14 Mart 2025

Cümə, 23:32

“AVRASİYANIN ÖZƏYİ”ndən İSMARIŞLAR

Azərbaycanla Türkiyə regional təhlükəsizlik məsələlərinə dair mövqelərini razılaşdırdılar

Müəllif:

23.07.2013

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji önəmini bir daha təsdiqlədi. Ənənəvi olaraq, Türkiyə diplomatiyasının rəhbərini Bakıda ən yüksək səviyyədə qarşıladılar. A.Davudoğlunu Prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və XİN başçısı Elmar Məmmədyarov tərəfindən qəbul edildi. Görüşlərdə ikitərəfli əməkdaşlıq, enerji layihələrinin birgə reallaşdırılması, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, qarşıdan gələn sammitlər, avqustun ortalarında keçiriləcək türkdilli dövlət başçılarının görüşü və payızda keçirilməsi planlaşdırılan Azərbaycan - Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Jurnalistlərlə söhbəti zamanı A.Davudoğlu strateji tərəfdaşlar arasındakı ikitərəfli münasibətlərə yüksək qiymət verib. Səfərin nəticələrindən danışan XİN başçısı azərbaycanlı və türkiyəli gənc diplomatlar üçün Türkiyə və Azərbaycan XİN-də qarşılıqlı təcrübənin təşkilini xüsusilə vurğulayıb. Onun bu razılaşmaya xüsusi önəm verməsi anlaşılandır: axı iki ölkənin xarici siyasət idarələri qarşısında duran vəzifələrin çoxu üst-üstə düşür. Bu, "erməni məsələsi"nə də aiddir. Məlum olduğu kimi, erməni diasporu Osmanlı İmperiyasında baş verən hadisələrin 100 illiyi ərəfəsində "soyqırımı"nın beynəlxalq aləmdə tanınması istiqamətində fəallığını artırıb. Odur ki, 1915-ci ildə baş vermiş hadisələr haqda dünya ictimaiyyətinə saxtalaşdırılmış versiyanın sırınmasına qarşı durmaq üçün türk və azərbaycanlı diplomatlar səylərini gücləndirməlidir.

Ümumiyyətlə, Türkiyə XİN başçısının Azərbaycana indiki səfərinə, erməni tematikasının əsas rollardan birini oynadığı regional təhlükəsizlik məsələlərinə dair müttəfiq dövlətlərin mövqelərinin bir daha uzlaşdırılması nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Bakı üçün İrəvanın anti-Azərbaycan ritorikası yenilik deyil, amma son vaxtlar bu ölkədə Türki-yəyə qarşı da siyasi kampaniya gücləndirilib və hətta rəsmi Ankaraya qarşı ərazi iddiaları da səslənməyə başlayıb. Bununla bağlı Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın ümumerməni hüquqşünaslarının ikinci forumunda səsləndirdiyi iddialar xüsusilə geniş rezonans doğurub: "1915-ci ilin erməni soyqırımı qurbanlarının nəslindən olanlar maddi kompensasiya almalıdır. Bundan başqa, yalnız təsadüf nəticəsində dağılmamış məbədlər və kilsə torpaqları erməni apostol kilsəsinə, itirilmiş ərazilər isə Ermənistana qaytarılmalıdır".

Göründüyü kimi, Ermənistan yalnız qonşularına qarşı ərazi iddiaları irəli sürməklə kifayətlənməyərək, həm də bu iddiaları hüquqi cəhətdən əsaslandırmaq xəttini tutub. Bakı ilə Ankaranı öz diplomatik səylərini birləşdiməyə vadar edən təhlükələrdən biri də məhz budur. Yeri gəlmişkən, Bakıda keçirdiyi brifinqdə A.Davudoğlu erməni prokurorunun bu bəyanatını da şərh etdi. "Bu fikrin özü belə absurddur. Əgər biz Qafqazda sülh uğrunda çalışırıqsa, regiondakı hər ölkə öz sərhədlərini və əndazəsini bilməlidir. Əks təqdirdə, ilk növbədə, bu cür iddialarla çıxış edən ölkələrin özləri zərər çəkəcək", - deyən XİN başçısı əlavə edib ki, Ankara bir qarış torpağını belə kiməsə güzəştə getmək niyyətində deyil.

 Azərbaycanın üzləşdiyi ərazi problemlərinə yanaşmada da Türkiyə eyni mövqedən çıxış edir. Bakıya səfəri zamanı A.Davudoğlu vurğulayıb ki, dünya birliyi artıq 20 ildir fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun niyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində heç bir irəliləyişə nail olmadığı ətrafında düşünməlidir. "Hesab edirəm, Minsk qrupunun digər iştirakçılarının, o cümlədən Türkiyənin də bu prosesin nizamlanmasında aktiv iştirakı müsbət nəticə verə bilər", - deyə nazir vurğulayıb.

İrəvan Ankaranın vasitəçilik missiyasını qəbul etmədiyindən, bu ideya utopik səslənsə də, Türkiyənin regional təhlükəsizlik məsələlərində daha aktiv rol oynamaq niyyəti şübhə doğurmur.

Yeri gəlmişkən, türkiyəli həmkarı ilə birgə brifinqdə E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü, təxminən, sentyabrın sonlarında Nyu-Yorkda baş tutacaq. "Zerkalo" qəzetinin Ankaradakı diplomatik mənbələrə istinadən xəbər verdiyi kimi, "BMT Baş Assambleyası çərçivəsində ABŞ-Türkiyə-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin dördtərəfli formatda ilk görüşünə hazırlıq işləri gedir. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə (bu görüşün Azərbaycandakı prezident seçkilərindən sonra baş tutacağı ehtimal olunur) hazırlıq xarakteri daşıyacaq".

Ermənistan artıq bir dəfə - 2008-ci ildə - Türkiyənin regional münaqişələrin nizamlanmasına təkan verə biləcək təşəbbüsünə - Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasına "yox" cavabı verib. Yəqin, indi Türkiyə mövqelərini Azərbaycanla uzlaşdıraraq, qarşıya qoyulmuş məqsədə dolayı yollarla çatmaq haqda düşünür. Bunun üçün Ankara çoxtərəfli əməkdaşlığın müxtəlif formatlarını təklif edir. Bu zaman isə Türkiyə Azərbaycanla strateji tərəfdaşlığı önəmli sayır - A.Davudoğlu bu əməkdaşlığı "Avrasiya regionunun özəyi" adlandırıb.

Azərbaycan və Gürcüstanla ikitərəfli əməkdaşlığı möhkəmləndirmək kursunu tutan Ankara, eyni zamanda, çoxtərəfli əməkdaşlıq variantları da təklif edir. Son vaxtlar Türkiyə ilə Azərbaycanın iştirak etdiyi bir neçə analoji format yaradılıb. Türkiyə, Azərbaycan və Gürcüstan arasında üçtərəfli əməkdaşlığa misal kimi Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Əzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələrini göstərmək olar. İştirakçı ölkələr bu layihələrin yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıdığını inkar etmirlər. Bunlardan əlavə, jurnalistlərlə söhbəti zamanı A.Davudoğlu Azərbaycanla Türkiyənin Şərqə doğru irəliləməsinə dair də çox maraqlı təşəbbüslə çıxış edib. Nazirin sözlərinə görə, bu ölkələr Mərkəzi Asiyada tərəfdaşlığı genişləndirmək istiqamətində, məsələn, Azərbaycan-Türkiyə-Türkmənistan və ya Azərbaycan-Türkiyə-Qazaxıstan formatında əməkdaşlıq qura bilər. "Ankaranın məqsədi bu regionlarla iqtisadi və diplomatik münasibətləri, həmçinin, mədəni əlaqələri daha da genişləndirməkdir", - deyə nazir vurğulayıb.

Həmçinin unutmayaq ki, Türkiyə regionda həm də NATO-nun maraqlarını təmsil edir və bir çox birgə təşəbbüslər alyansın da buraya cəlb olunmasını nəzərdə tutur. İrəvanda Azərbaycan ərazilərindən keçən strateji kəmərə dair hədələri fonunda, artıq türk və Azərbaycan ekspertləri beynəlxalq qüvvələrin, ilk növbədə isə, Şimali Atlantika Alyansının regional enerji infrastrukturunun mühafizəsinə cəlb olunmasına dair təkliflər səsləndirirlər. Bundan başqa, A.Davudoğlu ilə danışıqların yekunlarına dair brifinqdə E.Məmmədyarov Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin tezliklə yekunlaşmasının vacibliyini dilə gətirib. Onun sözlərinə görə, bu maşrutun işə salınması 2014-cü ildən başlayaraq, NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə də töhfə verə bilər. Bu mövzu iki ölkənin xarici işlər nazirləri arasında ayrıca olaraq müzakirə edilib.

Diqqəti cəlb edən daha bir məqam Davudoğlunun Bakıya səfərinin Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə taktiki təlimləri ilə eyni vaxta düşməsidir. İyulun 28-nə qədər davam edəcək təlimlər Bakıda və Naxçıvanda - Ermənistanla sərhəd yaxınlığında keçiriləcək. Baş Komandanlığın məlumatına əsasən, təlimlərdə məqsəd Türkiyə və Azərbaycanın quru qoşunları arasında əməkdaşlıq və birgə tədbirlərin genişləndirilməsi, təcrübə və informasiya mübadiləsidir. Bakıda keçirilən təlimlərdə piyada qoşunlarının bölmələri, Naxçıvandakı təlimlərdə isə quru qoşunlarının mexanikləşdirilmiş taqımı iştirak edir.

Bu təlimlərdə "mümkün düşmən" adı altında kimin nəzərdə tutulduğu yaxşı məlumdur. Azərbaycana və Türkiyəyə qarşı açıq ərazi iddialarını yalnız bir dövlət irəli sürür. Maraqlıdır ki, elə bu günlər Ermənistanın özü də hərbi təlimlər keçirib. Özü də Azərbaycanın işğal olunmuş ərazilərində.

Birgə Azərbaycan - Türkiyə təlimləri Bakı ilə Ankaranın əsəbləri ilə oynayan qüvvələrə, Türkiyənin qardaş ölkənin təhlükəsizliyinin qarantı olduğunu xatırlatmalıdır. Düzdür, Azərbaycan artıq özü-öz təhlükəsizliyini təmin etmək iqtidarındadır, amma hər halda, Türkiyənin özünün hərbi-siyasi maraqlarını da nəzərdən qaçırmaq lazım deyil. A.Davudoğlu Azərbaycan torpaqlarının azad olunması yolunda şəhid olmuş türk əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, Osmanlı Türkiyəsinin 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı Qafqaz uğrunda döyüşlərinin xəritələrinə də nəzər salması təsadüf deyil.

Son hadisələr göstərir ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq regiondakı hərbi-siyasi və iqtisadi sabitlik məsələsində əsas faktora çevrilib. Özü də Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyə "böyük qardaş" kimi qəbul edilirdisə, indi strateji tərəfdaşlıq bərabərhüquqlu əsasda qurulub. Hələ son vaxtlara qədər Türkiyə gənc respublikaya ayaqüstə qalxmağa kömək edirdi, bu gün isə artıq Azərbaycan Türkiyə iqtisadiyyatının ən böyük sərmayədarına çevrilib - Milli Məclisin spikeri Oqtay Əsədovun sözlərinə görə, yaxın vaxtlarda bu sərmayələrin həcmi 18 milyard dollara çatacaq. Cənubi Qafqaz regionunun lider ölkəsinə və onun inkişafının lokomotivinə çevrilmiş Azərbaycan bu gün Türkiyənin ən vacib iqtisadi və siyasi müttəfiqinə, həmçinin, onun regionda və xaricdə maraqlarını müdafiə edən əsas tərəfdaşına çevrilib. Bunun qarşılığında isə Azərbaycan tam haqlı olaraq, hərbi-siyasi dəstəyə ümid edir.



MƏSLƏHƏT GÖR:

480