QARANT
Heydər Əliyev dühası Azərbaycan dövlətçiliyinin keşiyində durub və durmaqdadır
Müəllif: Namiq MAYILOV Bakı
Şəxsiyyətləri tarix yaradır. Amma heç də hər bir şəxsiyyət tarix yarada bilmir. Həm də hələ uzun illər öyrəniləcək, bəlkə də, öyrənilib qurtarılması mümkün olmayan tarix. Şəxsiyyətin gerçək miqyası onu itirdikdən sonra, zaman keçdikcə bilinir. Necə ki, biz Heydər Əliyev şəxsiyyətinin, Heydər Əliyev fenomeninin əsl miqyasını illər keçdikcə daha dərindən anlayırıq.
Ümummilli liderin vəfatının 10-cu ildönümündə on minlərlə insan onun əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana axışmışdı. Yaşından və peşəsindən asılı olmayaraq, insanlar o soyuq, qarlı havada əllərində gül dəstələri səbirlə Heydər Əliyevin xatirəsini yad etmək üçün öz növbəsini gözləyirdi. İnsanlar Azərbaycanın bugünkü qüdrəti və şəxsən öz ailələrinin rifahını məhz onun adı ilə bağlayırlar.
Heydər Əliyev və onun gördüyü işlər barədə xatirələr hələ insanların yaddaşında təzədir. 1969-cu ildən 2003-cü ilədək olan dövrün Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi düşməsi təsadüf deyil.
Ümummilli liderin vəfatının 10-cu ildönümü ilə əlaqədar təşkil olunmuş ehsan mərasimində Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridəqalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində - 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi".
Heydər Əliyev o dövrdən sonra da ən çətin məqamlarda xalqının yanında olub. 20 Yanvar faciəsindən sonra, hələ Sovet İttifaqının dağılmasından iki il əvvəl o, ittifaq rəhbərliyini cəsarətlə tənqid etmiş, uzun müddət rəhbərliyində yer aldığı Kommunist Partiyası sıralarından istefa vermişdi.
1993-cü ildə Azərbaycan real olaraq vətəndaş müharibəsi ilə üz-üzə qalarkən, ölkədə siyasi, iqtisadi böhran tüğyan edərkən, azərbaycanlılar yenə də kömək üçün Heydər Əliyevə müraciət etdilər. Dövləti parçalanmaq və kövrək müstəqilliyini itirmək təhlükəsindən xilas missiyası təsadüfən onun üzərinə qo- yulmadı. O, həm də Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağının müasir Azərbaycanın Milli Bayrağı elan edilməsinin təşəbbüskarı olmuş lider idi.
Heydər Əliyevi ictimai-siyasi sabitliyin qarantı adlandırırdılar. Ona bu qiymət, sadəcə, söz xətrinə deyil, tarixi reallıqlara əsasən verilmişdi. 1994-cü ildə ümummilli liderin bir çağırışı kifayət etdi ki, on minlərlə insan ölkənin müstəqilliyini qorumaqda liderə kömək etmək üçün gecə ilə küçəyə çıxdı. Nəticədə separatçıların bundan əvvəlki təxribatları kimi, dövlət çevrilişi cəhdlərinin də qarşısı alındı.
Ən başlıcası isə Heydər Əliyev Ermənistanın bizə sırıdığı müharibədə qan tökülməsinin, Azərbaycan torpaqlarının işğalının davam etməsinin qarşısını aldı.
"Bu məsələnin iki həll yolu var idi: birincisi, müharibəni davam etdirmək, Azərbaycanın bütün resurslarını tükəndirmək, ölkəni acınacaqlı vəziyyətə salmaq, ikincisi, barışığa, daha doğrusu, atəşkəsə nail olmaq, qan tökülməsinin qarşısını almaq və vaxt udmaq. Düşünürəm ki, ən doğru olan yol seçildi. Atəşkəsə nail olunmasından sonra ölkənin başqa işləri ilə məşğul olmaq imkanı yarandı. Daxili sabitlik əldə olundu, iqtisadi inkişaf başladı, quruculuq işlərinə start verildi", - deyə sonralar Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl bildirirdi.
Beləliklə, ümummilli liderin səyləri nəticəsidə qanlı müharibə dayandırıldı, daxili çəkişmələr aradan qalxdı, siyasi sabitlik yaradıldı və islahatlara start verildi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici investisiyalar cəlb olundu, iri neft və qaz yataqlarının işlənməsinə başlanıldı və bütün bunlar bugünkü inkişafın əsasını qoydu.
Heydər Əliyev ölkə iqtisadiyyatının çiçəklənməsinə, milli özünüdərkin, mədəniyyətin, elmin inkişafına inanılmaz töhfələr verdi. "Onun dövründə dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulub. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin edib", - deyə ümummilli liderin ən yaxın silahdaşı, ideyalarının davamçısı İlham Əliyev bildirib.
2003-2013-cü illərdə məhz ümummilli liderin siyasətinin davam etdirilməsi Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirib. "Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilib. Biz kosmik dövlətə çevrilmişik. Artıq Azərbaycan peyki fəzaya qaldırılıb. Biz energetika, nəqliyyat sahələrində ölkəmiz üçün, dünya üçün vacib olan layihələri icra etmişik ki, bu layihələr də xalqımızın, ölkəmizin uğurlu yaşaması üçün bundan sonra onilliklər ərzində xidmət göstərəcək", - deyə İ.Əliyev qeyd edib.
Bundan başqa, Azərbaycan böyük beynəlxalq dəstəklə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, bununla da, ölkənin dünya siyasətindəki önəmi bir daha öz təsdiqini tapıb. Və prezident İlham Əliyevin dediyi kimi, bu uğurlara nail olunmasının əsas şərti Heydər Əliyev siyasətinə sadiqlik olub.
Bu gün Heydər Əliyev şəxsiyyətinin əhəmiyyətini qiymətləndirmək üçün dünyanın tanınmış dövlət xadimlərinin, siyasət, mədəniyyət adamlarının fikirlərinə nəzər saldıqda, "fenomen", "qarant", "dünya miqyaslı siyasətçi", "siyasət qayası" kimi ifadələrə rast gəlinir. O, istər adi insanların, istərsə də tariximizi yazan böyük şəxsiyyətlərin yaddaşında məhz belə qalıb. Demək, elə tarix də onu öz yaddaşına elə bu cür həkk edib.
İLK MƏNBƏLƏRDƏN
"Bu siyasətçinin miqyası Azərbaycan çərçivəsini aşır. O, fövqəladə insan, maraqlı həmsöhbət idi. Heydər Əliyev Rusiyanın böyük dostu, eyni zamanda vətəni Azərbaycanın böyük vətənpərvəri idi… O, nəhəng dövlət xadimi idi. Onu şişirtməyə yol vermədən siyasət qayası adlandırmaq olar".
Vladimir PUTİN, Rusiya Federasiyasının prezidenti
"Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində onun inkişafı üçün gördüyü işlərlə həmişə yaddaşlarda qalacaq. Bundan başqa, onun səyləri nəticəsində biz ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlər qura bilmişik".
Corc Herbert Uoker BUŞ, ABŞ-ın 41-ci prezidenti
"Möhtərəm Heydər Əliyev siyasi meydana Azərbaycanın ən ağır dönəmində çıxdı. 1960-80-ci illərdə o, Azərbaycan üçün çox işlər gördü. Bir çox insanlar, siyasi xadimlər öz ölkələrinə xidmət edirlər, lakin elə anlar olur ki, məhz belə şəxsiyyətlərə böyük ehtiyac yaranır. Yəni belə şəxsiyyət yoxdursa, ortaya "Bu ölkəni nə gözləyir?" sualı çıxır. Məsələn, Çörçill 1939-cu ildə İngiltərəyə rəhbərlik etməsəydi, nələr baş verə bilərdi? Çörçillin 65 yaşı var idi. Üstəlik, o dövrdə İngiltərədə siyasətçilərin sayı çox idi. Amma məhz ona ehtiyac var idi".
Süleyman DƏMİRƏL, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti
"Azərbaycan elə vəziyyətlə üzləşmişdi ki, həmin şəraitdə dövlət qurmaq çox çətin idi - bunu yalnız qeyri-adi lider bacarardı. Açığı, tez-tez düşünürəm ki, Gürcüstandan fərqli olaraq, Azərbaycanın bəxti çox gətirib. Yəni bizim liderlər özlərindən sonra yalnız xaos və qarışıqlıq qoyublar. Gürcüstanda möhkəm idarəçilik sistemi, dəqiq inkişaf yolu qurmuş şəxs olmayıb. Sizin isə belə lideriniz olub. Bu mənada, əlbəttə ki, Azərbaycanın bəxti gətirib. Nəticədə, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir".
Mixail SAAKAŞVİLİ, Gürcüstanın 3-cü prezidenti
ONUN HAQQINDA
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasında doğulub. Yerli Pedaqoji Texnikumu bitirdikdən sonra, Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1938-1941-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda oxuyub. 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışıb. 1944-cü ildən isə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında işləyib. Burada Heydər Əliyev sıravi işçidən general rütbəsinədək ucalıb, respublika DTK-nın rəhbəri postunu tutub. 1969-1982-ci illərdə Azərbaycan KP MK-ya rəhbərlik edib. 1976-1982-ci illərdə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-1986-cı illərdə Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. 1990-cı ildə Sov.İKP-dən istefa verərək vətənə dönüb. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, eyni zamanda Azərbaycan Ali Soveti sədrinin müavini postlarını tutub.
15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilib. 1993-cü il iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Həmin ilin oktyabrında Azərbaycan Prezidenti seçilib. 1998-ci ilin oktyabrında isə bu vəzifəyə ikinci dəfə seçilib.
1999-cu ilin aprelində Klivlenddə (ABŞ, Ohayo ştatı) Heydər Əliyevin ürə- yində aorta-koronar şuntlama əməliyyatı aparılıb. 2003-cü ilin avqustunda o, kəskin ürəktutmasından sonra, Türkiyənin "Gülhanə" hospitalından yenidən Klivlendə aparılıb və orada müalicə kursu keçib. 12 dekabr 2003-cü ildə, həyatının 81-ci ilində vəfat edib.
MƏSLƏHƏT GÖR:






808

