13 Mart 2025

Cümə axşamı, 14:59

BALACA “DOSTLAR”IMIZIN BÖYÜK PROBLEMLƏRİ

Azərbaycanda ev heyvanları üzrə baytarları barmaqla saymaq olar

Müəllif:

04.02.2014

Cəmiyyətdəki sivilizasiyanın səviyyəsini onun uşaqlara, heyvanlara və qocalara münasibətilə ölçmək mümkündür. Uşaqlar və qocalar haqqında çox yazılıb. Heyvanlar və onlara qayğı haqqında isə KİV-də, demək olar ki, yazılmır. Çünki bu mövzu o qədər də ciddi mövzu sayılmır. Amma Antuan de Sent-Ekzyuperinin ölməz "Balaca şahzadə" nağılında deyildiyi kimi, "bəz əhliləşdirdiklərimizə görə cavabdehik". Sən demə, sonradan ən yaxşı dosta çevrilən balaca ev heyvanını ələ öyrədənlər onların qayğısına qalan zaman xeyli problemlə qarşılaşırlar.

 

Ənənələr... amma yenə də

Şərq adətlərində insanların evdə heyvan saxlaması yox idi. Bu üzdən də, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda heyvanlara qulluq və onların sağlamlığının qayğısına qalınması sahəsində infrastruktur zəif inkişaf edib. Amma ölkəmizdə heyvan həvəskarları var və onların çoxu evində heyvan saxlayır. Hətta evində bir neçə heyvan saxlayan da var və bu cür insanlar baytar axtarışı zamanı böyük çətinliklərlə üzləşirlər.

Uzun illər xidməti itlərin hazırlanması ilə məşğul olmuş Çingiz Adib Azərbaycan baytarlarının imkanları haqda çox nadir hallarda danışır: "Baytarlıq sahəsinin çox ciddi problemləri var. Baytar klinikalarının lazımi avadanlıqlarla təchizatının zəif olması, analizlərin aparılması imkanlarının məhdudluğu, laboratoriyaların olmaması belə problemlərdəndir. Baytarlar müştəriləri, əsasən, özəl tibb mərkəzlərinə istiqamətləndirirlər. Orada isə analizin keyfiyyəti heç də arzulanan səviyyədə deyil: əksər vaxt analizin cavabları yaxşı çıxır, halbuki heyvan ölüm ayağında olur...".

Amma problem yalnız baytarlıq idarələrinin maddi bazası ilə bağlı deyil. "Dostluq" ev heyvanları sığınacağı" könüllülər cəmiyyətinin yaradıcısı Valeri Qarber bu sahədəki problemlərlə yaxşı tanışdır. Onun sözlərinə görə, Bakıda ixtisaslı baytarlar çox azdır: "Heyvanlara, həqiqətən, yardım göstərməyə qadir olan 2-3 həkim var. Qalanları sadəcə müştəriləri nüfuzlu görüntüsü və şübhəli diaqnozlarla çaşdırır". Bununla yanaşı, özəl klinikalarda həkim xidməti heç də ucuz olmasa da, vaxtında və peşəkarcasına göstəriləcək yardıma zəmanət yoxdur. Təcrübəli itçilik mütəxəssisi, İtçilər İttifaqının üzvü Olqa Aranoviç isə Bakıda savadlı mütəxəssislərin yoxluğu haqda fikirlərlə razı deyil. "Bizdə yaxşı həkimlər kifayət qədər çoxdur. Dövlət klinikalarında əla mütəxəssislərimiz var. Ciddi problem dotasiyanın yoxluğudur. Bu üzdən, heyvanların müalicəsi və əməliyyatı üçün şərait, avadanlıqlar yoxdur. Analiz üçün normal avadanlıq və reaktivlər olmadan ən yaxşı həkim belə, doğru diaqnoz qoymaqda çətinlik çəkir", - deyə o, bildirir.

Özəl klinikalar isə ya şəhərdən kənarda yerləşir, ya da orada xidməthaqqı çox bahadır. Bununla yanaşı, əksər müşahidəçilər hesab edir ki, özəl mərkəzdəki həkimlər müəyyən qədər müştəri yığdıqdan sonra işlərinə səhlənkar yanaşırlar. Aranoviç bildirir ki, ev heyvanlarının sahibləri çəkinmədən həkimlərdən sertifikat və lisenziya tələb etməlidirlər. Çünki şəhərdə diplomsuz fəaliyyət göstərən çoxlu sayda baytar var.

Qeyd edək ki, baytarlıq fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Belə şəxslərə özəl baytarlıq fəaliyyəti göstərmələri üçün xüsusi icazə (lisenziya - 150 manat), baytarlıq üçün preparatların hazırlanması icazəsi (3000 manat) və bu sahədə preparatların satışı üçün icazə (220 manat) dövlət tərəfindən verilir. Bununla yanaşı, baytar lisenziya almaq üçün müvafiq quruma digər sənədlərlə yanaşı, tələb olunan ixtisas üzrə ali və ya orta təhsilinin olduğunu göstərən diplomu da təqdim etməlidir.

Heyvan həvəskarlarının sözlərinə görə, bu sahədə əsas problem Azərbaycanda baytarların ibtidai biliklərə malik olmasıdır. Xaricdə, hətta tibb universitetlərində baytarlıq fakültəsi var. İnsanlar heyvanlarını müalicə üçün oraya da apara bilirlər (bu, həm də tələbələr üçün təcrübədir). Bizdə isə heyvanların müalicəsi, ən başlıcası, onlara diaqnozun qoyulması üçün lazımi avadanlıqlar yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə gəlincə, onun fəaliyyətində əsas istiqamət heyvandarlığın kənd təsərrüfatı üçün prioritet olan sahələrinə (iri və xırda maldarlıq, toyuqçuluq və sair) nəzarətdir. Bu mənada bir çox yaxşı işlər görülür: buzovlar daim peyvənd olunur, quşçuluq fermalarında isə quş qripinə yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb. Amma təəssüf ki, ev heyvanlarına qayğı üçün lazımi qədər dövlət strukturu yoxdur.

 

Təhsil

Katerina Zaxarova həmişə baytar olmağı arzulayıb. Amma o, orta məktəbi bitirdikdən dərhal sonra müvafiq təhsil ocağına daxil ola bilməyib. "Baytar təhsilinin alınacağı yeganə yer Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetidir. Amma orada təhsil pulludur və rus sektoru yoxdur. Odur ki, baytarlığı unutmalı oldum", - deyə o, bildirir. Amma qız təslim olmayıb; heyvanları çox sevən Katerina baytarın yanında köməkçi kimi işləməyə başlayıb: "Bəxtim gətirdi. Çünki diplom olmadan baytarlıq sahəsində iş əldə etmək çox çətindir. Heyvanları sağaltmaq üçün isə onları, həqiqətən, sevmək lazımdır. Bunu öyrənmək olmur". Əlbəttə, o, iynə vurmağı, hərarət ölçməyi, bir sıra tibbi manipulyasiyaları bacarır. Amma Katerina Zaxarova təkbaşına əməliyyat apara bilmir.

Heyvanları, həqiqətən, sevən və baytar olmağı arzulayan insanların əsas problemi də məhz budur. Diplom olmadan işə düzəlmək çətindir; Diplomlu baytarların əksəriyyəti təhsili Azərbaycandan kənarda alıblar. Bundan başqa, bir sıra özəl mərkəzlər işçiləri xaricdən gətirir və bu, əlbəttə ki, həkimlərin qonorarının da ciddi şəkildə artmasına səbəb olur. Bu, ev heyvanları saxlayan bir çox insanın cibinə uyğun gəlmir.

Ümumilikdə ev heyvanları saxlayan insanlar üçün yalnız müalicənin baha olması deyil, onların qidalanmasının, aksessuarların, geyim və digər əşyaların bahalığı da ciddi problemdir. Bu, bir daha göstərir ki, ev heyvanlarının saxlanılması çoxları üçün özünə sadiq, təmənnasız və sadiq dost tapmaq istəyi yox, sadəcə dəbdə olan trenddir.



MƏSLƏHƏT GÖR:

919