Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Avropa Gimnastika İttifaqının prezidenti Corc Gelzek növbəti dəfə Bakıya səfər edib. Avropa Çempionatının təşkilatçılığı ilə maraqlanan ali qonaq inşası davam etdirilən Gimnastika Mərkəzi ilə və Avropa Oyunlarına gedən hazırlıqla tanış olub. Bakını tərk etməzdən əvvəl isə Avropa Gimnastika İttifaqının prezidenti səfər təəssüratlarını "R+"la bölüşüb.
- Səfəriniz barədə öyrənmək istərdik. Bakıda olduğunuz müddətdə hansı görüşləri keçirdiniz?
- Azərbaycana səfərim hər zaman mənim üçün sevindiricidir. 2007 və 2009-cu illərdə Bakıda olmuşam və səfərimdən razı qalmışam. Bir neçə ay əvvəl yenidən şəhərinizdə olmuşam. Hazırkı səfərim Bakıda təşkil olunacaq Avropa Çempionatının hazırlığı ilə tanış olmaqdır. İnşası davam etdirilən Gimnastika Mərkəzində olduq. Azərbaycan Milli Olimpiya Komitəsində görüşlər keçirdik.
- Gördüklərinizdən razı qaldınızmı?
- Avropa Oyunlarının, eləcə də bədii gimnastika üzrə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına şübhəm yoxdur. Biz daim Milli Olimpiya Komitəsi ilə təmasda oluruq. Vacib məsələləri müzakirə edirik. Tikinti işləri plan üzrə davam edir. Arenaların inşası son mərhələyə qədəm qoyur. 2015-ci ildə qitə nümunəvi Avropa Oyunlarını izləyəcək. Bakıdakı yarış idman aləmi üçün tarixi və əlamətdar hadisə olacaq.
- Bədii gimnastika üzrə Avropa Çempionatının hazırlığı hansı mərhələdədir?
- Baki 2007 və 2009-cu illərdə qitə birinciliyini yüksək səviyyədə keçirib. Bu mənada narahat olmağa dəyməz. Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Əhalinin idmanın bu növünə marağı məni sevindirməyə bilməz. Artıq ölkənizin mötəbər beynəlxalq yarışları keçirmək təcrübəsi var. Ona görə qitə birincilyi ilə bağlı heç bir problem olmayacaq. Azarkeşlər qitənin ən təcrübəli gimnastlarının ifasında maraqlı yarış izləyə biləcək.
- Gimnastikanın Azərbaycanda hazırkı vəziyyəti sizi qane edir?
- Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda qazandığı nəticələr inkişafı göstərir. İdman gimnastikasına da böyük diqqətin olduğunu bilirəm. Ümid edirəm ki, 2015-ci ilə qədər idman gimnastikasında çıxış edən idmançıların təcrübələri daha çox olacaq. Belə olan halda, onlar Avropa Oyunlarında nəticə qazana biləcək.
- Gimnastlarımızın Avropa Çempionatında şanslarını necə qiymətləndirirsiniz?
- 2013-cü il Azərbaycan gimnastları üçün uğurlu oldu. Bir sıra yarışlarda yüksək nəticələrlə yadda qaldılar. Yeniyetmələrdən ibarət qrup hərəkətləri üzrə yığmanız ötən il Avropa Çempionatında gümüş medal qazandı. Bakıda bu nəticəni daha da yaxşılaşdıra bilərlər. Fikrimcə, 2014-cü il sizin gimnastlarınız üçün daha uğurlu ola bilər. İdmanda proqnoz vermək olmaz. Lakin sizdə yaradılan şəraiti, üstəlik, gimnastlarınızın böyük həvəslə hazırlığını görən ümidlər artır. Avropa Çempionatı nəticə baxımından, həm də təşkilatçılıq cəhətdən Avropa Oyunları ərəfəsində sınaq olacaq.
- Yaydakı yarış Bakının tarixində üçüncü Avropa Çempionatı olacaq. Yəqin, bu turnirə hazırlıq əvvəlkilərdən fərqlənəcək...
- Bakıya hər səfərimdə şəhər məni yaxşı mənada təəccübləndirir. Paytaxt gün-gündən gözəlləşir. Hər dəfə yeni binalar görürəm. İnfrastruktur daha da yaxşılaşıb. Ona görə Avropa Çempionatının əvvəlkilərdən fərqlənəcəyinə inanıram. Bakı hər zaman qonaq komandaları sevindirib. Qitə birinciliyinin nümunəvi şəkildə keçiriləcəyinə inanıram.
- Avropa Oyunlarına 1 ildən bir qədər artıq vaxt qalıb. Bu mənada təşkilati işləri sürətləndirmək vacibdi...
- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənəndə hamı hazırlıq işləri üçün az vaxt olduğunu deyirdi. Azərbaycan dərhal işlərə başladı və qısa zamanda turnirin hazırlıq planı tərtib olundu. Bu gün ölkəniz tarixi yarışları keçirməyə qadirdir və hazırdır. Bir sıra yeni idman kompleksləri ilk dəfə Avropa Oyunlarında istifadə olunacaq. Paytaxta çoxlu sayda idmançı və turist gələcək. Həmin günlər hamının diqqəti Azərbaycanda olacaq. Təşkilati işlər qaydasında gedir. Turnir ərəfəsində bütün işlər tamamlanacaq.
BİZİM ARAYIŞ
Bu il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı keçiriləcək. Yarışlar yeni Milli Gimnastika Arenasında keçiriləcək. İştirakçı ölkələrin nümayəndə heyətləri (30-dan çox olacağı gözlənilir) 2015-ci il I Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin bilavasitə yaxınlığında tikilmiş Olimpiya şəhərciyində yerləşdiriləcək.Ümumilikdə, Bakıda gimnastlar 9 medal dəsti uğrunda mübarizə aparacaqlar.
MƏSLƏHƏT GÖR: