Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Yaxınlarını itirmək hər zaman çətindir. Uşaqlıqda bunun acısını tam anlaya bilməsək də, yaşa dolduqca daha çox üzülür, kədərlənirik. Hətta bəzən insanı şəxsən tanımasaq belə, onun ölümü bizi çox yandırır. Bütün Azərbaycanı yandıran belə itkilərdən biri də gənc və istedadlı şahmatçımız Vüqar Həşimovun vəfatı oldu.
Başsağlığı mətnləri, onunla bağlı xatirələr, müsahibələrindən parçalar, nailiyyətlərinin siyahısı - Vüqarın ölüm xəbəri sosial şəbəkələri zəbt etmişdi... Bəli, məhz, zəbt etmişdi, çünki heç kim bu xəbəri qəbul etmək istəmirdi. Lakin hər kəs ondan danışır, onu yad etməyə çalışırdı.
Hər zaman debüt seçimi və gözlənilməz gedişləriylə dünyanı valeh edən Vüqardan bu gedişi heç kim gözləmirdi. İki ilə yaxın amansız xəstəliyə qarşı mübarizə apardı, amma sonda həyatının ən vacib "partiya"sında son gedişi etdi.
1986-cı il iyulun 24-də Bakıda doğulan Vüqar Həşimov 6 yaşından atasının köməkliyi ilə şahmatın sirlərinə yi-yələnib. 1995, 1996, 1998-ci illərdə üç dəfə ölkə çempionu olan zəka sahibi 2002-ci ildə qrossmeyster dərəcəsinə yüksəlib. 1996-2000-ci illər ərzində dörd dəfə gənclərin Avropa Çempionatında gümüş medala layiq görülüb. 1999-cu ildə Kasparov adına kubokun qalibi, 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində isə İtaliyada keçirilən nüfuzlu "Recio Emiliya" turnirinin baş mükafatçısı olub.
Beynindəki şiş üzündən Almaniyada xeyli vaxtdır ölümlə mübarizə apardığını bilirdik. Yenə də onun xəstəliyə qalib gələcəyinə, ölkəmizdə keçiriləcək Şahmat Olimpiadasında yığmanın heyətində yer alacağına ümid edirdik.
Bir neçə dəfə əməliyyat olundu, səhhəti bir qədər yaxşılaşdı, yenidən şahmata qayıtdı və son uğurunu 2011-ci ildə yığmayla birgə Avropa Çempionatının gümüş medalını qazanarkən yaşadı. Lakin Yunanıstanın Porto-Karras şəhərində keçirilən bu qitə birinciliyi həm də Həşimovun sağalmaz xəstəliyə düçar olduğunu üzə çıxardı. Noyabrın 7-də Fransayla qarşılaşan yığmamız şok yaşadı. Vüqarın qəfil huşunu itirməsi oyunun yarımçıq saxlanmasına səbəb oldu. Həşimovu komanda yoldaşları dərhal xəstəxanaya çatdırdılar. Fransızlar bütün lövhələrdə görüşün "sülh"lə yekunlaşmasını təklif etdilər.
Əslində, şahmatçı ən azı bir gün istirahət etməliydi. Ancaq Vüqar elə ertəsi gün komandanın sıralarına qayıtdı və onun iştirakıyla Azərbaycan Rusiyaya qalib gəldi. Daha sonra, ağrılara baxmayaraq, Həşimov düz üç tur yığmayla bərabər mübarizə apardı. Sonda Azərbaycan gümüş medala layiq görüldü. Və bu, onun millidəki son çıxışı oldu...
Buna qədər Vüqar 2007-ci ildə ölkəmizə Avropa Çempionatının ilk medalını (bürünc) qazandıranlardan biri olub. İki il sonra isə onun fədakar mübarizəsi sayəsində Azərbaycan analoji turnirin çempionluğunu bayram edib. 2011-ci ildə isə Vüqar doğma komandası ilə Avropa Çempionatında gümüş medal qazanıb.
Ötən il yığma Avropa Çempionatında növbəti "qızıl"ını qazandı. Lakin bu dəfə Vüqarsız. Bütün yığma üzvləri qələbəni Vüqara həsr etdilər, onun mənəvi dəstəyini hiss edərək çempion olduqlarını bildirdilər.
Son reytinqi 2737 xal olan qrossmeyster 17 illik karyerası (1995-2012) boyunca şahmatın bütün növləri nəzərə alınmaqla 984 oyun keçirib. Bunlardan 410-da qalib gələn Vüqar 402 görüşdə heç-heçəyə imza atıb. Yalnız 172 qarşılaşmada uduzub. Ən yüksək göstəricisi 2761 xal olub.
Onun son çıxış etdiyi turnir İspani-yanın San Sebastyan şəhərində keçirilən yarış olub. Həşimov sonuncu dəfə 2012-ci il yanvarın 3-də şahmat masası arxasında əyləşib və çexiyalı Viktor Lazniçkaya 2 görüşün cəmində (1 heç-heçə, 1 məğlubiyyət) uduzub.
2012-ci ildə fərdi çıxış etdiyi son yarışlarda özünə bənzəmirdi Vüqar. Bununla belə, ağrıları gizlədir, hər zaman gülümsəyirdi. Yaxınları hiss edirdi ki, şübhəli zəif oyuna səbəb Vüqarın xəstəliklə mübarizə aparmasıdır.
Müayinədən sonra təcili müalicəyə ehtiyac olduğu aşkarlandı. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev şahmatçının müalicəsini şəxsən nəzarətə götürdü. Məhz prezidentin tapşırığından sonra Vüqar Almaniyanın məşhur klinikalarından birində əməliyyat olundu. Bütün maliyyə xərcləri Dövlət Neft Şirkəti tərəfindən ödənildi. Lakin həkimlər də gücsüz olduqlarını etiraf etdilər. Xəstəlik çox amansız idi. Vüqarı xilas etmək mümkün olmadı...
O, çox böyük ürəyə sahib idi. Hamıya yaxşı münasibət bəsləyər, özündən balacalara örnək olardı. 2009-cu ildə Avropa çempionu olandan sonra "Azərbaycan hələ olimpiya çempionu da ola bilər" söyləmişdi. Onun ən böyük arzularından biri, məhz, Şahmat Olimpiadasında mükafatçılar sırasına düşmək idi. Vüqar Həşimov üzərində daha çox işləmək və şahmat tacı uğrunda mübarizəyə qoşulmaq istəyirdi. 2009-cu ildə Avropa Çempionatında qələbədən sonra "R+"a müsahibəsində belə demişdi: "Mən idmanı sevən Vətənim Azərbaycanla fəxr edirəm. Biz komanda kimi qalib gələ bildiyimizi göstərdik. Amma bu hələ başlanğıcdır". Vüqar Azərbaycan millisiylə Dünya Çempionatı və olimpiadada medal qazanmaq arzusundaydı. İndi isə bu məqsədə Azərbaycan yığması Vüqarın ruhu naminə nail olmalıdır...
Dünyada böyük hörmətə malik Vüqar Həşimovu unutmamalıyıq. Yaxşı olardı ki, məşhur qrossmeysterlərin iştirakı ilə onun xatirəsinə ənənəvi beynəlxalq turnir təşkil olunsun. Turnirin qalibi hər il iyulun 24-də Vüqar Həşimovun doğum günündə mükafatlandırılsın...
Allah rəhmət eləsin!
ŞAHMAT İCTİMAİYYƏTİ VÜQAR HƏŞİMOVUN VƏFATI HAQQINDA
"Vüqar Həşimov kimi dahi şahmatçını itirmək çox kədərlidir. FİDE Vüqarın qohumlarına, dostlarına və Azərbaycan Şahmat Federasiyasına dərin hüznlə başsağlığı verir."
FİDE-nin rəsmi internet səhifəsi
"Bu, şahmat dünyası üçün böyük faciədir. Vüqar istedadlı, potensialı olan şahmatçı və yaxşı insan idi."
Silvio Danailov, Avropa Şahmat İttifaqının prezidenti
"Həyatım boyu rastlaşdığım ən istedadlı şahmatçılardan biri olan Vüqar Həşimovun ölümü barədə eşitmək çox üzücüdür. Həşimov hər zaman və hər kəsə qarşı çox mehriban idi, daim gülümsəyirdi. Onun ailəsinin və Azərbaycanın bütün şahmat ictimaiyyətinin başı sağ olsun!"
Maqnus Karlsen, şahmat üzrə 16-cı dünya çempionu
"Vüqar Həşimovun ailəsinə və dostlarına başsağlığı verirəm. Həşimov ağır xəstəliyə baxmayaraq, reytinqdə ilk "10-luq"a yüksəlməyi bacarmışdı. Çox məyusam."
Harri Kasparov, şahmat üzrə 13-cü dünya çempionu
"Vüqarın ağır xəstəliyə düçar olduğunu bilsəm də, onun ölümü məni iflic etdi. Şahmat dünyası üçün müasir dövrün böyük qrossmeysteri, Azərbaycan üçün ölkənin ən yaxşı idmançılarından biri bu həyatı tərk etdi. Mənim üçün o oğlan öldü, hansı ki, 2009-da son oyunda hollandiyalı rəqibinə qalib gəlib çempionluğumuzu rəsmiləşdirmişdi. Azərbaycan şahmatçıları yeni-yeni uğurlar qazanacaq. Ancaq belə şahmatçı bir də dünyaya gəlməyəcək."
Zurab Azmayparaşvili, 2009-cu ildə şahmat üzrə Azərbaycan yığmasının kapitanı
"Vüqar mənim ən yaxşı dostum idi. 2012-ci ildə keçirilən Veyk-an-Zee turniri zamanı onunla hər gün söhbət edir, bir yerdə yemək yeyirdik. Ötən il mənə hər şeyin yaxşı olacağını və qayıdacağını dedi. Sürətli şahmat üzrə dünya çempionu olduqdan sonra onun bu sözləri yadımdadır: "İndi sən ikimizin əvəzinə oynamalısan". Və mən çalışdım. Təəssüf ki, belə alındı."
Sergey Karyakin, şahmat üzrə Rusiya yığmasının üzvü
"Vüqarın ölümünə çox üzüldüm. Elə bir oyunçunu itirmək ağırdır. Çox güclü şahmatçı idi. Çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc insanın, həm də belə insanın ölməsi çox pis haldır."
Levon Aronyan, şahmat üzrə Ermənistan yığmasının lideri
MƏSLƏHƏT GÖR: