Müəllif: Nərminə VƏLİYEVA Bakı
"Crystal Hall"da artıq bir neçə onillikdir kurort şəhəri olan San-Remoda keçirilən italyan mahnı müsabiqəsinin iştirakçıları və qaliblərinin konserti olub. Müsabiqə mövcud olduğu illər ərzində bir çox istedadları üzə çıxarıb. Onların bir çoxu Azərbaycanda da böyük populyarlığa malikdirlər. Bu cür ifaçılardan Al Bano, Toto Kutunyo, Pupo, "Matia Bazar", Rikkardo Foli, "Rikki e Poveri", Umberto Tossi, Toni Espozito və Fiordoliso bakılı pərəstişkarların görüşünə gəlmişdilər. "Sovet nəslindən" və 70-80-ci illərə aid insanlar üçün bu, əsl bayram idi.
Tədbiri Tural Əsədov və italiyalı aktrisa Ornella Muti aparırdılar. Bu, Ornellanın Bakıya ilk səfəri deyil. Aktrisa bir neçə il əvvəl də Azərbaycan paytaxtında olmuş, şəhəri və onun sakinlərini çox bəyənmişdi. "San-Remonun ulduzları" konsertindən bir gün əvvəl italiyalı aktrisa Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşmüşdü. Birinci xanım qonağa Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışmış, Ornella Muti isə öz növbəsində, Mehriban Əliyeva ilə İtaliyada keçirdiyi ilk görüşünü məmnunluqla xatırlamış, Fondun Azərbaycan mədəniyyətinin təbliği sahəsində gördüyü işlərin əhəmiyyətini vurğulamışdı.
"Nə qədər qoca olsaq da..."
"San-Remonun ulduzları" konsert proqramını Umberto Tossi açdı. Onun ifa etdiyi hitləri arasında məşhur Ti Amo mahnısı da var idi. Tossiyə dünya şöhrətini uzaq 1977-ci ildə 7 ay ərzində İtaliyanın hit-paradında birinci pilləni tutmuş məhz bu mahnı gətirib. Hələ də həm İtaliyada, həm də ölkəsindən kənarda ən populyar ifaçılardan olan Umberto Tossi karyerası boyunca 45 milyondan artıq disk satıb.
Ad gününü Bakıda qeyd edən İvana Spanya səhnədə Bakının gözəlli-yindən danışıb. O, Heydər Əliyev aeroportundan paytaxtın mərkəzinə çatanadək Bakının nə qədər gözəl olduğunu gördüyünü bildirib. "Buranın insanları çox xeyirxahdırlar!" - deyə ifaçı qeyd edib.
Yeri gəlmişkən, Veronadan olan cazibədar İvana Spanya musiqi karyerasına heç də "italyansayaq" başlamayıb: İvana əvvəllər ingilis dilində oxuyurmuş. Öz ana dillərinə son dərəcə həyəcan və qısqanclıqla yanaşan italiyalılar bu üzdən əvvəlcə İvananı "soyuq" qarşılamışdılar. 1994-cü ildə ildə isə San-Remo festivalında ilk dəfə italyanca oxuyan ifaçı dərhal populyarlaşmağa başlayıb. Bundan sonra İvananın vokal imkanları və istedadının fərqli olduğu da qəbul edilib. "Karyeram "San-Remo"dan sonra yüksəlməyə başlayıb. Bu festival bizi əsl ulduza çevirdi. Biz Bakıda da tanındığımız, sevildiyimiz üçün şadıq. Sizin inanılmaz şəhəriniz və çox səmimi insanlarınız var!".
Bakıya sevgisini Fiordaliso da ifadə edib. O, tezliklə mütləq Bakıya qayıdacağına söz verib.
Ondan heç də az məşhur olmayan Pupo isə hitlərini zala toplaşmış tamaşaçılarla birlikdə ifa edib. "Siz məni o qədər əla təkrarlayırsınız ki, düşünürəm, bəlkə burada San-Remo üçün Azərbaycan xoru yığım?" - deyə Pupo səhnədən tamaşaçılara üz tutaraq sual edib.
Pərəstişkarlarını romantik mahnıları ilə valeh edən Rikkardo Foli Bakıda "Storie di tutti i giorni" mahnısını da oxuyub. Xatırladaq ki, o, "San-Remo-1982" festivalında məhz bu mahnı ilə qalib olmuş, yarışda İtaliya estradasının superulduzları Al Bano və Romina Paueri üstələmişdi. Uzun illərdir ifaçının vizit vərəqəsi olan, ona dünya şöhrəti gətirən mahnı məhz budur. Yeri gəlmişkən, Foli futbolu sevdiyini də bildirib. O, karyerasının əvvəlindən indiyədək digər məşhur ifaçı Canni Morandi ilə birlikdə italiyalı ifaçıların komandasında çıxış edir.
Bakıya tez-tez qonaq gələn "Rikki e Poveri" qrupu isə tamaşaçıları rəqs hitləri ilə məftun etdi. Onun məşhur "Mamma Maria" və "Cosa Sei" kompozisiyalarını "sakit" dinləmək sadəcə mümkün deyildi.
Romantik Al Bano səhnəyə öz Rominası olmadan, amma üç "femin"in əhatəsində çıxıb. İfaçı unudulmaz ifaları ilə hər kəsi keçmişə qaytardı. Onun bu gün də məşhur olan "Felicita" mahnısını isə zal ayaq üstündə oxudu. "Burada çox xeyirxah insanlar yaşayır. Bakıya gəldiyim, şəhərinizi gördüyüm üçün çox şadam. Bu şəhərdə keçmişlə indinin uğurlu ahəngini xüsusilə bəyəndim. Bakıda tarix və müasirlik yanaşı yaşayır və onların arasında heç bir münaqişə baş vermir", - deyə məşhur ifaçı qeyd edib.
Toto Kutunyodan "Sarı gəlin"
Konserti əfsanəvi Toto Kutunyo yekunlaşdırıb. Yeri gəlmişkən, San-Remo mahnı müsabiqəsini o, uzaq 1980-ci ildə "Solo noi" mahnısı ilə qazanmışdı. O, yalnız öz mahnılarını ifa etmklə kifayətlənməyib, Co Dassen, Adriano Çelentano, Dalida Rey Çarlz və bir çox digər ulduzlar üçün mahnılar da bəstələyib. Toto Kutunyo Bakı konsertinin proqramına həm öz repertuarından, həm də Co Dassen və Adriano Çelentano üçün bəstələdiyi mahnılarını salmışdı. O, məxsusi olaraq "Höcətin ram edilməsi" filmi üçün yazdığı "Innamorata Incavolata A Vita" mahnısını isə Ornella Mutiyə həsr etmişdi. Aktrisa isə öz növbəsində səhnədə Kutunyo ilə yanaşı dayanaraq, fotoqraflara məmnuniyyətlə poz verirdi. Ulduz ifaçı həyatdan vaxtsız getmiş unudulmaz fransız ifaçı Dasseni onunla virtual duet şəklində "L'ete indien" (Africa) mahnısını oxumaqla xatırlayıb. Bu, italiyalı bəstəkarın daha bir məşhur mahnısıdır. Onu Kutunyo 1970-ci illərin ortalarında bəstəkar Vito Pallaviçini ilə birgə bəstələyib. O zaman Toto indiki qədər məşhur deyildi. Elə oldu ki, "Africa" mahnısı Co Dassenin bədii rəhbəri olan Jak Plenin diqqətini çəkdi. Fransız dilinə tərcümə edilən mahnıya "L'et? Indien" adı verildi. Mahnı Co Dasenin ifasında dərhal hitə çevrildi və nəinki Fransada, bütünlükdə dünyada tanındı. Co Dassenlə Toto Kutunyonun məhsuldar əməkdaşlığının əsasını məhz həmin mahnı qoydu. Sonralar Kutunyo fransalı ifaçı üçün xeyli mahnı bəstələdi və onların hər biri populyarlıq qazandı.
Bakıda keçirilən konsertdə Toto Kutunyo tamaşaçıların qarşısına gözəl ağ kostyumda çıxmışdı. O, Bakı və bakılılar haqqında uzun-uzadı danışır, Azərbaycan paytaxtı haqda təəssüratlarını dilə gətirirdi: "Sizin xanımlarınız çox gözəldirlər! Onlar mənə italyan xanımlarını xatırladırlar".
Konsertin kulminasiyası isə Kutunyonun sürprizi oldu. Məşhur ifaçı Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i elə Azərbaycan dilində oxudu. Kutunyo etiraf etdi ki, bunu öyrənmək üçün onun 3 gün vaxtı gedib: "Diliniz çox çətin və inanılmaz dərəcədə melodikdir. Mən nəhayət, bu gözəl mahnını öyrəndim və indi onu sizin ?çün ifa etmək istəyirəm". Zal həqiqətən qiymətli olan bu hədiyyəni, sözün əsl mənasında, coşqu ilə qarşıladı. Sonda isə Kutunyo əsas hiti, onun "vizit vərəqəsi" olan "L`italiano" mahnısını səsləndirdi. O, 1983-cü ildə bu mahnı ilə San-Remo festivalında iştirak etmiş və rəsmi olaraq 5-ci yeri tutmuşdu. Festivaldan dərhal sonra keçirilən Totip "xalq səsverməsi"ndə isə "L'italiano" 1-ci yerə layiq görülmüşdü. "L'italiano" mahnısı "Lasciatemi cantare" sözləri ilə başlayır. Bu, "imkan verin oxuyum" deməkdir. İtalyanlar üçün ənənəvi olaraq, bu mahnıda da hər şeydən danışılır - "al dente spagettisindən", tünd kofedən, məşhur rəssamlardan və sevgi haqda mahnıdan. Şübhəsiz ki, belə mahnını yalnız əsl italyan bəstələyə bilərdi. Amma o, yalnız İtaliyanı deyil, bütün dünyanı fəth etdi.
Bakı konserti çox uğurlu alındı. Hətta ulduz qonaqların monoloqunun ən qızğın vaxtında tərcüməçinin hər dəfə "yoxa çıxması" belə, axşamın möhtəşəmliyinə kölgə sala bilmədi. Əslində, italyanların səhnədə nə danışdıqlarını tərcüməçisiz də anlamaq mümkün idi. İtaliya mahnılarının sədaları ilə böyümüş azərbaycanlı tamaşaçıların əksəriyyəti "amore", "cantare", "bellissimo" və "canzone" kimi sözlərin mənasını anlayırlar.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş konsert xeyriyyə xarakteri daşıyırdı. Şounun aparıcısı Ornella Mutinin də dediyi kimi, italiyalı artistlər alacaqları qonorarın bir hissəsini məhz bu məqsədlə Heydər Əliyev Fondunun hesabına köçürəcəklər.
MƏSLƏHƏT GÖR: