15 Mart 2025

Şənbə, 00:31

İMPROVİZƏ və AZADLIQ

Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli hesab edir ki, yaradıcılıqda sərhəd yoxdur

Müəllif:

09.07.2013

Şahin Növrəsli böyük musiqi potensialı olan pianoçudur. Qısa müddətdə o, bütün dünyada ən zərif bilicilərin və peşəkarların rəğbətini qazanıb. Şahin - bir çox kompozisiya və milli mahnıların caz üslubunda interpretasiyasının müəllifidir. Olduqca az vaxt ərzində o, bir neçə albom çıxarmağı və konsertləri ilə bütün Avropa və ABŞ-ı gəzib-dolanmağı bacarıb. Şahin Növrəsli son illər bütün Bakı caz festivallarının iştirakçısıdır.

- Siz lap erkən yaşlarınızdan musiqi ilə məşğulsunuz. Uşaqlıqda bütün bu sonsuz qamma və etüdləri atıb, yaşıdlarınızla futbolun dalınca qaçmaq istəmisinizmi?

 - Bəli, belə olub. Qonşu oğlanların topu necə qovduqlarını pəncərədən müşahidə edirdim, təbii ki, mən də onlara qoşulmaq istərdim. Lakin hər dəfə mən piano və notlara qayıdırdım. Hətta uşaqlıqda belə musiqi mənim üçün daha mühüm idi. Alətin arxasına keçirdim, tapşırılmış ev tapşırığını səylə yerinə yetirirdim, sonra isə təmiz vicdanla dostlarımın yanına qaçırdım.

 - Valideynləriniz musiqiçi deyillər. Zəhmət olmasa, musiqini necə və kimin təşəbbüsü ilə öyrənməyə başladığınızdan danışın...

- Uşaqlıqdan bilirdim ki, musiqiçi olacağam. Sizin qeyd etdiyiniz kimi, bütün bu sonsuz qamma və etüdlər mənim şəxsi seçimim olub. Valideynlərim heç vaxt məni musiqi məktəbinə getməyə məcbur etməyiblər. 5 yaşım olanda onlar duyumum olduğunu seziblər. Musiqiyə qulaq asmaq üçün ürəyim gedirdi, hərdən özüm də nəsə zümzümə edirdim. Onda valideynlərim məni musiqi məktəbinə apardılar. Bir il sonra sadə melodiyalar yazmağa başladım, 11 yaşımda isə Faiq Mustafayevin rəhbərliyi altında simfonik orkestrlə Azərbaycan Dövlət Filarmoniyasında Azər Rzayevin "Konsert c-dur" proqramı ilə çıxış etdim. Sonra Bülbül adına Musiqi Məktəbinə köçürüldüm. Çox gözəl pedaqoq Gülü Namazova mənə dərs deyirdi. Bu dövrdə mən "Gənc pianoçu" müsabiqəsinin qalibi oldum və Bax, Bethoven, Mosart, Şopen, Rahmaninin əsərlərini ifa edərək bir çox konsert və festivallarda uğurla solo çıxış edirdim. Valideynlərimə gəldikdə isə onlar musiqiçi olmasalar da, inanılmaz dərəcədə musiqi qabiliyyətləri var. Atam Plexanov adına Rusya İqtisad Universitetini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyib, sonra uzun müddət Təhsil Nazirliyində işləyib. Anam bütün həyatı boyu aqrar sənayedə çalışıb. O, oxumağı çox sevir. Anamın çox gözəl səsi var! Atam isə pis tar çalmır. Valideynlərim hər zaman istəyiblər ki, mən musiqiçi olub, böyük səhnələrdə çıxış edim və ölkəmi tanıdım. Çalışıram, onların ümidlərini doğruldam.

 - Şahin, nə üçün məhz caz?

 - Mənim üçün caz improvizasiyadır, azadlıqdır. Özünü ifadə etməyə imkan verən musiqidir. Hər şey ilk dəfə Vaqif Mustafazadənin yazıları olan kaseti dinləməyimdən sonra başladı. Bundan sonra improvizasiya və caza böyük marağım yarandı. Lakin caza gəlməmişdən öncə, klassik musiqinin peşəkar məktəbini keçmişəm - Bülbül adına Musiqi Məktəbini və Bakı Musiqi Akademiyasını bitirmişəm. Gücümə və vaxtıma heyfsilənməyərək gündə 10-12 saat çalırdım. Akademiyanı bitirərək, anladım ki, mənim janrım və yerim cazdır. Cazla klassikanı da, xalq melodiyalarını da, öz bəstələrini də sintez etmək mümkündür.

 - Son vaxtlar caz və muğamın sintezi musiqi dünyasında aktuallaşıb. Sizcə, yeni musiqi istiqamətinin populyarlığının sirri nədədir?

- Bu cür tendensiya bu gün dünyanın bir çox ölkələrində müşahidə olunur. İnsanlar eyni şeyi dinləməkdən beziblər. Onlar yeknəsəq pop musiqinin nüfuzundan yorulublar. İnsanlar fərqlilik və yeni səslənmələr istəyirlər. Cazlaqarışıq etnika və milli motivlər - Şərq və Qərbin ənənənlərinin uğurla özündə birləşdirdiyi hibriddir. Bu, qeyri-adidir. Mənim amerikalı musiqiçi yoldaşlarım ilk dəfə muğam-cazı eşidəndə, onlar dərhal dedilər ki, bu musiqi mütləq Qərbdə məşhurlaşacaq. Belə də oldu. "Xaricdə bizim muğam-cazımızı "ura" deyərək qəbul edirlər. Xaricilər qarşısında çıxış edəndə, onların bu musiqiyə təbii marağını görürəm.

- Royaldan başqa hansı musiqi alətlərində çalırsınız?

- Bir neçə il bundan öncə qərara aldım ki, mütləq muğam ifa etməyi öyrənəcəm. İki il səsim üzərində işlədim, sənətin əlifbasını Əbülfəz Daryagi ilə öyrəndim. Vokal sənəti ilə bağlı peşəkar məsləhətləri ilə mənə xanımım, Azərbaycanın Əməkdar artisti Natəvan Növrəsli kömək etdi. Və təbii ki, xanəndə ağsaqqalarımızı da dinləyirdim. Alim Qasımovla konsertdən sonra isə güclü təsir altında idim, uzun müddət fikirləşirdim, məhz həmin vaxt özümdən başqa heç kimin həyata keçirməyəcəyi ideya yarandı. Bu gün hər bir konsertimdə muğama 15-20 dəqiqə yer ayırıram və özüm oxuyuram. Bu mənə qeyri-adi zövq verir! Öyrənmək istədiyimi musiqi aləti haqda sizin sualınıza gəldikdə isə bir ideya var. Onların birində ifa etməyi çox istəyirəm. Hansı olduğu haqda danışmayacağam. Qoy, bu hamı üçün sürpriz olsun. Cazla ahəngdar səslənəcək yeni musiqi istəyirəm. İdeyalar çoxdur və mümkün qədər çox etmək və çatdırmaq istəyirsən.

 - Bu yaxınlarda Nino Katamadze ilə eyni səhnədə çıxış etdiniz. Dünya tanınmışlarından başqa kimlə birgə çıxış etmək istərdiniz?

- Məşhur amerikalı caz musiqiçisi Keyt Carret ilə. Lakin onun tezliklə 70 yaşı olacaq və düşünmürəm ki, kiminləsə tandemdə çalar. Bir də istedadlı musiqiçi Bred Medlau var. Bu yaxınlarda onunla ünsiyyətdə olmuşam. O, mənim musiqim və ifam haqda yaxşı rəy bildirdi. Onunla duet təşkil etmək mümkün olardı. Belə ideyam var. Ümid edirəm ki, bu bizdə alınacaq.

 - Sizin təsəvvürünüzdə müasir caz nə deməkdir?

- Düşünürəm ki, müasir caz - bu tam improvizasiya, azadlıq və individuallıqdır. Bir daha qeyd edim ki, bu kommersiya və kütlə musiqisi deyil. Lakin eyni zamanda dünyada caz-konsertlərin yaxşı sistemi mövcuddur və özünü bu dünyanın bir hissəsi hesab edirsən. Dövlətimiz Azərbaycan incəsənətinə böyük dəstək olur. Hər il müxtəlif musiqi festivalları, o cümlədən caz festivalları keçirilir. Bizə ən parlaq musiqiçi və ifaçılar gəlirlər. Azərbaycan musiqisi fəal şəkildə bütün dünyada təbliğ olunur. Bu da məni çox sevindirir.

- Maraqlıdır, Şahin Növrəsli istirahət dəqiqələrində hansı musiqiyə qulaq asır?

- İstirahət edərkən sakitliyi dinləyirəm. Bəzən sükan arxasında olanda Keyt Carretə, ya da öz kompozisiyalarıma qulaq asıram. Çünki musiqiçi özünü də mütləq dinləməlidir. Öz ifasında çatışmazlıqlar və səhvləri tapmaq üçün. Bilirsiniz, yaxşı, keyfiyyətli musiqini sevirəm. Estrada xoşuma gəlmir.

- Bəs qardaşınız Nurlan necə? O da estrada oxuyur...

- Bəli, o, istedadlı və bacarıqlıdır və onun oxumağı xoşuma gəlir. Lakin ümumilikdə estrada məni qane etmir. O, lazimi istiqamətdə inkişaf etmir. Hamı pul və öz reklamını düşünür. Hətta ən istedadlılar belə zamanla digərlərinin sırasına keçir və individuallıqlarını itirirlər.

- Keçən il Heydər Əliyev Sarayında üç qardaşın iştirak etdiyi "Növrəsli-4" konserti uğurla baş tutdu. Bu layihə hələ də mövcuddur?

- Konsert müvəffəqiyyətlə keçdi! Muğam-caz üslubunda improvizə edirdim. Arslan həmişəki kimi, tarda "Xaç atası" filmindən "mandolina"nın səsləri ilə tamaşaçıları təəccübləndirdi. Nurlan klassik mahnılarla yanaşı, bizim milli mahnılarımızı da ifa etdi və kamançada çaldı, Tərlan isə Pantomim Teatrının səhnə tamaşalarının müşayiəti ilə "Ümid", "Şükür" və "Azərbaycan" şeirləri ilə tamaşaçıları məftun etdi. Hər şey elə həmahəng və gözəl keçdi ki, biz bu layihəni davam etdirmək qərarına gəldik.

- Niyə də Növrəsli qardaşları öz qruplarını yaratmasın və bir səhnədə daim çıxış etməsinlər?

- Bu yaxınlarda qardaşlarım ilə yerli jurnalların birində maraqlı fotosessiyada iştirak etdik. Bizi Bitlz qrupundakı kimi geyindirdilər və elə o cür də saç düzümü etdilər. Əla şəkillər alındı... Ümumiyyətlə, qardaşlarımla işləmək mənim üçün rahatdır. Lakin hesab edirəm ki, hər birimiz öz işimizlə məşğul olmalıyıq. Bəli, öz layihəmiz var, lakin biz pop axınının altına düşmək istəmirik. Biz layihənin maliyyə hissəsi haqda düşünmürük. Bizim üçün birinci yerdə peşəkarlıq və yaxşı keyfiyyətli musiqidir.

 - Ailənizdən danışın. Məlum olduğu qədər xanımınızın sənəti də musiqi ilə bağlıdır?

 

 - Biz Musiqi Akademiyasının birinci kursunda tanış olmuşuq və 15 ildən çoxdur birlikdəyik. Xoşbəxtəm ki, məhz Natəvana rast gəldim. Bizim həyata baxışlarımız birdir, həyatda məqsədlərimiz eynidir. Bir də o, çox səbirlidir. Heç də hər kəs mənim həyat ritmimə dözə bilməz. Mən yaradıcı insanam və əhval-ruhiyyəm tez-tez dəyişir. Natəvan həmişə mənə dəstək olur və ruhlandırır. O, özü musiqiçidir. Musiqini anlayır. Bizim gözəl ailəmiz var və mən çox xoşbəxtəm! Həmişə demişəm və deyəcəyəm ki, ailə mənim üçün birinci yerdədir. Gözəl oğlumuz böyüyür. Mirsəmədin beş yaşı var və artıq mənim müəllimim Gülü Namazovadan dərs alır. Onun çox gözəl duyumu var. Həm də klassika, caz və muğama qulaq asır. Popu elə də sevmir. O, hələ balacadır, hərdən musiqi üzrə ev tapşırıqlarından qaçır. Onu saatlarla məşğul olmağa məcbur etmirəm. Çünki onun yaşında özümü xatırlayıram. İstəyirəm, oğlumun normal uşaqlığı olsun. Musiqi ilə məşğul olmağı sevir və qoy həvəsi olanda da məşğul olsun. Əlbəttə, istərdim ki, oğlum işimi davam etdirsin. Hələ ki onun musiqiyə marağı böyükdür. Sonra nə olacaq... Yaşayarıq-görərik...


MƏSLƏHƏT GÖR:

563