Müəllif: Nurlanə QULİYEVA Bakı
Prezident İlham Əliyevin əsasını bir neçə il əvvəl qoyduğu hər yeni ili cəmiyyət üçün vacib olan sahələrdən birinə aid elan etmək ənənəsi özünü tam doğruldub. Gənclər ili, Uşaqlar ili, Ekologiya ili, Turizm ili, İdman ili, İKT ili - praktiki olaraq, sosial həyatın və iqtisadiyyatın bu sahələrinin hər birində ona aid ildə ciddi inkişaf qeydə alınıb.
2014-cü il isə dövlət başçısı tərəfindən Sənaye ili elan edildi. Azərbaycan iqtisadiyyatının sənayeləşdirilməsi istiqamətində miqyaslı işlər daim aparılsa da, yaxın aylarda ölkədə ÜDM-in gələcək artım dinamikasına ciddi təsir göstərəcək yeni nəhəng layihələrin reallaşdırılmasının şahidi olacağımızı indidən əminliklə söyləmək mümkündür.
Amma o, hazırda da yüksək səviyyədədir - təxminən 6%. «Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, bu, böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artıb», - deyə İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Bununla yanaşı, geridə qalan il yalnız sabit makroiqtisadi inkişafla deyil, həm də tarixi hadisələrlə, rekord göstəricilərlə, yeni müəssisələrin, turizm komplekslərinin açılışı ilə, sosial qərarların qəbulu və sairlə yadda qalıb.
Rekord və sabit göstəricilər
Maliyyə naziri Samir Şərifov iclasda bildirib ki, 2013-cü ildə makroiqtisadi göstəricilərin dinamikası ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş iqtisadi kursun uğurla reallaşdırıldığını göstərir. Hazırda qeyri-neft sektorunun gələcək inkişafının təmini üçün ciddi proqramlar həyata keçirilir və artıq onlar real nəticələr verməkdədir.
Bununla yanaşı, ötən ilin ən müsbət göstəricisi makroiqtisadi sabitliyin qorunub-saxlanılması və əhalinin pul gəlirlərindəki artımın (8%) inflyasiyanı (2,4%) 3 dəfədən çox üstələməsidir. Üstəlik bu, əhalinin Sovet İttifaqı dövründən əmanət banklarında qalmış pullarının onlara qaytarılması prosesinin başa çatdırıldığı bir ildə qeydə alınıb. MDB-də rekord müddətdə, yəni 1 il 7 ayda təxminən 1 milyon 623 min hesabdan olan 597 milyon manat sahibinə qaytarılıb. «MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq», - deyə İ.Əliyev qeyd edib.
Bundan başqa, il ərzində əməkhaqları, pensiya və sosial müavinatlar da artırılıb. Minimum əməkhaqqında artım 13%, əmək pensiyalarının baza hissəsində 17,6%, bütün növ sosial müavinatlarda 10-67% arasında olub. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10% artıb. Samir Şərifovun sözlərinə görə, bütün bu qərarlar ümumilikdə 3 milyon əhalini əhatə edir.
Və ən başlıcası, ölkə iqtisadiyyatının investisiyalaşdırılmasında rekord göstəriciyə nail olunub - 28 milyard dollar. Bunun 17,5 milyard dolları daxili investisiyalardır. Dövlət kapital qoyuluşu da ən yüksək səviyyəyə çatıb - 7 milyard manat. Yeri gəlmişkən, ölkə iqtisadiyyatına pul qoyuluşunun son dərəcə böyük olması istehlak qiymətlərinin indeksinin də ciddi şəkildə artması ilə nəticələnməli idi. Lakin son illərdə pul siyasətinin həyata keçirilməsi sahəsində toplanmış təcrübə inflyasiyanın nəinki birrəqəmli səviyyədə, həm də kifayət qədər aşağı səviyyədə saxlanılmasına imkan verib. Bunun fonunda əhalinin banklardakı əmanətləri 34% artıb.
Bütün bunlarla yanaşı, ölkənin valyuta ehtiyatları rekord həddə çatıb - 50 milyard dollar. Hazırda o, ÜDM-in 70%-ni təşkil edir. Azərbaycan bu göstəriciyə görə, dünyada ilk yerlərdən birini tutur.
Maliyyə naziri S.Şərifov bildirib ki, operativ məlumata görə, dövlət büdcəsinin gəlirləri də 1,8% artıqlaması ilə yerinə yetirilib və 19,495 milyard manat təşkil edib. Bu məqamda iqtisadiyyatın şaxələndirilməsi sahəsində daha bir məqam - 2012-ci illə müqayisədə qeyri-neft sektorundan əldə olunmuş gəlirlər 13% artıb.
Ümumilikdə ötən ili ölkə iqtisadiyyatı üçün kifayət qədər uğurlu il saymaq olar. Həmin dövrdə baş vermiş hadisələrin miqyasını nəzərə alsaq (Azərbaycanın ilk süni peykinin səmaya buraxılmasından tutmuş, «XXI əsrin müqaviləsi» - «Şahdəniz-2» yatağı üzrə investisiya razılaşmasının imzalanmasınadək), ötən ili tarixi illərin sırasına da aid etmək mümkündür.
Başlanmış işlərin davamı...
Bəs bu il üçün əsas hədəflər və vəzifələr nədən ibarətdir? İlham Əliyevin sözlərinə görə, əsas məqsəd ilk növbədə makroiqtisadi sabitliyin və aşağı inflyasiyanın qorunub saxlanılmasıdır. «İnvestisiya proqramının icrası, xarici investisi-yaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması - bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcək», - deyə dövlət başçısı qeyd edib.
Təbii ki, iqtisadiyyatın bütün seqmentlərinə, xüsusilə özəl sektora dəstək, onun güzəştli şərtlərlə subsidiyalaşdırılması davam etdiriləcək.
Bu il Regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramı qəbul ediləcək. İlham Əliyev bildirib ki, bundan əvvəlki 2 proqram ciddi dönüşlərə nail olunmasına imkan verib: «Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət alıb». Bununla yanaşı, 2014-cü ildə Bakı və ətraf qəsəbələrin inkişafı üzrə yeni proqramın icrasına da başlanılacaq. Məqsəd Bakıətrafı qəsəbələrin bütün problemlərinin həllinə nail olunmasıdır.
Sosial əhəmiyyətli layihələrə diqqət bu il də davam etdiriləcək. Hazırda əhalinin yalnız 55%-i bütün sutkaboyu içməli su ilə təmin olunub. İ.Əliyev bildirib ki, paytaxtda 24 saat içməli su ilə təmin olunan əhalinin sayı artırılsa da, hazırkı nəticə çox aşağı göstəricidir.
Bakı və regionların kanalizasiya xətləri də müasir standartlara cavab vermir. Bu işlərə nəhəng investisiya yatırımları tələb olunduğundan, onlar mərhələləi şəkildə həll olunacaq.
«Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir», - deyə İlham Əliyev bildirib.
Hazırda çayların sahilində yerləşən kəndlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli sutəmizləyici qurğuların qurulması prosesi bu işə ciddi töhfə verir. Gələcəkdə ehtiyac yaranarsa, Xəzər dənizinin suyundan da içməli su kimi istifadə etmək mümkün olacaq. Xatırladaq ki, ötən il Xəzər suyunun suvarma məqsədilə şirinləşdirilməsinə dair ilk pilot layihə həyata keçirilib.
Yeri gəlmişkən, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının meliorasiyasının yaxşılaşdırılmasına yönəlmiş nəhəng layihələrin reallaşdırılması başa çatdırılıb, yeni əkin sahələri təsərrüfat istismarına verilib və bu, 2014-cü ildə də davam etdiriləcək. Görülən işlər nəticəsində 2013-cü ildə ölkənin kənd təsərrüfatında 5% artım qeydə alınıb. Amma həm mövcud potensial, həm də ərzaq təhlükəsizliyinin təmini üçün mövcud olan tələblər bu göstəricinin artırılmasını zəruri edir. Üstəlik, İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir və bu göstəriciyə görə biz Avropada ilk yerdəyik.
Yeni işlərə start
Artıq qeyd etdiyimiz kimi, 2014-cü il Azərbaycanda Sənaye ili elan edilib. Bununla əlaqədar olaraq, əlbəttə ki, yeni sənaye sahələrinin yaradılması istiqamətində irimiqyaslı işlər görüləcək. Bu, əsasən iqtisadiyyatın qeyri-neft sektoruna aiddir. «Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək», - deyə İ.Əliyev qeyd edib.
Diqqət, ilk növbədə, texnoparkların fəaliyyətinə yönəldiləcək. Bu istiqamətdə artıq ilkin nəticələr əldə olunub: Sumqayıt texnoparkı fəaliyyətə başlayıb, yeni kimya-texnologiya parkı fəaliyyətə başlamaq üzrədir, Balaxanı texnoparkının, həmçinin Mingəçevirdə parkın yaradılması prosesi gedir.
Böyük inkişaf perspektivlərinə malik metallurgiya sənayesinin inkişafına da diqqətin artırılması planlaşdırılır. Müasir metallurgiya kombinatının inşası bu mənada nailiyyət olardı.
Diqqət çəkən məqamlardan biri də İlham Əliyevin ölkənin sənaye potensialının artırılmasının vacibli-yini bildirməklə yanaşı, müəssisələrin ekologiyaya mənfi təsirinin yolverilməzliyi məsələsi üzərində xüsüsi dayanmasıdır. O, atmosferi çirkləndirən müəssisələrdə ciddi yoxlamaların aparılmasını və onların siyahısının hazırlanmasını tapşırıb. Məsələ qətidir: ya belə müəssisələrin sahibləri - istər dövlət strukturu olsun, istər özəl - lazımi təmizlə- yici qurğuları qurmalı, ya da müəssisə fəaliyyətini dayandırmalıdır. Məsələ ondadır ki, İlham Əliyevin də qeyd etdiyi kimi, bu problemin aradan qaldırılmasında cərimələrin tətbiqi nəticə vermir. Çünki hazırda cərimələrin məbləği də belə müəssisə sahiblərini müəssisəni bağlamağa məcbur edəcək səviyyədə deyil. «Ona görə ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcək», - deyə dövlət başçısı bildirib.
Bundan başqa, İ.Əliyev Bakının Qaradağ rayonunda yeni neft emalı kompleksinin tikintisinədək ölkədəki neft emalı zavodlarının müasirləşdirilməsi tapşırığını da verib. «Mənə verilən məlumata görə, atmosferi çirkləndirən əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilib. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır», - deyə prezident bildirib. O, ölkədə «Avro-3», «Avro-4», «Avro-5» standartlarına keçidin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Güman ki, prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin hazırlayacağı «Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nda məhz bu istiqamətlər öz əksini tapacaq.
Beləliklə, ölkə iqtisadiyyatının strateji vacb sahələrinin inkişafı vətəndaşlar üçün sosial əhəmiyyət daşıyan problemlərin həlli ilə paralel getməlidir. Prezidentin də dəfələrlə bildirdiyi kimi, bütün dövlət siyasətinin mərkəzində insan amili, ölkənin hər bir vətəndaşının maraqları dayanır. Kompleks inkişafdan yalnız bu halda danışmaq olar.
İLK MƏNBƏDƏN
«2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirib. Ümumi daxili məhsul, təxminən, 6 faiz artıb. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən, 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artıb və bu da son illərdə aparılan islahatların nəticəsidir»,
İlham Əliyev, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: