
DAVAMLI DƏSTƏK
NATO məsələləri üzrə ekspert Tomas FEDİSİNİN "R+" jurnalına müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahına sayca 5-ci səfərini etdi. Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussenlə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi, vacib razılaşmalar əldə olundu. Bu razılaşmalar arasında Azərbaycanın Əfqanıstana yardım proqramlarında iştirakının genişləndirilməsi də var.
Səfərin nəticələri haqda Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramı üzrə həmsədr Tomas Fedisin bu görüşün nəticələri haqda fikirlərini "R+" jurnalına müsahibəsində açıqlayıb.
- Prezident İlham Əliyevin Brüsselə səfəri fonunda NATO-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirərdiniz?
- Azərbaycan NATO ilə münasibətlərə 20 il əvvəl, alyansın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramını yaratdığı zaman başlayıb. O zaman keçmiş Sovet İttifaqından yenicə müstəqillik əldə etmiş Azərbaycan Qərblə yaxınlaşma üçün ehtiyatla mexanizmlər axtarırdı. İlham Əliyevin NATO-nun mənzil-qərargahına bu yaxınlarda etdiyi sayca 5-ci səfəri Bakı ilə alyans arasında strateji tərəfdaşlığın yeni, daha yüksək səviyyəli əməkdaşlığın göstəricisidir. Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirakla, həmçinin yüklərin böyük bir hissəsinin tranzitinin təhlükəsizliyini təmin etməklə, etibarlı tərəfdaşa çevrilib. Azərbaycan Əfqanıstanın təhlükəsizlik qüvvələrinin hazırlığına dəstəyə, sülhün dəstəklənməsi üçün digər əməliyyatlara hazır olmaqla, NATO ilə antiterror əməliyyatları sahəsində də əməkdaşlıq edir. NATO-nun demokratik islahatlar və peşəkar hərbi təhsil sahəsində yardım təklifləri Bakını Avroatlantik institutlara daha da yaxınlaşdırıb. Ümumilikdə Azərbaycanın NATO ilə münasibətlərini inkişaf edən və təkmilləşən dayanıqlı münasibətlər kimi xarakterizə etmək olar. Alyansın baş katibi Anders Foq Rasmussen də Azərbaycanı Əfqanıstandakı "dəyişməz dəstəyinə" görə alqışlayıb, bu strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidini ifadə edib.
- Yeri gəlmişkən, bu il NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanılacaq. Bununla əlaqədar olaraq, Azərbaycan-NATO əməkdaşlığından nə gözləmək olar? Məsələn, İlham Əliyevin NATO baş katibi ilə görüşü zamanı Azərbaycanın Əfqanıstan milli ordusuna dəstək fonduna daha 1 milyon avro ayırmaq niyyətində olduğunu açıqlayıb.
- Azərbaycanla NATO arasında Əfqanıstanla bağlı əməkdaşlıq bütün münasibətlər üçün nümunəvidir. Onun xüsusilə Əfqanıstan milli ordusunun dəstəklənməsi və maliyyələşdirilməsi sahəsində 2014-cü ildən sonra da davam etdirilməsi də yüksək qiymətləndirilir. Bu il ərzində bir çox dövlətlərin Əfqanıstana dəstəyini tədricən azaldacağını nəzərə alsaq, bu, daha vacib xarakter alır. NATO-da təhlükəsizlik sahəsində islahatlar və enerji təhlükəsizliyi hər zaman vacib məqamlar sayılıb. Azərbaycan isə NATO-nun Avropadan olan üzvlərinə vacib qaz və neft ixracatçısına çevrilir. Alyansın xüsusiyyətinə əsasən, ikitərəfli münasibətlərin inkişafını şərtləndirən əsas amil Bakı və Brüsseldən gələn siqnallardır. Azərbaycan əməkdaşlıq üçün nə qədər geniş sahə istəyərsə, əməkdaşlıq o qədər geniş ola bilər. Şəxsi müşahidələrim göstərir ki, NATO-nun bir çox üzvləri milli təhlükəsizliklə bağlı geniş xidmətlər spektri təklif edir və "Sülh naminə tərəfdaşlıq" proqramının Azərbaycan kimi üzvlərindən bu təkliflərə müvafiq reaksiya gözləyir.
- Azərbaycanla NATO-nun əməkdaşlığı daha da möhkəmləndirə biləcəkləri sahələr hansılardır?
- ISAF başa çatdıqdan sonra, güman ki, Cənubi Qafqazda enerji təhlükəsizliyinin təmini ən aktual məsələ olacaq. Bu, çətin məsələdir və yalnız qaz və neft hasilatı ilə bağlı deyil. Bu, həm də hasil olunmuş neft və qazın qorunmasına, saxlanılmasına və Cənubi Qafqaz vasitəsilə Avropaya nəqlinə aiddir. Şübhəsiz ki, burada söhbət Azərbaycanın şimal və cənub sərhədlərində terrorçu qrupların mövcudluğu ilə əlaqədar olaraq, məhsulun təhlükəsizliyinin təminindən gedir.
- Enerji və təhlükəsizlik mövzusunu davam etdirsək, bu məsələnin hər ikisi Azərbaycanın NATO ilə, həmçinin ABŞ ilə əməkdaşlığının vacib sahələrindəndir.
- Vaşinqtonla Bakı arasında ikitərəfli münasibətlər rəsmən 1992-ci ildə, Azərbaycanın müstəqillik qazanmasından sonra inkişaf etməyə başlayıb. Bu əməkdaşlığın böyük bir hissəsi NATO kanalları vasitəsilə, ilk növbədə, hərbi operativ standartlar, sülhün dəstəklənməsi əməliyyatları ilə, müdafiə sahəsində islahatlar və peşəkar hərbi təhsillə bağlı təşəbbüslər vasitəsilə həyata keçirilir. Lakin ABŞ-ın demokratiyanın möhkəmlənməsinə, açıq bazar iqtisadiyyatının formalaşdırılmasına sadiqliyi Vaşinqtonla Azərbaycan şirkətləri arasında da tərəfdaşlığa yol açıb. Amerikanın əsas iqtisadi maraqları dənizdə neft hasilatı və telekommunikasiyalar inkişafı ətrafında dövr edir. Azərbaycan neftinin, onun İran və Rusiya kimi fövqəldövlətlərlə qonşu olduğunu nəzərə alan Amerika Bakı ilə münasibətlərinə strateji önəm verəcək. Avropanın təbii qaz ehtiyatına olan tələbatının, təxminən, 10%-nin ödənilməsini təmin edəcək Transadriatik boru xətti layihəsinin inkişafına Birləşmiş Ştatlar tərəfindən həlledici dəstək verilib. Amerika Azərbaycana etibar edir. Çünki onu, həqiqətən, müstəqil ölkə, dünyanın potensial qeyri-sabit bölgəsinin strateji vacib bir hissəsi sayır.
- Cənubi Qafqazdakı hərbi-si-yasi vəziyyəti necə qiymətləndirirsiniz? Regionda yeni müharibə təhlükəsi nə dərəcədə realdır? Azərbaycanla NATO arasında gələcək əməkdaşlığa nə mane ola bilər?
- Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə ciddi təhlükə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda davam edən "dondurulmuş münaqişə"dir. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu bu problemin həlli üçün vasitəçi qurum seçilib. Rusiya Ermənistan hökumətinə ciddi hərbi və iqtisadi yardımlar göstərməklə, İrəvana ciddi siyasi təsir imkanları əldə etsə də, regionda tezliklə hərbi əməliyyatların başlanacağını gözləmək üçün əsaslar yoxdur. Bu, hər iki liderin münaqişənin həllinə dair dialoqun bərpasına hazır olmaları, eyni zamanda Azərbaycanın hərbi potensialının güclənməsilə bağlıdır. Yəni hər iki tərəf anlayır ki, hərbi əməliyyatların bərpası onlara danışıqların (uğursuz olsa belə) davam etdirilməsindən daha çox zi-yan gətirəcək. Bu vəziyyət Azərbaycan-NATO əməkdaşlığına mane olmamalıdır. Münaqişənin həlli re- gional təhlükəsizliyin arxitekturasına aid bir çox yeni birgə imkanlar açacaq.
* Bu müsahibədə səslənən fikirlər müəllifin şəxsi fikirləridir və ABŞ-ın rəsmi siyasətini əks etdirmir.
HAQQINDA
Doktor Tomas Fedisin Nyu-Port Hərbi Dəniz Kollecində (Rod-Aylend, ABŞ) milli təhlükəsizlik məsələləri üzrə professordur. Dəniz zabiti olduğu dövrdə iki müddət NATO-nun Brüsseldəki mənzil-qərargahında çalışıb. Hazırda Fedisin Azərbaycan üzrə Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramının akademik həmsədridir.
MƏSLƏHƏT GÖR: