13 Mart 2025

Cümə axşamı, 15:40

20 YANVAR: KADR ARXASINDA QALANLAR

Azərbaycan müstəqilliyinin və dövlətçiliyinin bərpası ilə bağlı tarixi seçimi məhz həmin gün etdi

Müəllif:

21.01.2014

Bəlkə də, bir çox tarixi hadisələrin əsl əhəmiyyətinin yalnız zaman keçdikcə üzə çıxdığını düşünənlər haqlıdırlar. Həmin hadisələrin şahidləri bunu heç də həmişə dərk edə bilmirlər.

Bu həqiqət Azərbaycan tarixinin ən faciəvi səhifələrindən birinə – 1990-cı ilin 20 Yanvar faciəsinə də aiddir.

Bu gün bir fikir açıq şəkildə ifadə olunur ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmış cəza aksiyası idi. Onun əsas məqsədi Azərbaycandakı milli azadlıq hərəkatının qan içində boğulması, itaətdən bo-yun qaçıran "cənub respublikası"nın SSRİ-nin tərkibində saxlanılması idi.

Bu gün mətbuatda, internetdə həmin il yanvarın 20-nə keçən gecə Bakıda yaşananlar haqda kifayət qədər detallı informasiya almaq mümkündür. Bu materiallardan məlum olur ki, əvvəlcə qoşunların paytaxta yeridilməsinə bəhanə kimi SSRİ DTK tərəfindən təşkil edilmiş ermənilərin talanlardan istifadə nəzərdə tutulurmuş. Sonradan mətbuatda maraqlı məlumatlar da yer aldı: qoşunlar Bakıya doğru yanvarın 12-dən hərəkətə başlayıbmış. Talanlar isə bundan bir gün sonra olub. Bundan başqa, son dərəcə "dəqiq" və "səliqə"ylə "işləyən" talançıları milislə yanaşı, azərbaycanlıların özləri də yaxalayırdılar. Sonradan onların istintaqını ölkədəki ittifaq DİN-in əməkdaşları aparsalar da, bir neçə saat sonra əllərində ermənilərin si-yahısı olan həmin şəxslər yenidən küçələrdə peyda olurdular. Yanvarın 15-də isə erməni talanlarını indiki dildə desək, "vətəndaş cəmiyyəti"nin köməyilə tam "söndürmək" mümkün oldu. Nəhayət, yanvarın 19-u axşam "Vımpel" xüsusi təyinatlılarının zabitləri Bakı televiziya mərkəzinin enerji blokunu partlatdılar – sonradan bu terror aktını hansısa "ekstremistlərin" üzərinə atacaq, bundan paytaxta qoşun yeridilməsi üçün bəhanə kimi istifadə edəcəkdilər.

Sovet ordusu həmin vaxt hələ sovet şəhəri olan Bakıya bir neçə istiqamətdən daxil olmuşdu. Hərbçilər qarşılarına çıxan insanları tərəddüd etmədən güllələyirdilər: evlərin pəncərələri, sərnişin avtobusları da atəşə tutulurdu. Hətta təcili yardım avtomobilinə də atəş açılmış, nəticədə, həkim Aleksandr Marxevka həlak olmuşdu. Qətlə yetirilənlər arasında anadangəlmə kor olan Boris Yefimçev də var idi. O, süngü ilə öldürülmüşdü. Vera Bessantina isə evinin pəncərəsindən boylanarkən güllələnmişdi...

Sonralar britaniyalı jurnalist Tom de Vaal olanları belə nəql edirdi: "Şahidlərin sözlərinə görə, əsgərlər qaçan insanları güllələyir, yaralılara çataraq onları qətlə yetirirdilər. Dinc sakinləri aparan avtobus atəşə tutulmuş, nəticədə, 14 yaşlı qız uşağı da daxil olmaqla, çoxlu sayda sərnişin həlak olmuşdu. Hərbi maşınlar qarşısına çıxan avtomobili əzir, bu zaman avtomobildə kimin olmasına əhəmiyyət verilmirdi. Məsələn, Tbilisi prospektində minik avtomobili atəşə tutulmuşdu. Tanklardan biri yolunu dəyişərək onun üzərindən keçmişdi. Maşında olan sərnişinlərdən 13 yaşlı uşaq qaçaraq təhlükəsiz yerdə gizlənməyə çalışsa da, kürəyindən aldığı güllədən həlak olmuşdu".

Daha bir şahid, kinorejissor Stanislav Qovoruxin yazırdı: "Yanvarın 20-nə keçən gecə ordu şəhərə girdi. Amma sovet ordusu sovet şəhərinə... işğalçı kimi daxil olmuşdu: gecə, tanklar və zirehli maşınlarla, yolunu atəşlə, qılıncla təmizləyərək. Hərbi komendantın sözlərinə görə, həmin gecə 60 min güllədən istifadə olunub. Sumqayıt yolunun kənarında tanklardan ibarət karvanı buraxmaq üçün minik avtomobili dayanmışdı. Avtomobildə Elmlər Akademiyasından biri qadın olmaqla, 3 alim var idi. Qəflətən karvanla hərəkət edən tanklardan biri istiqamətini dəyişərək avtomobilin üzərindən keçir, sərnişinləri əzərək öldürür. Tank karvanı isə heç nə olmamış kimi, yoluna davam edir...".

Baş verənlərə qiymət faciədən sonrakı elə ilk günlərdəcə verildi. "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm", – deyə Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyindəki çoxlarının yadında olan məşhur çıxışında bildirmişdi: "Hesab edirəm ki, Azərbaycandakı vəziyyətin siyasi həlli yolu var idi. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi məsələnin siyasi həlli, xalqla dialoq imkanlarından istifadə etmədi. Bütün bunların hansı faciələrə səbəb olduğu artıq bizə yaxşı məlumdur. Bu faciəyə aidiyyəti olan hər bir şəxs cəzasını almalıdır".

Yanvar faciəsini ilk günlərdən SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər. O zaman yaşananlarda hər hərbi cinayətin, həm də insanlığa qarşı törədilmiş cinayətin əlamətlərini tapmaq mümkündür.

Amma bir məqam daha az vurğulanır. Məsələ bundadır ki, 1990-cı ilin qışında SSRİ-də məşhur "mərkəzdənqaçma tendensiyaları" özünün pik həddinə çatmışdı. Respublikalar artıq öz müstəqilliklərinin bərpası haqda düşünür, iqtisadçılar respublikalarının "ittifaq daxılı"na ondan qazandığından daha çox vəsait verdiyini göstərən onlarla arqument gətirirdilər. Neft və qazla zəngin olmasına rəğmən, əhalinin yaşayış səviyyəsi hətta ittifaq standartlarından da geri qalan Azərbaycanda bu arqumentlər daha sərt qəbul olunurdu.

Amma Moskva ekspertlərinin dilə gətirmək istəmədikləri daha bir səbəb də var idi. Bakıda hər kəsi bir sual düşündürürdü: "mərkəz" niyə azərbaycanlıların Ermənistandan və Dağlıq Qarabağdan qovulmasını önləməyə çalışmır? Nədən hələ SSRİ  mövcud olduğu halda, Ermənistanda "gizli" ordunun yaradılmasına heç kəs mane olmur? "Saqqallı" erməni yaraqlılarında silah hardandır?

Bu məsələlər çoxlarının təsəvvür etdiyindən qat-qat təhlükəli idi. Çünki təhlükəsizlik və qanuna əməl olunması həlledici rolu məhz dövlətin oynadığı sahələrdir.

Amma burada daha bir və daha vacib bir məqam da var idi – nəyin bahasına olursa olsun, respublikanı ittifaqın tərkibində saxlamaq. 1990-cı ilin fevralında Azərbaycan SSR-in Ali Sovetinə seçki keçirilməli idi.

1990-cı ildə hələ "Facebook", "Twitter", bloqçular, hətta bu gün adi şey olan mobil telefonlar yox idi. Müstəqil mətbuat və müxalifət KİV-i hələ yeni-yeni yaranırdı. "Sosioloji sorğular", reytinqlər, teledebatlar – bunların hamısı sonradan peyda oldu. Amma mütəxəssislər artıq anlayırdılar ki, qarşıdan gələn seçkidə Azərbaycanın müstəqilliyinə, SSRİ-nin tərkibindən çıxmasına tərəfdar olanların qələbəsi qaçılmazdır. Hər bir respublikaya bu hüquq SSRİ-nin 1977-ci ildə qəbul olunmuş Konstitusiyası ilə verilirdi. Amma onun müəllifləri "15 bacı"dan hansınınsa nə vaxtsa bu hüquqdan istifadə etmək fikrinə düşəcəyini yuxularında belə, görməzdilər...

SSRİ-nin tərkibindən ilk "konstitusion çıxış" təcrübəsi Litvada yaşandı. Respublikada keçirilən seçkidə "Sayudis" hərəkatının tərəfdarları qalib gəldilər. Eyni proseslər Latviya və Estoniyada da təkrarlandı. Amma Azərbaycana ittifaq rəhbərliyində münasibət tam fərqli idi. Baltikyanı ölkələr Sovet İttifaqı tərəfindən 1940-cı ildə işğal olunmuşdusa, Azərbaycanla bağlı bu, 20 il əvvəl baş vermişdi. Bu, çoxlarının təsəvvür etdiyindən daha təhlükəli presedent yaradırdı.

Bəlkə də, biz Azərbaycanın real siyasi və iqtisadi "dəyərini" indi anlamağa başlayırıq. 1994-cü ildə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi üzrə "Əsrin müqaviləsi" imzalandı, Bakı-Tiflis-Ceyhan ixrac boru kəməri işə salındı, 1996-cı ildə "Şahdəniz" yatağının işlənilməsi üzrə razılaşma imzalandı, indi isə növbə yeni əsrin müqaviləsi – "Şahdəniz-2"nin işlənilməsinə çatıb. Bu gün Azərbaycan nefti və qazı Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayır. Azərbaycan bərpa olunmuş İpək yolunun əsas bəndidir.

1990-cı ilin yanvarında biz hələ bunları bilmirdik. Amma aydın şəkildə anlayırdıq ki, geriyə – "sovetlər dövrünə" qayıdış olmayacaq. Bəlkə də, Azərbaycan müstəqilliyinin və dövlətçiliyinin bərpası ilə bağlı tarixi seçimi məhz onda etdi. Yanvar faciəsinin müəllifləri əks nəticəyə ümid etsələr belə...

 

 

İLK MƏNBƏDƏN

 

"Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi məsələnin siyasi həlli, xalqla dialoq imkanlarından istifadə etmədi. Bütün bunların hansı faciələrə səbəb olduğu artıq bizə yaxşı məlumdur. Bu faciəyə aidiyyəti olan hər bir şəxs cəzasını almalıdır."

Heydər Əliyev, 1990-cı ilin yanvarında Azərbaycanın Moskvadakı nümayəndəliyindəki çıxışından



MƏSLƏHƏT GÖR:

687