13 Mart 2025

Cümə axşamı, 14:59

"QIRILMIŞLAR"?

Ermənilər yeni bir "Ararat" gözləyirlər. Bu türk əsilli məşhur rejissorun filmi ola bilərmi?

Müəllif:

04.02.2014

"Erməni soyqırımı"nın dünyanın diqqətinə çatdırılmasının ən yaxşı yolu film yaradıcılığıdır".  Bu fikir  qondarma "Erməni soyqırımı"nın 100-cü illliyinə hazırlıqla  bağlı  Ermənistan prezidentinin sədri olduğu Dövlət Komissi- yasının toplantılarından birində  səsləndirilmişdi. Bütün toplantılarının gizli saxlanmasını qərara alan bu komissiyanın iclaslarından birində türk əsilli alman rejissoru Fatih Akının bu mövzuda film çəkməsi məsələsi  müzakirə edilmişdi və necə olmuşdusa,  bu məsələ mətbuata sızmışdı. İndi Fatih Akın özü də "erməni soyqırımı"ndan bəhs edən "The Cut" ("Qırılmışlar") filminin istehsalı ilə məşğul olduğunu  gizlətmir.     

Ermənilər artıq 15-20 ildir ki, bədii filmlərlə Türkiyəyə təzyiq edirlər. Onların bu  mövzudakı ən uğurlu lahiyələrindən biri 2002-ci ildə çəkilən "Ararat" bədii filmi olmuşdu.  Onun rejissoru Atom Yeqoyan,  Kanadada doğulmuş bir ermənidir, Fatih Akın isə Almaniyada anadan olmuş türkdür. Hər ikisi dünyada məşhur rejissor sayılırlar. İkisinin də adı son zamanlarda mətbuatın gündəmindədir. Onların "erməni soyqırımı"na müraciət etmələri təbiidirmi? Əlbəttə, bunları eyniləşdirmək olmaz.

Atom Yeqoyanı başa düşmək olar. O, milli mənsubiyyətini təsdiqləyərək,  erməniliyə  yaxşı xidmət edən "Ararat" filmini çəkdi. Erməni diasporu bu filmin Oskar alması üçün çox çalışdı. Filmi bütün festivallarda gəzdirərək çoxlu mükafatlar almasını təmin etdilər. Müdhiş satışlar oldu. Film hələ çəkilməmiş Fransa, Böyük Britaniya, Almaniya və İspaniya tərəfindən alınmışdı.  Hələ film istehsal olunmamış bu ölkələrdə  nə bilirdilər ki, bu filmdə nə var? Tək bildikləri o idi ki, bu filmlə Türkiyəni küncə sıxışdırmaq mümkün olacaqdı. Və sonra da bu ölkələrin diplomatik qurumları filmin həm də  Türkiyədə göstərilməsinə var gücləri ilə çalışdılar. Nədən bu filmə belə əhəmiyyət verilirdi? Axı, bu film bu mövzuda ortaya qoyulan ilk "əsər" deyildi. 

Buna qədər də erməni ideoloqlarının bir çox əsərləri və kitabları ortaya qoyulsa da, bu filmin xüsusiyyəti, Qərbin ermənilərə məqsədlərinə çatmaq üçün açıq şəkildə dəstəkləməsi idi. Məmur rolunda olan avropalı da, 1915-ci ildə Şərqi Anadoluda həkim işləyən amerikalı da erməni ideoloji maşınının təkərcikləri idilər, ən azından onun rolunda idilər.

Atom Yeqoyanın "Ararat" filminə 15 milyon dollar xərclənmişdi. Pulu isə Avropanın və Amerikanın xristian fondları vermişdi.  

İndi  Yeqoyan yeni film üzərində işləyir.  2013-cü ilin iyul ayında İrəvana  "Qızıl ərik" festivalına gələn Yeqoyan 100-cü ilədək mütləq bir yeni film çəkəcəyini  deyir. 

"Ararat"la birlikdə erməni mənşəli fransız rejissor Aşot Malakyanın "Mayrik" ("Ana") adlı filminin ilk on dəqiqəsində "soyqırımı" hekayəsi işlənir, sonrasında köç əsnasında Fransaya gələn bir erməni ailəsinin Fransada həyatlarını davam etdirə bilmək üçün verdikləri mübarizədən bəhs edilirdi.

Ermənilər filmlərə ağlasığmaz pullar xərcləyirlər. Erməni mənşəli italyan yazar olan Antonio Arslanın "Tarlaquşu yuvası" adlı kitabın ekranlaşdırılmasını, erməni mətbuatı müvəffəqiyyətli nümunələrdən biri kimi xarakterizə edirdi. Bu filmlərdə həyasız  bir soyqırımın təbliğatı vardı. Erməni mətbuatı "Musa dağında qırx gün" kitabının film halına çevrilməsindən də bəhs edir.   

Avstriya yəhudisi Frans Verfelin "Musa dağında qırx gün" romanı 1915-ci il  deportasiyasından əvvəl Hataydaki Musa dağının ətəyində bir erməni kəndində olub-keçən hadisələrdir. Deportasiya üçün gəlmiş jandarmlara ermənilərin müqaviməti idi.  Başqa bir şey deyildi. Bu əsəri oxuyandan sonra adamda  burada elə bir ciddi insan faciəsinin, daha doğrusu, "soyqırımı"nın olması qənaəti yaranmır. Amma mətbuatda bu hadisə bir erməni qəhrəmanlığı olaraq təqdim edilirdi.  

Vaxtilə Yeqoyanın filminin dünyanın bir çox ölkələrində nümayişinə ona görə yaşıl işıq yandırılmışdı ki, həmin filmdə ermənilərin əsas məqsədi  ilə onların yürütdükləri antitürk siyasət üst-üstə düşəcəkdi və bunlar ikisi bir-birini tamamlayacaqdı. Baxın, bu filmin rolu nə oldu: 2002-ci ildən sonra Avropa ölkələrində "erməni soyqırımı"nı əməlli-başlı dövlət siyasətinin tərkib hissəsinə çevirdilər. Belə ölkələrdən olan Fransa gələcəkdə "erməni soyqırımı" olmayıb  deyənləri cəzaya məhkum etmək kimi insan haqlarını pozan bir qanuna start verəcəkdi, İs-veçrə isə bunu həyata keçirəcəkdi və bir konfransda "erməni soyqırımı" yalanlar üzərində qurulub", - deyən Doğu Perincək 90 gün həbsə məhkum olunacaqdı (nəhayət, haqq yerini aldı və Avropa Məhkəməsi bu qərarı ləğv etdi). 

Qeyd olunan filmlər bu məqsədlərə xidmət edir. Odur ki, ideyanın müəllifinin  yalnız erməni diasporu olduğunu düşünmək doğru olmazdı.  

1915-ci il hadisələrini ermənilərə qarşı törədilən bir soyqırımı olaraq göstərilməsi və mümkün olduğu qədər bunun dünyanın daha çox ölkələrində yayılması Türkiyəni küncə sıxmaq məqsədi güdür. Bəs, "rollarda" kimlərdir? Atom Yeqoyan bir Kanada ermənisidir. Baş rol oyunçusu isə Fransa ermənisi Şarl Aznavurdur. Digər oyunçular isə Ermənistandan olanlardır. Səhnələr də Vanda, Ağrı dağının ətəklərində baş verir.  Baş "aktyor" isə Qərbdir. Türkiyəni olmayan bir "cinayətə"  məhkum etmək  istəyən Qərb. Bu filmdə ermənilərin terroruna bəraət verilir, çünki onlar türk düşmənidirlər. Filmə "Ararat" adı da təsadüfən seçilməyib. Araratı, yəni Ağrı dağını milli simvol halına çevirən ermənilər SSRİ tərkibində olduğu dövrlərdə də Ararat xəyalı ilə yaşamağı təlqin etməklə, hər bir erməni üçün bu dağı  "müqəddəsləşdirmişdilər". Təsadüfi deyil ki, indi Ermənistanın dövlət  gerbində də Ağrı dağı təsvir olunub. 

Əslində, bu, Türkiyəyə qarşı ərazi iddiası idi və buna da Türkiyədən heç bir etiraz bildirilmədi. Ermənilər gördülər ki, onların bu iddialarına heç bir reaksiya yoxdur, daha da irəli gedərək, prezident səviyyəsində Araratı da almaq fikrini  dilə gətirdilər. Yadınızdadırsa, bir müddət öncə Ermənistanda təşkil edilən erməni dili və ədəbiyyatı yarışmasında şagirdlərdən birinin, "Qərbi Ermənistan (Türkiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulurdu) torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala bilərikmi?" sualına cavab verən Ermənistanın prezidenti Serj Sarqsyan belə demişdi: "Qarabağı biz aldıq, Ağrının geri qaytarılmasını isə sizə həvalə edirik". Ermənistan prezidenti Serj Sarqsyan, Türkiyənin şərqində olan və ermənilər tərəfindən "Qərbi Ermənistan torpaqları" olaraq adlandırılan Ağrı dağı bölgəsinin geri alınmasını yeni nəsillərə  bir vəzifə  olaraq göstərməsi üçün  Atom Yeqoyanın "Ararat" filmi  lazım idi. Bəli, o təsadüfən çəkilməmişdi. 

Baxın, belə  təcavüzkar bəyanat verən şəxsə dünyada (Azərbaycan və Türkiyə KİV-lərindən başqa) heç bir etiraz bildirilmədi. Əksinə, Türkiyədə elə adamlar tapıldı ki, onun  beynəlxalq hüquqa zidd olan bu fikirlərinə dəstək  verdilər. Türkiyədə belələri çoxdur. 

Ermənilər 100-cü ilə hazırlıq mərhələsində türk mənşəli tədqiqatçılardan da yararlanmaq istəyirlər. Bunun ən yaxşı örnəyi neçə illərdir ermənilərə işləyən Taner Akçamdır. Erməni dostu olan  bəzi "türk ziyalıları"nı Ermənistana dəvət edir, onları bu işdə özlərinə köməklik göstərməyə təşviq edirlər. Bunların içərisində  jurnalistlər, yazarlar, araşdırmaçılar da var. Həsən Camal, Ali Bayramoğlu, Fatiyə Çətin, Orhan Pamuk... sayları az deyil. Onlardan bəziləri erməni diasporunun və Ermənistan dövlətinin təşkil etdiyi konfranslara həvəslə qatılaraq ermənilərin əsassız  iddialarını müdafiə edirlər. Bunlar da Ermənistan mətbuatında geniş yer almaqdadır. ABŞ-dakı Clark Universitetinin müəllimi, tarixçi prof. Dr. Taner Akçam son zamanlar çox fəaldır. Onun yazdığı kitablar dünyanın müxtəlif ölkələrində yayılmaqla birlikdə bu kitabların təqdimatı ermənilər üçün həm də təbliğat metodudur. Onun "Gənc türklərin insanlıq cinayətləri: "erməni soyqırımı" və Osmanlı İmperatorluğunda etnik təmizləmə" adlı kitabının təqdimatı İrəvanda da keçirilib.

Bu insanların nəyin hesabına və naminə belə xəyanət yolu tutduqlarını da ictimaiyyət yaxşı bilir.  Onların adını  bir daha çəkmək istəməzdim. Amma onlardan birindən - Fatih Akından  mütləq  bəhs etmək lazımdır.

Özünün türk mənşəyinə baxma-yaraq, o nəinki Yeqoyanın filmini kölgədə qoyan, hətta əvvəllər bu mövzuda çəkilmiş bütün filmləri geridə buraxan bir film çəkmək istə- yir. Ermənilər onun "The Cut" filmini səbirsizliklə gözləyirlər. Nə barədə olacağı onları maraqlandırmır. Bu layihədə əsas olan - türk müəllifin adıdır - Fatih Akın.  

O, erməni məqsədini reallaşdırmağa yardım etdiyinin də fərqindədir. O, bilir ki, bu  məqsədlər istiqamətində ermənilər təbliğat işində  vizual mediaya üstünlük verirlər. Erməni  dövləti  buna həvəslə pul ayırır. Dövlət səviyyəsində qarşıya daha bir neçə "soyqırımı" filminin  çəkilməsi məqsədi qoyulub. Bunlardan biri, çox güman ki, Akının filmi olacaq. Qondarma "erməni soyqırımı"nın 100-cü ilində, yəni 2015-ci ildə yeni bir filmlə bir daha dünyaya "səs salmaq" planlaşdırılıb, elə bu məqsədlə də "Oscar" mükafatını almış məşhur rejissor Stiven Spielberqə müraciət olunub.

Diaspor və Ermənistan dövlətinin vizuallıq sahəsində etdikləri la-yihələr kinofilmlərlə məhdudlaşmır. Bir başqa əhəmiyyətli layihə də "Bir daha, əsla!" adı altında təşkil edilmiş konsert seriallarıdır. Tanınmış musiqiçi Stevie Wonderlə birlikdə bir çox məşhur musiqiçinin də qatıldığı layihə ilə "soyqırımı"nın təbliği işini daha da irəli aparmaq nəzərdə tutulub.

Atom Yeqoyanla Fatih Akını bir-birinə bağlayan tellərin nələr olduğunu aydınlaşdırmağa çalışsaq, qəribə bir paralelliklə üzləşə bilərik. Biri erməni, digəri türk olan bu iki rejissor, təbii ki, pula işləyirlər. Film çəkilişinə isə çox pul lazımdır. Dedik ki, "Ararat" filminə 15 milyon  pul xərclənib. Fatihin filminə isə bundan daha çox ayrılmalıdır. Bəs, bu pulu kim ayıracaq? 

Baxın, sponsor olmağa kimlər razılıq verib. Erməni diasporunun ən irəlidə olan şəxsləri, konkret olaraq  İstanbul və  Livan erməni  icmaları, eləcə də Ermənistanda "erməni soyqırımı"nın 100-cü ilinə hazırlıq üzrə dövlət komissiyasının  film çəkilişindəki məsul üzvləri... Ermənilər bu filmin 2014-cü ildə hazır olması üçün artıq Fatih Akını tələsdirirlər. 

Bununla da, onlar yeni bir "Ararat" əldə etmək niyyətindədirlər.

Ancaq bir türk tərəfindən çəkilmiş "erməni soyqırımı"ndan bəhs edən "The Cut" ("Qırılmışlar") adlı əsərin verəcəyi effektlə "Ararat"ın effekti eyni olmayacaq... 



MƏSLƏHƏT GÖR:

755