15 Mart 2025

Şənbə, 00:32

İDMANDAN GÖZƏL GETDİ

“Sevimli idmanla vidalaşmağın belə çətin olacağını gözləmirdim”

Müəllif:

09.07.2013

Azərbaycan idmanının daha bir məşhur siması böyük idmandan ayrıldı. Bu dəfə söhbət bədii gimnastika üzrə yığmamızın lideri Aliyə Qarayevadan gedir. Avropa çempionu, Olimpiya oyunlarının iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayeva artıq bundan sonra bizi qələbələriylə sevindirə bilməyəcək.

A.Qarayeva təkcə gimnastikada deyil, bütövlükdə Azərbaycan idmanı tarixində özünəməxsus yeri olan atletlərdəndir. O, 2007-ci ildə iplə hərəkətlərdə Avropa çempionu adını qazanıb. Azərbaycanda qitə birinciləri kifayət qədər olsa da, onun uğurları digərlərindən fərqlənir. Aliyənin zəfərinin özəlliyi ondadır ki, o vaxta kimi Avropanın yalnız 4 ölkəsinin gimnastı çempionluq zirvəsinə yüksəlmişdi. Həmin siyahıya Azərbaycan adını məhz Qarayeva yazıb. Qitə birinciliyindəki həmin uğur yeganə deyil. İdmançımız daha bir dəfə gümüş, üç dəfə isə bürünc medal qazanıb. Aliyə dünya çempionatlarında da layiqincə çıxış edib – mundiallarda əldə etdiyi beş bürünc və bir gümüş mükafat qazanması belə deməyə əsas verir. Onun karyerasında reallaşdırmadığı yalnız 1 arzu var – olimpiadada medal qazanmaq. London Yay Olimpiya Oyunlarında təmsilçimiz bu arzunu həyata keçirməyə çox yaxın idi. Həmin mötəbər turnirdə Qarayevanı medaldan cəmi 0,1 xal ayırdı. Buna baxmayaraq, Aliyə bütün hərəkətləri böyük ustalıqla yerinə yetirdi və azarkeşlərin ümidini layiqincə doğrultdu.

Azərbaycan çempionatının son günü Aliyə QARAYEVANIN idmanla vidalaşdığı gün oldu. Həmin gün hamı ondan danışır, hamı təbrik edirdi. Xanım idmançı isə kövrəlsə də, hisslərini büruzə verməməyə çalışırdı. Müsahibəyə elə həmin hisslərdən başladıq. Aliyənin özünü necə hiss etdiyini soruşduq:

- Sözün düzü, bir qədər təsirləndim. Gimnastikayla vidalaşmaq gözlədiyimdən çətin oldu. Hamı məni təbrik etsə də, başa düşürəm daha çıxış etməyəcəm. Bir daha turnirlərdə mübarizə aparmayacam. Deməli, daha qələbə qazanmaq şansım da olmayacaq. Bu hisslər qəribədir. İnsan tam anlaya bilmir. İçimdə qəribə yanğı var. Amma bu qədər böyük diqqət qarşısında hamıya təşəkkür edirəm. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya “Çox sağ ol” deməliyəm. Onun dəstəyi sayəsində bir sıra böyük yarışlarda uğur qazandım. Əminəm ki, ölkədə gimnastikanın inkişafı davam edəcək, yeni qələbələr olacaq.

Bəlkə də bu sualı sənə çox veriblər. Amma soruşmağa məcburam. Karyeranı başa vurmağınızın əsas səbəbi nədir?

- İlk olaraq qeyd edim ki 25 yaşım var. Gimnastika üçün bu yaş az deyil. Bəzi gimnastlar karyeralarını 22-23 yaşında bitirməli olur. Mən 25 yaşına qədər çıxış etdim və çalışdım, yaddaqalan uğurlar qazanım. Bu qərarım barədə çox düşünmüşəm. Sözün düzü, çətin oldu karyeranı başa vurmağa. Amma artıq vaxtdır, deməli, getmək lazımdır.

Bundan sonra nə ilə məşğul olacaqsınız?

- Çoxlu sayda təkliflər almışam. Amma onların arasında biri daha cəlbedici oldu. Hazırda o barədə düşünürəm. Açıqlamaq istəməzdim. Yəqin ki, sentyabrda özünüz biləcəksiniz.

Geriyə baxanda hansı yarışdakı çıxışınızı daha yaxşı xatırlayırsınız?

 

- Əlbəttə, 2007-ci ildə Avropa Çempionatındakı qələbəni unutmamışam. Hesab edirəm, ötənilki qitə birinciliyində də yaxşı iştirak etmişəm. Bəziləri deyir ki, Olimpiadada çıxışım uğurlu olmadı. Amma məncə, bu belə deyil. Londonda medala cəmi bir neçə xal çatmadı.

 - Karyeranızdan razı qaldınız, yoxsa?

- Məncə, böyük uğurlar qazandım. Sevinirəm ki, Olimpiadada iştirak etdim. Avropa və dünya çempionatlarında medal qazandım. Bütün bunlar az deyil. Karyeramdan müəyyən mənada razıyam.

Sizcə, yığmamızın yeni lideri kim olacaq?

- Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Valideynlər övladlarını böyük həvəslə gimnastikaya gətirir. Yeniyetmələr beynəlxalq yarışlarda özünü yaxşı tərəfdən göstərir. Ona görə uğurlarınız çox olacaq. Perspektivli gimnastlar çoxdur. İdmanın bu növünə olan maraq idmançıları daha məsuliyyətli olmağa məcbur edir. Ölkədə gimnastikanın sevilən idman növləri sırasında olması çox sevindirici haldır.

Marina Durunda və Lalə Yusifova artıq böyüklər arasında yarışır. Sizcə, onlar böyük zirvələri fəth edə biləcəkmi? 

- Qızların hər bir yarışını böyük maraqla izləyirəm. Avropa Çempionatında yaxşı çıxış etdilər. Bir neçə ay əvvəl yeniyetmələrdə uğur qazanan qızlar indi böyüklərin yarışında təcrübəli həmkarlarından geri qalmır. Marina Durunda 3 növ üzrə finalda mübarizə apardı. Bu çox böyük uğurdur. Gələcəkdə qitə birinciliyinin medalları uğrunda yarışa biləcəyinə inanıram.

 - Yeni nəslə, yeniyetmə gimnastlara sözünüz nə olacaq...

 - Qızlara cansağlığı, uğur arzulayıram. Onların böyük potensialı var və onu göstərə biləcəklərinə inanıram. Avqustda Kiyevdə Dünya Çempionatı keçiriləcək. Həmin yarışda komandamıza yaxşı nəticələr arzulayıram. Azərbaycan gimnastları əzmkar və zəhmətkeşdir. Məşqlərdə səylə çalışan idmançılar isə həmişə uğur qazanır.

 - Aliyə Qarayeva üçün gimnastika nədir? İdman sizə nə verdi?

 - Gimnastika, ümumilikdə, idman mənim həyatımdır. Bu günə qədər hər zaman gimnastika yanımda olub. Hər gün məşqdə olmuşam, axşam olanda isə səhərki məşq haqda düşünmüşəm. İdmançılar məni daha yaxşı başa düşər. Uzun müddət məşğul olduğun işdən ayrılmaq çətindir. Gimnastikanı çox sevirəm, sevinirəm ki, gimnastikanı seçmişəm. Bu mənim həyatım olub və belə də qalacaq. Karyeranı başa vurmaq o demək deyil ki, gimnastikadan ayrılıram.

Yeni və sədaqətli dostlar tapdım. Komanda kimi mübarizə aparmağı öyrəndim. Gimnastika idmandır, idman isə insanı səbirli, intizamlı olmağa məcbur edir. Mübarizlik qazandım. Kədərləndiyim və sevindiyim anlar oldu. Gərgin məşqlərdə yorulduğum anlar da olub. Amma qələbə qazanan zaman sanki bütün bu yorğunluq sevinc hissləriylə əvəzlənir. Uğur qazananda əmin olursan ki, bunun üçün çalışmağa dəyər. 


MƏSLƏHƏT GÖR:

451