26 Dekabr 2024

Cümə axşamı, 20:31

SOÇİ STARTI

Rusiyada keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı 5 idmançı təmsil edəcək

Müəllif:

14.01.2014

Yay Olimpiya Oyunları Azərbaycanda həmişə böyük maraqla izlənilib və daim böyük azarkeş kütləsi toplayıb. Son illər qış idman növlərinə olan maraq da artmaqdadır. Azərbaycanın isti iqlimi qış idman növlərinin inkişafı üçün əlverişli olmasa da, dörd ildən bir keçirilən "ağ Olimpiada" bizdə də çox sevilir. Son iki qış Olimpiadası bütövlüklə ölkə ərazisində canlı yayımlandı və azarkeş ordusu tərəfindən rəğbətlə qarşılandı. 

Üstəlik, son illər Azərbaycanda qış turizminin inkişafı istiqamətində aparılan işlər əhalidə idmanın qış növlərinə marağı daha da artırıb. Yeni ilin ilk günlərində Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı oldu. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunaraq, on xizək yolundan beşində inşaat işləri başa çatdırılıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək mümkün olacaq. Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm Kompleksinin isə artıq təqdimata ehtiyacı yoxdur. Əhalinin sevimli istirahət məkanında gənc idmançıların hazırlığı üçün də şərait yaradılıb. 

İsti iqlim qurşağında yerləşməsinə baxmayaraq, Azərbaycanda qış idman növlərinin də sevilməsi və inkişaf etdirilməsi üçün kompleksli işlər aparılmaqdadır. Bu mənada ölkəmizin qış Olimpiadasında təmsil olunması başa düşüləndir. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın bütün mötəbər yarışlarda təmsil olunması çoxlarına nümunə olub. Bu gün əminliklə söyləmək mümkündür ki, hər mötəbər çempionatda və ya oyunlarda Azərbaycan Bayrağı dalğalanır. Növbəti belə mötəbər yarış gələn ay Soçidə keçiriləcək qış Olimpiya Oyunlarıdır. 

Tarixə nəzər saldıqda Azərbaycan idmançılarının qış oyunlarında ilk iştirakı 1998-ci ilə təsadüf edir. İdmançılarımızın qış Olimpiya Oyunlarında görünməsi perspektivə hesablanan qərar idi. O vaxt Azərbaycanın Naqanodakı Olimpiadada təmsil olunması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mümkün oldu. 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilən dövlət başçısı inanılmazı həyata keçirdi. Olimpiadaya bir neçə ay qaldığı halda, ölkəmizin adı iştirakçılar sırasına daxil edildi. Sürətlə aparılan təşkilati işlərdən sonra Azərbaycanın Yaponiyadakı turnirdə 5 idmançı ilə təmsil olunacağı rəsmiləşdi. Bunlar fiqurlu konkisürənlər Yuliya Vorobyova, İqor Paşkeviç, İnqa Rodionova-Aleksandr Onişşenko və dağ xizəkçisi Elbrus İsakov idi. Fiqurlu konkisürənlərin fərdi yarışlarında həm Yuliya, həm də İqor 16-cı nəticə göstərdi, Rodionova-Onişşenko cütlüyü isə 18-ci oldu. Yarış günü səhhətində yaranan problem səbəbindən E.İsakov Olimpiadada iştirak edə bilmədi. 

2002-ci ildə keçirilən Solt Leyk Siti Olimpiadası bizim üçün ikinci "ağ Olimpiada" oldu. Bu dəfə konkisürmə və dağ xizəyi üzrə yarışlarda təmsil olunduq. Fiqurlu konkisürən Sergey Rılov 28 iştirakçının mübarizəsində yalnız 24-cü ola bildi. İdman rəqslərindəki təmsilçilərimiz Kristina Freyzer-İqor Lukanin cütlüyü qısa, məcburi və sərbəst proqramda maraqlı kompozisiyalar təqdim edərək, rəqiblərin (32), təxminən, yarısını geridə qoyaraq, 17-ci yeri tutdu. Dağ xizəyinin slalom növündə yarışan Elbrus isə birinci cəhddə ümumi məsafəni tam keçə bilməyərək, mübarizəni dayandırdı.

 2006-cı ildə Turində təşkil edilən XX Qış Olimpiya Oyunlarında Azərbaycanın iki idmançısı mübarizə aparıb - fiqurlu konkisürənlər Kristin Freyzer və İqor Lukanindən ibarət duet. Turində məcburi proqramdan sonra 20-ci, qısa proqramdan sonra 19-cu, sərbəst proqramdan sonra, yəni yekunda 77,14 balla 24 iştirakçı arasında 17-ci nəticə göstərdik. 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarında ölkəmiz iki idmançı ilə təmsil olundu. Bunlar Azərbaycan atletləri - dağ xizəkçiləri Sedrik Nots və Qeya Bassani Antivarini idi.   

 Fevralda Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya Oyunlarına start veriləcək.  Azərbaycan növbəti mötəbər yarışdan kənarda qalma- yacaq. Müstəqil idmanımızın tarixində beşinci "ağ Olimpiada"da 5 idmançımız yarışacaq. Bunlar fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikov, eləcə də dağ xizəkçiləri Patrik Braxner, həmçinin Sedrik Nots və Geya Bassani Antivaridir. Artıq Milli Olimpiya Komitəsi təşkilati işləri yekunlaşdırmaq üzrədir. Azərbaycan nümayəndə heyətinin parad geyimlərini İtaliyanın məşhur Larusmiani moda evi hazırlayıb. Brend yüksək keyfiyyətli paltarların sifarişlə tikilməsində ixtisaslaşıb. Turnirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Qış İdman Növləri Federasiyasının prezidenti İsgəndər Xəlilov və idman sahəsində tanınmış digər nümayəndələrin iştirakı da nəzərdə tutulub.

Yaxın keçmişdə bəziləri Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakını anlamaq istəmirdi. Onlar arasında bu yarışda iştirakın mənasız olduğunu düşünənlər də az deyildi. Zaman göstərdi ki, Milli Olimpiya Komitəsi düzgün istiqamət seçib. Bütün idman növlərinə eyni dərəcədə diqqət göstərən Azərbaycan hökuməti dünya ölkələrinin maraqla izlədiyi Qış Olimpiya Oyunlarından da kənarda qalmamaqla idman imicimizə zərbə vurmadı. Çünki Qış Olimpiya növlərində iştirak edən ölkələrin hamısı medal qazanmır. Bu yarışda iştirak etməklə dövlətlər dünya Olimpiya ailəsinin üzvü olduğunu təsdiqləyir. Bütün dünyada canlı yayımlanan açılış və bağlanış mərasimində dövlətin bayrağı nümayiş etdirilir. Ekran qarşısında əyləşən tamaşaçılar ölkə haqqında məlumatlanır. 

XXII "ağ Olimpiada" 2014-cü il fevralın 7-də başlanacaq, 23-də başa çatacaq: 16 gün ərzində 98 dəst medal uğrunda 85 ölkədən 3 minə yaxın idmançı yarışacaq.

Onsuz da Azərbaycanda qış idman növlərinin inkişafı iqlim baxımından mümkünsüzdür. Bununla belə, bizim böyük idman bayramında iştirakımız qürurverici amildir. Olimpiya Oyunlarının məşhur devizi də fikrimizi təsdiqləyir: "Olimpiadada əsas iştirakdır. Çünki hamı qalib ola bilməz".



MƏSLƏHƏT GÖR:

687