 1999-cu il iyunun 14-dək tutduğu prezidentlik postunda bir sıra vacib sosial-iqtisadi islahatlar həyata keçirdiyini bildirir. Onların fikrincə, CAR-ın ilk qaradərili prezidentinin bu qərarlarında məqsəd sosial və iqtisadi bərabərsizliyin aradan qaldırılması idi. Mandelanın prezidentliyi dövründə CAR-da pulsuz tibbi xidmətin əsası qoyuldu, uşaqlara baxılması üçün pul müavinətləri ayrıldı, işə düzəlmədə bərabərlik bərqərar olundu və bir sıra digər işlər görüldü. Amma tənqidçilər hər şeyin o qədər də yaxşı olmadığı qənaətindədirlər. Onların iddiasına görə, Mandelanın dövründə CAR-ın qaradərili sakinləri siyasəti öz əllərinə almışdılar. İqtisadiyyatda isə bu, belə deyildi – aparıcı şirkətlərin başında hələ də ağdərililərdir. CAR-da hələ də yoxsulluq hökm sürür, əhalinin təhsil səviyyəsi son dərəcə aşağıdır, üstəlik, son illərdə ölkədə cinayətkarlığın səviyyəsi durmadan artır.

Amma tarix artıq yaşanıb. Mandela məqsədinə nail olub: CAR nə qədər yüksək səviyyədə inkişaf etməsə də, aparteid məğlub edilib və artıq biabırçı seqreqasiya geri qayıda bilməz.

Məktəbdə müəllimə Mandelaya ingilis adı olan "Nelson" adını verdikdə o, bununla tarixə keçəcəyini bilməzdi. Onun adını tarixə həyatda ən başlıca hədəfə nail olan - əqidəsinə, ideyalarına sadiq qalmağa nail olacaq qaradərili gənc yazacaqdı. Onu nə uzun illər təkadamlıq kamerada sürdüyü məhbus həyatı sındırdı, nə uzun illərin xalq sevgisi və populyarlığı.

"Mən qəti şəkildə anladım ki, cəsarət qorxunun olmaması yox, qorxuya qalib gəlinməsidir. Cəsur insan qorxmayan yox, qorxu ilə mübarizə aparandır. Bir çox şeylər hə-yata keçirilənədək mümkünsüz görünür. Çətinliklər və iztirablar bəzi insanları məhv edir, amma başqalarını yaradır", – deyə Nelson Mandela bildirirdi.

Bu sualı cavablandırmasa da, heç olmasa, bu sualları öz-özünə vermək cəsarətində olan hər kəsin bu sözləri unutmaması lazımdır. 



MƏSLƏHƏT GÖR:

628