13 Mart 2025

Cümə axşamı, 15:38

SİYASƏT – ŞEYTAN ƏMƏLİ

Başqasının gözündə tükü seçib, öz gözündə tiri görməyənlər haqqında

Müəllif:

14.01.2014

Almaniyanın şimalında yerləşən liman şəhəri Hamburqun əsas ra-  yonları "yüksək təhlükəli zona" elan edilib. Bu, faktiki olaraq fövqəladə vəziyyət deməkdir. Total yoxlamalar aparılır. 200-dək xüsusi təyinatlı insanlara heç bir izah vermədən onların sənədlərini və şəxsi əşyalarını yoxlayırlar. Alton-Altştadt, Şternşantse, Aymsbyuttel, Sankt-Pauli rayonlarının bütün sakinləri "şübhəli şəxslər"dir. Federal daxili işlər naziri tərəfindən yanvarın 3-dən elan olunmuş "fövqəladə vəziyyət" şəhərdə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir.

Bu cür fövqəladə tədbirlərin görülməsinə səbəb qədim skvotlardan biririn köçürülməsi və uçurulması planıdır. Ötən ilin dekabrında Rote Flora sosial-mədəni mərkəzinin söküləcəyi xəbərinin yayılması yerli əhalinin etirazlarına və polislə nümayişçilər arasında toqquşmalara səbəb olmuşdu.

Rote Flora binası 1888-ci ildə inşa olunub və əvvəlcə orada teatr yerləşib. 60-cı illərdə binada univermaq fəaliyyət göstərib, 80-ci illərin sonlarında isə binanı solçu fəallar ələ keçirib və Rote Flora mədəniyyət mərkəzinə çevrilib. Şəhər rəhbərliyi  ilə fəallar arasında binanın taleyi ilə bağlı mübahisə 20 ildir davam edir.

Rote Flora son illərdə həm Almaniyada, həm də bütünlükdə Avropada canlanmaqda olan nasizmlə mübarizənin rəmzi mərkəzlərindən biridir. Ultrasağçılarla yanaşı, bu mərkəzdə ziyalılar, qaçqınlar və immiqrantlar da bir araya gəlirlər.

Dekabrın 21-də keçirilən nümayişlər həm də hakimiyyətin Hamburqa İtaliyanın Lampeduza adasındakı acınacaqlı hadisələrdən sonra gəlmiş qaçqınların ölkədən çıxarılması planına etiraz idi.

Hakimiyyət dairələrinin məlumatına görə, 10 minlərlə insanın iştirak etdiyi nümayiş gözlənilmədən əvvəlcədən planlaşdırılmış marşrutunu dəyişib və yürüşçülər şəhərin mərkəzinə üz tutublar. Nəticədə polis kütləyə güc tətbiq etməli olub. Nümayişçilərin fikrincə, hüquq mühafizə orqanlarını biznesmenlərin və ticarət mərkəzlərinin maraqları daha çox narahat edib - həmin vaxt şəhərdə Milad yarmarkaları təşkil olunmuşdu.

Toqquşmalar nəticəsində 500-dən artıq insan yaralanıb, 200-dək nümayişçi həbs olunub. Nümayişçilərə qarşı su şırnaqlarından, rezin güllələrdən, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə olunub.

Amma bu, hələ yalnız başlanğıc idi. Dekabrın 28-də Hamburqun polis bölməsi olan Davidwache ("David qvardiyası") 40-dək insanın hücumuna məruz qalıb. Taxtalarla silahlanmış kütlə 3 polis əməkdaşına xəsarət də yetirib. Şəhərdə görünməmiş təhlükəsizlik tədbirləri də məhz bu hadisədən sonra görülüb. Polis bölməsinə hücum etmiş şəxslərin ələ keçirilməsinə yardım edəcək şəxsə 10 000 avro mükafat vəd olunub.

Nümayişçilərin vəkili Andreas Boyt "müştəri"lərinin polis idarəsinə hücuma aidiyyətinin olmadığını bildirib və hakimiyyətin bu bəyanatını "hökumətin ictimai rəyə təsir cəhdi" kimi qiymətləndirib. Boyt hökumətin bu cür təxribatlar vasitəsilə nümayişçilərə qarşı həyata keçirilmiş sərt tədbirlərə haqq qazandırmağa çalışdığını da söyləyib.

Tezliklə hökumət həqiqətən polis idarəsinə hücum haqda məlumatı təkzib edib. Hamburq polisinin mətbuat katibi Mirko Streyber Spiegel jurnalına açıqlamasında "David qvardiyası"na heç bir hücumun olmadığını bildirib. Onun sözlərinə görə, insident küçədə baş verib və yaralanan polislərin həmin idarəyə aidiyyətləri yoxdur. Buna baxmayaraq, qeyd edilən təhlükəsizlik tədbirləri artıq görülüb və görünən odur ki, onlar hələ bir müddət qüvvədə qalacaq.

Baş verənlərə hökumətin və KİV-in reaksiyası isə kifayət qədər maraqlıdır. Məsələn, Hamburqun daxili işləri üzrə senatoru Mixael Noyman polisin əməllərinə haqq qazandıraraq bildirib ki, alman cəmiyyətində zorakılığa heç zaman yer olmayacaq. Onu hakim partiyadan olan deputatlar da dəstəkləyiblər. Parlamentarilər hesab edirlər ki, polis kütləvi etiraz aksiyalarını dağıdarkən daha sərt tədbirlərə əl atmalı, belə aksiyalarda iştirak edən şəxsləri üzə çıxarmalı, nümayişlərə qatılmış şagird və tələbələr isə təhsil ocaqlarından kənarlaşdırmalıdırlar.

Polislərin həmkarlar ittifaqı təşkilatının sədr müavini Börn Verminqhaus isə daha da irəli gedib. O, "Tvitter" mikrobloqundakı səhifəsində nümayişçiləri təhqir edərək "abschaum" (tör-töküntü) adlandırıb. Xatırladaq ki, bu söz nasist Almaniyasının dövründə yəhudilərə, evsiz-eşiksiz şəxslərə və yüngül əxlaqlı qadınlara aid edilirdi. Verminqhausun işlətdiyi  bu söz sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Onlar Almaniyanın onsuz da "polis dövlətinə" çevrildiyini bildirirlər.

Maraqlıdır ki, Hamburqda elementar insan hüquqlarının pozulması olan bu hadisə yalnız sosial şəbəkələrdə işıqlandırılır. Demokratiya, insan haqları və liberal dəyərlərin carçısı adına iddia edən Almaniya KİV-i isə ya susur, ya da Hamburqda yaşananları "terrorçu dəstə"lərin törətdikləri iğtişaşlar adlandırır, polisi nümayişçilərlə mübarizəni gücləndirməyə çağırır. Bu yerdə siyasətçilərin və KİV-in mövqeyini məkr və riyakarlıqdan başqa hansısa sözlə ifadə etmək çətindir. Səbəb?

Gəlin Almaniya KİV-in Ukrayna, Türkiyə və Rusiyada aksiyaların dağıdılması zamanı yazdıqları başlıqları Hamburqda baş verənlərə dair yazdıqları ilə müqayisə edək.

Məsələn, Moskvada Xilaskar İsa kilsəsini təhqir etmiş "Pussy Riot" pank-qrupunun xuliqanlıqda ittiham olunaraq, qısa müddətə azadlıqdan məhrum edilmiş üzvləri alman mətbuatı tərəfindən müasir Janna d`Ark adlandırılırdılar. Bolotnaya meydanında yaşananlar da Almanyiai KİV-də uzun müddət ilk səhifələrdən düşməyib. İstanbulun Gezi parkında ötən il baş vermiş iğtişaşları Almaniya telekanalları canlı yayımlayır, Almaniya kansleri Angela Merkel isə Ankaranı Avropa İttifaqına üzvlüyə dair danışıqların da- yandırılacağı ilə hədələyirdi.

Alman siyasətçilərin və KİV-in mövqeyində bəzən absurd şəkil alan ikili standartların mövcudluğunu təsdiqləyən ən yeni və başlıca nümunə isə onların Ukraynada yaşananlara münasibətidir. Ağır cina-yətlərdə ittiham olunan sabiq baş nazir Yuliya Timoşenko Almaniya mətbuatı tərəfindən çoxdan "siyasi şəhid" elan edilib. Alman siyasətçilər Kiyevdən Timoşenkonun azadlığa buraxılmasını və onun Almaniyada müalicə almasına imkan yaradılmasını tələb edir. "Hüquq müdafiəçiləri" isə bildirirlər ki, Ukrayna hökuməti Timoşenkonun Almaniyada müalicəsinə barəsindəki həbs qərarı dəyişdirilmədən razılıq verərsə, bu halda Angela Merkel hökuməti sabiq baş nazirin müalicədən sonra ölkəsinə dönməsinə razılıq verməyəcək.

Gəlin bu vəziyyətin əksini təsəvvür edək: Almaniyada vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyadan ittiham olunan şəxs (bu yerdə Almaniya prekzidenti Kritian Vulfun ünvanına oxşar ittihamların onun istefası ilə nəticələndiyini yada salmaq lazımdır) Ukrayna siyasətçiləri və mətbuatı tərəfindən "şəhid" elan edilir, Kiyev onun Ukrayna klinikalarında müalicəsini tələb edir, üstəlik, sonda onu Almaniyaya qaytarmır. Bunu təsəvvür belə etmək, çətindir. Amma Almaniya siyasətçiləri özlərinə bunu rəva görürlər.

Məsələn, Vestervelle hələ Almaniyanın xarici işlər naziri ola-ola Kiyevdəki Avromaydanda nümayişçilər qarşısında çıxış edir, onların hökumət əleyhinə şüarlarına açıq dəstək verirdi. Kiyev polisi nüma-yişi alman həmkarları ilə müqayisədə daha mülayim şəkildə dağıtmağa çalışdıqda isə alman siyasətçilər Ukraynaya qarşı sanksiyaların tətbiqinin mümkünlüyündən danışırdılar.

Amma biz Vestervellenin səfərinə qayıdaq. Almaniyanın XİN başçısı Kiyevdə müxalifət liderləri Arseni Yasenyuk, boks üzrə dünya çempionu Vitali Kliçko (Kliçkonun Almaniyanın "layihəsi" olduğu heç kimə sirr deyil), həmçinin "Azadlıq" partiyasının lideri, yaxın ətrafı tərəfindən... "fürer" adlandırılan ultramillətçi Oleq Tyaqnibokla görüşüb. Nazirin sonuncu siyasətçi ilə görüşünü gizlətməyə cəhdlər olsa da, Almaniyanın Ukraynadakı səfirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatda Vestervellenin ultrasağçıların lideri  ilə görüşdüyü qeyd olunub. Sonda onu da xatırladaq ki, Vestervellenin səyahətindən, təxminən, 1 ay sonra, Yeni il bayramı günü "Azadlıq" partiyasının təmsilçiləri Kiyevdə məşəl yürüşü keçiriblər. Yürüş rəsmi olaraq Stepan Banderinın anadan olmasının 105-ci ildönümünə həsr olunmuşdu. Amma aksiya 30-cu illərin Almaniyasını çox xatırladırdı.

Çoxları "siyasətin çirkin iş olduğunu" bildirir. Bu, həqiqətən belədirmi və belədirsə, günah kimdədir? Bəlkə, özlərinin yaşadıqları "büllur saray"ların tezdağılan olduğunu unudaraq, başqalarının bostanına daş atan siyasətçilərdə?



MƏSLƏHƏT GÖR:

500