13 Mart 2025

Cümə axşamı, 15:08

ASSOSİASİYA YETƏRLİ DEYİL

Azərbaycan Avropa İttifaqı ilə daha yüksək əməkdaşlığa tərəfdardır

Müəllif:

28.01.2014

Uzaq 1971-ci ildə İsveçrənin Davos şəhərində «Avropa menecment forumu»nu təşkil edən iqtisadçı Klaus Şvab, yəqin ki, onun bu «övlad»ının 30-40 ildən sonra necə  «böyüyəcəyini» təsəvvür etmirdi. Çünki bu, əvvəlcə yalnız nəhəng şirkətlər üçün iqtisadi meydan idi. Bu meydanda Qərbi Avropanın rəqabət mübarizəsindəki mövqelərinin yaxşılaşdırılması müzakirə olunurdu. Lakin sonralar bu meydana siyasətçilər də göz qoymağa başladılar və 1987-ci ildən o, Dünya İqtisadi Forumuna, beynəlxalq miqyaslı problem və münaqişələrin həlli üçün platformaya çevrildi.

Bu gün Davos Forumu beynəlxalq iqtisadiyyatın və siyasətin ən mühüm məsələlərinə dair fikir mübadiləsinin aparıldığı nüfuzlu platformadır. 

Builki, sayca 44-cü forum «Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr» şüarı altında keçirilib. Azərbaycan son illərdə olduğu kimi, bu il də forumda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu məkandan ölkənin maraqlarının dünya iqtisadi və siyasi elitası arasında təmsil olunması üçün kifayət qədər effektiv istifadə edir. Bundan başqa, Azərbaycanın və bütövlükdə Qafqaz-Xəzər regionunun dünyanın iqtisadi elitası üçün əhəmiyyəti 2013-cü ilin aprelində Bakıda Davos Forumunun ayrıca iclasının keçirilməsinə səbəb olub. Bu, forumun Cənubi Qafqazda və Xəzər regionunda ilk və hələ ki, yeganə iclası idi.

Azərbaycan Prezidenti builki forum çərçivəsində bir sıra nəhəng şirkətlərin rəhbərləri ilə görüşüb. Onların arasında “Microsoft International”, “Airbus”, HP, “GDF Suez”, “Swiss Re”, AYİB və digərləri var. İlham Əliyev Davosda İsrail, İran, İsveçrə prezidentləri, Niderland və İsrailin baş nazirləri ilə də bir araya gəlib. İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilə dövlət başçıları formatında ilk görüş xüsusilə maraqlıdır. Ümumiyyətlə, Ruhaninin forumda iştirakı kifayət qədər önəmli faktdır. Bu, İranın ən azı son onillikdə Davos Forumunda ən yüksək səviyyədə ilk iştirakıdır. Tehranın Qərblə münasibətlərinin yaxınlaşması baxımından bu, sevindirici hadisədir.

Qafqaz-Xəzər regionunun dünya birliyi üçün Avropa ilə Asiyanın kəsişməsində yerləşən geosiyasi məkan kimi maraqlı olduğu sirr deyil. Eyni zamanda, bu region dünya üçün zəngin neft-qaz resursları ilə də maraqlıdır. Bu mənada, Azərbaycanın rolu xüsusilə maraqlıdır. Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Ceyhan neft kəməri kimi bir sıra regional enerji layihələrinin reallaşdırılması təşəbbüsü ilə çıxış edən, onları hə- yata keçirən məhz Azərbaycandır. Bu layihələr geniş regional əməkdaşlığa ciddi töhfə verib.

«İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türki- yəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar. Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Əslində, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq», - deyə İlham Əli-yev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiyadakı çıxışında bildirib.

İ.Əliyev deyib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Region dövlətləri iqtisadiyyatının adətən dünya üzrə orta göstəricidən daha yüksək səviyyəli inkişafı isə iqtisadi əməkdaşlığın güclənməsinə kömək edir. Bununla yanaşı, İlham Əliyev bildirib ki, ən vacibi «22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün siyasi iradənin olmasıdır».

Azərbaycan üçün yaxın illərin ən vacib prioriteti nəhəng enerji layihələrinin reallaşdırılmasıdır. Söhbət, ilk növbədə, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsindən gedir. Prioritetlər arasında Türkiyədə Transanadolu, Türkiyə-Yunanıstan sərhədindən İtaliya sərhədinədək isə Transadriatik qaz kəmərlərinin inşası da var. «Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq. Regional əməkdaşlıq baxımından qarşımızda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır. Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir», - deyə İlham Əliyev qeyd edib.

Amma Azərbaycanın regional əməkdaşlığa töhfələri bununla bitmir.

Məlum olduğu kimi, Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təşəbbüskarıdır və dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün təxminən 800 milyon dollar vəsait ayırıb. «Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı var. Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola bilər», - deyə İ.Əliyev bildirib.

Öz layihələri ilə regional inteqrasiyaya, Avropa sərhədlərinin regionun yeni dövlətlərinə yaxınlaşmasına kömək edən Azərbaycan Avropa ailəsi tərəfindən də qarşılıqlı addımlar gözləyir. Bu üzdən də Bakı Avropa İttifaqı ilə assosiativ üzvlük səviyyəsində əməkdaşlığı yetərli saymır. İlham Əliyev bunu ilk dəfə olaraq, açıq şəkildə bəyan edib. «Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın səviyyəsi assosiasiyadan daha yüksək formada olmalıdır. Ümumiyyətlə, «assosiasiya» sözünün özü bizim üçün o qədər də qəbulolunan deyil. «Assosiativ üzv» nə tərəfdaşdır belə? Burada dəqiq tərif yoxdur. Azərbaycan bütün mənalarda özünü təmin edən ölkədir - həm siyasi, həm də iqtisadi mənada. İstənilən inteqrasiya prosesinə əlavə üstünlüklər əldə etmək üçün getmək lazımdır. Biz hələ ki, assosiasiya layihəsində bunu görmürük», - deyə İlham Əliyev RİA «Novosti»yə Davos Forumunun kluarlarında verdiyi açıqlamasında bildirib: «Digər əməkdaşlıq formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, əlbəttə ki, onu nəzərdən keçirə bilərik».

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qarşısında Avropa İttifaqı ilə Gömrük İttifaqı arasında seçim etmək kimi bir vəzifə durmur: «Gömrük İttifaqının üzvləri ilə bizim ikitərəfli münasibətlərimiz çox aktivdir. Ticarət dövriyyəmiz artır, siyasi əlaqələrimiz ümumilikdə yüksək səviyyədədir. Bizim qarşımızda heç zaman hansısa seçim, alternativlər dayanmayıb. Biz həm Gömrük İttifaqının üzvləri ilə əməkdaşlıq edirik, həm də Avropa İttifaqının».

Azərbaycan enerji sahəsində əməkdaşlıqla yanaşı, son illərdə informasiya texnologiyalarının inkişafı imkanlarından da fəal şəkildə istifadə edir. Ölkənin Şərqlə Qərbin kəsişməsində yerləşməsi ona yalnız enerji layihələrini deyil, IT sahəsini də inkişaf etdirmək imkanı verir. Bunun bariz nümunələrindən biri fəal şəkildə həyata keçirilən Transavrasiya İnformasiya Supermagistralı - TASIM layihəsidir. O, Avropa və Asiyanın 20-dən çox ölkəsinin yüksək sürətli informasiya şəbəkəsilə birləşdirilməsini nəzərdə tutur. Layihə BMT Baş Assambleyası tərəfindən 3 dəfə təqdir edilib. Bununla yanaşı, Azərbaycanın öz telekommunikasiya peykini fəzaya buraxması onu kosmik dövlətlərin sırasına çıxarıb.

Azərbaycan MDB ölkələri arasında fərdi istifadəçilərin İnternetə çıxış səivyyəsinə görə, ilk pillədədir. Bunu «State of Broadband Report 2013» Genişzolaqlı rabitə komissiyasının araşdırması təsdiqlə-yir. Ümumilikdə Azərbaycan fərdi İnternet istifadəçilərinin sayına görə, 194 ölkə arasında 66-cı pillədədir. Bu sahədə dünyadakı orta göstərici 35,7, Azərbaycanda isə 54,2%-dir. Bu, şübhəsiz ki, Davos Forumunun da diqqətindən kənarda qalmayıb. Forum çərçivəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə «Genişzolaqlı İnternet və dayanıqlı inkişaf» mövzusunda iclas keçirilib. İclasda genişzolaqlı İnternet sahəsində mövcud problemlər, onların həlli yolları, genişzolaqlı İnternetin həyat fəaliyyətinin sosial sahəsinə təsiri, onun inkişafının bundan sonra da maliyyələşdirilməsi kimi məsələlər müzakirə olunub.

Yeri gəlmişkən, investisiya imkanlarının təqdimatı üçün Davos Forumundan regionun digər ölkələri də fəal istifadə edir. Forumda iştirak edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili beynəlxalq maliyyə institutlarının nümayəndələrilə, ayrı-ayrı şirkətlərlə və fərqli ölkələrdən gəlmiş hökumət nümayəndələrilə məhsuldar görüşlər keçiriblər.

Kənarda qalan isə hər zaman olduğu kimi, Ermənistandır... Bu ölkənin rəhbərliyi Davos Forumunda son dəfə 2009-cu ildə iştirak edib. Yəqin ki, ölkə rəhbərliyi İrəvanla əməkdaşlığın nə qədər «maraqlı» və «perspektivli» olduğunu dünya ictimaiyyətinə elə o zaman göstərə bilib.

 

 

İLK MƏNBƏLƏRDƏN

 

"Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın səviyyəsi assosiasiyadan daha yüksək formada olmalıdır. Digər əməkdaşlıq formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, əlbəttə ki, onu nəzərdən keçirə bilərik".

İlham Əliyev, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

549