
PARLAQ QAYIDIŞ
Azərbaycan opera səhnəsinin divası Fidan Hacıyeva yenidən sevimli Karmen obrazı ilə səhnədədir
Müəllif: Nərminə ƏLİYEVA Bakı
Corc Bizenin Karmeni ən parlaq opera qəhrəmanlarından biridir. O, alovlu ehtirasın, qadın cazibəsinin, azadlığının təcəssümüdür. Opera "Karmeni" fransalı yazıçı Prosper Merimenin təsvir etdiyi ədəbi prototipinə çox az bənzəyir. Bəstəkar və librettoçular Melyaka və Qalevi onun "quldurçuluğu"nu" – hiyləgərliyini, qarətə meyilliliyini, xırdaçılığını aradan qaldırıblar və bu onun naturasını "kiçildib". Bundan başqa, Bizenin təqdimatında Karmen faciəvi əzəmət cizgiləri qazanıb: o, sevgi azadlığının haqqını həyatı hesabına ödəyir. Prosper Merimedə isə Karmenin kişilərə hiss etdirdiyi sevgisi romantik qəddarlıq və coşqun ehtirasdır. Onun dəyişkənliyi Merimenin novellasında zəif qadın naturası kimi deyil, romantik insanın azadlıq ideyasına fanatikcəsinə sadinqliyi kimi təqdim olunur – Karmen həmişə azad olacaq. O, azad doğulub, azad da öləcək.
Bu obrazı Akademik Opera və Balet Teatrının səhnəsində Corc Bizenin eyniadlı operasında Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva mükəmməl yaradıb. De- yəsən, ifaçının üçüncü körpəsinin dünyaya gəlməsilə əlaqədar olaraq, yaradıcılığa verdiyi uzun fasilə ona heç bir mənfi təsir göstərməyib – nə xarici görünüşünə, nə də vokal imkanlarına. Möhtəşəm müğənni və gözəl aktrisa Azərbaycan tamaşaçısı qarşısına bu dəfə də hərarətli Karmen obrazında çıxıb. Fidan Hacıyeva bu rolu özünün vizit kartı adlandırır. Bu dəfə Xoze partiyasını Ukraynanın xalq artisti, tanınmış tenor Andrey Romanenko ifa edib. Fidan Hacıyeva artıq çoxdan Karmeni ən yaxşı yaradan aktrisalardan sayılır. İfaçı möhtəşəm səsindən məharətlə istifadə edir. Azərbaycan opera səhnəsinin divası bu dəfə də Karmen rolunun öhdəsindən yüksək bacarıqla gəldi. O, buna uzun müddət ciddi-cəhdlə hazırlaşmışdı. Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanovun sözlərinə görə, Hacıyeva səhnədə ona Azərbaycanın ilk Karmeni olmuş Fatma Muxtarovanı çox xatırladır. "Onların hər ikisində alov, ruh azadlığı var", – deyə professor bildirir.
Fidan Hacıyeva “R+” jurnalına açıqlamasında Karmenin onun ən sevimli rolu olduğunu bir daha etiraf edib. "Karmen partiyasının ifası mənim üçün daxili saflaşma, əsl bayramdır. Mənim bu rola məhəbbətim getdikcə güclənir və hər dəfə onda özüm üçün nəsə yenilik tapıram. Bu, çox böyük məsuliyyətdir. Əməyimin tamaşaçılar tərəfindən layiqincə qiymətləndirilməsi mənim üçün çox xoşdur. Mənim üçün əsas mükafat onların alqışlarıdır", – deyə ifaçı qeyd edib.
"Karmen"də baş rolları həmçinin Anton Ferndştant (Toreador), İnara Babayeva (Mikaella) və digərləri ifa ediblər. Quruluşçu rejissor Azərbaycanın əməkdar artisti, professor Hüseyn Əliyev idi. Orkestrə teatrın baş dirijoru, Azərbaycanın xalq artisti Cavanşir Cəfərov rəhbərlik edirdi. Yeri gəlmişkən, Hüseyn Əliyev Fidan Hacıyevanın vokal müəllimidir. Vaxtilə o, doğma teatrının səhnəsində "Karmen"in Xoze partiyasını ifa edib. Bu gün o, demək olar ki, bütün opera truppalarının repertuarına daxildir və dünyanın bir çox dillərində, həmçinin yaponca ifa olunur. Çoxları onun populyarlığının sirri ətrafında mübahisə edir. Operada gözəl mahnılar çoxdur. Lakin o, qeyri-adi şəkildə dramatikdir. "Bizenin operası şedevrdir. O, özündə bütöv bir dövrün musiqi meyillərinin ən güclü tərəflərini əks etdirir. 10 il sonra "Karmen" dünyanın ən populyar operası olacaq...". Rusiyalı bəstəkar Pyotr İliç Çaykovskinin bu sözləri özünü tam doğrultdu. "Karmen" operası bu gün də ən populyar teatr tamaşasıdır. Hər bir tamaşaçı müəllifin ideyasını dərk edə və özündə Karmeni və Xozeni tapa bilər. Axı alov və ehtiras hər birimizdə var...
MƏSLƏHƏT GÖR: