
SƏHNƏNİN AZADLIQ AŞİQİ
Azərbaycan dahi aktrisa Leyla Bədirbəylinin anadan olmasının 94-cü ildönümünü qeyd etdi
Müəllif: Məhərrəm ZEYNAL Bakı
O, bir çox güclü, müxtəlif qadın obrazlarını yaradıb. Həm Mirzə Fətəli Axundovun xanımı olub, həm Fətəli xanın; eyni zamanda, Koroğlunu sevən xan qızının rolunu canlandırıb. Leyla xanımın kinoda onlarla, teatrda isə yüzlərlə obrazı olub. Amma əsasən, yaddaşlarda ilk işlərindən biri ilə – "Arşın mal alan" musiqili komediyasındakı Gülçöhrə obrazı ilə qalıb.
Leylinin şərəfinə
"Leyla Bədirbəylinin kino karyerası daha uğurlu olub", – deyə "R+" jurnalına açıqlamasında kino tarixçisi, tənqidçi, əməkdar incəsənət xadimi Aydın Kazımzadə bildirib. "O, 50-dən artıq bədii və televiziya filmində, həmçinin televiziya tamaşalarında çəkilib; qeyri-adi, bir-birindən tam fərqlənən nənə, həyat yoldaşı, bacı obrazları yaradıb. Kinoya "Lenin haqqında üç mahnı" filmində kiçik pioner roluna çəkilməklə gəlib. Sonda onun kinoya gəlişi bütünlükdə Azərbaycan üçün böyük uğur olub. Söhbət "Arşın mal alan" filmindən gedir".
A.Kazımzadə bildirir ki, bu film populyarlıq qazanmasına görə həm də Leyla Bədirbəyliyə borcludur. Gülçöhrə obrazı tamaşaçılar tərəfindən o qədər sevilirdi ki, hətta filmin Bolqarıstanda nümayişindən sonra yerli sakinlərdən biri yeni doğulmuş qızına onun adını qoyub. O, azərbaycanlı kinematoqrafçılara yazırdı ki, yeni doğulmuş körpəsinə ad tapa bilmirmiş və yalnız filmi izlədikdən sonra, "Arşın mal alan"da baş rolu ifa edən Leylanın adını qızına qoymaq qərarına gəlib.
Bədirbəylinin aktrisa həyatında hər şey o qədər də asan alınmayıb. 1944-cü ildə yeni filmin çəkilişlərinə hazırlıq gedirdi. Film müharibənin ağrı acısını yaşayan Azərbaycan sakinlərinə təskinlik verməli, sözün əsl mənasında bayrama çevrilməli idi. Filmdə ən ciddi məsələlərdən biri də Gülçöhrə rolu ilə bağlı idi. Bu rolu canlandırmağa iddialı olanların sayı 50-dən çox idi.
Sonda seçim Bədirbəylinin xeyrinə oldu. Amma ona qarşı son dərəcə sərt tələblər irəli sürülmüşdü. Filmin rejissoru Rza Təhmasib, hətta çəkiliş prosesində belə, istənilən aktyorun dəyişdiriləcəyini istisna etmir, onlardan var qüvvələrini ortaya qoymasını tələb edirdi. İlk çəkilişlərin nəticəsinə baxan rejissor Bədirbəylinin işindən narazı qalmış və onu dəyişmək haqda düşündüyünü aktrisanın nəzərinə çatdırmışdı. Sonda Təhmasib bu qərarı qəbul etmədi. Amma onun bu sözləri gənc aktrisanın özünə gəlməsi üçün kifayət etdi. Üze- yir Hacıbəyovun yanına gedən aktrisa sonralar bəstəkarla söhbətlərini belə nəql edirdi: "Mən Üzeyir bəyə Gülçöhrə roluna çəkilməyəcəyimi dedim və hönkürməyə başladım". Ü.Hacıbəyov isə aktrisaya ürək-dirək verərək, sınaq çəkilişlərinə baxdığını, Bədirbəylinin ifasını bəyəndiyini bildirmiş, Leylaya istedadlı olduğunu söyləmiş, onu sadəcə işə can yandırmağa, öz üzərində ciddi şəkildə işləməyə çağırmışdı. Sonda qazanılan uğur haqda isə, yəqin ki, danışmağa dəyməz...
Amma filmlərdə Bədirbəylinin bəxti heç də həmişə gətirməyib. "Məsələn, "Koroğlu"da o, gənc Rövşənə aşiq olmuş xan qızı Nigarın rolunu oynayırdı. Leylanın qəhrəmanı bir çox maneələri aşdı, aktrisa daim qəhrəmanın stresini yaşayaraq, daxili dünyasını göstərə bildi. Ümumilikdə isə film zəif alındı. Aktyorların oyununu əksər tamaşaçılar qiymətləndirmədilər", – deyə kino eksperti bildirir.
Kino və teatr
Leyla Şəmkir bəylərinin nəslindən olan Ağalar Bədirbəylinin ailəsində doğulmuşdu. 1936-cı ildə o, Azərbaycanın mahnı və rəqs ansamblının solisti olub və 1942-ci ilədək orada çalışıb. 1942-ci ildə M.Əzizbəyov adına AzDT rəhbərliyinin dəvəti ilə bu teatrın səhnəsində çıxış etməyə başlayıb. Sonralar Leyla Bədirbəyli deyirdi: "Teatr mənim üçün Mehdi Məmmədov, Adil İsgəndərov, Əliheydər Ələkbərov kimi korifeylərin adları ilə bağlıdır. Mənim kino və teatrdakı fəaliyyətim müharibə illərinə təsadüf edib. Amma buna baxmayaraq, həmin illər incəsənət aləmində çox məhsuldar keçib. Bu, mənə də aiddir".
Bədirbəyli səhnədə azadlığı yüksək qiymətləndirənlərdən idi. Əksər ölkələrdə rejissorların aktyorlara improvizasiya imkanı verməsi adi hal idi. Sovet məktəbində isə hər şey daha çətin idi. Bu üzdən aktyorlar epizodik və ya kiçik rolların öhdəsindən daha yaxşı gəlirdilər.
Onun kiçik rolları da əla alınıb. "Onun böyük ürəyi" filmindəki kiçik Xalidə rolu çox parlaq, psixoloji baxımdan dərin alınıb", – deyə Kazımzadə bildirir. – "O, həmin filmdə müharibədə gözləri tutulduğunu bildikdən sonra sevdiyi insandan imtina edən qadını əla canlandırıb. Bu, Leylanın ən güclü kino rollarından biridir".
"O, öz qəhrəmanlarını həmişə diqqətlə öyrənirdi", – deyə kinotənqidçi qeyd edir. – "Fətəli xanın xanımını oynayan Leyla güclü və ağıllı qadın, mehriban ana, eyni zamanda əlində silah tutmağa qadir olan insan obrazını yaratmağı bacarıb".
Eyni sözləri onun canlandırdığı Oliviya və Dezdemona kimi romantik və poetik rollar haqda da söyləmək olar. Onun Cəfər Cabbarlının eyniadlı pyesində yaratdığı iradəli, prinsipial Almaz rolu da eyni dərəcədə uğurlu alınıb. Bədirbəylinin işində hər zaman müstəqilliyə meyil, rola öz baxışı hiss olunub.
"Teatrda o, çox zaman baş rolları da oynayır, bunun öhdəsindən əla gəlirdi. Bu fikri onun ilk rolu - Mirzə İbrahimovun "Sevgi" pyesindəki Zöhrə rolundan tutmuş, bütün rollarına aid etmək olar", – deyə Kazımzadə bildirir. – "Teatrda işlədiyi bütün illər ərzində o, daim yüksəlişdə olub və heç zaman geri getməyib".
Əlbəttə ki, Bədirbəylinin uğurlarında rejissorların da xidməti var. Bu mənada onun teatr işlərinin rəhbərləri olmuş Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun adlarını çəkmək olar. Məhz Kazımovun Sabit Rəhmanın pyesi əsasında səhnələşdirdiyi "Yalan" tamaşasında Bədirbəyli ən mənalı xarakterlərindən birini ortaya qoyub. Söhbət "qara qarı" - Tərlan xanımın bacısı qızı Şəlalə obrazından gedir. Bu, olduqca rəngarəng, müəllifin fikrini tam əks etdirən və zənginləşdirən incə və emosional bir obrazdır. O, utancaq, ədəbli qəhrəmanının nüfuzlu qohumunun təsiri altında həyasız, öz xeyrini bilər, üç həyat yoldaşını aldadan cinayətkara necə çevrildiyini çox gözəl göstərib. Burada hər şey var idi: həm aktuallıq, həm də bədii həqiqət.
Leyla Bədirbəyli kino və teatrdakı fəaliyyəti ilə yanaşı, tamaşaçıların yadında "Səhər görüşləri" verilişi ilə də qalıb. 1973-cü ildən başlayaraq, 11 il ərzində o, digər məşhur aktyor Lütfi Məmmədbəyovla birlikdə bu verilişə aparıcılıq edib.
Ümumittifaq şöhrəti
"Mən onunla birlikdə Sovet İttifaqının bir çox şəhərində olmuşam. Leyla xanım hər yerdə alqışlarla qarşılanırdı. O, hara gedirdisə, özü ilə hədiyyələr aparır, həmin respublikaların tanınmış aktrisalarına kəlağayılar, milli ayaqqabılar – çarıqlar, suvenirlər hədiyyə edirdi. Onun çox səxavətli ürəyi var idi", – deyə Kazımzadə bildirir.
Sovet İttifaqının dağılmasından sonra Moskvada Azərbaycan kinosu günləri keçirilirdi. Aktyorlar "Rusiya" mehmanxanasında qalırdılar. Qaydaya əsasən, kino günləri başa çatan kimi, mehmanxananı tərk etmək lazım idi. Çünki orada digər nümayəndə heyətləri yerləşdirilməli idi. "Tədbirdən sonra biz əşyalarımızı aşağı daşıdıq. Leyla xanım hələ Moskvada qalmalı idi. Azərbaycan səfirliyinin yaxınlığındakı kiçik mehmanxanada onun üçün yer tapdıq. Onun əşyalarını daşıdıqda qeydiyyatçı xanım soruşdu: "Leyla xanım, siz niyə gedirsiniz?". O, cavab verdi: "Necə yəni? Axı, tezliklə buranı tərk etməyimizi özünüz istədiniz". Qadın dedi: "Nümayəndə heyəti mehmanxanadan çıxmalıdır. Amma bu, sizə aid deyil. Siz burada istədiyiniz qədər qala bilərsiniz. Hər dəfə siz foyeyə enərkən mehmanxanadakı bütün qızlar işlərini yarımçıq qoyaraq sizə baxmağa qaçırlar!" – deyə Kazımzadə danışır.
O, Türkmənistanda keçirilmiş Azərbaycan kinosu günlərini də xatırlayır. Azad Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Rasim Balayev, Həsən Məmmədov, Həmidə Ömərova və digərləri kimi tanınmış aktyorlar var idi: "Bizi təntənəli ziyafətə dəvət etdilər və Azad müəllimə axşamın aparıcılığı həvalə edildi. O, bu təklifə belə cavab verdi: "Qoy tamada Leyla xanım olsun". Biz hamımız özümüzü itirdik. Amma türkmənlərin alqışları ilə Leyla xanım tamada oldu. Əvvəlcə o, Türkmənistan, daha sonra Türkmənistan mədəniyyəti, ən məşhur mədəniyyət xadimləri, aktyorları haqda danışdı. Leyla Bədirbəylinin əla intellektə sahib olduğunu bilirdik. Amma onun bu cür rahatlıqla tamada rolunun öhdəsindən gələcəyini heç kim gözləmirdi.
Şam yeməyindən sonra Türkmənistanın məşhur aktyoru Baba Annanov bizə yaxınlaşdı və Leyla Bədirbəylinin qarşısında diz çökərək dedi: "Uşaqlıq illərimdə sizin çəkildiyiniz "Arşın mal alan"ı ilk dəfə izlədikdə dərhal filmə vuruldum. Rəşid Behbudovun səsinə və sizə aşiq oldum. Nə vaxtsa Bakıya səfər etməyi, sizi taparaq söhbətləşməyi arzulayırdım. Bilin ki, aktyorluq peşəsini seçməyimə görə yalnız sizə borcluyam!". Bu, çox təsirli səhnə idi".
Son illərdə Bədirbəyli az rola çəkilib. O, ağır xəstə idi və həyat yoldaşı ilə qızının qəfil vəfatından çox sarsılmışdı. 90-cı illərdə milli kino və teatrın üzləşdiyi acınacaqlı durum onu da çox incidirdi. Bədirbəyli ölümündən bir neçə il əvvəl yazdığı məktubunda deyirdi: "Artıq 7 ildir ki, müharibə şəraitində yaşayırıq. Mənə elə gəlir ki, zəngin milli kinematoqrafiyamız məhv ola bilər... Halbuki, elə bu günün özündə əbədi olaraq xalqın yaddaşına yazılmağa layiq olan o qədər mövzu var ki...".
MƏSLƏHƏT GÖR: