
MUSİQİ MƏLƏKLƏRİ
Görkəmli bəstəkar Şəfiqə Axundovanın 90 illiyini musiqisevərlər onsuz qeyd etdilər...
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
İllər ondan çox şeyləri aldı. Gəncliyini, şuxluğunu... Taleyi sonda ona ən böyük zərbəsini də vurdu, bircə balasını, Talehini itirdi. Ancaq bəstəkar Şəfiqə Axundova iki şeydən - musiqilər bəstələməkdən, bir də həyatı sevməkdən yorulmadı. "Yazmasam, yaşaya bilmərəm", - deyirdi. Sevgidən, məhəbbətdən yoğrulan mahnılarının ünvanı isə hər zaman könüllərdir.
...Səfi pozulan durna qatarına bənzəyirdi yaddaşındakı xatirələr. Yol çəkən gözləri harasa uzaqlara dikilərdi. Sanki pərən-pərən olmuş xatirələrini sahmana salmaq, nizama düzmək üçün susardı. Sonra aram-aram danışardı ömür hekayətini.
"Əlləri ilə ifa edib, ayaqları ilə də oynayan" qız
Şəkili olduğunu söyləməsinə gərək yox idi, əslində. Qoruyub-saxladığı şirin ləhcəsindən bəlliydi. Amma söhbətinə o qədim yurddan - Şəkidən başlayardı. Ora Şəfiqə xanım üçün təkcə ömrünün deyil, həm də ən gözəl arzularının doğulduğu məkanıydı. 1924-cü ilin 21 yanvarında Şəkinin mərkəzi hissəsi sayılan "Gəncəlilər məhəlləsi"ndə dünyaya göz açmışdı. Şəfiqə xanım danışardı: "Çoxlu qohum-əqrəba anamın başına yığılıbmış. Mən dünyaya gələndən sonra anam gözlərini açıb ki, yanında bir qohum qadından başqa heç kim qalmayıb. Ondan soruşub: "Bu camaat hara getdi?". Qadın deyib ki, ay Züleyxa, dahi rəhbər Lenin vəfat edib, hamı gedib mitinqə. Bunu eşidən anam mənə baxıb, "Can ay bala, nə pis gündə doğuldun...", - deyib.
Uşaqlıq illərinin xatirələrində evlərinin pəncərəsi önündə dayanıb təbiətin gözəlliklərini heyranlıqla seyr edən bir qız vardı. Sanki gördüyü vüqarlı dağlar da, onun ətəyinə dolanan yamyaşıl ağaclar, al-əlvan çiçəklər də səs-səsə verib, kövrək bir nəğmə oxuyurdular. Balaca Şəfiqə də hərdən onlara qoşulub zümzümə edirdi.
O, hələ uşaq ikən ailəsiylə Bakıya köçdü. Bu şəhərdə 6 saylı məktəbdə təhsil aldı, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbində oxudu. Bakıda yaşasalar da, bir ayaqları Şəkidəydi. Xüsusilə də yay aylarını Şəkidə keçirirdilər.
Məktəbdə texniki fənlərə o qədər də maraq göstərmirdi. Meyli, həvəsi musiqiyəydi. Balaca Şəfiqənin bu istəyini valideynləri görürdülər. Anası Züleyxanı qızının musiqi ilə məşğul olması sevindirirdi. Ondan "Qızın Şəfiqə nə ilə məşğuldur?" deyə soruşanlara təbəssümlə cavab verirdi: "Əlləri ilə ifa edir, ayaqları ilə də oynayır".
Atası Qulam çox ciddi, qaraqabaq adam idi. 1917-ci ildən 20-ci ilədək partiya işində çalışmış, Şəki, Qax, Balakən mahalında birinci katib işləmişdi. Ona görə də ona bolşevik Qulam deyirdilər.
O, ailə üzvlərindən heç birinin musiqiçi olmasını istəmirdi. Artıq 13 yaşına çatmış qızının musiqi sevdası atanı hövsələdən çıxarırdı. Gənc Şəfiqə isə öz aləmindəydi. Pianoda bir sıra mahnıları elə gözəl ifa edirdi ki... Atası qızının musiqi ilə məşğul olmaması üçün bir müddət evlərindəki pianoya qıfıl vurub, bağlı saxladı. Bir dəfə də gizlincə Konservatoriyaya getdyinə görə onu cəzalandırdı, qarlı-çovğunlu havada qızını evə buraxmadı. Həmin gün Şəfiqə xanım qonşuda gecələməli oldu. Ancaq atanın gördüyü sərt tədbirlərin heç bir əhəmiyyəti yox idi. Şəfiqə xanım gündən-günə artan musiqi sevgisiylə bu sənətə doğru addımlayırdı.
Atası övladları musiqiylə, incəsənətlə məşğul olacaqları təqdirdə maddi çətinliklərinin olacağından narahatıydı. İstəyirdi iki oğlu, dörd qızı özlərinə elə sənət seçsin ki, rahat yaşasınlar. Qızı Şəfiqəyə həkim olmağı məsləhət görürdü. Deyirdi, musiqi sənəti sənə gələcəkdə çörəkpulu qazandırmayacaq, sən elə istedadlısan ki, həkim kimi də məşhur olacaqsan. Amma ürəyi öz hökmünü vermişdi və Şəfiqə Axundova onun diqtəsiylə seçimini etmişdi: musiqiçi olacaqdı.
Taleyi o vaxt üzünə güldü. Bacısı Zümrüd xanımgilə yenə qonaqlar gəlmişdi. Zümrüd Axundova universitet müəllimi, həyat yoldaşı Məmməd Arif Dadaşzadə isə tanınmış alim idi. Onların evlərinə şəhərin ən mötəbər adamları yığılırdı. Şəfiqə Axundova da onların israrı ilə tez-tez pianoda musiqilər ifa edirdi. Elə Mədəniyyət Nazirliyi İncəsənət İşləri İdarəsinin rəisi, yazıçı Mirzə İbrahimov da o zaman tanımışdı bu istedadlı qızı. "Ay Mirzə, bəlkə sən Şəfiqənı aparıb Üzeyir bəylə tanış edəsən. Deyərsən, belə bir istedadlı qız var". Zümrüd xanımın bu sözləri yazıçının ürəyindən oldu.
1940-cı il idi. Mirzə İbrahimov Üzeyir Hacıbəyliyə zəng vurub, Şəfiqə xanımın istedadından, musiqi bəstələməsindən danışdı. Onu maraqla dinləyən bəstəkar "Göndər yanıma", - dedi. Bu xəbər Şəfiqə xanıma çatanda çox sevindi. Elə həmin gün bacısı Zümrüd xanımla birlikdə Üzeyir bəyin yanına getdi.
Əsl insanlıq nümunəsi
Bəstəkar onları mehribanlıqla qarşıladı. Şəfiqə xanımın bir musiqi ifa etməsini istədi. O, utana-utana piano arxasına keçdi. İlk dəfə nota köçürdüyü Aşıq Mirzə Bayramovun sözlərinə bəstələdiyi "Bala" mahnısını həm çaldı, həm də oxudu.
...O günün sevinci, həyəcanı uzun illər sonra da Şəfiqə xanımla birlikdəydi. Çünki mahnısını Üzeyir bəy bəyənmişdi, bəstəkarlıq istedadıyla bağlı ondan eşitdiyi xoş sözlər Şəfiqə Axundovaya bir ömürlük ümid, qol-qanad verdi. Həmin illərdə Üzeyir bəy Konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı. Musiqiyə meyli, istedadı olanlar bu kurslarda iştirak edə bilərdilər. Şəfiqə Axundova da əvvəlcə tar şöbəsində, sonra Üzeyir bəyin konservatori-yada açdığı hazırlıq kursunda oxumağa başladı. Dahi bəstəkarın sinfində o, kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdi.
Üzeyir bəy onun üçün yalnız əvəzolunmaz müəllim deyildi, həm də əsl insan nümunəsiydi. Onun tələbələrinə qayğısını, xeyirxahlığını minnətdarlıqla xatırlayırdı Şəfiqə xanım: "Müharibənin ağır illəriydi. Bir gün dərsdə rəngimin solğun olduğunu görən Üzeyir bəy soruşdu: "Bəlkə acsan?". Utana-utana: "Yox", - dedim. Üzeyir bəy özü üçün gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi. O, müharibə illərində qonorarından gənc bəstəkar Ağabacı Rzayevaya və mənə maddi yardım göstərirdi. 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyündə iştirak etməliydik. Ağabacı ilə Üzeyir bəyin kabinetinə getdik. Geyimlərimizin köhnəliyi müəllimimizin diqqətindən yayınmadı. O, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikmək üçün də atelyeyə sifariş verildi. Hətta tapşırıldı ki, o kostyumun fasonunu Şövkət Məmmədova seçsin".
1943-cü ilin martında çörək talonunu itirən Şəfiqə xanım çarəsiz qalıb. Bundan xəbər tutan Üzeyir bəy dərhal Opera və Balet Teatrının direktoruna zəng edərək onun işə qəbul edilməsini xahiş edib. Şəfiqə xanım neçə il teatrda suflyor vəzifəsində çalışıb. "Üzeyir bəy tələbələrinə yalnız müsiqi sənətinin sirlərini öyrətməklə kifayətlənmirdi", - deyir Şəfiqə xanım. - "O bizə həm də maddi və mənəvi cəhətdən dayaq olurdu. Bilirdik ki, ata kimi halımıza yanan, qayğımızı çəkən, bizdən yeni, dəyərli əsərlər gözləyən bir insan var. Biz də böyük həvəslə, yorulmaq bilmədən çalışırdıq".
Müharibə illərində Şəfiqə Axundova döyüşçüləri ruhlandıran mahnı və marşlar yazırdı. Gənc bəstəkarın "Röya", "Zəfər marşı", "Nə gözəl", "Yaşatdın elləri" və başqa mahnılarında mübarizə əzmi, qələbəyə ümid var. Bülbül, Şövkət Məmmədova kimi sənətkarlar onun mahnılarının ən gözəl ifaçıları idilər. "Yoruldum", demədən yazıb-yaradırdı. Bəstələdiyi mahnılar o zaman da, sonrakı illərdə də məşhur müğənnilər tərəfindən ifa edilir, hər əsəri onu şöhrətləndirirdi.
Musiqinin Həcəri
Şəfiqə Axundova opera janrında qələmini sınayan Şərqin ilk qadın bəstəkarı kimi də tanındı. Xalq yazıçısı Süleyman Rəhimovun "Gəlin qayası" povesti əsasında İsgəndər Coşqunun eyni adlı radio pyesinə musiqi yazan bəstəkar həmin günləri belə yada salırdı: "1972-ci il idi. Yazıçı Süleyman Rəhimov povestini radioya təqdim etdi. Sonra da zəng edib tamaşanın musiqisini mənim yazmağımı arzuladığını dedi. Tamaşa hazır oldu. Mən o vaxta qədər çox tamaşalara musiqi yazmışdım. Yeni radio tamaşasının musiqisi də uğurlu alındı".
Bir gün Süleyman Rəhimov bəstəkarın evinə gəldi. Ona "Belə qərara gəlmişəm ki, sən povestə opera yazasan" deyəndən əvvəlcə etiraz etdi: "Bacarmaram, bu çox ağır işdir. İndiyədək heç bir qadın bəstəkar opera yazmayıb". Süleyman müəllim qətiyyətlə dilləndi: "Həcərə qədər heç bir qadın at belinə minib əri ilə bərabər döyüşə getməmişdi. Həcər döyüşə bilmədi? Döyüşdü. Sən də yaza bilərsən. Radio tamaşasında əsas musiqini yazmısan. Ürəkli ol və işə başla".
Şəfiqə xanım olduqca məsuliyyətlu, əzab-əziyyətli bir işə başladı. Operanı yazarkən 7 ay özünün dediyi kimi, "ev dustağı" oldu.
İstedad və zəhmət sonunda bəhrəsini verdi. Şəfiqə Axundova təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera janrında əsər yazan ilk qadın bəstəkar kimi adını musiqi tarixinə yaza bildi. Ancaq onun bu uğurunu sevinclə qarşılamayanlar da oldu. İlk günlər çox maneçiliklərlə üzləşdi.
"Gəlin qayası" operasının premyerası günü çox həyacanlı idi. Tamaşa uğurlu keçdi. Premyeradan sonra onu ilk təbrik eləyənlərdən biri də Süleyman Rəhimov oldu. O, fərəhlə bəstəkara yaxınlaşıb: "Sən Qaçaq Nəbinin Həcəri kimi atı minib bütün bədxahları qılıncladın", - dedi.
İstədiklərini qazanmış bəstəkar
Şəfiqə Axundova xoşbəxt bəstəkar idi. Çünki əsərlərini sevə-sevə dinləyən, onunla fəxr edən dinləyicilərindən biri də atası idi. Bu sənətdə ilk addımlarını atanda anasından fərqli olaraq, atası ondan qayğısını, köməyini əsirgəsə də, hər vəchlə arzusuna qarşı çıxsa da, illər sonra o da böyük istedada malik olan bir bəstəkarı yolundan döndərməyə çalışdığını anlamışdı. Amma Şəfiqə xanım da artıq atasını qınamırdı. Çünki həyatın sərt sınaqlarından keçmişdi. Musiqi sənətini seçməyinə heç vaxt peşiman olmasa da, illər sonra atasını daha yaxşı başa düşürdü. Bu sənətdə o qədər çətinkilərlə üzləşmişdi ki... Şəfiqə xanım deyirdi: "Paxıllıq hər zaman olub. Amma mən onlara əhəmiyyət vermirdim. Çox iradəli idim, möhkəm xasiyyətim vardı. Elə buna görə də sənətdə istədiklərimi qazandım".
İstedadı və iradəsi Şəfiqə xanımı 600-dən artıq mahnının, "Ev bizim, sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida, Hindistan!", "Nə üçün yaşayırsan?" və başqa tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və digər uşaq tamaşalarının musiqisinin, "Gəlin qayası" operasının müəllifi etdi. Bir az gec oldu, amma, nəhayət, 1998-ci ildə Xalq artisti fəxri adına da layiq görüldü. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olundu.
Şöhrət gətirdi, onu çox sevdirdi, adını unudulmaz etdi bəsəkarlıq sənəti. Amma bu sənətin yolunda çox çətinliklərdən keçdi, ağrı-acılar yaşadı. Ailə həyatı uzun sürmədi. Hə-yat yoldaşını günahlandırmırdı. Yarızarafat, yarıciddi deyirdi: "Yazıq neyləyəydi... Kişi evə gələndə hazır yemək, qadın qayğısı görməlidi. Mənim isə bunlara vaxtım yox idi". Yeganə oğlu Talehi tək böyütdü. Çox istedadlı bəstəkar idi Taleh. O da nakam bir ömür yaşadı. Oğlunun vəfat etməsi xəbərini bir müddət Şəfiqə xanımdan gizlətdilər...
Canında ağrılar, könlündə yara ömrünün doxsanını gözləyirdi bəstəkar. O, həyatı çox sevirdi. Bir də yeni mahnılar yazmaq istəyirdi. 2013-cü ilin 26 iyulunda Şəfiqə Axundova uzunsürən xəstəlikdən sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi. Bəstəkarın 90 illiyini musiqisevərlər onsuz qeyd etdilər...
MƏSLƏHƏT GÖR: