26 Dekabr 2024

Cümə axşamı, 19:51

KÖHNƏ MƏŞQÇİ İLƏ YENİ MƏRHƏLƏ

Berti Foqtsa Azərbaycan yığmasını, vəd etdiyi kimi, "Avro-2016"nın finalına çıxarmaq üçün imkan verildi

Müəllif:

24.12.2013

Futbol üzrə Azərbaycan millisinə 2007-ci ildən rəhbərlik edən Berti Foqts daha iki il postunda qalacaq. Bu barədə qərar AFFA İcraiyyə Komitəsində qəbul edilib. İcrakom üzvləri ayrı-ayrılıqda fikirlərini bildirdikdən sonra, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib. Komitə üzvləri onun köməkçilərini də təsdiqləyib. Millinin sabiq üzvləri Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Aslan Kərimov artıq bir müddətdir yığmada çalışır. Mahmud Qurbanov isə vaxtilə futbolçu kimi çıxış etdiyi komandada indi məşqçi kimi özünü sınayacaq.

Yeni anlaşmada almaniyalı mütəxəssisin Azərbaycanda daha çox vaxt keçirməsini təmin edən şərt də var. Belə ki, müqaviləyə əsasən, Foqts ayın, ən azı, 21 gününü ölkəmizdə keçirməlidir. Alman məşqçi klubdakı həmkarları ilə daha çox təmasda olmalı, komandaların təlim-məşq toplanışlarını izləməlidir. Foqts milli çempionatın oyunları ilə yanaşı, birinci diviziondakı matçlara da diqqət etməlidir. AFFA prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Berti Foqts növbəti 2 ildə millinin səviyyəsini yüksəltməli, komanda isə seçmə mərhələdə yüksək hədəflər uğrunda mübarizə aparmalıdır: "Foqts son seçmə mərhələdəki nəticəmizdən narazıdır. 9 xal azdır." Daha çox xal toplamalı idik. Biz də istəyirik ki, komandamız hər oyunda daha çox xal toplasın. AFFA hazırda “AÇ-2020”-nin oyunlarının Bakıda keçirilməsinə çalışır. Çox istərdik ki, həmin oyunlar arasında Azərbaycan millisinin də matçları olsun. Çünki UEFA-nın yeni qaydalarına görə, AÇ-2020-yə ev sahibliyi hüququ qazanan ölkələr qitə birincili-yində iştirak edirsə, ilk oyununu evdə keçirməlidir. Eyni zamanda, Foqtsun köməkçilərinin sayını da artırmaq qərarına gəldik. Yeni mövsümdən Mahmud Qurbanovla Aslan Kərimov ona kömək edəcək. Biz komandamızın daha yaxşı oyun sərgiləyəcəyini, qrupda yüksək yerlər uğrunda mübarizə apara biləcəyini görmək istəyirik. Konkret hədəflər barədə danışmaq çətindir. Əsas məsələ komandanın 2020-ci ildə keçiriləcək qitə birinciliyinə vəsiqə qazanmasıdır."

Berti Foqtsun yeni müqavilə imzalaması, əslində, təəccüblü deyil. AFFA tərəfindən bir neçə namizəd müzakirə edilsə də, sonda məhz alman məşqçinin üzərində dayanması səbəbsiz deyil. Seçmə mərhələdən sonra yerli məşqçilərin əksəriyyəti mətbuata müsahibəsində ona dəstək oldu. Digər tərəfdən, hazırda heç bir azərbaycanlı mütəxəssis yığmada işləməyə risk etmək istəmir. Əldə etdiyimiz məlumata əsasən, iki ay əvvəl 10-dan artıq əcnəbi mütəxəssisin daxil olduğu namizədlər siyahısı hazırlanıb. Maksimum dərəcədə gizli saxlanılan siyahıda yerlilərdən yalnız Qurban Qurbanov yer almışdı. Siyahıda məşhur avropalı mütəxəssislərin də adı olub. Sadəcə, onların AFFA-dan böyük məbləğ tələb etməsi federasiyanı fikrindən daşındırıb. Yerli namizədə gəlincə, indiki halda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu uğurlu karyerasından ayırıb milliyə gətirmək, bir növ, risk ola bilərdi. Çünki Ağdam təmsilçisi ilə avrokuboklarda üç dəfə pley-off həyəcanı yaşayan Qurbanovun millidəki işinin necə olacağını heç kim əvvəlcədən söyləyə bilməz.  

Berti Foqtsun İcraiyyə Komitəsi üzvlərinin dəstəyini qazanmasına bir neçə vacib səbəb var. Birincisi, son üç seçmə mərhələdə milli komandamıza rəhbərlik edən Berti Foqtsun kollektivi yaxından tanıması ona növbəti dəfə şans verilməsinə zəmin yaradırdı. Əgər Foqts başqa çalışdırıcı ilə əvəzlənsə, yeni çalışdırıcının oyun üslubuna uyğunlaşmaq üçün milli komanda üzvlərinə vaxt verilməli idi ki, bu da "Avro-2016"ya vəsiqə qazanmağa çalışan milli komandamız üçün yaxşı heç nə vəd etmirdi. Ən azı ona görə ki, Foqts getsə, onu əvəzləyəcək ya yerli, ya da əcnəbi mütəxəssis öz komandasını, heyətini formalaşdırmağa çalışacaq, eksperimentlərə əl atacaqdı. Bunun üçün də bizə, ən azı, iki tsikli qurban vermək lazım gələcəkdi.

İkincisi, yığmamızın tarixində heç bir məşqçi final mərhələsinə vəsiqə söz vermək iddiasında olmayıb. Foqts isə hələ son seçmə tsiklin gedişində "Avro-2016"ya vəsiqə qazanmaq iddiasını ortaya qoymuşdu. Almaniyalı mütəxəssisin bunu nə dərəcədə bacaracağını görmək üçün müqaviləni uzatmaq məqsədəuyğun idi.

Üçüncüsü, son beş ildə milli komandamıza rəhbərlik edən mütəxəssis "DÇ-2010"un seçmə mərhələsində 5 xal toplamaqla rekorda imza atdı. Düzdür, bundan əvvəlki rekord 5-ə bərabər idi. Lakin həmin vaxt 12 görüşdə bu qədər xal sevinci yaşanmışdı. Növbəti 2 seçmə tsikldə isə Foqts rekordunu yaxşılaşdırıb əvvəl 7-yə, sonra 9-a çatdı ki, bu da Berti Foqtsla müqavilə imzalamağın vacibliyini düşünənlərin sırasını genişləndirdi.

Digər tərəfdən, Berti Foqts dönəminə qədər mübarizə apardığı seçmə mərhələlərin yalnız birində sondan ikinci olan Azərbaycan yığması alman məşqçinin baş məşqçi olduğu seçmə mərhələlərdə isə qrup sonuncusu olmayıb. 2010-cu ildəki dünya və 2012-ci ildəki Avropa çempionatının seçmə tsiklində 5-ci olan Foqtsun heyəti son seçmə mərhələdə tarixində ilk dəfə qrup mərhələsini dördüncü sırada tamamladı.

Başqa bir səbəb onunla bağlı idi ki, milli komandamızın Foqts dönəmində qrup mərhələsində iki qələbə qazanması da, bir seçmə mərhələdə cəmi üç dəfə məğlub olması da, rəqib qapılarına əvvəlkindən çox top vurması da, öz qapısında daha az qol görməsi də, ardıcıl dörd rəsmi oyunda xal qazanması da almaniyalı məşqçiyə etimad göstərməyi şərtləndirirdi.

Üstəlik, milli komandamızın məhz Berti Foqtsun dönəmində intizamlı kollektivə çevrilməsi də göz qabağındadır. Bunu da almaniyalı üçün əlavə üstünlük saymaq olar. Millinin qaydalarına əsasən, intizamı pozan futbolçu maddi baxımdan cərimələnir. Üstəlik, Foqts həmin futbolçunu növbəti oyun meydana buraxmır. 

Milli üzvlərinin özləri yığmada baş məşqçi dəyişikliyinin əleyhinədirsə, AFFA-nın onu yola salması birmənalı qarşılanmayacaqdı. Məhz bu üzdən Berti Foqtsla yeni müqavilənin imzalanması daha məntiqli görünürdü. 

Sadaladığımız səbəblərə Azərbaycan yığması üçün indiki məqamda baş məşqçi dəyişikliyi nə məqsədəuyğun idi, nə də gözlənilən. Di- gər tərəfdən, AFFA yerli məşqçiyə etibar etməklə maddi baxımdan xeyli qənaət edə bilərdi. Başqa xarici mütəxəssisin dəvət olunması isə əksinə, federasiyanı bir qədər də xərcə salacaqdı. Sözsüz ki, həm media, həm də azarkeşlər arasında Berti Foqtsu sevməyənlər çoxdur. Lakin yeni gələn məşqçinin bizdən yenə vaxt istəyəcəyi dəqiq olduğu üçün Foqtsun postunda qalması düzgün qərar sayıla bilər.

Digər tərəfdən, biz alman məşqçinin vədini unutmamışıq. Artıq dördüncü seçmə mərhələdə yığmanın sükanı arxasında olacaq Berti Foqts hər zaman millini "Avro-2016"ya çıxaracağını deyirdi. İndi onun dediyinə əməl etməsi üçün imkanı var. Yığmaya yaradılan ideal şəraitin müqabilində toplanan xallarla və ya seçmə mərhələdə 1 qələbəylə fəxr etmək olmaz. Həmin dövr artıq arxada qaldı. Nəticə vermək və bununla tarixə düşmək lazımdır. "Avro-2016"da 24 yığmanın iştirak etdiyini nəzərə alsaq, Foqtsun dediyini etməyə gücü çatmalıdır.


MƏSLƏHƏT GÖR:

547