13 Mart 2025

Cümə axşamı, 14:35

OTUZ İKİ FUETE

Böyük Azərbaycan balerinası, istedadlı pedaqoq Leyla Vəkilovanın xatirəsinə

Müəllif:

11.02.2014

Onun oynadığı rolların diapazonu son dərəcə böyükdür: bütün azərbaycanlı müəlliflərin - Məlikov, Hacıbəyov, Qarayev, Bədəlbəyli, Abbasov - baletləri; Çaykovskinin  baletləri, Adanın "Jizel"i, Kreyn və Asafyevin işləri.

Yanvarın 28-də Azərbaycanın tanınmış  balerinası, baletmeysteri və istedadlı pedaqoqu Leyla Vəkilovanın 87 yaşı tamam olacaqdı. Ömür vəfa etsəydi.... 

 

Xatirə

"İstedadına və ifa texnikasına görə, onu Böyük Teatrın görkəmli balerinaları Maya Plisetskaya və Qalina Ulanova ilə müqayisə etmək olar", - deyə "R+" jurnalına açıqlamasında Leyla Vəkilovanın həyat yoldaşı, baletmeyster, solist və rejissor Hüseyn Əliyev bildirib. - "Onun yaradıcılığında həm o dövrdə heç bir balerinada olmayan parlaq balet texnikası, həm də obrazların ifadəsində yüksək bədii ustalıq var idi".

Hüseyn Əliyev bildirir ki, sovet balet məktəbi dünyanın ən yaxşı, ən yüksək keyfiyyət standartlarına malik balet məktəbi olub. Leyla Vəkilova da bu standartlara tam cavab verirdi. O, həm texniki baxımdan, həm də bədii ustalıq nöqteyi-nəzərindən ən çətin rolları əla oynayırdı.

Leyla Vəkilovanın 1943-cü ildə bitirdiyi Bakı Xoreoqrafiya Məktəbində buraxılış işi Çaykovskinin "Qu gölü" baleti olub. Bu, kifayət qədər çətin seçim idi. Leyla xanımın həyat yoldaşı danışır ki, balerina bu rəqsdə də 32 fuetenin hər birini ən yüksək səviyyədə ifa edib. Hüseyn Əliyevin sözlərinə görə, balerinanın yaradıcılığının pərəstişkarları arasında onun qohumu, məşhur Azərbaycan şairi Səməd Vurğun (Vəkilov) da olub. Leyla xanım şairlə daim sıx ünsiyyət saxlayıb. Səməd Vurğun Leylanı mənəvi cəhətdən dəstəkləmək üçün onun buraxılış çıxışına da gəlibmiş. Çıxış bitdikdə və Leyla Vəkilovanın imtahatdan uğurla keçdiyi məlum olduqda Səməd Vurğun ona yaxınlaşaraq, təbəssümlə deyib: "Bəli, indi bizim Vətənimizdə balerina da olacaq!".

Böyük Vətən müharibəsi illərində Leyla xanım rayonları gəzir, yaralıların müalicə aldıqları hospitalların mədəniyyət evlərində çıxışlar edirdi. "O, böyük vətənpərvər idi", - deyə Hüseyn Əliyev xatırlayır. - "Hətta Sovet İttifaqının dağılmasından sonra, ağır yenidənqurma illərində pula çox ehtiyacımız olsa da, o, xaricdən gələn müəllimlik təkliflərinin heç birini qəbul etmədi. Heç yerə getmədi və ömrünün sonunadək burada, Xoreoqrafiya Məktəbində dərs dedi". Bu görkəmli qadının ağır illərə sinə gərməsi, həmin illəri vətəninin baletinə həsr etməsi həqiqətən də, böyük hörmətə layiq hadisədir. "O, ən yaxşı pedaqoqlardan biri idi. Leyla xanım istedadlı şəxsləri tanımağı, onlarla işləməyi bacarırdı. Onun bəzi tələbələrinin sonralar Moskvada Böyük Teatrın səhnəsinə çıxmaları bunun göstəricisidir", - deyə mərhum balerinanın həyat yoldaşı bildirir.

 

Rollar

Onun müəllimi dövrün məşhur balerinası Qəmər Almaszadə idi. Müəllimə tələbəsinin istedadına böyük sevgi, diqqətlə yanaşırdı. Almaszadə Leylaya yalnız təcrübəsini öyrətmir, onu həm də özünəməxsus, təkrarolunmaz balerina kimi yetişdirməyə çalışırdı. "Qu gölü" Vəkilovanın ilk ciddi işi və sanki sınağı olub. Bu baletdə o, iki baş qadın rolunun hər ikisini oynayıb - həm ağ qu Odettanı, həm də qara qu Odiliyanı. Hər iki rol eyni dərəcədə çətin olmaqla yanaşı, müxtəlif ekspressiyaları ilə bir-birindən tamamilə fərqlənirdi. Odetta - asta zəriflik və sakit gözəllik, Odiliya - iti hərəkətlər, səhnədə əsl uçuşdur. Eyni zamanda, bu 2 rolu oynamaq ideyası çox az balerinanın ağlına gəlib.

60-cı illərin əvvəllərində Qəmər Almaszadə məhz tələbəsi Leyla üçün Əfrasiyab Bədəlbəyli ilə birlikdə Əşrəf Abbasovun mahnısına liberetto yazıb. Baletin əsasını Süleyman Sani Axundovun "Qaraca qız" povesti təşkil edirdi. 1965-ci ildə onun premyerası oldu.

Sonralar Adanın Jizeli, Çaykovskinin Yatmış gözəli, Asafyevin "Baxçasaray fontanı"nda Zarema, Qara Qarayevin "Yeddi gözəl"ində Ayişə, Arif Məlikovun "Məhəbbət əfsanəsi"ndə Şirin, Hacıbəyovun eyniadlı əsərində Gülşən oldu. Leyla xanımın ən sevimli rolu isə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletindəki Gülyanaq partiyası idi. Bu rol ona yalnız balerina kimi deyil, həm də dramatik istedadını nümayiş etdirmək imkanı verirdi.

"Leylanın istedadına həm Azərbaycanda, həm də bütünlükdə SSRİ-də ehtiyac var idi. O zaman ölkədə balet dövlət əhəmiyyətli iş sayılırdı. Bu üzdən də xarici turlara yalnız ən yaxşı balerinaları buraxırdılar. Onların arasında Leyla da var idi", - deyə mərhum balerinanın həyat yoldaşı danışır. Hüseyn Əliyevin sözlərinə görə, Vəkilova xaricə getmiş ilk Azərbaycan balerinasıdır. O, bədii rəhbəri olduğu milli ansambli lə Polşada, Suriyada, Çexoslovakiya, Bolqarıstan, Fransa, Macarıstan, İtaliya və digər ölkələrdə olmuşdu.

Hüseyn Əliyev hesab edir ki, Leyla xanımın əsas xidməti milli balet məktəbini yarada bilməsidir: "Əsl böyük sənət təcrid durumda qala bilməz. Amma milli baletin olması, baletə xüsusi, xarakterik çalarların verilməsi çox vacibdir. Leyla bunu bacardı. Onun sayəsində dünya Azərbaycan balet məktəbinin böyük bir pleyadasını əldə etdi".

Hüseyn Əliyev mərhum xanımı haqda xatirələrini bu fikirlə bitirir: "Leyla xanım görkəmli balerina, SSRİ xalq artisti idi. Amma onun yaşadığı evin üzərində hələ də memorial lövhə yoxdur. Məsələni həll etməyə çalışmışam. Lakin təəssüf ki, bir nəticə yoxdur".



MƏSLƏHƏT GÖR:

694