26 Dekabr 2024

Cümə axşamı, 18:52

SOÇİ "REKORDLARI"

XXII Qış Olimpiya Oyunları başlanmamış nələrlə yadda qaldı?

Müəllif:

11.02.2014

Nəhəng idman tədbirləri artıq çoxdandır ki, sadəcə, idman mərasimi deyil. Onlarda həm si-yasi, həm iqtisadi amillər birləşir. 2014-cü il Soçi Qış Olimpiadası da bu mənada hələ açılışından xeyli əvvəl rekordlara imza atıb.

Məsələn, diqqəti ən çox cəlb edən Olimpiadaya hazırlığa 51 milyard dolların xərclənməsidir. Yarışda rekord sayda olimpiya komitələri iştirak edir, onu dünyanın 200-dən artıq ölkəsində izləyirlər. "Olimpiada-2014" fevralın 23-dək davam edəcək. Orada 98 dəst medal oynanılır. Bu, 2010-cu ildə Vankuverdə keçirilmiş Olimpiada ilə müqayisədə 12 dəst artıqdır. Olimpiya məşəli də rekord məsafə qət edib - kosmosa uçuşdan, Baykalın dibinə enməyədək, Elbrusun zirvəsinə yüksəlməyədək... 

Olimpiada ilə bağlı dedi-qodular, qalmaqallar da rekord həddə olub. Məsələn, təşkilinə Moskvanın məsul olduğu bu əhəmiyyətli turnirə qeyri-ənənəvi cinsi mənsubiyyəti olan insanların hüquqlarını müdafiə edənlərin buraxılmamasına qərar verilib. Onlar beynəlxalq sponsorların diqqətini Rusiyada seksual azlıqlara olan münasibətə cəlb etmək istəyirdilər. Rusiyada yetkinlik yaşına çatmamış insanlar arasında qeyri-ənənəvi seksual münasibətlərin təbliğini qadağan edən qanun ötən il qəbul olunub və böyük ajiotaj yaradıb. "LGBT" cəmiyyətinin müdafiəsi ilə məşğul olan All Out hərəkatının rəhbəri Mari Kempbell hesab edir ki, "gey təbliği"nin qadağan olunması Olimpiadanın ruhuna ziddir.

Avropa Parlamentinin xarici məsələlər komitəsinin rəhbəri Elmar Brok  həmkarlarını Rusiyada insan haqlarının pozulmasına diqqəti bir daha cəlb etmək üçün Soçi Olimpiadasına yollanmağa çağırıb. Rusiya hökuməti isə bütün bu tipli ittihamları rədd edir, ölkədə homoseksualların təqib olunmadığını, sözügedən qanunun isə "uşaqların, gələcək demoqrafik inkişafın müdafiəsi baxımından" vacib olduğunu bildirir.

Jurnalistlərin hiddəti isə tam fərqlidir. Hələ Olimpiada başlanmamış Soçiyə gələn jurnalistlər buradakı mehmanxanaların qonaqları qəbul etməyə hazır olmadığını görüblər (söhbət hələ "tikintisi başa çatdırılanlardan" gedir) - kranlardan gələn paslı su ilə yuyunmaq dəri üçün təhlükəlidir, dəhlizlərdə hər an sahibsiz itlə qarşılaşmaq mümkündür, inşaatçılar hələ də işlərin yekunlaşdırmayıblar, ən pisi isə İnternet yoxdur. "Washington Post" qəzeti "jurnalistlərin Soçi dəhşətləri haqda tvitləri"ndən ibarət məqalə dərc edib. "Qaldığım nömrədə istilik yoxdur, lift işləmir", - deyə "The Guardian" qəzetinin jurnalisti bildirir. "The Huffington Post"dan olan reportyor kompyuterinin Soçiyə gələn kimi sındırılmasından, onun "National Post"dan olan həmkarı isə isti suyun yoxluğundan şikayətlənir. Sosial şəbəkələr üçün əsl hit isə olimpiya obyektlərindəki "cüt tualet"in fotosu olub.

Bütün bunlara cavab olaraq, Olimpiya Oyunları Təşkilat Komitəsinin press-atteşesi Aleksandra Kosterina mətbuat üçün nəzərdə tutulmuş bəzi otellərdə "hələ müəyyən testlərin aparıldığını" bildirib. O, buna görə media nümayəndələrindən təşkilatçılar adından üzr istəyib. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax isə yarışın başlanmasına 2 gün qalmış Soçinin Olimpiadaya tam hazır olduğunu bildirib.

Soçi Olimpiadası ilə bağlı ən qalmaqallı söz-söhbətlərdən biri idman tikintisi zamanı yol verilmiş fantastik korrupsiya halları ilə bağlıdır. Yeri gəlmişkən, son zamanlar iri idman tədbirləri insanlarda nədənsə daha çox narazılıq yaradır (məsələn, 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunları zamanı da belə idi). Bu cür tədbirlərin əleyhdarları belə yarışların təşkilinə xərclənən pulların daha vacib sahələrə yönəldilməsini məqsədəuyğun sayırlar.

"Görünür, Rusiya Olimpiadaya inanılmaz məbləğin xərclənməsindən narahat deyil. Amma olmalı idi... Bu xərclər ölkənin ümumi daxili məhsulunun 2,5%-nə bərabərdir", - deyə "The Independent" yazır. Ekspertlər isə yarışa hazırlıq zamanı ətraf mühitə xeyli zərər dəydiyini bildirirlər.

Rusiya isə deyəsən, həqiqətən narahat deyil. Ölkə başçısı Vladimir Putin beynəlxalq televiziya kanallarına müsahibəsində bu idman bayramının əsl qiymətinin 214 milyard rubl (təxminən, 4 milyard funt) olduğunu, qalan xərclərin nəqliyyat infrastrukturunun yaradılmasına xərcləndiyini bildirib - dağlarda, demək olar ki, sıfırdan "yüz kilometrlərlə yeni yollar, onlarca körpü və tunel inşa olunub".

"Kimdəsə korrupsiya haqda məlumat varsa, bizimlə bölüşsün", - deyə "The Guardian" qəzetinin məlumatına görə, Putin jurnalistlərə bildirib. Onun sözlərinə görə, Soçi Olimpiadası nəhəng milli layihə olmaqla yanaşı, "dünyanın ən böyük tikintisi"nə çevrilib və o, "bundan sonrakı onilliklər boyunca insanlara xidmət edəcək". Bundan başqa, 2008-2010-cu illərin böhranlı dövrlərində Olimpiadaya hazırlıq "bir neçə min iş yerinin açılmasına imkan verib". 

Putin idmanın, sağlam həyat tərzinin təbliğinin vacibliyini də vurğulayıb.

"Soçi-2014" ərəfəsində daha bir və güman ki, ən vacib rekord mövzusu təhlükəsizliyin təmini ilə bağlıdır. Bu məsələnin son dərəcə aktuallıq qazanmasına Soçiyə kifayət qədər yaxın yerləşən Volqoqradda bu yaxınlarda törədilmiş terror aktları səbəb olub. Təəssüf ki, idman tədbirləri zamanı terror aktlarının törədilməsi heç də nadir hadisə deyil. Buna ən səs-küylü misal ötən ilin aprelində Bostondakı (ABŞ) beynəlxalq marafon zamanı törədilmiş terror aktlarıdır. Tarixin ən dəhşətli terrorlarından biri isə 1972-ci ilin Münhen Olimpiadası zamanı həyata keçirilib. O zaman Fələstinin "Qara sentyabr" terror təşkilatının üzvləri İsrail yığmasının yuxuda olan üzvlərini girov götürmüşdülər.

Soçi Olimpiadasının başlanmasına bir neçə gün qalmış Rusiya xarici ölkələrin xüsusi xidmət orqanları üçün operativ qərargahın yaradıldığını bəyan edib. Bundan başqa, Amerikaya məxsus hərbi gəmilər Qara dəniz hövzəsində peyda olub. Olimpiadada təhlükəsizliyin təmininə ümumilikdə 40 minədək polis və hərbçi cəlb olunub. Ekspertlərin sözlərinə görə, bu gün təhlükəsizliyə əsas təhdid kiçik qruplaşmalar şəbəkəsindən gəlir. Onların fəaliyyətləri bir-biri ilə əlaqəli olmadığından, ifşa edilmələri çətindir.

Olimpiada ərəfəsində açılış mərasimində Rusiyanın üzləşə biləcəyi "siyasi boykot" da geniş müzakirə olunub. Məsələn, bir sıra xarici liderlər Olimpiadanın açılışına qatılmaqdan imtina ediblər. Almaniya prezidenti Yoahim Qauk, Fransanın dövlət başçısı və xarici işlər naziri Fransua Olland ilə Loran Fabius belələrindəndirlər. Daha sonra onlara ABŞ prezidenti Barak Obama, Litvanın dövlət başçısı Dalya Qribauskayte, Böyük Britaniyanın baş naziri Devid Kemeron, İsrail hökumətinin başçısı Benyamin Netanyahu da qoşulublar. Bütün bunların fonunda, şübhəsiz ki, "soyuq müharibə" dövründə - 1980-ci ildə Moskvada keçirilmiş Olimpiada yada düşür.

Kreml boykot qərarlarını şərh etməsə də, Fransa prezidenti Ollanda dəvətin göndərilmədiyini bəyan edib. BOK-un prezidenti Tomas Bax isə idman tədbirlərinin siyasətçilər arasında münasibətlərin aydınlaşdırılması meydanına çevrilməsinin yolverilməz olduğunu bildirib.

Rusiyanın prezidenti isə deyəsən, siyasətdən tam imtina etməyi düşünmür. O, hətta Soçi Olimpiadasının "böyük siyasi forum" olacağına ümid edir.

Bəs idman? Olimpiada ərəfəsində jurnalistlərin turnirə, idmançılara aid reportajlarının, həqiqətən də, çox olmadığı diqqətdən yayınmayıb. Jurnalistlər nədənsə daha çox tualetlərə və İnternetə diqqət ayırıblar. Yaxud bu materiallar sosial şəbəkələrdə daha çox müzakirə olunub ki, bu da az əhəmiyyət kəsb etmir...

Olimpiadanın texniki tərəfləri ilə bağlı informasiyalar azdır. Məsələn, aparılmış kiçik sorğu göstərib ki, Olimpiada tamaşaçıları arasında süni və təbii qar arasında fərqi bilənlər çox azdır. Sən demə, peşəkar yarışlar üçün süni qar daha yaxşıdır (xüsusi kimyəvi qarışıqdan alınır). O, daha çox qalır, buzu xatırladır və hətta havanın müsbət hərarətinə də dözür. Müasir texnologiyalar ötən ilin qarının uğurla "konservləşdirilmə"sinə də imkan verir - onun üstə, sadəcə, istiliyi keçirməyən materiallarla örtülür.

Olimpiada daha çox idman bayramı, bütün planetdə barışıq dövrü adlandırılır. Onu barışıq zamanı adlandırmaq o qədər də alınmır və elə olub ki, hərbi əməliyyatlar məhz Olimpiadanın keçirildiyi dövrdə başlayıb. Amma 2 həftə ərzində idman bayramını hiss etmək, yaşamaq, güman ki, elə də çətin deyil. Əsas odur ki, Olimpiada atletlərin, onların şəxsi cəsarətinin, iradəsinin, istedadının, öz üzərlərində işləmələrinin, gözəl idmançı bədənlərinin, qələbə sevinci və rekordlarının yarışı olaraq qalsın, ölkələr arasında siyasi yarışa çevrilməsin.

Rusiyaya və onun Olimpiadaya xərclədiyi vəsaitlərə gəlincə, ölkənin Soçidə hansı nəticələr əldə etdiyini, güman ki, yaxın illər, bəlkə də qarşıdakı onillik göstərəcək. Hələliksə bu, ruslar üçün özlərinə kənardan baxmaq imkanıdır.



MƏSLƏHƏT GÖR:

565