
AZƏRBAYCAN TEATRININ CÜLYETTASI
Dahi Azərbaycan aktrisası Barat Şəkinskayanın 100 illiyinə
Müəllif: Məhərrəm ZEYNAL Bakı
" Ehtiyac duyulan hədiyyə daha gözəldir".
(U.Şekspir "Romeo və Cülyetta")
2 əmizadənin tarixi hər birimizə yaxşı məlumdur. Söhbət Qarabağ xanlığının hökmdarı İbrahim Xəlil xan ilə İran xanı Ağa Məhəmməd şah Qacardan gedir. Özünü İran xanından gələn təhlükədən qorumağa çalışan İbrahim Xəlil xan Qarabağ xanlığının Rusiyanın tabeliyinə keçməsinə dair danışıqlara başlayır. Bu ittifaqı möhkəmlətmək üçün o, acar knyaz qızı Abaşidze ilə ailə qurur. Knyaz qızı Şəki kəndi də daxil olmaqla, böyük ərazilərə sahib çıxır və soyadını də- yişərək Şəkinskaya edir. Sonradan onun nəticəsi, Azərbaycan teatr və kinosunun əfsanəvi aktrisası Barat xanım Şəkinskayanın soyadı məhz buradan gəlir.
Barat xanımın anası, Azərbaycan ədəbiyyatının klassiki Əbdürrəhim bəy Haqverdiyevin bacısı qızı Gövhərxanım 3 körpəsinin ölü doğulmasından sonra artıq nə vaxtsa ana olacağına ümidini itirmişdi. O, övlad sahibi olmaq üçün gecə-gündüz Allaha dua edirdi. Hətta bunun üçün Qarabağ şeyxi Əbdürrəhimin yazdığı, Həzrət Abbasa ünvanlanmış duanı müqəddəs hesab olunan Qara dənizə atmaq üçün Batumiyə adam da göndərmişdi.
Allah edilən duaları qəbul etdi və tezliklə "Allahın bəxşişi" olan qız uşağı dünyaya gəldi - Barat adı məhz belə tərcümə olunur. Gövhərxanım qızı doğulmazdan əvvəl əhd etmişdi ki, ona yalnız insanların bağışlayacağı paltarları geyindirəcək. Nəticədə, balaca Barat 4 il ərzində ən bahalı, dəbdə olan paltarlar geyinib. Onları dövrün zadəganlarından olan şəxslər hədiyyə edirdilər. Qızcığaz uşaq yaşlarından əla oxumağı bacarırdı. O, qiymətli bəxşiş kimi, valideynləri və ətrafdakı insanları sevindirirdi. Sonralar Barat xanım nəinki ailəsi, bütünlükdə xalqı və ölkəsi üçün Allahın hədiyyəsinə çevrildi.
"O, sevimli Cülyetta, sənin gözəlliyin mənim dəmir
iradəmi yumşaltdı..."
(U.Şekspir)
Barat xanım ilk təhsilini Şuşada alıb. Sonradan o, anası ilə birlikdə Gəncəyə köçüb və tale onu burada hələ uşaq yaşlarında teatrla bağlayıb. 10 yaşlı Barat Gəncə Seleksiya Stansiyasındakı ipəkqurdları üçün tut yarpağı toplayırdı. Kimsə anasına qızcığazın özfəaliyyət teatrında rol oynamaq təklifini vermiş, ana isə təklifdən imtina edərək, bu işdə qızının sınanmasını istəmişdi. Gələcəyin xalq artistinin taleyi məhz həmin gün həll olundu. Amma elə alındı ki, gənc aktrisa həyatının ilk rolunu Vladimir İliç Leninin vəfatı günü 1 aktda 10 dəqiqəlik tamaşada oynadı. Barat xanım sonralar danışırdı ki, onu ilk dəfə məhz bu tamaşada Bakının fabrik və zavodlarında, həmçinin Əli Bayramov adına qadın klubunda çıxış edərkən görmək mümkün olub. Tamaşanı Ayna Sultanova, Gülarə Qədirbəyova (Köylü qızı), Ceyran Bayramova kimi məşhur bolşevik qadınlar da izləyiblər.
1935-ci ildə Barat Şəkinskaya 21 yaşında olarkən ilk dəfə Azərbaycan Akademik Dram Teatrının səhnəsinə çıxıb. O, elə ilk baş rolu ilə böyük populyarlıq qazanıb. Bu, Şekspirin sevdiyi şəxslə xoşbəxt yaşamaq üçün hər şeyə hazır olan gənc qəhrəmanı - Cülyetta idi. Onun bu roldakı portreti Londondakı Şekspir Muzeyində saxlanılır. Aktrisa Şekspirin Kordeliya və Dezdemonasını da oynayıb. Barat xanımın özünün ən bəyəndiyi rolu isə "On ikinci gecə" pyesindəki Viola roludur. Məşhur şekspirşünas, azərbaycanlı aktrisanın ifasında bu rolu görmüş M.Morozov yazırdı: "Sizin Violanız əladır. Mən çox, lap çox Viola görmüşəm. Sizin teatrın Violası onların ən yaxşılarındandır".
1952-ci ildə Barat Şəkinskaya Azərbaycanın "ilk Mirandolina"sı oldu. Məhz həmin il Azdramanın səhnəsində ilk dəfə Karlo Koldoninin "Mehmanxana sahibəsi" pyesi səhnələşdirilmişdi.
Barat Şəkinskaya parlaq qadın rolları ilə yanaşı, Azərbaycan səhnəsinin ilk travest aktrisası olub. Onun yaratdığı hər bir kişi və uşaq rolu qüsursuz idi. Aktrisa Gəncə Teatrında Kostya rolunu canlandırarkən tamaşaçıları təbiiliyi, bacarığı ilə valeh edib. 1934-cü ildə Napoleonu oynayan Barat xanım bununla aktyorluq istedadının çoxşaxəli olduğunu nümayiş etdirib. Onun oynadığı uşaq rollarına gəlincə, aktrisa bu rolların öhdəsindən də əla gəlib. ifa etdiyi son uşaq rolu Rza Təhmasibin "Çiçəklənən arzular" pyesindəki 7-ci sinif şagirdi Nazlı olub. Şəkinskaya bu rolu 37 yaşında olarkən oynayıb!
1935-ci ildə Barat Şəkinskaya Azərbaycanın xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radioverilişlərə qatılmağa başlayıb.
Bir müddət sonra o, kinolara çəkilib. Aktrisanın repertuarında əla ifa edilmiş bir çox rollar var. Tamaşaçılar aktrisanın Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında çəkilmiş "O olmasın, bu olsun" filmindəki Sənəm rolunu dərhal seviblər. Barat xanım bundan başqa, Azərbaycan tamaşaçılarına çox yaxşı tanış olan "Görüş" və "Telefonçu qız" kimi filmlərdə də çəkilib. Onun istedadı Aleksandr Tuqanov, Adil İsgəndərov, Mehdi Məmmədov kimi tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilib. Yeri gəlmişkən, Mehdi Məmmədov həm də Barat xanımın həyat yoldaşı idi. Məşhur rejissor aktrisanın istedadını və rola girmək bacarığını tez-tez Mirzəağa Əli-yevin istedadı ilə müqayisə edirdi. 1949-cu ildə Barat Şəkinskayaya Azərbaycan SSR-in xalq artisti adı verilib.
"Gözəlliyə aşiq olmaq
mümkün olsa da, yalnız
ruhu sevmək olur!"
(U.Şekspir)
Bu parlaq, görkəmli aktrisanın yaradıcılığı haqqında çoxlu sayda kitab və əsər yazılıb. "Barat Şəkinskaya ən müxtəlif rolları istedadına tabe etmiş aktrisadır. Onun iştirakı ilə keçən tamaşalar həmişə mədəni həyatda hadisəyə çevrilir, teatr həvəskarları üçün bayram olurdu. Çünki o, son dərəcə ehtirasla, səmimi oynayırdı", - deyə teatrşünas, sənətşünaslıq doktoru, "Barat Şəkinskaya" kitabının müəllifi İlham Rəhimli "R+" jurnalına açıqlamasında bildirib.
Barat Şəkinskayanın həmkarları bu qeyri-adi, istedadlı qadının iradəsi haqda çox yüksək fikirdə idilər. "Barat Şəkinskaya Azərbaycan teatr və kino tarixində qızıla bərabər addır. Barat Şəkinskaya teatr və kino sənəti qarşısındakı xidmətlərinin qiyməti olmayan qadındır. Kino və teatr tariximizdə qadınların səhnəyə çıxmasına icazə verilməyən dönəmlər olub.
...Barat xanım bu qadağalara baxmayaraq, səhnəyə çıxırdı", - deyə Gəncə Dövlət Teatrının aktyoru Elşad Əhmədov "R+" jurnalına açıqlamasında bildirib.
Onun yumşaq xasiyyətli olduğu hamıya yaxşı məlum idi. Barat xanımın qızı, uzun illər Azərbaycan Televiziyasının "Gənclik" redaksiyasında çalışmış Solmaz Həmzəyeva deyir: "Teatrda hər zaman qeybət, intriqa olur. Bundan qaçmaq çox çətindir. Amma anam elə insan idi ki, bu hallardan uzaq dayana bilirdi. O, heç zaman bu cür işlərin içərisində olmayıb və hətta bu haqda danışmaqdan belə qaçıb".
Barat xanım 1999-cu ildə, 85 yaşında vəfat edib. O, bu dünyanı Azərbaycan incəsənətinə misilsiz töhfələr verdikdən sonra tərk edib. Aktrisa xalqın ürəyində və yaddaşında daim yaşayacaq. Özü haqda, istedadı haqda xatirələr qoyub-getməyi yalnız dahi artistlər bacarır. Nə qədər ki, bu xatirəni yaşadacağıq, Azərbaycanın ən yaxşı Cülyettası bizimlə olacaq.
"Sizə məxsus olan Cülyettanın
Bir hissəsiniz siz, Amma onu ölümdən qoruya bilmədiniz,
Ancaq göylər başqasını qorudu
Ona əbədi həyat bəxş etdi"
(U.Şekspir)
MƏSLƏHƏT GÖR: