14 Mart 2025

Cümə, 20:50

İMPROVİZƏ KRALI

Lütfəli Abdullayev özünün misilsiz yaradıcı irsi ilə ürəklərdə yaşayır

Müəllif:

07.01.2014

1973-cü ilin dekabrıydı. Aktisa Nəsibə Zeynalova ilə dəvət olunduğu Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti - Z.F.) keçirilən görüşdən qayıtmışdı Lütfəli Abdullayev. Şam yeməyindən sonra bir-bir dost-tanışlarına zəng vurmağa başlamışdı. Telefonda ən son danışdığı şair Bəxtiyar Vahabzadə oldu: "Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa, de çatdırım", - söylədi. Deyəsən, onun sözlərindən bir şey anlamadı Bəxtiyar Vahabzadə. Lütfəli Abdullayev dəqiqləşdirməli oldu: "Atan Mahmudu deyirəm də".

Onların ikisi də şəkiliydi. Duzlu-məzəli zarafatları var idi. Yəqin, o gün şair də aktyor dostunun, həmyerlisinin sözlərini ciddi qəbul eləmədi. Bir az da söhbət edib, sağollaşdılar.

...O gecə son dəfə ömür kitabını vərəqləyirdi Lütfəli Abdullayev. 1914-cü ilin 22 martında Nuxa (indiki Şəki) şəhərində başlanan ömür yolu onu hardan haralara gətirmişdi... Ata ocağı düşmüşdü yadına. Ailədə 3 qardaş, 3 bacı idilər. Atası Əmir İrana gedib-gəlir, xalça alveri eləyirdi. Anası evdar qadın idi. Lütfəli Şəkidə yeddillik məktəbi bitirdi. Bir neçə ay Şəki fəhlə klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda iştirak etdi.

Bakıya üz tutanda 14 yaşındaydı. 1928-ci ilin sentyabrı idi. Xəyalında bir dünya qurub gəlirdi Bakıya. Hələ də bir neçə ay öncə bu şəhərdən Şəkiyə gedən aktyor truppasının göstərdiyi tamaşanın təsiri altındaydı. Aktyorlar Hüseynqulu Sarabski, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əhməd Anatollu o unudulmaz yay axşamında şəkili teatrsevərlərin qarşısına Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettası ilə çıxdılar. Aktyorların peşəkarlığı, musiqinin mükəmməlliyi 14 yaşlı Lütfəlini heyran etdi. Tamaşa bitdi. Lütfəli səhnə arxasına keçmək, artistlərlə görüşmək istəyirdi. Küçəyə çıxan Əhməd Anatollunu görəndə sanki ona dünyanı bağışladılar. Aktyor Lütfəlini yanına çağırdı, onunla danışdı. Lütfəli Əhməd Anatollunu evlərinə dəvət elədi.

Oaxşamkı söhbətləri təkcə "Arşın mal alan" tamaşasından olmadı. Gənc, həvəskar aktyor təcrübəli aktyora fəhlələrlə birlikdə tamaşalarda iştirak etdiyindən fərəhlə danışdı. Əhməd Anatollu onun teatr sənətinə olan böyük məhəbbətini duydu. Bir az sınaqdan da keçirtdi. İstedadına əmin olduqdan sonra, Lütfəli Abdullayevə məsləhət gördü ki, Bakıya gəlib burada musiqi təhsili alsın, görkəmli sənətkarlardan bu sənətin incəliklərini öyrənsin.     

...Bakıda dayısı oğlunun evində qalırdı. 1928-ci ilin payızından Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak etməyə və professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olmağa başladı. Müsabiqə ilə Opera və Balet Teatrının xor truppasına qəbul edildi. Çox keçmədi ki, yardımçı aktyor kimi sözsüz və epizodik rollarda oynamağa başladı.

1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü keçirildi. Lütfəli Abdullayev də Opera və Balet Teatrının aktyorları ilə birlikdə həmin tədbirdə iştirak etdi.

Həmin ildə - 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul olundu. 1949-cu ilin yazında maliyyə çətinliyi üzündən teatr fəaliyyətini dayandırdı. Lütfəli Abdullayev Milli Dram Teatrında işləməyə başladı. Bu teatrın səhnəsində "Kimdir müqəssir?"də Rəşid, "Köhnə dudman"da Tağı, "Çiçəklənən arzular"da Nadir oldu. İki ildən sonra Azərbaycan Dövlət Filarmoni-yasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasına keçdi.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri 1956-cı ildə yenidən fəaliyyətə başladı. Teatrın bədii rəhbəri Şəmsi Bədəlbəyli idi. Lütfəli Abdullayev Musiqili Komediya Teatrının çox sevilən aktyorlarından biri oldu. O, Vəli ("Arşın mal alan"), Kəblə Heydər ("Evliykən subay"), Qulu ("Əlli yaşında cavan"), Kərim ("Lənkəran xanının vəziri", Qulaməli ("Dərviş Məstəli şah"), Qoşun ("Toy kimindir?"), Qəhrəman ("Gözün aydın"), Dilavərzadə ("Rəisin arvadı"), Hacı Kərim ("Hacı Kərimin Aya sə-yahəti"), Səbrəli ("Bizə bircə xal lazımdır"), Məmmədəli ("Məmmədəli kurorta gedir"), Mitoş ("Hicran") Trufaldino ("İki ağanın bir nökəri", Hacı Qara ("Hacı Qara"), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote") və başqa rolları ilə Azərbaycan teatr sənətində əbədi izlər qoydu.

Lütfəli Abdullayev istedadlı aktyor idi. Teatr səhnəsinə çıxdığı andan tamaşaçıların diqqət mərkəzində olurdu. Aktyorluq məharəti ilə ifa etdiyi hər bir rola öz möhürünü vururdu. Kinoaktyorluq fəaliyyəti də beləcə, çox uğurlu alındı. İlk dəfə 1945-ci ildə "Arşın mal alan" filmində Vəli roluna çəkildi. Elə birinci addımdaca ona şöhrət gətirən bu rola görə 1946-cı ildə "SSRİ Dövlət mükafatı"na (o vaxtlar Stalin mükafatı adlanırdı - Z.F.) layiq görüldü. 1956-cı ildə "O olmasın, bu olsun"da Baloğlan, 1960-cı ildə "Qəribə əhvalat"da Kefcilov, 1962-ci ildə "Payız konserti"ndə konsert təşkilatçısı, 1963-cü ildə "Əhməd haradadır"da Zülümov, 1964-cü ildə "Ulduz"da Məhəmməd kimi ölməz obrazlar yaratdı. O, öz oyunu ilə bir daha təsdiq etdi ki, rolun böyüyü, kiçiyi yoxdur, aktyorun istedadlısı, istedadsızı var.

Lütfəli Abdullayev cəmi altı filmə çəkildi. Teatr tamaşaçı ilə aktyor arasında olan canlı ünsiyyət baxımından onun üçün daha cəlbedici idi. Elə buna görə də "Mən tamaşaçını görmə-yəndə, hiss etməyəndə özümü aktyor saya bilmirəm", - deyirdi.

İstər teatrın səhnəsində, istərsə də filmlərdə tərəf-müqabilləri çox oldu. Ancaq onların arasında Nəsibə Zeynalovanın yeri başqaydı. Lütfəli Abdullayev tamaşalar zamanı improvizələr etməyi sevirdi. Tərəf-müqabili Nəsibə Zeynalova olanda bilirdi ki, aktrisa onu bircə baxışdan, bircə kəlmədən anlayacaq. Lütfəli Abdullayev deyirdi: "Mən ən çox Nəsibə ilə yaxşı tərəf-müqabili ola bilirəm. Çünki bir söz atan kimi, o, sözümü dərhal tutur. Bunu başqa heç kim edə bilmir". Nəsibə xanım da danışırdı ki, bəzən səhnədə elə vəziyyət yaranırdı, biz tamaşadan kənara çıxmalı olurduq. Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi. Bəzən eyni tamaşanı günlərlə oynayırdıq, yorulmaq bilmirdik. Nəsibə xanım onu da deyirdi ki, rayonlara qastrol səfərinə gedəndə Lütfəlini qabağa salırdıq. Çünki onu hər yerdə böyük hörmət və ehtiramla qarşılayırdılar.

Lütfəli Abdullayev 1943-cü ilin 17 iyununda yaradıcılığındakı uğurlara və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə Əməkdar artist, 1960-cı ilin 24 mayında isə Xalq artisti fəxri adlarına layiq görüldüı.

Onu Azərbaycanın Çarli Çaplini adlandırırdılar. Sənətdə hər gün yeni-yeni uğurlar qazanır, məşhurlaşır, sevilirdi. Ancaq yaşı ötsə də, evlənmirdi. Səbəbi maddi imkansızlıq deyildi. 1948-ci ildə ona teatrdan ev də vermişdilər. Qazancı da pis deyildi. Könlünə sonunadək söz keçirə də bimirdi Lütfəli Abdullayev. Bir sevdaya tutulmuşdu. Alman dili mütəxəssisi Sevda xanıma aşiq idi. Sevda Pepinova ilə 1943-cü ildə tanış olmuşdu. Müharibənin ağır illəriydi. Musiqili Komediya Teatrının yaxınlığındakı yeməkxanada incəsənət adamlarına xüsusi vəsiqə ilə yemək payı verirdilər. Aktyor Lütfəli Abdullayev özünün, Sevda xanım isə Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi olan anası Xurşid Ağayevanın vəsiqəsi ilə bura gəlirdilər. Bir gün Lütfəli Abdullayev onu "Ürəkaçanlar" tamaşasının premyerasına dəvət etdi.

Bir neçə ay gizli görüşdülər. Şa-yiələr qızın evinə qədər ayaq açdı. Lütfəli Abdullayev elçilərini Sevda xanımgilə göndərdi. Sevda xanımın babası Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycanın ilk əmək naziri olmuşdu. Tanınmış publisist, ictimai xadim Ömər Faiq Nemanzadə dayısı oğluydu. Böyük türkçü olduqlarına, doğma milləti azad görmək istədiklərinə görə, Sovet hakimiyyəti onların həyatını məhv etmişdi. Sevda xanım nənəsi Xədicə xanımın ümidinə qalmışdı. Bu əsilli-nəcabətli, məğrur xanım sadə bir ailədən çıxmış aktyorun onu nəvəsinə elçi düşməsindən hiddətləndi. Onun "yox" cavabı Lütfəli Abdullayevin ümidini qıra bilmədi. Ancaq elçiləri hər dəfə əliboş qayıdırdı. Bundan sonra da beş il görüşdülər. Lütfəli Abdullayevin qoşulub-qaçmaq təklifini Sevda xanım qəbul etmədi, əziyyətlərinə qatlaşan nənəsinin üzünə ağ ola bilmədi. Ayrıldılar. Sevda xanım Hacımurad İbrahimbəyli adlı bir generalla ailə qurdu.

Musiqili Komediya Teatrının müvəqqəti bağlandığı, Lütfəli Abdulla-yevin Milli Dram Teatrında çalışdığı günlər idi. O, bu teatrın bufetində işləyən qadınla qeyri-rəsmi evləndi. Turqut adlı oğlanları oldu. Amma onlar bir-birlərindən ayrı xoşbəxt ola bilmədilər. Sevda Pepinovanın ailə həyatı uğursuz oldu, 4 ay sonra nənəsinin evinə döndü.

1957-ci il idi. Son görüşlərindən xeyli vaxt keçirdi. Bir gün ürəyi Lütfəli Abdullayevi bir an belə unutmadığı Sevdasının yanına, onun işlədiyi Xarici Dillər İnstitutuna apardı...

Bu sevdanın yolunda onlar çox əziyyət çəkdilər, 13 il ayrılıq əzabına dözdülər və nəhayət, tale üzlərinə güldü. Xədicə xanımın xeyir-duası ilə evləndilər. Xurşid və Gülnarə adlı iki qızları oldu.

Ailədə çox xoşbəxt idi Lütfəli Abdullayev. Onu sevən, anlayan həyat yoldaşı, iki mehriban qızı var idi. Səhnədə komik rolların ifaçısı kimi tanınan aktyor evdə ciddi ailə başçısı və tələbkar ata idi. Amma onun ailəcanlığını, qayğıkeşliyini görən Xədicə xanım son günlərində etiraf etdi: "Mənim həyatda bir səhvim var ki, Lütfəlini vaxtında tanımamışam".   

Lütfəli Abdullayev bacardığı qədər hər kəsə kömək əlini uzadar, yardım edərdi. Bir xasiyyəti də var idi: istəyirdi ki, evi qonaqlı olsun. Müdrikliyi, hazırcavablığı, şirin söhbətləri, zarafatları Lütfəli Abdullayevə dostlar qazandırmışdı. Dostlarının arasında Azərbaycanın məşhur sənət adamları da çox idi.

Həyat sevgisi güclü olan, bu üzügülər insanın canındakı ağrılardan çoxunun xəbəri yox idi. Qanında şəkər xəstəliyi tapılanda həkim ona pəhriz saxlamağı məsləhət gördü. Aktyor soruşdu: "Deyirsən, mən ölməyəcə-yəm?". Özü də öz sualına cavab verdi: "Onsuz da öləcəyəm, qoy, heç olmasa tox ölüm".

...O, gecə saat 1-ə işləmiş ürək ağrısından şikayət edəndə də əvvəl elə bildilər şəkər xəstəliyindəndir. "Təcili yardım" çağırdılar. Şəmsi Bədəlbəyli Moskvaya zəng etdi. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma bu dəfə gələn ağrılar nə ürəyindən, nə də şəkər xəstəliyindən imiş. Beyninə qan sızıbmış. Bunu həkimlər də sonradan dərk elədilər...

Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da dünyasını dəyişdi. O günü həyatının ən gözəl günlərindən biri kimi gözləyirdi. Çünki həmin gün çox sevdiyi Sevdasının növbəti doğum gününü qeyd edəcəkdilər... Sevda xanım ondan sonra 30 il yaşadı. Və heç bir zaman həyat yoldaşının yoxluğuna alışa bilmədi. Ömrünün sonunadək ona yas saxladı.



MƏSLƏHƏT GÖR:

553