
İCTİMAİ RƏY SABİTDİR
"Rəy" Monitorinq Mərkəzi: "Seçicilər İlham Əliyevin namizədliyini əvvəlkitək 80 %-dən çox səslə dəstəkləyirlər"
Müəllif: Namiq MAYILOV Bakı
Seçki kampaniyasının rəsmi startına az vaxt qalır və tezliklə Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatına başlayacaq. Hələlik Azərbaycan prezidenti postuna 3 namizəd var. Bunlar dövlət başçısı İlham Əliyev, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər və kinodramaturq Rüstəm İbrahimbəyovdur. Prezidentliyə iddiaçıların yekun siyahısının necə olacağı sentyabrda MSK namizədlərin qeydiyyatını başa çatdırandan sonra aydınlaşacaq. Hələliksə iyulun 22-28-də ölkə ərazisində ictimai rəy sorğusu keçirmiş "Rəy" Monitorinq Mərkəzi seçicilərin artıq adları məlum olan namizədlərə münasibətlərini aydınlaşdırıb. Bu suala cavab tapmaq üçün Mərkəz bütün ölkə ərazisində 18 və yuxarı yaşlı 1500 respondentə müraciət edib. Tədqiqatın nisbi xətası 3% təşkil edir.
Məlum olub ki, respondentlərin 11,7%-i tam əminliklə bildiriblər ki, müxalifət düşərgəsində "Milli Şuranın mövcudluğundan xəbərdardırlar", daha 17,2% isə "bu barədə nəsə eşitmişəm" deyib (bu, sorğu iştirakçılarının cəmi 30%-ə yaxınını təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir). Bu zaman rəyi soruşulanların 74,2%-i onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən çaşıb qalıb və Milli Şura üzvlərindən, heç olmasa, üçünün belə adını çəkə bilməyib.
Rüstəm İbrahimbəyovun "müxalifətin vahid namizədi" kimi irəli sürülməsindən isə seçicilərin 86,1%-i xəbərsizdirlər. Üstəlik, rəyi soruşulanların 91,1%-i bilmir ki, müxalifətin planına görə, seçkidə qələbə qazanacağı təqdirdə, "vahid namizəd" prezident kürsüsündə iki ildən artıq oturmayacaq (bu dövr ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, keçid hökumətinin yaradılması və növbədənkənar prezident seçkilərinin təşkili nəzərdə tutulur). Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti Milli Şuranın yaradılması və R. İbrahimbəyovun müxalifətin "vahid namizədi" kimi irəli sürülməsi də daxil olmaqla, bütün bu çoxgedişli kombinasi- yalardan xəbərsizdir.
"Prezidentliyə namizədin irəli sürülməsi sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?" sualını cavablandırarkən respondentlərin yalnız 1%-i R.İbrahimbəyovun adını çəkib (Bakıda bu rəqəm 1,5% olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8% təşkil edib).
Yeri gəlmişkən, bundan, təxminən, üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə Müsavat Partiyasının başqanı İsa Qəmbərin və 1,6% AXCP-nin sədri Əli Kərimlinin namizədliyini irəli sürərdi.
"Prezident seçkilərində tanınmış şəxslərdən kimə səs verərdiniz?" sualına rəyi soruşulanların 81,2%-i hakim Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin adını çəkib. Müxalifətdən olan namizədlər - Müsavat Partiyasının başqanı İsa Qəmbər və Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov müvafiq olaraq 2%-dən az və 1%-ə yaxın səs toplayıblar.
"R+" sosioloji sorğunun nəticələrini şərh etmək üçün millət vəkili, politoloq Rasim Musabəyova müraciət edib.
- Yuxarıda göstərilən rəqəmlər məni təəccübləndirmir. Hələ parlamentə seçilməzdən əvvəl mən 7 il ərzində (2003-2010-cu illər) “Puls-R” sosioloji xidmətinin reallaşdırdığı sosioloji monitorinq layihəsinə rəhbərlik etmişəm. Sosioloji sorğu metodikasının hazırlanmasında bizə amerikalı mütəxəssislər kömək ediblər, maliyyə dəstəyini isə Almaniyanın Fredrich Ebert Stftung strukturu verib. Bizim tədqiqat apardığımız bütün müddət ərzində respondentlərin Prezident İlham Əliyevə etimadı, təxminən, buna oxşar intervalda idi. Digər sorğuların nəticələri də, təxminən, bu cür idi. Odur ki, "Rəy"in keçirdiyi sorğuda iştirak edən hər 5 nəfərdən 4-nün qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək niyyətində olması yalnız indiki əhval-ruhiyyənin deyil, uzunmüddətli, sabit ictimai rəyin göstəricisidir. Bunun səbəbləri müxtəlifdir. Əvvəla, ölkə əhalisinin böyük əksəriyyəti ənənəvi olaraq hakimiyyəti müdafiə edir. İkincisi, son illər Azərbaycanda sürətli iqtisadi inkişaf qeydə alınıb ki, bu da əhalinin yaşayış səviyyəsində də konkret müsbət dəyişikliklərlə müşahidə olunub. Özü də bunu yalnız milli statistika deyil, nüfuzlu beynəlxalq reytinq və maliyyə institutları da etiraf edir. Təbii ki, bu da hazırkı prezidentin adı ilə bağlıdır.
Müxalifətdən olan namizədlərin olduqca aşağı reytinq göstəricilərinə gəlincə, mənə elə gəlir ki, onlar hər yerdə əhalinin ölkədəki durumdan kütləvi şəkildə narazı olduğunu iddia etsələr də, bu belə deyil. Protest əhval-ruhiyyəsini ölkədə çoxluq yox, azlıq bölüşür. İlham Əliyevə opponentlik edən müxalifət liderlərinin özləri isə əhalinin nəzərində "luzer", yəni daimi "uğursuz insanlar"dır. Məhz buna görə onlara verilən dəstək də belə aşağı səviyyədədir.
Rüstəm İbrahimbəyov haqda onu demək olar ki, bəlkə də, müxalifətin vahid namizədi üçün kompromiss fiqur nöqteyi-nəzərindən onun namizədliyini məqbul saymaq olar, amma siyasətçi kimi onu heç kəs tanımır. R.İbrahimbəyovun siyasi bioqrafiyası yoxdur. İnsanlar üçün o populyar, qocaman dramaturq və kino xadimidir. Bütün həyatı boyu o bilərəkdən siyasətdən kənarda dayanıb və yalnız indi - 74 yaşında ən ali hakim postu uğrunda mübarizəyə girişmək qərarına gəlib.
Təbii ki, tarixdə 70 yaşdan sonra da böyük siyasətdə qalanlarla bağlı faktlar var - Çörçil, Adenauer, Reyqan, Heydər Əliyev. Amma məsələ ondadır ki, bu insanlar onilliklər boyu həyatlarını siyasətə həsr ediblər. Şəxsən mən, həyatı boyu siyasətlə maraqlanmayan və yalnız yaşlaşandan sonra bu sahəyə gələn kimsənin uğur əldə etdiyinin şahidi olmamışam. Odur ki, R.İbrahimbəyovun müxalifətin vahid namizədi kimi əhali arasında tanınmaması və çox az adamın onu dəstəkləməsi təbiidir. Bundan başqa, mən heç əmin deyiləm ki, müxalifətyönümlü seçicilər arasında da ona dəstək verənlər var. Axı, rusdilli olan və həyatının çox hissəsini Moskva, ABŞ və Fransada yaşayan bu adam mental baxımdan müxalifətyönümlü insanlara yaxın deyil. R.İbrahimbəyovun Azərbaycan-Ermənistan münasibətləri, xarici siyasətdə Rusiya vektoru və s. haqda vaxtaşırı səsləndirdiyi ideyalar, işlətdiyi leksika, çətin ki AXCP, "Müsavat" və ya "boz qurdların" əhval-ruhiyyəsinə uyğun gəlsin.
Əlbəttə, seçki kampaniyası hələ irəlidədir. R.İbrahimbəyov Rusiya vətəndaşlığı ilə bağlı problemi həll etməyi bacarsa və qanunvericiliyə uyğun şəkildə namizədliyini irəli sürsə, qeydiyyata alına, seçicilərlə görüşə, təbliğat plakatları yaya, televiziya və radio vasitəsilə tərəfdarları ilə əlaqə qura bilər. Bu ona reytinqini bir qədər yüksəltməyə imkan verər, amma oktyabra qədər qalan müddət ərzində hazırkı Prezident İlham Əliyevlə aralarındakı fərqi nə o, nə də hər hansı başqa namizəd aradan qaldırmağı bacarmayacaq.
MƏSLƏHƏT GÖR: