13 Mart 2025

Cümə axşamı, 15:16

MƏŞQÇİ QİSMƏTİ

Azərbaycan futbolunda yerli mütəxəssislərin potensialından necə istifadə olunur?

Müəllif:

04.02.2014

Hələ 1990-cı illərdə Azərbaycan futbolunda vəziyyət acınacaqlı olduğu vaxtlarda bütün klublarımızda yerli məşqçilər çalışırdı. Sonradan dövlətin futbola diqqəti sponsorların bu sahəyə sərmayə qoymasıyla nəticələndi. Azərbaycan klubları müasir bazalar tikməyə başladı, uğur qazanmaq üçün xaricdən futbolçular və məşqçilər dəvət olundu. Bundan sonra, azərbaycanlı futbol mütəxəssislərinin işsiz günləri başladı. Hazırda Azərbaycan çempionatında mübarizə aparan 10 komandanın dördündə yerli məşqçi çalışır. Digərlərində əcnəbi mütəxəssislərdir. Son günlər "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov, "Rəvan"ın çalışdırıcısı Şahin Diniyevin istefa verməsi mövzunu yenidən gündəmə gətirdi. Hər iki məşqçi rəhbərliyin komandanı gücləndirmək istəmədiyini əsas gətirərək klubdan ayrılıb. Süleymanovun əvəzinə hamımızın tanıdığı Böyükağa Hacıyev gətirilsə də, Şahin Diniyevi Türkiyədən gələn məşqçi əvəzlədi. Maraqlıdır ki, son illər bir neçə klub, mütəmadi olaraq, əcnəbilərə etibar edir. Legioner məşqçi uğursuzluğa düçar olanda rəhbərlik onun əvəzinə başqa əcnəbi məşqçi gətirir. Sanki azərbaycanlı mütəxəssislərə inam yetərincə deyil. 

Etiraf edək ki, Azərbaycan məşqçilərinin ən böyük problemi komandanın komplektləşdirilməsində üzləşdiyi əngəllərdir. Bəziləri futbolçuları fiziki cəhətdən hazırlamaqda, digərləri isə intizam yaratmaqda çətinlik çəkir. Lakin bizim məşqçilərin müsbət cəhətləri daha çoxdur. Azərbaycan məşqçiləri legionerlərdən fərqli olaraq, klubun büdcəsinə uyğun hərəkət etməyi bacarır. Maddi və mənəvi problemləri qəbul edən məşqçilərimiz rəhbərliyin "kişi sözü"nə inanıb böyük təzminat tələb etmir. Sonda məşqçi işdən çıxarılanda ona heç bir pul ödənmir. Mütəxəssis ən yaxşı halda aylıq məvacibini ala bilər. 

Əcnəbi məşqçilərin istəkləri tələb kimi təqdim olunur. Xarici məşqçilərin istəyi yerinə yetirilmədiyi halda o, artıq istefa barədə düşünməyə başlayır. Təcrübəlilər seleksiya işlərini qısa zamanda aparmağı bacarır. Əcnəbi məşqçilərin hamısı bizimkilərdən fərqli olaraq, Avropa səviyyəli müqavilə imzalayır. Yəni xarici məşqçi klubdan göndərildiyi böyük məbləğdə təzminat istəyir. Əcnəbilərin tələblərinə uyğunlaşmaqdansa yerli məşqçilərlə işləmək daha asandır. 

Yerli məşqçilərə güvənən azsaylı klublarımız tez bir zamanda nəticə tələb edir. Qısa zamanda nəticə verməyən məşqçi isə qovulur. Avropa ölkələrində 3-5 il, hətta 25-28 il eyni klubda çalışan məşqçilər var. Rəhbərlik müəyyən problemlərə rəğmən yerli məşqçiyə dəstək olur. Azərbaycanda isə klublar yalnız özünü düşünür. Başa düşmək istəmirlər ki, yerli məşqçilərin tez-tez dəyişməsi futbolumuzun nüfuzuna zərbədir. 

Uzun müddətdir işsiz qalan olimpiya çempionu İqor Ponomaryov "R+"a müsahibəsində yerli məşqçilərə inamsızlığını klub rəhbərlərinin düzgün qərar qəbul etməməsində  izah edir: "Futbolda çox şey görmüşəm. İşlədiyim və oynadığım vaxtlarda çox şey öyrənmişəm. Problemin kökü futbolda qeyri-futbol adamlarının işləməsidir. Hamıya elə gələ bilər ki, futbolu gözəl bilirlər. Amma futbolun içində olmaq tam başqadır. Klubların əksəriyyətinin futboldan kənar adamlar tərəfindən idarə olunması dediyiniz problemləri yaradır. Çünki onlar özləri bilmirlər nə istəyirlər. İstədiklərinə necə nail olacaqlar?" İqor Ponomaryovun dedikləri həqiqətdir. Azərbaycanda klub rəhbərliyi 2-3 ay ərzində nəticə tələb edir, amma qısa zamanda mükafatçılar sırasına düşmək və ya çempionluğa oynamaq mümkünsüzdür. 

Azərbaycan yığmasının sabiq futbolçusu Yunis Hüseynov isə məşqçiləri klubla qeyri-peşəkar müqavilə imzalamaqda günahlandırdı: "Azərbaycan məşqçiləri "kişi sözü"nə inanır. Heç vaxt Avropa müqaviləsi tələb etmirik. Elə mən özüm də. Lakin bundan sonra Avropa müqaviləsi imzalayacam. Çünki orada işdən gedəcəyi halda təzminat verilir. Klub rəhbərliyi məşqçini dəyişmək istədiyi halda təzminat barədə düşünərək fikrini dəyişir. Ona görə klublar əcnəbi məşqçilərdən çəkinir, bizimkiləri isə istədikləri vaxt istefaya göndərirlər". Yunis Hüseynovun sözlərini təsdiqləmək üçün "Xəzər-Lənkəran"la Con Benjamen Toşakı yada salın. Toşak böyük təzminat istədiyi üçün klub rəhbərliyi onu istefaya göndərməkdən imtina etdi. Belə də cənublular Toşakın özünün nə vaxt istefa verəcəyini gözləməyə başladı.  

Azərbaycan məşqçilərinə xarici ölkələrdə təcrübə keçmək vacibdir. Karyerasını başa vuran kimi, hər hansı klubda baş məşqçi olmağa tələsmək lazım deyil. Təcrübə toplamaq sonra sözünü demək gərəkdir. Ən vacib amil isə məşqçilərimizin hamısının uğurlu və işinibilən olmasını isbatlamaqdır. Qurban Qurbanovla Böyükağa Hacıyevin timsalında yerli məşqçilər Azərbaycanda böyük hörmət qazanıb. Qurbanovun komandası stabil oyun nümayiş etdirir, dəfələrlə Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Böyükağa Hacıyev isə ən yaddaqalan nəticəyə nail olub. Onun rəhbərlik etdiyi "Neftçi" ilk dəfə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Yerli məşqçilər uğur qazanmaqla nüfuzlarını geri qaytara bilər. İndiki halda hamı onlara inanmır və komandanı yerli məşqçilərə etibar etmək istəmir.

Sirr deyil ki, klub rəhbərləri əcnəbi məşqçilərə daha yaxşı şərait yaradırlar. Heç kim həmin şəraiti bizim məşqçilərə yaratmaq istəmir. Əcnəbilər ümidləri doğrultmayanda isə yerinə yeni əcnəbi gəlir.Yerli məşqçilərin işləməsi məşqçilik məktəbinin inkişafına kömək edir. Əks halda bundan sonra da yalnız əcnəbilər işləyəcək. Əgər öz klublarımızda yerli məşqçilər işləməyəcəksə, deməli, bu sahə dirilməyəcək.



MƏSLƏHƏT GÖR:

536