Müəllif: Nadir XOSROVOĞLU Bakı
İnsan idman aləmindən nə qədər uzaq olsa da, milli komandanın meydanda mübarizəsinə biganə qala bilməz. Bu mənada 2013-cü il azərbaycanlıların yaddaşına daha çox sevincli dəqiqələrlə düşdü. Ötən il ölkəmiz şahmat, futbol, cüdo, boksda mühüm uğurlar qazandı. Sözsüz ki, 2013-cü il həm də Avropa Oyunlarına hazırlıqla yadda qalacaq. Ötən il mötəbər yarışın rəsmi loqosu təqdim olundu və Avropa Oyunlarının proqramı açıqlandı. 2013-cü il həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdən ibarət komandalarımız Vətənə çoxlu sayda qələbə bəxş etdi.
"R+" ilin yekunlarına nəzər salaraq, Azərbaycan idmanının ən böyük qələbələrini yenidən xatırlatmaq qərarına gəlib.
Rəsmi məlumatlara əsasən, 2013-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 782 medal qazanıb. Bu medallardan 280-i qızıl, 233-ü gümüş, 269-u bürünc olub. Olimpiya növlərində isə 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) əldə edilib.
Qeyd edək ki, 2012-ci ildə idmançılarımızın medal sayı cəmi 735, Olimpiya növlərində isə 273 olub.
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nüma-yəndə heyəti 53 idmançı ilə təmsil olundu və 24 medalla (6 qızıl, 9 gümüş və 9 bürünc) komanda hesabında 7-ci yeri tutdu. 3 dəfə təxirə salınan İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı bir o qədər də qənaətbəxş olmadı. İndoneziyanın qədim Palembanq şəhərində keçirilən yarış bir sıra nöqsanlarla yadda qaldı. Palembanqda altı dəfə Azərbaycanın Dövlət Himni səsləndirildi - İslam Oyunlarının qalibi adını karateçilər Ayxan Mamayev (84 kq), Rəfael Ağayev (75 kq) və əlbəyaxa döyüşçülərdən ibarət komanda, həmçinin 200 metr məsafəyə arxasıüstə üzmədə Boris Kirillov, üçtəkanla uzunluğa tullanmada Yekaterina Sarıyeva və 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov qazandılar.
Tatarıstanın paytaxtı Kazanda təşkil edilən tələbələrin 27-ci Ümumdünya Universiadası gərgin mübarizə və maraqlı anlarla yadda qaldı. 150-dən çox ölkənin iştirak etdiyi ənənəvi mübarizədə Azərbaycan 75 idmançıyla təmsil olundu. 10 günlük yarışın yekununda idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar. Güləş, ağır atletika üstəlik, yüngül atletika növlərində uğurlarımız çox oldu. Yunan-Roma güləşində Rəsul Çunayev fenomenal qələbə qazandı. Ardıcıl qələbələrdən sonra finala adlayan təmsilçimiz həlledici görüşdə rusiyalı Olimpiya çempionunun kürəyini yerə vurdu. 59 kq-da yarışan Yuliya Ratkeviç bütün rəqiblərinə asanlıqla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ağır atletikada Firudin Quliyev layiqli olaraq perspektivli idmançı sayıldığını təsdiqlədi. Həmyerlimiz 69 kq-da universiadanın qızıl medalını qazandı. Yüngül atletikada Xayle İbrahimov 5000 metr məsafəyə qaçışda yüksək fədakarlıq nümayiş etdirməklə əsas rəqiblərini arxada qoydu. Final mərhələsində də finişə birinci çatan atlet komandamız üçün qızıl medal qazandı.
Azərbaycanın futbol yığması 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələsində iştirakını başa vurdu. Futbolçularımız uğursuz başladığı mərhələni rekord nəticələrlə başa vurdu. Milli tarixində ilk dəfə 9 xal topladı, FİFA reytinqində 19 pillə irəliləyərək 88-ci pilləyə yüksəldi. Sözsüz ki, komandamız Şimali İrlandiya ilə oyunda əsl fədakarlıq nümayiş etdirdi. Rüfət Dadaşov və Mahir Şükürovun qolları sayəsində 2:0 hesablı qələbə qazanan yığma azarkeşlərə hədsiz sevinc bəxş etdi. Rusiya ilə prinsipial oyunda isə Vaqif Cavadovun son dəqiqələrdə vurduğu qol hesabımıza 9-cu xalı yazdı. Son 2 oyunda 4 xal yığmamıza ilk dəfə qrupda 4-cü pillədə qərarlaşmaq imkanı verdi. Avrokuboklarda klublarımızdan yalnız "Qarabağ" fərqləndi. Ardıcıl üç mərhələ keçən Ağdam təmsilçisi pley-offda "Ayntraxt"a məğlub oldu. Digər klublar isə Avrokubokların ilkin mərhələlərində çıxışlarını dayandırıb.
Minskdə keçirilmiş boks üzrə 40-cı Avropa Çempionatı Azərbaycan yığması üçün əsl sınaq oldu. Yekunda dəri əlcək ustaları onlara bəslənilən ümidləri doğrultdu. Turnirə 10 boksçu ilə yollanan Azərbaycan milli komandası 4 medal qazandı: Məhəmmədrəsul Məcidov (+91 kq) Vətənə çempion kimi, Teymur Məmmədov (91 kq) gümüş, Salman Əlizadə (49 kq) və Elvin Məmişzadə (52 kq) isə bürünc medalla döndü.
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə XVII Dünya Çempionatında Azərbaycan millisi üçüncü yeri tutub. İlk dəfə Azərbaycan yığmasının iki təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, biri isə bürünc medalla kifa- yətləndi. Mötəbər yarışda Məhəmmədrəsul Məcidov (+91 kq) və Cavid Çələbiyev (56 kq) dünya çempionu adını qazanıb, Teymur Məmmədov (91 kq) üçüncü olub. Nəzərinizə çatdıraq ki, Azərbaycan boksçuları hələ heç vaxt mundialda belə yüksək nəticə göstərməyib.
Sankt-Peterburqda start verilən qarışıq döyüş növləri üzrə 1-ci rəsmi Dünya Çempionatı Azərbaycan idmançılarının uğurlu nəticələri ilə yadda qaldı. 38 ölkənin iştirak etdiyi yarışda Azərbaycan MMA Liqasını təmsil edən döyüşçülər 1 qızıl və 1 gümüş medal qazandı. 70 kq-a qədər kateqoriyada çıxış edən Etiqad Atakişiyev ardıcıl 5 görüşdə qələbə qazanmaqla ölkəmizə idmanın bu növündən ilk qızıl medalı gətirdi. 93 kq çəki dərəcəsində yarışan Zaur Hacıbabayev isə yalnız finalda uduzmaqla gümüş medalla kifayətləndi.
Azərbaycan bədii gimnastları Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazandılar. Dünya Kubokunda layiqincə çıxış edən zərif cinsin nümayəndələrinin ardınca Avropa Çempionatında qrup hərəkətləri üzrə millimiz fəxrü kürsünün ikinci pilləsinə yüksəldi. Qitə birinciliyində həm rəqabət, həm də favoritlərin sayı digər turnirlərdən fərqlənir. Bu mənada gimnastlarımızın çətin sınaqdan qalib ayrıldığını söyləmək olar.
Braziliyada keçirilən cüdo üzrə Dünya Çempionatında qazanılan nəticə Azərbaycan idman tarixinə qızıl hərflərlə yazıldı. Mundialda 8 idmançıyla çıxış edən millimiz 1 qızıl və 1 bürünc medal qazanmaqla yüksək nəticə göstərdi. Tatami ustalarımız komanda hesabında 7-ci olmaqla cüdoda yeni səhifənin açılmasına səbəb oldu. Turnirin ilk günündə Orxan Səfərovun bürünc medal qazanması böyük əksəriyyət üçün gözlənilməz oldu. İnamlı çıxış edən Orxan bir il əvvəl gənclər arasında əldə etdiyi nailiyyəti böyüklərlə mübarizədə də təkrarladı. Bütün Azərbaycanı sevindirən qələbə yarışın son günü qazanıldı. Elxan Məmmədov qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək, kürsünün qızıl pilləsinə yüksəldi və cüdoda dünya çempionu adını qazanan ilk azərbaycanlı kimi idman tarixinə düşdü.
Macarıstanın Budapeşt şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının finalında paralimpiya yığmamız Ukrayna komandasına qalib gələrək (3:2) birinci yerə çıxdı. Fərdi yarışlarda 5 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan idmançılarımız həm də Avropanın ən güclü komandası oldu. Qeyd edək ki, bütün rəqiblərinə qalib gələn İlham Zəkiyev (100 kq-dən artıq çəkidə) bu yarışda 5 qat (2005, 2007, 2009, 2011, 2013) Avropa çempionu oldu. Cüdoçu ikiqat paralimpiya (2004, 2008) və ikiqat dünya (2007, 2010) çempionudur.
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən sürətli şahmat üzrə Dünya Çempionatı azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatdı. İsveçrə sistemi ilə 15 turdan ibarət çempionatın sonunda həmyerlimiz 11.5 xalla bütün rəqiblərini qabaqladı. Sürətli şahmat üzrə Dünya Çempionatında qızıl medal qazanan həmyerlimizin növbəti uğuru Çində qeydə alındı. Şəhriyar Çinin paytaxtı Pekində keçirilən kişilər arasında Qran-pri silsiləsinin beşinci mərhələsini qalib kimi başa vurdu. Şahmatçımız dünyanın 12 güclü beynəlxalq qrossmeysterinin iştirak etdiyi turnirdə 7 xal toplamaqla həmkarlarını arxada qoydu. Pekindəki qələbə sayəsində Şəhriyar 170 xal qazandı. Bununla da həmyerlimiz karyerasında ikinci dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirakını rəsmiləşdirdi.
Kişi şahmatçılarımızdan ibarət millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa Çempionatın-da qızıl medal qazandı. Bu ardıcıl dörd qitə birinciliyində medal qazanan komandamızın layiqli qələbəsi oldu. Qeyd edək ki, Avropada ardıcıl 4 çempionatda medal qazanan ikinci komanda yoxdur. Yalnız Azərbaycan şahmatçıları bu uğura nail olub.
Fransanın paytaxtı Parisdə karate üzrə 21-ci Dünya Çempionatı keçirildi. Azərbaycan karateçiləri yarışda 2 gümüş və 1 bürünc medal qazandı. Ümumi komanda hesabında yığmamız 113 ölkə arasında 8-ci yeri tutub. Dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış edən Rəfael Ağayev, eləcə də Şahin Atamov gümüş medala layiq görüldü. Ayxan Mamayev bürünc qazandı. Macarıstanda keçirilən 48-ci Avropa Çempionatında rəqiblərinə şans verməyən karateçimiz Rəfael Ağayev WKF növü üzrə növbəti Avropa çempionluğunu qazandı.
Polşanın Vrotslav şəhərində ağırlıqqaldıranlar arasında Dünya Çempionatı baş tutub.
69 kq-da çıxış edən gənc atlet Firudin Quliyev ümumi hərəkətin cəmində 337 kq-ın (143+194) öhdəsindən gələrək bürünc mükafat qazandı. Birdənqaldırmada son cəhddə 194 kq sifarişi yerinə yetirən təmsilçimiz "kiçik qızıl"la yeni dünya rekordunu müəyyənləşdirdi. Digər idmançılarımızdan Kristina Yovu (53 kq) gümüş medala yiyələndi, Valentin Xristov (62 kq) 4-cü yer tutdu.
Taekvondoçularımız Meksikada keçirilən Dünya Çempionatında iştirak etdi. Fəridə Əzizova və Radik İsayev bürünc medal qazandılar. Gənclərin Avropa Çempionatında Məhəmməd Abdullayev qızıl, Ayxan Tağızadə gümüş, Yusif Hüseynli ilə Elnur Məhərrəmov bürünc medala layiq görüldü.
Macarıstanda keçirilən güləş üzrə Dünya Çempionatı pəhləvanlarımız üçün uğurlu olmadı. Ardıcıl bir neçə il Vətənə yeni çempionlarla qayıdan komanda bu dəfə qızıl medala həsrət qaldı. Sərbəst, yunan-Roma və qadın güləşi yığmalarımız, ümumilikdə, 4 medal - 2 gümüş və 2 bürünc medal qazandı. Bunlardan iki medalı yunan-Roma güləşində Saman Təhmasibi (gümüş medal) və Şalva Qadabadze (bürünc medal) qazandı, bir gümüş medalı sərbəst güləşçimiz Xetaq Qazyumov, bir "bürüncü" isə qadın güləşçimiz Yuliya Radkeviç əldə etdi.
2013-cü ildə Azərbaycanın idman mənzərəsini bu nailiyyətlər formalaşdırdı. Qarşıda isə bizi daha məsuliyyətli 2014-cü il gözləyir. Bu il Soçidə keçiriləcək Qış Olimpiadası və Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə əlamətdar olacaq. Doğrudur, obyektiv səbəblərdən Qış Olimpiadasında azərbaycanlı idmançılardan ciddi uğur gözləmirik, futbol üzrə Dünya Çempionatında isə hələlik əvvəlki kimi başqa komandalara azarkeşlik etməli olacağıq. Bununla belə, Azərbaycan idmanının pərəstişkarları idmançılarımızın maraqlı mübarizə anlarını müşahidə edə biləcəklər. Axı yeni mövsümdə Avropa Oyunlarına lisenziya xarakterli yarışlar başlayır və onlardan bəzilərinə Bakı ev sahibliyi edəcək.
GƏNCLƏR və İDMAN NAZİRLİYİNİN VERSİYASINA GÖRƏ, AZƏRBAYCANIN İLİN YEKUNLARINA GÖRƏ 10 ƏN YAXŞI İDMANÇISI
Məhəmmədrəsul Məcidov (boks, dünya və Avropa çempionu)
Cavid Çələbiyev (boks, dünya çempionu)
Elxan Məmmədov (cüdo, dünya çempionu)
Orxan Səfərov (cüdo, Dünya Çempionatının bürünc mükafatçısı)
Xetaq Qazyumov (sərbəst güləş, Dünya Çempionatının gümüş mükafatçısı)
Teymur Məmmədov (boks, Dünya Çempionatının bürünc mükafatçısı)
Firudin Quliyev (ağırlıqqaldırma, Universiadanın qalibi, Dünya Çempionatının üçüncüsü)
Radik İsayev (taekvando, Dünya Çempionatının bürünc mükafatçısı)
Rəfael Ağayev (karate, Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi)
İlham Zəkiyev (pararlimpiyaçı, Avropa çempionu)
MƏSLƏHƏT GÖR: