Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Müasir neft sənayesi, xüsusilə qazma və quyuların tikintisi prosesi ümumi standartlara tam cavab verən, sifarişçinin sifarişini maksimum təhlükəsiz şəkildə həyata keçirən, quyuları tez və keyfiyyətlə istifadəyə verən şirkətlərə tapşırılır. Bu zaman əsas şərt təhlükəsizlik və görülən işlərin yüksək keyfiyyəti, innovativ və iqtisadi texnolo- giyalar, həmçinin sifarişçi ilə münasibətlərin düzgün və şəffaf qurulmasıdır. Məhz bu prinsiplər dünya neft ictimaiyyətinə inteqrasiyanın özəyini təşkil edir.
Məhz bu məqsədlə 2007-ci ildən fəaliyyətə başlamış SOCAR-AQŞ birgə müəssisəsi yaradılıb. Bu, iki qurum - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Abşeron Qazma Şirkətinin (AQŞ) birgə yaratdıqları qazma müəssisəsidir. SOCAR həmtəsisçi olaraq müəssisəyə neft və qaz quyularının sənaye üsulu ilə qazılmasında əldə etdiyi, təxminən, 160 illik təcrübəsini gətirib. AQŞ isə öz növbəsində öncül qazma texnologiyası və yeni idarəetmə üsullarını töhfə edib. Yeni qurumun qarşısında iki əsas vəzifə qoyulmuşdu: birincisi neft və qaz quyularının ən yüksək beynəlxalq standartlara uyğun və ətraf mühitin mühafizəsi baxımından təhlükəsiz şəkildə qazılması və tikintisi, bu işlərin ən qısa müddətdə, minimal xərclə görülərək sifarişçiyə təhvil verilməsi və ikinci vəzifə effektiv, müasir, rəqabət qabiliyyətli qazma müəssisəsi strukturunun yaradılmasıdır.
SOCAR-AQŞ MMC-nin Baş direktoru cənab Ramin İSAYEV ilə söhbətimiz bizim üçün əlamətdar tarixə - 20 sentyabr - Neftçilər gününə təsadüf etdi.
- Məşhur deyimi bir qədər də- yişsək, müasir dünyada hər şeyi texnologiyalar həll edir...
- Bəli, bu gün hər işdə əsas rolu texnika oynayır. Bu üzdən də müəssisə tərəfindən istifadə olunan bütün texnika müasir tələblərə cavab verir, qazma qurğuları yüksək texnologiyalara əsaslanır və beynəlxalq standartlara uyğundur.
Bizim istifadə etdiyimiz texnika və texnologiya əsasən Rusiya, Qərbi Avropa və ABŞ istehsalıdır. Bu baxımdan platformada və ofisdə quraşdırılmış, qazma işlərinə onlayn nəzarət etmək imkanı verən sistemi, qazma işlərində istifadə olunan müasir qurğuları, aparıcı podratçı şirkətlərin gətirdyi müxtəlif texnologiyaları xüsusi qeyd etmək istərdim. Bundan başqa yüksək istehsal qabiliyyəti olan nasoslar, avtomatlaşdırılmış qazma avadanlıqları, xüsusi qazma aparatı, qazma boruları, müasir yuxarı istiqallı qazma qurğularını da vurğulamaq olar.
Quyuların dizaynında müxtəlif modifikasiyalardan istifadə edildiyini, qazma əməliyyatları və təlimatların hazırlanmasında API standartlarından istifadə olunduğunu da söyləmək vacibdir.
Yeri gəlmişkən, müəssisəmiz "Günəşli" yatağının dayazsulu hissəsində ilk dəfə yan lülənin qazılması texnolo-giyasını tətbiq edib. Məhz bizim mütəxəssislər ilk dəfə 13 və 11 saylı platformalardan yeni texnologiyaların tətbiqi ilə kerna nümunəsi götürüblər və hər iki əməliyyat 100%-lik nəticə verib.
Qeyd etmək lazımdır ki, son 3 ildə yeni texnologiyalardan istifadə qazma əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artırmış, qazmanın orta kommersiya sürətinin isə, təxminən, 4 dəfə yüksəlməsinə səbəb olmuşdur. Bununla da, quyunun işsiz dayanması halı 3%-i ötmür.
- Yeni texnologiyaların tətbiqi, əməyin effektiv təşkili müəssisənin bugünkü uğurlu fəaliyyətindən və sabahkı perspektivlərdən danışmağa nə dərəcədə əsas verir?
- Hesab edirəm ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar" və "Qum dəniz" yataqlarında qazma işlərinin aparılması üçün Bahar Energy Operating Company Limited əməliyyat şirkəti ilə podrat müqaviləsi imzalanması uğurlu hadisədir. Hazırda bu yataqda artıq bir quyu qazılıb və daha bir quyunun qazılmasına başlanılıb. Bundan başqa, bu ilin əvvəlindən "Günəşli" yatağının dayaz sulu hissəsindəki iki platformada sifarişçiyə 3 quyu qazılaraq təhvil verilib. Hazırda həmin platformalarda növbəti iki quyu qazılmaqdadır.
Bu il müəssisə "Ümid" yatağında qazma işlərinə başlamağı və inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq bazara çıxmağı planlaşdırır.
SOCAR-AQŞ-nin inkişaf perspektivlərinə gəlincə, bu, bizim strateji baxışlarımızda əksini tapıb - inteqrə olunmuş qazma və quyulara texniki xidmətin göstərilməsi istiqamətində müəssisənin fəaliyyət sahəsi və coğrafiyasını genişləndirilməklə müasir beynəlxalq şirkət səviyyəsinə yüksəlmək.
Qurğuların müasirləşdirilməsi, keyfiyyət, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə (ISO, OHSAS, API) yeni texnologiyaların, idarəetmə sistemlərinin tətbiqi, əməkdaşlara daim təlimlərin keçirilməsi, beynəlxalq neft-qaz sərgilərində, konfranslarda iştirak, şirkətin IADC-yə (Beynəlxalq Qazma Podratçıları Assosiasiyası), işçilərin isə SPE-yə (Neftçi Mühəndislər Cəmiyyəti) üzvlüyü missiyamızın reallaşdırılmasına yönəlib. Missiyamız isə Azərbaycanın dünya qazma sənayesində tarixi aparıcı rolunun bərpasıdır.
Yaxın gələcəkdə şirkətimiz horizontal və çoxşaxəli quyuların qazılması kimi presidenti olmayan yeni layihələr reallaşdırmağı düşünür.
- Müəssisənin təhlükəsizlik texnikası, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində əsas nailiyyətləri nədən ibarətdir?
- Təhlükəsizlik və ekologiyanın qeydinə qalmaq bizim işimizin tərkib hissəsini təşkil edir. Biz fəaliyyətimiz zamanı bir sıra prinsiplərə sadiq qalırıq: "İnsanlara, ətraf mühitə və mülkiyyətə zərər vurmamaq" və "Mümkün insidentin qarşısını almaq sonradan onun nəticələrinin aradan qaldırılmasından daha asandır. 2008-ci ildən başlayaraq, iş vaxtının itirilməsi ilə nəticələnən hadi-sələr olmadan ötüşmüş adam-saatların sayının 4,124 milyon olması bu cür yanaşmanın nəticəsi sayıla bilər.
Təhlükəsizlik texnikası, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində əsas nailiyyətlər kimi şirkətin ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları bazasında inteqrasiyalı idarəetmə sisteminin tətbiqini göstərmək olar. STOP Card kimi idarəetmə alətinin tətbiqi də qeyd olunmalıdır. Onun məqsədi heyətin təhlükəsizlik texnikası məsələlərindən xəbərdar edilməsidir; həmçinin heyətin motivasiya proqramı olan 5 Star; insidentlərin araşdırılması üzrə TapRoot proqramı və işlərin təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət edilməsidir.
Bundan başqa, STTƏMM şöbəsinin işçiləri müntəzəm olaraq təhlükəsizlik texnikası (SOC) ilə bağlı diskussiyalar, əməliyyat personalı ilə risklərin qiymətləndirilməsi üzrə işlər aparır, məlumatların yoxlanılması (RTC) həyata keçirilir, həmçinin təhlükəsizlik texnikası üzrə treninqlər aparılır.
- Demək, müasir texnologiyalar kadrların hazırlanması işində də ciddi yanaşma tələb edir?
- SOCAR-AQŞ işçilərini özünün əsas sərvəti hesab edir. Müəssisənin kadr siyasətində mövcud olan maddələrdən biri hər bir əməkdaşda qurumun bütün fəaliyyət sahələrində yeniliyin tətbiqi təşəbbüslərinin yaradılmasıdır. Bu məqsədə çatmaq üçün daim təlimlər, ixtisasartırmalar həyata keçirilir. Məsələn, 2013-cü ilin ilk 7 ayında əməkdaşlarımızın xarici və yerli təlim mərkəzlərində keçirdikləri təlimlər 6 min adam-saat təşkil edib. Biz əməkdaşlarımızın daim inkişaf etməsi üçün imkanlar yaratmağa çalışırıq.
Bu ilin mayında SOCAR-AQŞ kolleclər, peşə-texniki məktəbləri və ali təhsil ocaqlarının tələbələri üçün yay istehsalat təcrübəsinin başlandığını elan edib. Bu proqramın əsas məqsədi neft-qaz sahəsində özünə karyera qurmaq istəyən tələbələrin müəssisənin müxtəlif strukturların fəaliyyətinə fəal şəkildə cəlbi, onlara nadir təcrübə toplamaq imkanı yaratmaqdır. Bununla yanaşı, proqramı uğurla keçən tələbələr şirkətin potensial əməkdaşına çevrilirlər.
SOCAR-AQŞ əməkdaşlarının beynəlxalq standartlara cavab verən peşəkar qazma ədəbiyyatlarını sərbəst şəkildə əldə etməsi və tanış olması üçün də ciddi addımlar atır. Əsas problem belə materialların çox çətin tapılması, və azərbaycanca versiyaların olmamasıdır. Bu səbəbdən də, müəssisəmiz qazmanın müxtəlif aspektlərinə aid çoxlu sayda informasiya kitabı, dərsliklər və təlimatları Azərbaycan dilinə tərcümə etdirərək çap elətdirir. Bundan başqa, biz neft-qaz sənayesində məşhur olan qazma mühəndisliyinə dair dərsliyin də tərcüməsini yekunlaşdıraraq çapa hazırlatdırırıq..
P.S. Şirkətin planları haqqında danışan R.İsayev SOCAR-AQŞ-nin gələcəyinin onun missiyasında əks olunduğunu bildirdi - fəaliyyət sahəsi və coğrafiyasını genişləndirməklə inteqrə olunmuş qazma və quyu xidmətinin göstərilməsi sahəsində müasir beynəlxalq qazma müəssisəsi səviyyəsinə yüksəlmək.
MƏSLƏHƏT GÖR: