
"O, TƏRƏDDÜD ETMƏDƏN GETDİ"
"R+" rəssamın oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor və rəssam Şamil NƏcƏfzadƏ ilə müsahibəni təqdim edir
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Azərbaycanın xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, professor Kamil Nəcəfzadə Azərbaycanın ilk peşəkar quruluşçu kino rəssamlarından biri olub. O, Moskvada dünyanın ən yaxşı kino ali məktəblərindən birini - ÜDKİ-ni (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) bitirib. 40-dan artıq bədii filmin quruluşçu-rəssamı olaraq, Azərbaycan kinosunu yaradanların sırasında olub. Eyni zamanda o, dəzgah rəssamlığı, qrafika ilə məşğul olub, teatr səhnələrini tərtib edib. Vətənində və xaricdə təşkil olunan çoxsaylı şəxsi sərgiləri ona torpağına vurğun olan rəssam şöhrəti qazandırıb. Ona görə də Kamil Nəcəfzadə təkcə öz Vətənində deyil, həm də bütün dünyada məşhurdur. Kamilin əsərləri ABŞ, Yaponiya, Türkiyə, Rusiya, Almaniya, Fransa, Vyetnam, İngiltərə və s. ölkələrin muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. Artıq iki ildir ki, bizimlə deyil - o, 29 dekabr 2011-ci il tarixində dünyasını dəyişib. Həyatının böyük hissəsini tədrisə həsr edib və gözəl pedaqoq olub. Buna sübut - təsviri incəsənətin müxtəlif sahələrində müvəffəqiyyətlə çalışan şagirdləridir. Onun necə ata olduğu, insanlarda nəyə dəyər verdiyi və hansı prinsiplərlə yaşadığı haqda "R+"un müxbiri Kamil Nəcəfzadənin oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor və rəssam Şamil NƏCƏFZADƏ ilə söhbət edir.
- Kamil Nəcəfzadə necə bir insan olub?
- Atamı tanıyan hər kəs ona hörmət edərdi. O, dostluğa son dərəcə ciddi yanaşardı və əsl dostlara dəyər verərdi. Belələri çox deyildi. Atam insan arasında hisslərini büruzə verməyənlərdən idi. Hərçənd o, emosiyalarını göstərmirdi, amma yaxınları və dostları onun əsirgəmədiyi böyük sevgisini və qayğısını hiss edirdilər. Atam nəvələri ilə də şirin danışmazdı. Onlarla böyük kimi, yaşıdı kimi danışardı. O, nəvələrini sevirdi, həmişə işlərindən xəbərdar olurdu, lazım gələndə kömək də edirdi. Atamın səkkiz nəvəsi var idi. Hələ üç nəticəsi də üstəlik. Yadımdadır, böyük qızım Aysel Mədəniyyət və İncəsənt İnstitutunun rəssamlıq fakültəsinə daxil olmaq qərarını verəndə, atam onunla məşğul olmağa başladı. O, şagirdlərinə mehribancasına yanaşırdı, onlara kömək edirdi, boya alırdı. Onlar da atamı sevirdilər və hörmət edirdilər. Onun vəfatından sonra, diplom işinin müdafiəsinə qədər gətirib çıxardığı tələbələri, öz hesablarına onun xatirəsinə ithaf olunmuş "İz" sərgisini təşkil etmələri son dərəcə təsirli idi... Atam və anamı olduqca riqqətli münasibət birləşdirirdi. Onlar tamamilə bir-birlərini anlayırdılar. Atam anamı çox sevirdi. Hesab edirəm ki, o, anamı hamıdan çox sevirdi. Bilirsiniz, özümdə hiss etmişəm ki, bir qədər uydururam... Təmkinliliyi, ciddiliyi ilə yanaşı, o, çox zirək, şən idi və həyatdan zövq ala bilirdi. Ən əsası, o, sevməyi bacarırdı...
- Uşaqlıqda sizə nəyi isə qadağan edib?
- Xeyr. Ancaq bir dəfə ÜDKİ-yə daxil olub, Moskvaya gedərkən, atam mənimlə çox ciddi şəkildə alkoqol və siqaret çəkməyin ziyanı haqda danışdı. Lakin onun nigaranlığı əbəs idi: həmişə özümə göz yetirmişəm və azadlığımdan sui-istifadə etməmişəm. Axı, Moskvaya nə üçün getdiyimi dərk edirdim - mən təhsil almağa gedirdim. Atam mənə etibar edirdi, amma yenə də vaxtı ikən özünün keçdiyi yollardan çəkindirməyi də unutmurdu. Anam, atamdan fərqli olaraq həlim və yolayovuq idi. Bu cür onlar bir-birlərini tamamlayırdılar. Ümumiyyətlə, valideyn sarıdan bəxtim yaman gətirib.
- Sizi dəcəlliyinizə görə, hətta küncə belə qoymayıblar?
- Belə bir şey xatırlamıram. Mən, bacım Aynur və kiçik qardaşım Elnur arasında uyğun olaraq dörd və doqquz il fərq var. Bacım böyüyəndə onunla tez-tez dalaşmağa başladıq. Yaşına baxmayaraq, son dərəcə tərs xasiyyəti vardı və məni qıcıqlandırmağı sevirdi. Atamın qarşısında dalaşırdıqsa, onun bizə acıqlanmağı bəs idi. Dərhal sakitləşirdik. Lakin xatırlamıram ki, valideynlərimiz bizə əl qaldıra.
- Bir süfrə arxasında əyləşərkən, ata və oğul nə haqda danışardı?
- Həyatdan, incəsənətdən, ümumiyyətlə, atam çox danışmazdı... O, hər şeydə prinsipli insan idi. Çəkiliş meydançasında o, filmin mühitini, şəraitini son dərəcə dəqiq yarada bilirdi. Bir dəfə filmlərdən birinə quruluşçu - rəssamlıq edən atam, bədii rəhbərin vəzifələrini icra edən təcrübəli rejissor gəlməyənədək, gənc, işə can yandırmayan quruluşçu rejissoru çəkiliş meydançasına buraxmayıb. O, son dərəcə ədalət tərəfdarı idi və həmkarlarından birinə qarşı haqsızlıq olurdursa, müdiriyyət ilə mübahisə edə bilirdi. Atamın vəfatından sonra insanlar danışırdılar ki, çətin vəziyyətdə atam onlara necə kömək edirdi və dəstəkləyirdi. Yaltaqları gözü götürmürdü, belələrini görəndə son dərəcə sərt reaksiya verirdi. O, öz əqidəsi ilə tam ahəngdə yaşayırdı. Bu mənada atam tamamilə xoşbəxt insan idi. Heç vaxt yalan danışmırdı və ancaq düzgün hesab etdiyini deyirdi. Hələ gəncikən öz prinsiplərini qoruyurdu. ÜDKİ-yə daxil olanda müəllimlərim - atamın keçmiş dostları və kurs yoldaşları, onun hamını necə "düzəltdiyindən" danışırdılar. Atam elə o vaxtdan möhkəm oğlan olub, hər şeyi və hamını nəzarətdə saxlayıb. O zamanlar pis vaxtlar idi - müharibədən sonrakı dönəm... Ömrünün axırına qədər də belə olub.
- Valideynləriniz necə tanış olublar? Yəqin ki, bu haqda sizə danışıblar ...
- Anam, qardaşı və nənəm ilə o vaxtkı 1 May küçəsində yaşayırdılar. Babam, anamın atası tez rəhmətə getmişdi. Atam isə yaxında, qonşuluqdakı Aşağı Dağlı məhəlləsində yaşayırdı. Anam universitetdə, biologiya fakültəsində təhsil alırdı, dərsdən qayıdarkən, atam onu küçədə görmüşdü. Anamı çox bəyənmişdi. Onların arasında 8 yaş fərq var idi. Anam çox gözəl idi. Atam uzun müddət onun dalınca gəzib, nazını çəkib. Bir müddətdən sonra isə evlənmək təklif edib və ailə qurublar. Anam ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirəndə, mən doğulmuşam. O, karyerasında çox şeyə nail ola bilərdi, amma həyatını bizə həsr etməyi qərara aldı. Bütün ömrüboyu o, ana, daha sonra isə nənə "işləyib".
- Bacınız ABŞ-da yaşayır. Yəqin, atanız tez-tez ora qonaq gedərdi...
- Doğrudan da, anam və atam bacımın yanına tez-tez gedirdilər. Anam orda çox qalırdı, bacıma, uşaqlara kömək edirdi. Doğma, heç bir kəsin olmadığı, özgə ölkədə bacıma anam kimi heç kim nə kömək edə, nə də dəstəkləyə bilirdi.
Atam ABŞ-a ilk dəfə 1978-ci ildə, bacım Birləşmiş Ştatlara köçməmişdən lap əvvəl getmişdi. Orada da fəaliyyətinə davam edirdi, rəsmlər çəkirdi. İşləmək üçün bütün şəraiti var idi. Lakin çox tezliklə atam Bakı üçün darıxdı və geri qayıtdı. O, Azərbaycana və Bakıya bağlı idi. Ümumiyyətlə, səhv etmirəmsə, atam ABŞ-da şəxsi sərgisi keçirilən ilk rəssam olub. Bu, 1994-cü ildə olub. Ümumilikdə, sağ ikən üç şəxsi sər- gisi, vəfatından sonra isə - 2012-ci ildə ABŞ-ın Konqres binasının yaxınlığındakı Vaşinqtonun ən iri qalere-yalarının birində daha bir sərgisi keçirilib.
- Siz atanızın izi ilə getmisiniz. Onun həyatdakı əlaqələri və tanışlıqları sizə kömək etdimi?
- Əlbəttə ki, incəsənətə gəlmə-yim büsbütün atamla bağlıdır. Elə bir mühitdə böyümüşəm ki, başqa yol seçmək çətin idi. Uşaq vaxtımdan atam məni quruluşçu rəssamların işlədikləri çəkiliş meydançalarına aparırdı. İndiyə kimi həmin kinostudiyalarının pavilyonlarını xatırlayıram. Kinoçəkiliş prosesini çox sevirdim. Bundan başqa, tez-tez onun emalatxanasında olurdum və çox erkən özüm rəsm çəkməyə başladım. Səhv etmirəmsə, beş yaşım vardı... Ən azından, bu yaşda çəkdiyim şəkillər qalıb. Kino və rejissorluq həvəsimə gəldikdə isə o, hələ 11 yaşında ikən atamın mənə hədiyyə etdiyi 8 millimetrlik kinokamera ilə birbaşa bağlıdır. Odur ki, kinoda ilk addımlarıma hələ 12 yaşımda, ilk filmlərimi çəkərkən başlamışam.
Səkkizinci sinfi bitirərkən, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmaq istədiyimi açıqladım. Müəllimlərim dəhşət içində idilər, çünki "əla" oxuyurdum. Həmin vaxt deyildiyi kimi, qızıl medala gedirdim.
Atamın reaksiyası birmənalı de-yildi: o, açıq şəkildə etiraz etmədi, lakin məni xəbərdar etdi ki, çox çətin yol seçirəm. Bu "başla" istənilən ali təhsil müəssisəsinə daxil ola bilərəm. Və düşünmək üçün mənə vaxt verdi. Lakin qəti qərarımı vermişdim. Daha sonra ÜDKİ-də "qırmızı diplom"la bitirdiyim, təhsil illərim oldu. O, həmişə məni müstəqilliyə öyrədirdi. Kişiyə yaraşan kimi. Ona görə də prioritetlərimi müəyyənləşdirdim və öz hərəkətlərimə görə özüm məsuliyyət daşıdım. Təhsilimi bitirdikdən sonra evə qayıtdım, beş filmdə quruluşçu rəssam kimi işlədim, rəssamlıq sərgilərində iştirak etdim. Lakin rejissorluğa həvəsim üstün gəldi - 1989-cu ildən filmlər çəkməyə başladım. Atam hesab edirdi ki, yaxşı rəssamam və özümü təsviri incəsənətə həsr etməliyəm. Əvvəlcə o mənim rejissor işimi ciddi qəbul etmirdi. Lakin müəyyən vaxt keçdikdən sonra, məni müxtəlif beynəlxalq festivallara dəvət etməyə başladılar. Bu sahədə müəyyən uğura nail oldum və atam anladı ki, hər şey onun düşündüyündən də ciddidir. Ancaq 1996-cı ildə çəkilmiş "Leyli və Məcnun" kinooperasına baxdıqdan sonra, məni peşəkar kinorejissor kimi qəbul etdi. "Qala" filmimə görə hətta fəxr edirdi. Onun qəbul etməsi olduqca də- yərli idi. Çünki o, nə özünə, nə yaxınlarına - ümumiyyətlə, incəsənət keyfiyyəti baxımından heç kimə üz verməzdi.
- Kamil Nəcəfzadənin ömrünün son günlərindən danışın. Nəyi xatırlayırdı? Nə haqda danışırdı?
- Ümumiyyətlə, maraqlıdır ki, uşaqlıqdan atamın böyük qardaşları da yaxşı rəsm çəkə bilirdilər. Lakin peşəkar rəssam ancaq o oldu. Bu işdə onun böyük qardaşı Yunusun xüsusi rolu olub. Babamın vaxtsız ölümündən sonra o, demək olar ki, dörd kiçik qardaşı və iki bacısını böyüdüb. Məhz Yunus əmim atamın əvvəlcə Rəssamlıq Texnikumunda (məktəbində) oxumasını, daha sonra isə Moskvada Rəssamlıq İnstitutuna qəbul olunmasına təkid edib. Və həmin 6 ildə atama maddi yardım edib. Atama həsr olunmuş "Kətandakı insan" sənədli filmimdə o deyir: "Hər bir insan çalışmalıdır həyatını elə yaşasın ki, sonra onun uşaqları və sonrakı nəsli hər hansı bir çirkin addımlarına görə utanmalı olmasın". Əminliklə deyə bilərəm ki, o, buna nail olub. Bu günə kimi onun haqqında mənə gözəl sözlər, böyük ehtiram, hörmət, bəzən də heyranlıq duyduqlarını ifadə edirlər.
Onun rəsmlərinin əsas mövzusu məhəbbət idi. O, doğma torpağının gözəlliyini - peyzajlarda sevirdi, insanların gözəlliyini - portretlərdə, əşyaların gözəlliyini - natürmortlarda, qadın vücudunun gözəlliyini - çılpaq fiqurlarda sevirdi. O, çox gözəl kolorist idi və onun boyaları izləyicilərə müsbət enerji və həyat sevgisi bəxş edir. O, incəsənətə olan böyük sevgisini ailəsinə olan məhəbbətlə birləşdirməyi bacardı. Bu filmdə də o deyirdi ki, ailə - kiçik dövlətdir. Və heç də hər kəs onu yaratmaq, inkişaf etdirmək və qorumağın öhdəsindən gəlmir. Öz incəsənətinə fədakarcasına vəfalı olan K. Nəcəfzadə uzun müddət kino çəkilişlərində olurdu. Lakin evdəkilər üçün daha xoş şərait yaradırdı. O, bunu necə edirdi? Həyat yoldaşını, uşaqlarını və rəssam olmaq həvəsini çox sevirdi.
Anamın gözlənilməz ölümü onu sarsıtdı. Anam altı il əvvəl ABŞ-da iflic oldu və dünyasını dəyişdi. Atam birdən bir neçə il qocaldı. O, doğma insanın gedişinə görə çox narahat idi. Amma emalatxanasında işləməyə davam edirdi. O, xəstəxanaya düşərkən, yekunlaşdıra bilmədiyi kətanını saxlayıram. Düşünürəm ki, o, elə bir hisslə bizi tərk etdi ki, nəzərində tutduğu işlərin hamısını yekunlaşdırıb. Həyatdan qətiyyən yapışmamışdı. Mənə görə, bacıma və qardaşıma görə rahat idi, nəvələrinə görə də narahatlığı yox idi. Hələ sağ ikən Azərbaycan incəsənətinə də- yərli töhfə verdi. O, yerdəki taleyini icra etdi və düşünmədən rahat getdi..
MƏSLƏHƏT GÖR: