25 Noyabr 2024

Bazar ertəsi, 08:58

AVROPA ISINƏCƏK

Köhnə Dünya Azərbaycan alovunda qızınacaq

Müəllif:

24.09.2013

Azərbaycan Avropaya iri qaz ixracatçısı statusu əldə etmək yolunda daha bir mühüm mərhələni geridə qoyub: sent-yabrın 19-da Bakıda "Şahdəniz-2" yatağının istismarı layihəsinin 2-ci Mərhələsi çərçivəsində "mavi yanacağın"  alıcıları ilə 9 uzunmüddətli iri müqavilələr imzalanıb. 

Bu müqavilələr ölkə tarixində ilk dəfə olaraq Azərbaycan qazının birbaşa Avropa bazarlarına çatdırılmasına imkan verəcək. 

Bu hadisənin Neftçilər günü ərəfəsində baş verməsi son dərəcə rəmzi məna kəsb edir, belə ki, 19 il müddətində düşünülərək həyata keçirilən, ölkənin neft və qaz strategiyasının başlanğıcını qoymuş "Əsrin müqaviləsi"nin müasir Azərbaycanın tarixi üçün taleyüklü əhəmiyyətə malik olması bir  daha  sübut olundu. Diqqətəlayiqdir ki, Azərbaycan bütün dünyada nefti yerin altından və dənizdən sənaye üsulu ilə çıxaran ilk ölkə kimi tanınır, öz paytaxtı üçün şəhər üzərində ucalan əzəmətli qüllələr ideyasında təcəssüm olunan "qaz" alovunun dillərini simvol qismində seçib.   

"İndi isə bu alov, təkcə simvol deyil - bu, Azərbaycanla Avropanı mühüm layihə ilə birləşdirən yeni bağlardır. Məhz bu layihə sayəsində Köhnə Dünya yeni mühüm qaz tədarükçüsü əldə edəcək", - deyə imzalanma mərasimində "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib. 

 

Yeni dövr 

SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın "qaz tarixində" yeni dövr açılıb. "Azərbaycan Avropa bazarları ilə birbaşa əlaqələr yaradır, bu regiona enerjidaşıyıcılarının tədarükü diversifikasiya məsələsində mühüm rol oynamağa başlayır. Digər tərəfdən "Cənub dəhlizi"nin potensialının tam reallaşdırılmasına başlanılır ki, bu da respublikada qaz hasilatının inkişafı üzrə yeni planların həyata keçməsi üçün imkan verir ", - deyə o, imzalanma mərasimində çıxışı zamanı bildirib. 

Q. Birrelin sözlərinə görə, cümə axşamı imzalanmış "Şahdəniz" Azərbaycan qaz kondensat yatağının istismarının ikinci mərhələsindən qazın alınmasına dair müqavilələr qaz və neft sənayesində ən iri qaz razılaşmalarındandır. 

Beləliklə, Azərbaycan qazının "Şahdəniz" Mərhələ-2-dən nəzərdə tutulandan 2 dəfə çox qaz almağa ərizə təqdim edən 15 şirkətin sıralarında - "Gas Natural Fenosa", "DEPA",  "E-On", "GDF-Suez", "HERA Trading", "AXPO", "Enel" (Ente Nazionale per l`Energia eLettrica), "Shell" və "Bul-gargaz" var. 

"İmzalanmış razılaşmalar - bizim uzunmüddətli öhdəliklərimizin bir hissəsidir, çünki sənədlərin ömrü 25 il nəzərdə tutulub. İkinci Mərhələ çərçivəsində ilk qaz 2018-ci ildə Türkiyəyə göndəriləcək, Avropaya isə 2019-cu ildə çatacaq", - deyə   R. Abdullayev qeyd edib.   

Onun sözlərinə görə, "Şahdəniz" yatağının istismarı üzrə müqavilənin fəaliyyət  müddəti 2012-ci ildə daha 5 il uzadıldı - 2031-ci ildən 2036-cı ilə qədər və müqavilənin 2036-cı ildən sonra da uzadılması mümkündür. Yəni 2036-cı ilə qədər qazın tədarükü üzrə öhdəliklərə "Şahdəniz" konsorsiumu təminat verə bilər, bundan sonra isə bu cür təminatları artıq SOCAR verəcək. 

"Düşünürük ki, əsasını bu razılaşmalar təşkil edən tərəfdaşlıq qazın iri ehtiyatları olan Azərbaycanla Avropanın digər bazarları ilə əlaqələri qaydasına salmaq üçün unikal imkan verəcək. Mən "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli"də istismarı planlaşdırılan dərin qatlarda yatan qaz laylarını, "Abşeron" və "Ümid" yataqlarının potensialını, olduqca perspektivli "Şəfəq-Asiman" və "Babək" strukturlarını nəzərdə tuturam. Bütün bunlar bizə ümid etməyə əsas verir ki, biz Bolqarıstan, Yunanıstan və İtaliyanın sərhədlərini adlayıb keçəcəyik ", - deyə R. Abdullayev qeyd edib. 

 

Təxmini gəlir - 200 milyard dollardır

Proqnozlara əsasən, Mərhələ-2 çərçivəsində ümumilikdə 16 mlrd. kub metr qaz hasil ediləcək ki, 6 mlrd.-ı Azərbaycan, Türkiyə və Gürcüstanda bölünəcək, qalan 10 mlrd. isə Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəməri vasitəsilə Avropaya nəql olunacaq.

Konkret desək, Bolqarıstan və Yunanıstan hərəsi 1 mlrd. kub metr qaz, qalan 8 mlrd.-ı isə İtaliyaya çatacaq. Eyni zamanda Bolqarıstana qazın nəql olunması marşrutu dəqiqləşmə mərhələsindədir. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, bu gün iki variant mövcuddur - Yunanıstan ərazisini keçməklə və ya TANAP boru kəmərindən şaxələnmiş şəbəkə vasitəsilə. 

"Şirkətlərin seçimi qazın TAP üzrə nəql olunmasının effektivliyi nöqteyi-nəzərindən kommersiya əlverişliliyinə əsaslanıb", - deyə Q.Birrel bildirib. "BP" şirkətinin "Şahdəniz"in istismarı üzrə vitse-prezidenti Alister Kuk məlumat verib ki, imzalanmış müqavilələr çərçivəsində bu doqquz şirkət arasında bölünmüş qazın həcmi açıqlanmır, çünki bu, kommersiya sirridir. Onun sözlərinə görə,  gələcəkdə İtaliyaya nəql olunacaq qazın bir hissəsi digər Mərkəzi Avropa ölkələrinə də nəql oluna bilər. "Ümid edirik ki, Mərkəzi Avropada başqa qaz istehlakçıları da bundan yararlana bilərlər", - deyə A. Kuk qeyd edib. 

Xatırladaq ki, TAP layihəsi Mərhələ-2 çərçivəsində qazın "Şahdəniz"dən Albaniya və Yunanıstandan keçməklə, Qərbi Avropaya nəql üçün nəzərdə tutulub. Boru kəmərinin gücü ildə 10 mlrd. kub metr təşkil edir, lakin tələbat və təklifdən asılı olaraq 20 mlrd. kubmetrə qədər böyümək imkanı var. "Albaniyanın Azərbaycan qazını almaq istəyinə gəldikdə isə məlum olduğu kimi bu ölkədə heç bir qazpaylayıcı şəbəkə yoxdur və qazlaşdırma səviyyəsi sıfra bərabərdir. Lakin ölkə özü bizim bazarımız olmaq üçün "Şahdəniz"dən Albaniyadan keçməklə qazın tədarük anı üçün zəruri infrastrukturu yaratmaqda maraqlıdır. Biz də bunda maraqlıyıq, çünki bazar yaxın olduğu qədər, layihənin bütün iştirakçıları üçün xalis gəlir də bir o qədər yüksək olur", - deyə E. Nəsirov qeyd edib. O, əlavə edib ki, SOCAR-ın Albaniya hökuməti ilə danışıqlarının nəticələrinə görə, onların Azərbaycan qazına olan maraqları təsdiqlənib və artıq müvafiq işlər görülür. "İmzalanmış razılaşmalarda Albaniya bazarı hələlik dəqiqləşdirilməyib, lakin bu, qazın əlavə həcmi ola bilər", - deyə o, bildirib.

Həmçinin R. Abdullayevin sözlərindən məlum olub ki, Mərhələ-2 "Şahdəniz" çərçivəsində ildə 10 mlrd. kub metr qazın satışından əldə olunacaq ümumi təxmini gəlir 25 il müddətində 200 mlrd. dollar həcmində proqnozlaşdırılır. Əlbəttə, bu rəqəm qazın qiyməti nəzərə alınmaqla dəyişə bilər", - deyə E. Nəsirov dəqiqləşdirib. 

Beləliklə, razılaşmalar imzalanandan sonra daha bir mərhələni adlamaq qaldı - bu ilin sonuna qədər "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı qəbul olunacaq. Ondan bir ay əvvəl tikintisi 2015-ci ildə başlayacaq TAP layihəsi üzrə yekun sərmayə qərarı veriləcək. Borunun sonunda işıq artıq görünür.


MƏSLƏHƏT GÖR:

401