Müəllif: Namiq MAYILOV Bakı
Yazıçıların binası, rəssamlar evi, məcburi köçkünlər üçün yaşayış məntəqəsi... İndi Bakıda jurnalistlərin məhəlləsi də olacaq. İlk dəfə! Həm də yalnız Azərbaycanda deyil, dünyada ilk dəfə!
Hələ 2010-cu il iyulun 22-də Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə Prezident İlham Əliyev dövlət hesabına KİV əməkdaşları üçün yaşayış evinin inşasına dair sərəncam imzalamışdı. Üç il sonra elə həmin əlamətdar gündə dövlət başçısı 156 mənzildən ibarət 17 mərtəbəli göydələnin açılışında iştirak edib. "Bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi", - deyə Prezident mərasimdə KİV nümayəndələrini mənzil almaları münasibətilə ürəkdən təbrik edərək bildirib.
Beləliklə, jurnalistlərin dövlət başçısı ilə görüşlərinin birində irəli sürdükləri təşəbbüs reallaşdı. Qısa zamanda 84 ikiotaqlı, 64 üçotaqlı və 4 dördotaqlı mənzildən ibarət böyük bir bina inşa olunub. Onun səliqəli həyəti, istirahət guşəsi, uşaqlar üçün meydançası, 354 nömrəlik elektron ATS-i, sürətli interneti, IP-televiziyası var. Binadan Xəzər dənizinə, Dövlət Bayrağı Meydanına möhtəşəm mənzərə açılır. Bundan başqa, İ.Əliyev bildirib ki, gələcəkdə bu binanın ətrafında böyük bir kompleks yaranacaq: "Bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Burada Bakı Art City, yəni incəsənət şəhərciyi yaradılacaq, böyük Su İdmanı Sarayı tikilir". Əslində, Prezidentin sözlərini vəd adlandırmaq olmaz. Çünki artıq binaya bitişik ərazidə Xəzər sahilindəki gələcək kompleksə aid müxtəlif obyektlərin tikintisi gedir.
Elə buradaca Prezident jurnalistlər üçün ikinci 17 mərtəbəli binanın da təməlini qoyub. Bu dəfə bina 240 mənzildən ibarət olacaq. Bütün lazımi infrastruktura malik 3 bloklu binada 1, 2, 3 və 4 otaqlı mənzillər olacaq. Binanın inşasına ilk olaraq 5 milyon manatın ayrılması ilə bağlı sərəncam elə həmin gün imzalanıb.
Bu mənzillərə ehtiyacı olan jurnalistlərin sevincinin həddi-hüdudu yox idi. Onların bir çoxu üçün bu, yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də ailə büdcəsinə qənaət deməkdir - onlar yeni mənzilə köçməklə kirayə pulu ödəməkdən yaxa qurtaracaqlar. Yeni binanın digər sakinləri üçün isə bu, dövlətin onların çoxillik əməyinə və zəhmətinə verilən qiymət idi.
Jurnalistlərin dövlət tərəfindən mənzillə təminatı ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Ekspertlər bildirirlər ki, indi jurnalistlər peşəkarlıqlarının artırılmasına daha çox diqqət yetirəcək, maddi gəlir yox, obyektiv informasiya axtarmaqla məşğul olacaqlar.
Əlbəttə, əks fikirdə olanlar da var. Onların fikrincə, bundan sonra mənzil almış jurnalistlər hakimiyyətə daha loyal münasibətdə olacaq, problemlərin işıqlandırılmasında daha az obyektivlik nümayiş etdirəcəklər. Guya, hakimiyyətin seçki ərəfəsində jurnalistlərə mənzil verməklə onları ələ almağa çalışdığına dair spekulyasiyalara da rast gəlinir. Amma bu ittihamlar cəmiyyət tərəfindən ciddi qəbul olunmur, çünki bu spekulyasiyaları yalnız siyasi cəhətdən qərəzli mövqeyilə tanınan KİV və ekspertlər səsləndirirlər. Bu zaman onlar nəzərə almırlar ki, yaşayış şəraitlərinin yaxşılaşdırılması xahişilə dəfələrlə məhz jurnalistlərin özləri çıxış ediblər. Mənzil alanlar arasında isə ən müxtəlif siyasi baxışa malik KİV nümayəndələri, həmçinin müxalifət qəzetlərinin əməkdaşları da var. Onların dövlət hesabına tikilmiş binadan mənzil alması çətin ki, həmin şəxslərin siyasi baxışlarına təsir göstərsin. Əksinə, Prezident jurnalistlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında məqsədin ölkədə söz azadlığının dəstəklənməsi olduğunu bildirib. İ.Əliyev deyib ki, ölkədə həllini gözləyən çatışmazlıqlar və problemlər var və mətbuat bu problemlərin üzə çıxarılmasında hökumətə yardım edir.
Bu gün Azərbaycanda minlərlə qəzet, jurnalist, informasiya agentliyi, tele və radiokanal fəaliyyət göstərir. İnternet jurnalistikası sürətlə inkişaf edir. Dövlət internetin inkişafına maraq göstərir, müxtəlif proqramlar həyata keçirilir, Dövlət Neft Fondu hesabına ölkənin bütün şəhərlərinin genişzolaqlı internet ilə təmini nəzərdə tutulur. Qeyd edək ki, regionda ən ucuz internet Azərbaycandadır və o, orta aylıq əməkhaqqının 2%-i civarındadır. Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan informasiya-kommunikasiya xidmətlərinin əlverişliyinə görə dünyanın 144 ölkəsi sırasında 20-ci yerdədir. Artıq Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 70%-ni üstələyir. "Belə olan halda, əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır", - deyə jurnalistlər qarşısında çıxış edən İlham Əliyev bildirib.
Prezidentin KİV nümayəndələrini səslədiyi yeganə məqam ümummilli əhəmiyyətə malik məsələlərin işıqlandırılmasında şəxsi, partiya və korporativ maraqlardan çıxış etməməklə bağlı olub. O, jurnalistləri vətənpərvərliyə, müstəqillik və ərazi bütövlüyü məsələlərinə daha çox yer ayırmağa çağırıb: "Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır".
Dövlət başçısı hesab edir ki, jurnalistlər xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması istiqamətində ciddi işlər görməlidirlər. Məqsəd birdir - regionda baş verənlər dünya ictimaiyyətinin nəzərinə çatdırılmalı, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın və onun himayəçilərinin reallığı təhrif etməsinə imkan verilməməlidir: "Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki, sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar, uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına buna nail olurlar". Prezident jurnalistləri bu işdə internetin geniş imkanlarından yararlanmağa da səsləyib.
Əlbəttə ki, Azərbaycanın deyəcək sözü var və o, artıq özünü bir çox sahələrdə sübut edib. Amma bu vəziyyətin sərf etmədiyi qüvvələr də var. Bu səbəbdən də, Prezident jurnalistləri fəaliyyətlərini daha çox uzlaşdırmağa səsləyib: "Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar var. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir".
Beləliklə, Azərbaycan Prezidenti bir daha göstərib ki, dövlət mətbuata dəstək verərkən onu özündən asılı vəziyyətə salmaq məqsədi güdmür. Əksinə, dövlət obyektiv informasiyaların yayılmasında maraqlıdır. Çünki bu, informasiya məkanına yalan və saxtakarlıqların girməsinin qarşısını alır. Hələ 2008-ci ildə Mətbuata dövlət dəstəyi konsepsiyasının qəbul olunması, KİV-in siyasi meylindən və istiqamətindən asılı olmayaraq, bütün spektrlərinə dəstək verən fondun yaradılması təsadüf deyil. Buna görə də Azərbaycan dövləti tərəfindən KİV-ə dəstək bir yandan sosial xarakterlidir (hökumət digər xüsusi əhəmiyyətə malik peşə sahiblərinin, həmçinin əhalinin sosial baxımdan zəif təbəqəsinin problemlərini də məhz bu cür həll edir), digər tərəfdən isə ölkədə söz azadlığının inkişafına xidmət edir. Bunun əvəzində tələb olunan yeganə məsələ ümummilli məsələlərdə səylərin birləşdirilməsidir.
MƏSLƏHƏT GÖR: