25 Noyabr 2024

Bazar ertəsi, 05:44

SƏRFƏLİ QONŞULUQ

Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafında əvəzedilməz rol oynamağa başlayıb

Müəllif:

24.12.2013

Rekord sürətdə iqtisadi inkişaf templərinə nail olmuş, regionun liderinə çevrilmiş Azərbaycan son illər  fəal xarici investisiya ekspansiyasına başlayıb. Bu gün ölkə qonşu dost ölkələrin iqtisadiyyatlarında da öz sözünü inamla deyir və buna sadəcə nəhəng nəqliyyat-tranzit layihələrinin təşəbbüskarı kimi nail olmur. İndi Azərbaycan həm də nəhəng müəssisələrin nəzarət səhm paketinə sahibdir. Eyni zamanda o, vacib layihələri idarə edir.

Bu mənada Azərbaycanın ən çox Gürcüstan iqtisadiyyatına töhfələr verdiyini söyləmək olar. Gürcüstan məhz Azərbaycanın sayəsində enerji resurslarının tranzitindən, SOCAR tərəfindən ödənilən vergilərdən və sairdən ciddi gəlirlər əldə etməkdədir. "Son 10 ildə dünyanın heç bir ölkəsi Gürcüstan üçün Azərbaycanın etdiklərini etməyib, bizə Azərbaycan qədər dəstək verməyib. Bizim tərəfdaşlarımız və dostlarımız çoxdur. Amma onların heç biri Gürcüstana Azərbaycanın etdiyi qədər köməklik etməyib", - deyə vaxtilə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirirdi.

Bu konteksdə, əlbəttə ki, söhbət, əsasən, maddi-iqtisadi dəstəkdən gedir. Son illərdə Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, sabit şəkildə ilk beşlikdə yer alır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə qurumu olan SOCAR Georgia isə Gürcüstanın vergi ödəyiciləri arasında ilk üçlükdədir. Bundan başqa, Bakı-Tbilisi-Qars və TANAP layihələrinin reallaşdırılması iki Cənubi Qafqaz ölkəsi arasında iqtisadi əməkdaşlığın statusunu nəzərəçarpacaq dərəcədə artıraraq, Azərbaycanın Gürcüstan iqtisadiyyatının inkişafındakı iştirak payını xeyli yüksəldəcək.

 

Regional tərəfdaş

Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya yatırılması prosesini genişləndirməsi, təxminən, 2005-2006-cı illərdən başlayıb. Amma iki ölkə nəhəng tranzit layihələri çərçivəsində o zamanadək də fəal şəkildə əməkdaşlıq edirdi. Məsələn, hələ 1999-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağının blokunun işlənilməsi üzrə tərəfdaşlar Bakı-Supsa xətti  ilə ilk neftin nəqlinə başlamışdılar və marşrutdan istifadəyə görə, Gürcüstanın dövlət büdcəsinə ilk tranzit ödəmələri edilmişdi. Bir neçə il sonra isə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri də istismara verildi. Bu, ölkələrin ciddi tranzit əhəmiyyətli dövlətlərə çevrilməsində katalizator rolunu oynadı.

Təxminən, eyni vaxtda Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsinin inşasına start verilməsi də təsadüf deyildi. Bu dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkəsini birləşdirəcək. Layihə Xəzər nəqliyyat dəhlizinin ən vacib hissələrindən biridir və onun tikintisi 2014-cü ildə başa çatdırılacaq. Dəmir yolunun istifadəyə verilməsindən sonra, Azərbaycan, Gürcüstan və Türkiyə arasında qarşılıqlı ticarət ciddi şəkildə artacaq, il ərzində ümumi yükdaşımaların həcmi 10 milyard dolları keçəcək.

"Bakı-Tbilisi-Qars Gürcüstan üçün ən vacib layihələrdəndir. Gürcüstan hökuməti hesab edir ki, bu layihə mütləq davam etdirilməlidir. Bu layihənin reallaşdırılmasına heç bir təhlükə yoxdur", - deyə Gürcüstanın sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kvirikaşvili bildirirdi.

Bu yerdə xatırlatmaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün ayrılmış 220 milyon dollarlıq kredit Azərbaycanın tərəfdaş ölkəyə ayırdığı ilk böyükhəcmli kreditdir. Üstəlik, Bakı onu Gürcüstana kifa-yət qədər güzəştli şərtlərlə verib (illik 1% ilə 25 il müddətinə). Sonradan Gürcüstan üçün bu layihəyə ayrılan kreditin həcmi dəfələrlə artırılıb və hazırda o, 775 milyon dollar təşkil edir.

Ədalət naminə qeyd edək ki, sadalanan layihələri yalnız Gürcüstanla Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığa aid etmək doğru olmazdı. Bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında kifayət qədər uğurlu üçtərəfli əməkdaşlığın nəticəsidir. O, digər nəhəng layihələrin reallaşdırılması ilə də davam etdiriləcək. Söhbət TANAP və TAP qaz kəmərlərinin inşasından gedir. İlkin hesablamalara görə, onların reallaşdırılması Gürcüstana 2 milyard dollar investisiya yatırılmasına yol açacaq.

Gürcüstanın enerji naziri Kaxa Kaladzenin sözlərinə görə, onun ölkəsi Azərbaycanın "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsindən 400-700 milyon dollar investisiya gözləyir. Bununla yanaşı, Gürcüstan bu mərhələdə əlavə təbii qaz da əldə edəcək. K.Kaladze bildirib ki, bu layihənin reallaşdırılması zamanı Gürcüstan ərazisində 2000 yeni iş yeri açılacaq və onlardan, təxminən, 130-u daimi iş yeri olacaq.

Göründüyü kimi, Azərbaycanın üçtərəfli formatda belə, Gürcüstan iqtisadiyyatının inkişafına verdiyi töhfələr kifayət qədər böyükdür. Bu, xüsusilə hazırkı dövrdə hiss olunur - bu ölkəyə birbaşa investisiya qoyuluşlarının həcmi artır, SOCAR respublikanın qazlaşdırılmasında iştirak edir, Azərbaycan Gürcüstanın enerji təchizatı ilə bağlı problemlərinin həllinə dəfələrlə yardım göstərib və sair.

"Soyuq qış günlərində bizi Azərbaycanın fədakarlığı xilas etdi. Bu, müəyyən mənada gürcü xalqının, Gürcüstan dövlətçiliyinin xilası idi", - deyə Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci ilin yanvarını xatırlayaraq bildirirdi. Xatırladaq ki, həmin vaxt Gürcüstan qəflətən elektrik enerjisiz və qazsız qalmışdı. O anda Azərbaycan gürcü xalqından öz yardımını əsirgəməmişdi.

 

Əsas tədarükçü

Bu gün SOCAR Gürcüstana neft və neft məhsullarının, həmçinin təbii qazın əsas tədarükçüsüdür.

Bu ilin sonunadək Gürcüstanda SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 120-ni keçməlidir. Bununla yanaşı, SOCAR Georgia Petroleum Gürcüstanda topdansatış bazarının inkişafına 200 milyon dollardan artıq sərmayə yatırıb.

Neft məhsullarından danışarkən SOCAR-ın iştirakı ilə həyata keçirilmiş daha bir nəhəng layihəni yada salmaq olar. 2007-ci ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə qurumu Kulevidə neft terminalını alaraq, onun tikintisinin başa çatdırılması və müasirləşdirilməsinə 350 milyon dollardan artıq vəsait xərcləyib. Buraxılış gücü ildə 10 milyon ton neft və neft məhsulları olan terminal vasitəsilə onlar Azərbaycandan dünya bazarlarına ötürülür. Bundan başqa, şirkət hazırda Gürcüstanda dəyəri 700 milyon dollar olan karbamid zavodu da tikir.

Güman ki, SOCAR-ın Gürcüstan bazarına enerji resurslarının tədarükçüsü kimi ən vacib layihəsi ölkənin qazlaşdırılmasında iştirakıdır. 2008-ci il noyabrın 18-də iki ölkənin hökumətləri arasında 5 il ərzində Gürcüstanla Azərbaycan qazının nəqlinə dair memorandum imzalanıb. Sənədə əsasən, SOCAR Gürcüstanın qaz resurslarının bölüşdürülməsinə nəzarət hüququ əldə edib. Bundan sonra isə Gürcüstanın 22 rayonunda qazpaylacıyı şəbəkənin distribüterliyi təmənnasız olaraq ona verilib.

İnvestisiya proqramı çərçivəsində SOCAR Georgia 2009-2012-ci illərdə 166 mindən artıq abonentin qazlaşdırılmasını həyata keçirib və bu işə 136 milyon dollar investisiya qoyub. 2012-ci ildə isə SOCAR Georgia Gaz ölkə ərazisində 1430 kilometr yeni qaz xətti çəkib. Hazırda törəmə müəssisə Gürcüstanın 176,8 min abonentini təbii qazla təmin edir.

Gürcüstanın Energetika Nazirli-yinin və qazpaylayıcı şirkətinin planına əsasən, 2014-cü ilin sonunadək ölkə miqyasında 86 min ailə qazla təmin olunacaq. Bu planın reallaşdırılmasından sonra, əlavə olaraq 252 kənd də qazlaşdırılacaq, yeni infrastrukturun yaradılmasına 10 milyonlarla dollar xərclənəcək.

Aydındır ki, bu cür layihələr yaxın perspektivdə xərcini ödəməyəcək və demək, Azərbaycanın ən azı yaxın dövrlərdə onlardan böyük gəlirlər götürəcəyini gözləmək olmaz. Bu mənada, SOCAR bəlkə də iqtisadi baxımdan çox effektiv addım atmasa da, bu, iki ölkə arasında münasibətlərin inkişafı nöqteyi-nəzərindən çox qiymətli və düzgün addımdır. Hər halda, bu ilin noyabrından başlayaraq, 12 ay ərzində şirkət Gürcüstanda bütün dinlərə aid dini strukturları təmənnasız olaraq qazla təmin edəcək.

Bir daha xatırladaq ki, Gürcüstana köhnə və yeni boru xətləri  ilə nəql olunan təbii qaz da əsasən Azərbaycana məxsusdur. Yalnız 2013-cü ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 978,16 min ton (neft ekvivalentində) təbii qaz idxal edib. Bu, 178,7 milyon dollar edir. Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür. Gürcüstanın bu kateqoriyadan olan yanacaq növü idxalında Azərbaycanın payı 83,25%-dir. 

 

Milyarda yaxınlaşırıq

Azərbaycanın qonşu respublikanın enerji resursları bazarındakı əhəmiyyətli roluna baxmayaraq, o, fəaliyyətini yalnız bu sahə ilə məhdudlaşdırmır. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin sözlərinə görə, Azərbaycan Gürcüstanın tikinti sektoruna da ciddi investisiyalar yatırıb. "Bu gün Tbilisinin mərkəzində Kür çayı boyunca gözəl yeni yaşayış massivi salınır. Bu işlər Azərbaycan sahibkarlarının investisiyası hesabına görülür. Bundan başqa, Tbilisidə 1, Batumidə isə 2 otel inşa olunur", - deyə səfir qeyd edib.

Batumiyə diqqət təsadüf deyil: Gürcüstanın Acarıstan Muxtariyyətinin paytaxtı azərbaycanlı turistlərin sevimli istirahət məskənlərindəndir. Azərbaycan istirahət üçün Gürcüstana üz tutan turistlərin sayına görə, 3-cü yerdədir. Bu ilin ilk 8 ayında bu ölkəyə 3 milyon 568 min turist baş çəkib. Bu, ötən illə müqayisədə 26% deməkdir. İlin sonunadək Gürcüstana 5 milyon turistin baş çəkəcəyi gözlənilir. 2013-cü ildə bu ölkəyə səfər etmiş turistlərin 15%-i azərbaycanlılardır. Mütəxəssislərin fikrincə, hər il Gürcüstana 700 min azərbaycanlı turist üz tutur. Onlar bu ölkədə, ən azı, 200 milyon dollar xərcləyirlər.

İnvestisiyalara qayıdaraq, bir daha xatırladaq ki, Azərbaycan 2013-cü ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına birbaşa investisiya yatırmış ilk 5 ölkənin sırasındadır. "Qruzstat"ın (milli statistika xidməti) məlumatına görə, 2013-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 60,5 milyon dollar təşkil edib. Bu, ilin ilk yarısında respublika iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 13,19%-ni təşkil edir.

Ümumilikdə son ilyarımda Azərbaycan biznesi Gürcüstan iqtisadiyyatına 210 milyon dollar investisiya qoyub. Gürcüstanda 300 Azərbaycan şirkəti, Azərbaycanda isə 150 gürcü şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətlərinin, o cümlədən SOCAR-ın bu ölkədəki fəaliyyəti orada 7700 yeni iş yerinin açılmasına imkan verib. Azərbaycan Gürcüstanın iqtisadi tərəfdaşları arasında Türkiyədən sonra ikinci yeri tutur.

Bütün bu investisiyalar və layihələr iki ölkə arasında ticarət dövriyyəsinin də ciddi şəkildə artmasına yol açıb. Bundan əvvəlki 15 il ərzində bu dövriyyənin həcmi 150 milyon dolları keçmirdisə, 2007-ci ildə bu, 300 milyona çatdı. 2013-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 958 milyon dolları ötüb. Bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 12,6%-dir. Bu göstəriciyə görə Azərbaycan 2-ci yeri tutur. İlk yerdə Gürcüstanla ticarət dövriyyəsi 1,08 milyard dollar olan Türkiyə gəlir.

Beləliklə, 2013-cü ilin sonunadək Azərbaycan bu siyahıda tarixi 1 milyard dollarlıq həddi keçərək, ilk yerə yüksələ bilər. Bu halda o, nəinki əsas investorların ilk üçlüyündə, həm də Gürcüstanın iqtisadi-ticari tərəfdaşları arasında yerini möhkəmləndirəcək.



MƏSLƏHƏT GÖR:

591