Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Əgər sizə desələr ki, gecəyarı saat vuranda kimsə ürəyində arzu tutmur, uğurlu il olacağına inanmır, yaşadığı il haqda düşünmür və Yeni il onun üçün adi günlərdən biridir - inanmayın. Yeni ili qarşılamaq yalnız uşaqların deyil, böyüklərin də sevimli bayramıdır. Gündəlik sərt məişət problemləri ilə nə qədər yüklənmiş olsaq da, Yeni il gecəsi nağılına inanmaqda davam edirik. Köhnə il yerini yenisinə verdikdə, hətta ən "qatı" skeptiklər də ürə- yində niyyət tutaraq uğur haqda düşünməyə başlayırlar. Açığını desək, bir çox hallarda həmin arzular çin olur. Ən azı ona görə ki, siz bu arzuları bayram günü, yaxşı atmosferdə, dostların və doğmaların əhatəsində tutmusunuz; yaxşı niyyət izsiz-soraqsız yox olmur, ürə-yinizdə düşündüyünüz digər yaxşılıqlara əlavə edilir.
Uşaqların bu nağıla inanmağa davam etməsini təxmin etmək çox vacibdir. Şübhəsiz ki, onlar böyüdükdən sonra hədiyyələri vaxtilə Santa-Klausun və ya Şaxta Babanın gətirmədiyini, ataların və anaların aldığını biləcəklər. Vaxtı gələndə arzulara əksərən ciddi cəhdlər göstərərək çatıldığını dərk edəcəklər, xeyirin şər üzərində, əsasən nağıllarda qələbə qazandığını anlayacaqlar. Amma həyatımızda nağıllar da olmalıdır. Ən azı ona görə ki, bu gün mükəmməllikdən uzaq olan dünyada böyüməkdə olan nəsillərə maddi yox, mənəvi dəyərləri qiymətləndirməyi də öyrətməliyik. Biz övladlarımızın qəlbinə xeyirxahlıq, mərhəmət toxumu əkməyə borcluyuq, onlara əsl insan olmağı öyrətməliyik. Necə ki, valideynlərimiz bizi öyrədib. Övladlarımızın bizə baxaraq, yaxşı insan kimi böyümələri üçün yalnız yaxşı işlər görməliyik. Bu gün bir çox insanın bu əməllərdən imtinasının səbəbini anlamaq olmur. Vacib olanı xeyirxahlıq, mərhəmət, mənəvi saflıqdır. Yeni il kimi bayramlar, belə bayramlara hazırlıq isə bizi möcüzənin, sehrin bu müsbət enerjisi ilə yükləyir. Biz nağıllara inanmağa başlayırıq. Aleksandr Qrinin "Al Yelkən"indəki Assol kimi. Onun arzusunu çin etmiş Arur Qrey deyirdi: "Assolun hesabına mən bir sadə həqiqəti dərk etdim: möcüzələri insan öz əlləri ilə yaratmalıdır. İnsanın ürəyi möcüzə istəyirsə, ona bu möcüzəni ver. Onun da ruhu yenilənəcək, sənin də!".
Halbuki, möcüzə anlayışı hər kəs üçün fərqlidir: kimin üçünsə bu, çoxdan gözlənilən görüşdür, kimin üçünsə hədiyyə, adi gül, oyuncaq, mənzil, avtomobil, daha nələr, nələr... Kimin üçünsə ən kiçik möcüzəni belə, yarada biliriksə, onu yaratmaq lazımdır. Övladlarınız nağıllar və möcüzələrlə yaşayırlarsa, şübhəsiz, yaxşı insanlar olacaqlar. Onları başqalarından fərqli böyütməkdən qorxmayın. Əslində, başqaları onlara - yaxşı insanlara bənzəməlidirlər.
Nağıllar yaşamalıdır və o, maraqlı təqdim olunmalıdır. Şaxta Babanın evə dəvət olunmasına lazımsız, köhnəlmiş ayin kimi yanaşılmamalıdır. İnanın ki, bu, vacibdir. Uşaqlara kitabların, topun, masaüstü hokkey və ya futbol oyunlarının, ksilofonun hədiyyə olunması da vacibdir. İndi bunlar interaktiv oyuncaqlar adlandırılır. Uşaqlara arzuların gerçəkləşəcəyinə inam, ümid aşılamaq, onların arzututmalarına imkan yaratmaq, Yeni ili istədiyi heyvanla birlikdə qarşılamağa icazə vermək lazımdır; məsələn, göy rəngdə geyinin. Çünki 2014-cü il Göy At ilidir. Övladınızı da göy rəngdə geyindirin, atın da yeyə biləcəyi sovqatlar hazırlayın. Səfeh kimi görünməkdən çəkinmək lazım deyil. Uşaqlıq etməkdən, hiylə işlətməkdən qorxmayın. Bu, bayramdır və siz övladlarınızın bu bayramı tam yaşaması üçün əlinizdən gələni etməlisiniz. Şübhəsiz, övladınız vasitəsilə siz özünüz də bayram əhvalını duyacaqsınız. Əmin olun ki, onlar bu mirası qoruyub-saxlayacaq, demək, yaxşılıqlar zəncirvari olaraq, gələcəkdə də davam edəcək. İnanaq ki, dünya daha yaxşı olacaq. Demək, biz də yaxşı olmalıyıq.
Yeni İliniz mübarək!
Uğur
Şərq təqviminə görə, qarşıdan gələn 2014-cü il Göy taxta at ilidir. Astroloqlar bu üzdən Yeni ilin çoxsaylı gözlənilməzliklər vəd etdiyini, insanların taleyində və karyerasında maraqlı dönüşlər gözlənildiyini bildirirlər - yüksəlişdən enişədək. Çünki bu nəcib, məğrur, inadkar canlının xarakteri belədir. Ümumilikdə il xoş keçməlidir. Axı at kifayət qədər ağıllı, xeyirxah heyvandır. At nalı isə uğurun rəmzlərindən biri sayılır.
Necə qarşılamalı?
At mehriban heyvandır. Bu üzdən də astroloqlar Yeni ili böyük, mehriban kampaniya şəklində qarşılamağı tövsiyə edir. Yüksəkdən oxunan musiqi, çılğın rəqslər, şən müsabiqələr 2014-ün "sahib"ini mütləq sevindirəcək, sizə isə ilboyu uğur gətirəcək.
Dekor
Qənaətcillik Yeni il süfrəsinin tərtibatında da özünü göstərməlidir. Ən yaxşısı, təbii, sadə materiallara üstünlük verməkdir: kətan və ya pambıq süfrədir. 2014-cü il taxta At ilidir. Odur ki, bayram masasında bu materialdan bəzi əşya və aksessuarlara rast gəlinməlidir. Qədim qab-qacaq - fincanlar, qaşıqlar mütləq atın xoşuna gələcək.
Əhval
Bayrama hazırlıq zamanı ən vacib olan məqam unudulmamalıdır - əhval. Bayramı mütləq əla əhvalla qarşılamaq lazımdır: emosional şəkildə, Yeni ildən yalnız yaxşılıq gözləyərək. Yeni ilin gəlişinə günlər qalıb, çətin ki, bisepsləri, trisepsləri şişirtmək mümkün olsun. Amma bu vaxtda bir neçə kiloqram çəki atmaq da realdır.
Necə süfrə açmalı?
Əlbəttə ki, ən yaxşısı, atı yulafla qarşılamaqdır. Amma bayram süfrəsinə o, maksimum dekorativ tərtibat qoyula bilər. At ət yemir. Odur ki, bu ərzağa mümkün qədər az yer verilməlidir. İdeal variant bayram süfrəsinə bir neçə vegetarian xörəyinin qoyulması olardı. Məsələn, içərisi pomidor və pendirlə doldurulmuş badımcan bişirmək olar. Atın sevimli yeməyinə Yeni il süfrəsində mütləq rast gəlinməlidir: almadan hazırlanmış müxtəlif qidalar, qara çörək, parça qənd. Həm bəzək vasitəsi, həm də yeməklərin əsas tərkibi kimi, göyərti, həmçinin kök və çuğundur salatı da yerinə düşərdi.
Geyim
Astroloqların sözlərinə görə, at nəcib heyvan olduğundan, Yeni il geyimləri və ya kostyumları yüksək keyfiyyətli, təbii materiallardan olmalıdır. Rəng baxımından aristokrat çalarlarına üstünlük verilməlidir: göy, yaşıl, boz, bənövşəyi. Ola bilsin, seçiləcək geyimi bədən ölçünüzə, formanıza uyğunlaşdırmalı olasınız, uyğun ayaqqabının tapılmasına xeyli vaxt sərf edəsiniz. Obraz düşünün, variantlar axtarın, məsləhətləri dinləyin. İstənilən halda, geyim əyinə ideal şəkildə "oturmalı", formasına və rənginə görə yaraşmalı, ən başlıcası, əhvalınıza əhval qatmalıdır.
MƏSLƏHƏT GÖR: