
ÜMİDVERƏN GƏNCLİK
Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri və dzü-doçuları Avropa çempionu oldular
Müəllif: Nadir XOSROVOĞLU Bakı
İdmanda nəsil dəyişikliyi, adətən, komandaların nəticələrinə neqativ təsir edir. Yüksək nəticələr göstərən yığma komanda zaman keçdikcə cavan idmançılarla yenilənməlidir. Amma yeni nəsil hərdən həmin gözəl nəticələri təkrarlaya bilmir. Amma bu fikir güləş və dzü-do üzrə Azərbaycan yığmalarına aid deyil. Bu idman növləri üzrə son Avropa çempionatlarının nəticələri də dediklərimizi təsdiq edir.
Monteneqronun Bar şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa Çempionatı ölkəmiz üçün əlamətdar olub. Adətən, belə yarışlarda komandalar böyük gələcək vəd edən idmançılara şans verir. Cari Avropa çempionatı həm komandaların sayı, həm də iştirakçılara görə fərqlənib. Əvvəlki yarışla müqayisədə daha çox pəhləvanın mübarizəyə qoşulması Avropa ölkələrinin turnirə böyük önəm verdiyi göstərib. Azərbaycan yığması qitə birinciliyində bütün çəkilərdə 10 idmançı ilə təmsil olunub və 8 medal qazanıb.
İlk yarış günündə sərbəst güləş üzrə pəhləvanlar Məhəmmədəli Əli- yev (58 kq), Nurməhəmməd Hacıyev (85 kq) və Abdulmuslim Muxuddinov (69 kq) asanlıqla bütün rəqiblərini ram edib və qızıl medallar qazanıblar. M.Əliyev və N.Hacıyev finalda Türkiyə təmsilçiləri ilə, A.Muxuddinov isə erməni güləşçisindən üstün olublar. Xüsusən də sonuncunun qələbəsini qeyd etmək lazımdır, A.Muxuddinov erməni rəqibinə 15 saniyə ərzində 5 xallıq fənd edib və təmiz qələbə ilə görüşü başa vurub. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal qazanıb.
Çempionatın ikinci günündə Teymur Məmmədov (63 kq) ardıcıl olaraq slovak, rumın, erməni, türk və rus güləşçilərini məğlub edərək qızıl medala yiyələnib.
Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq) və Şamil Sadullayev (76 kq) finala qədər adlaya bilməsələr də təsəlli edici görüşlərdə qalib gələrək bürünc medala sahib olublar.
Birlikdə 4 qızıl və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilər komanda hesabında Avropa çempionu olub.
Azərbaycan komandasının baş məşqçisi Əsgərxan Novruzov ümumilikdə yetirmələrinin çıxışından razılıq bildirib. Onun sözlərinə görə yeniyetmələr gələcəkdə əsas yığmanın ehtiyat qüvvəsi olacaq: "Çernoqoriyadakı Avropa Çempionatı güclü rəqabətlə yadda qaldı. Güclü komandaların sayı çoxalıb. Güləş bütün dünyada, ən əsas da Avropada sürətlə inkişaf edir. O baxımdan qazanılan nəticə bizim üçün vacib idi. Komanda bəslənilən ümidi doğrultdu. Təbii ki, bu güləşçilər arasında gələcəkdə gənclər komandasına yollanan idmançılarımız olacaq. Biz sistemli şəkildə işləyərək yuxarı yaş qrupları üçün layiqli əvəzedici hazırlayırıq".
Sərbəst güləş üzrə komandanın uğurunu yunan-Roma güləşçilərimiz davam etdirib. Bu güləş növü üzrə Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Soslan Fanziyev, Sənan Əlimirzəyev sözün əsl mənasında fədakarlıq nümayiş etdirərək çempionluq sevinci yaşayıb. İslam Abbasovla Mikayıl Rəhmanov gümüş, Seymur Hüseynov və Niyazi Məmmədov bürünc medal qazanıb. Azərbaycan yığması komanda hesabında Avropa ikincisi olub. Güləşçilərimiz yalnız Rusiyadan geri qalıb.
Amma qadın güləşçilərin çıxışı o qədər uğurlu olmayıb. Dörd idmançıdan yalnız Türkan Nəsirova fəxri kürsünün 3-cü pilləsinə yüksəlib, qalanları isə cempionatı medalsız tərk edib. Stabil çıxış etməyən gənc qızlarımız təcrübəsizlik ucbatından istənilən nəticəni göstərə bilməyib. Qadın güləşində bu problem hələ də həll olunmayıb. Bəziləri yaş artdıqca çətinliklərə dözməyərək güləşdən ayrılır. Digərləri isə uğursuzluqdan sonra başqa idmana keçir. Monteneqroda medalsız qalan xanımlar arasında gələcəkdə də seçim aparılacaq. Türkandan başqa digərlərinin böyük arenalarda uğur qazanacağı sual altındadır.
Avropa Çempionatında yığma komandalarımız 6-sı qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla, ümumilikdə 15 medal qazandılar. Bu uğur nəsil dəyişikliyi prosesinin uğurla həyata keçdiyini açıq şəkildə göstərir. Fikirlərimizi əsaslandırmaq üçün son 4 ilin nəticələrinə nəzər salaq: 2010-cu ildə Bosniya və Herseqovinada keçirilən qitə birinciliyində 14 medal (6 qızıl, 3 gümüş, 5 bürünc) əldə edən yığmalarımız bir il sonra Polşanın paytaxtı Varşavada təşkil olunan analoji yarışda bu nailiyyəti daha da artırdı - 7 qızıl, 4 gümüş və 7 bürünc, cəmi 18 medal. Sərbəst güləşçilərimizin komanda hesabında 1-ci, yunan-roma güləşçilərimizin isə 2-ci olması da güləş tariximizin yeni səhifəsinin açılması demək idi. Bu qızıl heyətin əksər üzvlərinin 2012-ci ildən etibarən gənclər yığmasına keçməsi, yəni heyətin yenilənməsi həmin il Polşanın Katovitse şəhərində keçirilən Avropa birinciliyindəki nəticələrə, daha doğrusu, qızıl medal sayına müəyyən qədər təsir göstərsə də, medal sayı dəyişilməz qalıb (3 qızıl, 9 gümüş, 6 bürünc, cəmi 18 medal). Builki nailiyyətlər isə aparılan işlərin düzgün olduğunu bir daha ortaya qoyub. Sərbəst güləş yığmamız yenidən qitənin ən güclüsü adını özünə qaytarıb. Yunan-Roma millimiz isə son 4 ildə ikinci dəfə komanda hesabında 2-ci olub.
Digər xoş xəbər dzü-doçulardan gəlib. Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında Azərbaycan dzü-doçuları birinci olub.
Ümumilikdə komanda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Hidayət Heydərov (60 kq), Leyla Əliyeva (40 kq) qızıl, İlkin Babazadə (55 kq) gümüş, Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Elnur Əhmədli (66 kq) bürünc medal qazanıb. Mükafatçıların çoxu ilin sonunda gənclər komandasına dəvət alaraq daha ciddi yarışlarda gücünü sınayacaq. Komandamızın Estoniyadakı uğurunda pay sahibi olan idmançıları bir neçə ildən sonra keçiriləcək Dünya Çempionatı və Yay Olimpiya Oyunlarında görsəniz, təəccüblənməyin.
MƏSLƏHƏT GÖR: