
QLOBAL MİQYASLI DƏHLİZ
Gürcüstan Parlamentinin deputatı, parlamentin hakim "Gürcü arzusu" koalisiyasının üzvü Georgi Saqareşvili ilə "R+"un müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-Bu yaxınlarda Bakıda "Şahdəniz-2" yatağının ikinci mərhələsinin reallaşdırılmasına və yeni həcmdə Azərbaycan qazının ixracına dair razılaşma imzalandı. Enerji resurslarının Avropa bazarlarına nəqli məsələsində Azərbaycanın əsas tərəfdaşlarından biri Gürcüstandır. Ölkənizdə bu razılaşmanın bütünlükdə regionumuz üçün əhəmiyyəti necə qiymətləndirilir?
- "Şahdəniz-2" layihəsi Cənubi Qafqaz regionunun inkişafı üçün böyük əhəmiyyətə malikdir. Tranzit ölkə olan Gürcüstan üçün bu layihə yeni böyük perspektivlər açır. Bu, yeni investisiyalar, yeni iş yerlərinin açılmasıdır. Tiflis üçün Gürcüstanın yalnız Azərbaycan neft və qazının deyil, Xəzərin şərq sahillərindən də enerji daşıyıcılarının nəqlində tranzit rolu oynamağa hazırlaşması strateji əhəmiyyət kəsb edir. Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi qlobal əhəmiyyət daşıyacaq. Artıq bu dəhliz vasitəsilə dünyanın bütün nöqtələrinə neft nəql olunur. İndi onun vasitəsilə Avropa ölkələrinə nəhəng həcmdə qaz da ixrac olunacaq. Gürcüstan Azərbaycanla layihələrin reallaşdırılması üçün ən optimal şərtlər ortaya qoymalıdır. Azərbaycanla əməkdaşlıq həyati əhəmiyyətə malikdir. Düşünürəm ki, bu layihənin reallaşdırılmasından gələcək gəlirlər ölkələrimizin və ümumilikdə, Qafqaz regionunun güclü inkişafına xidmət edəcək.
- Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi hansı mərhələdədir?
- Biz bu layihəyə çox böyük önəm veririk. İşlər tam gücü ilə gedir və təxminən, 1 ildən sonra dəmir yolunun inşası tam başa çatdırılacaq. Yeni dəmir yolu ilə ilk sınaq qatarı təxminən, 2014-cü ilin oktyabrında hərəkət etməlidir. Azərbaycan və Türkiyə tərəfindən təftiş işləri aparılır. Odur ki, gələn ilin payızına Azərbaycandan qonaqlar gözləyirik.
- Azərbaycanlıların sıx yaşadıqları Kvemo-Kartli regionunda, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında tez-tez erməni sərhədçiləri ilə insidentlər yaşanır. Erməni sərhədçilər Gürcüstan ərazisində insanları saxlayır, mal-qaranı oğurlayırlar. Ermənistanla sərhədlərin delimitasiyası məsələsi nə zaman həll olunacaq?
- Bəli, belə problem var. Bu problemin həlli ilə Gürcüstan-Ermənistan birgə komissiyası məşğul olur. Komissiya tərəflərdəki xəritə əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməlidir. Gürcüstanda yaşayan etnik azərbaycanlılar həllivacib problemlərlə qarşılaşırlar. Məsələ ondadır ki, SSRİ dönəmində yalnız ittifaqın xarici sərhədləri dəqiq müəyyən edilib. Məsələn, Türkiyə ilə delimitasiya məsələsində heç bir problem yoxdur. Respublikalar arasındakı daxili sərhədlər isə dəqiq müəyyənləşdirilməmişdi. Onilliklər ərzində sərhədləri dəyişir, yenidən müəyyənləşdirirdilər. Hazırda biz Ermənistanla, Azərbaycanla, Türkiyə ilə sərhədlərimizin mövcud xəritələr əsasında dəqiq müəyyənləşdirilməsi üzərində çalışırıq. Bu zaman qonşu ölkələrin hüquqlarının pozulmamasına da diqqət yetiririk. Düşünürəm ki, Ermənistanla sərhədlərin delimitasiyası çox tez zamanda həllini tapacaq.
- Tiflisin Aİ ilə Assosiativ Sazişi paraflaması Gürcüstanın ərazi bütövlüyünün bərpası prosesinə mənfi təsir göstərməyəcək ki? Bu paraflama nəticəsində Gürcüstanın bir, qiyamçı Abxaziya və Cənubi Osetiyanın başqa geosiyasi məkanda qalmaları mümkündürmü?
- Əksinə, Aİ ilə razılaşma Gürcüstan ərazilərinin işğaldan azad olunmasına müsbət təsir göstərəcək. Gürcüstan üçün Avropaya inteqrasi-yanın alternativi yoxdur. Aİ ilə yaxınlaşma Gürcüstanın iqtisadi inkişafına kömək edəcək, sosial-iqtisadi islahatlara ciddi impuls verəcək, gürcü və Avropa xalqlarını yaxınlaşdıracaq. Gürcüstan heç bir halda Gömrük İttifaqına qoşulmayacaq. Ölkədə aparılan sosioloji sorğular da göstərir ki, əhalinin 85%-i Aİ ilə sıx əməkdaşlığın tərəfdarıdır. Gürcüstanın işğal altındakı əraziləri olan Abxaziya və Cənubi Osetiyaya gəlincə, bu bölgələrdə yaşayan əhali bizimlə düşmənçilikdən, orada işğalçı ölkənin hərbi bazalarının yerləşdirilməsindən, gürcü əhalinin qovulmasından və s. nə qədər çox şey itirdiklərini görməlidir. Müasir dünyada insanlar inteqrasiya halında yaşamalı, dostluq, əməkdaşlıq etməlidirlər. Gürcüstan hər kəsə nümayiş etdirməlidir ki, bizdə insanlar milliyyətindən və dinindən asılı olmayaraq, işğal altındakı ərazilərdəkindən dəfələrlə yaxşı yaşayır. Abxaziyada və Cənubi Osetiyada insanlar Gürcüstanın heç kimlə döyüşmək fikrində olmadığını, gürcülərin sülh şəraitində vahid dövlətdə yaşamaq istədiklərini gördükdə, onlar da fərqli düşünməyə başlayacaqlar. Heç kəs rəhbərliyi, iqtisadi vəziyyəti pis olan ölkədə yaşamaq istəmir. Bizim üçün Avropaya istiqamətlənmək böyük üstünlüklər verir. Məsələ ondadır ki, Abxaziya və Cənubi Osetiyanın işğalçı hökumətləri hər şeyi dağıdıblar, bütün infrastrukturu məhv ediblər, kənd təsərrüfatı, təhsil yox edilib. Bu regionlar "qara dəlik"ə çevrilib. İndi bu "dəlik"dən "çirkli pullar", narkotik, silah alveri axır.
- NATO-ya üzvlük Gürcüstanın yeni hökuməti üçün də gündəmdə qalacaqmı?
- NATO-ya üzvlük birmənalı olaraq gündəmdə qalır. Gürcüstan artıq illərdir ki, NATO-nun İraq və Əfqanıstandakı sülhməramlı əməliyyatlarında fəal iştirakçıdır. NATO tərəfindən güclü Gürcüstan ordusunun yaradılması üçün vəsaitlər gəlir. NATO ilə sıx əməkdaşlığı davam etdiririk və bu quruma üzv olmaq niyyətimizi gizlətmirik. Xatırladım ki, 4 il əvvəl keçirilmiş referendumda Gürcüstan əhalisinin 80%-i NATO-ya üzvlüyün lehinə səs verib.
MƏSLƏHƏT GÖR: